İrqçiliyin eybəcər sifəti

 

 

Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün.

 

Dara-filosof

 

Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam olmayanlara bölünürlər .

 

Boris Şapiro-alman fiziki və şairi

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Hitlerin irqçi ideyası və ari irqi üçün nəzərdə tutduğu imperiyasından ötəri planları ondan ötəri elə əhəmiyyətli idi ki, özünün rəhbərliyi altında natsistlər irqçi proqramlarını Polşa işğal edildikdən sonra tezliklə həyata keçirməyə başladılar. Henrix Himmler Nasist irqi ideologiyanın möhkəm tərəfdarı və SS lideri olduğundan, onun üzərinə Şərqdə almanların məskunlaşdırılması planlarını həyata keçirmək vəzifəsi qoyuldu. Himmlerin vəzifəsi aşağı slavyan xalqlarını özlərinin doğma torpaqlarından köçürmək və onların yerində almanları yerləşdirmək idi. Bu siyasət əvvəlcə Qərbi Polşadakı torpaqlarda yaradılan yeni alman əyalətlərində tətbiq olundu. Bir milyon polyak yurd-yuvalarından məhrum edildi və onlar cənubi Polşada istismar edildilər. Yüz minlərlə etnik almanlar (xeyli illər əvvəl Almaniyadan Avropanın cənubunun və şərqinin müxtəlif hissələrin miqrasiya etmiş almanların törəmələri) Polşadan kəsilmiş ərazilərdə məskunlaşmağa həvəsləndirildilər. 1942-ci ildən 2 milyon alman etnik mənşəli adam Polşada məskunlaşdı.

 

Sovet İttifaqına müdaxilənin əhəmiyyəti natsistlərin gözündə şərqdə məskunlaşma niyyəti ilə şişib böyüyürdü. Hitler özünün yaxın ətrafına müharibədən sonra baş verəcək sosial dəyişikliklərin nəhəng layihəsindən danışmışdı, bu layihəyə görə polyaklar, ukraynalılar və digər Sovet adamları qul şəklindəki işçi qüvvəsinə çevriləcək və alman kəndliləri bu geniş torpaqlarda məskunlaşmaqla, onları da almanlaşdıracaqdı. Natsistlər belə planlaşmaya bəşər dəyərlərindən agah olduqlarını daxil edirdilər. Himmler SS zabitlərinin toplaşdığı yığıncaqda demişdi ki, baxmayaraq ki, Almaniyanın Şərq planı üçün 30 milyon slavyanın məhv edilməsi əsas şərtidir, “bu millətlərin rifahda və ya ölümcül aclıqda yaşaması mənə yalnız ona görə maraqlıdır ki, biz onlara öz mədəniyyətimiz üçün qul kimi möhtacıq. Başqa cür isə onlar bizim üçün heç bir maraq kəsb etmir”.

 

Natsist Yeni Qaydası iqtisadi cəhətdən işğal edilmiş Avropanın resurslarının rəhmsizcəsinə istismar edilməsi demək idi. Şərqi Avropada iqtisadi istismar birbaşa olmaqla sərt idi. Almanlar xammalları, maşınları və ərzağı ələ keçirir, yerli xalqları yalnız öz tabelik səviyyəsini daşımağı saxlamaqla kifayətlənmək vəziyyətində qoyurdular. Hərbi ehtiyatlar və vacib xammallar açıqca götürülürdü. Natsist siyasəti ciddi ərzaq, paltar və sığınacaq kasadlığı yaratdığından, çox sayda avropalı dəhşətli qaydada əzab çəkirdi.

 

Almaniyada işçi qüvvəsinin çatışmaması bu ölkə üçün əcnəbi zəhmətkeşlərin rəhmsizcəsinə səfərbər edilməsi siyasətinə aparıb çıxarmışdı. Sovet İttifaqına müdaxilədən sonra almanlar tərəfindən əsir götürülən 4 milyon Sovet əsgəri ağır əməyin başlıca mənbəyinə çevrildi, onlardan pis istifadə olunduğundan 3 milyon nəfəri baxımsızlıqdan öldü. 1942-ci ildə alman fermaları və sənaye müəssisələri üçün işçi qüvvəsi toplamaq məqsədilə xüsusi iradə yaradıldı. 1944-cü ilin yayından 7 milyon əcnəbi fəhlə Almaniyada işləyirdi və bu, ölkədəki işçi qüvvəsinin 20%-ni təşkil edirdi. Həmin vaxt digər 7 milyon fəhlə öz ölkələrindəki fermalarda, sənaye müəssisələrində və hətta hərbi düşərgələrdə işləməyə cəlb edilmişdi. Məcburi əmək çox hallarda qeyri-məhsuldar olurdu. Ona görə də işğal edilmiş ölkələrdə iqtisadi xaos yaranırdı və Almaniyaya kömək etməli ola bilən sənaye məhsullarını dağıdırdı. Alman işçi qüvvəsi toplamaq siyasətlərinin qəddar xarakteri bəzən hətta almanların özü üçün pis olmaqla, getdikcə daha çox adamların natsist işğal qüvvələrinə müqavimət göstərməsinə səbəb olurdu.

 

Avropanın yəhudi əhalisinin kökünü kəsmək niyyəti Nasist Yeni Qaydasının ən dəhşətli cəhəti idi. Hitler ideologiyasında irqi mübarizə açar elementi rolunu oynayırdı və əvəzində ona açıq müxalifət münaqişəsini meydana gətirirdi. Guya bəşər mədəni inkişafının yaradıcıları olan ariləri məhv etməyə çalışan parazitlər hesab edilən yəhudilərə qarşı Nasist partiyasının 1922-ci ildəki yığıncağında Hitler bəyan etmişdi ki, “Burada heç bir kompromiss ola bilməz - yalnız iki mümkün olan cəhət vardır: ya arilərin qələbəsi və ya arilərin məhv edilməsi və yəhudilərin qələbəsi”. Baxmayaraq ki, Hitler sonralar partiyası parlamentə seçilmək üçün kütlənin seçki səsinin uduşuna çalışanda öz antisemit mesajının tonunu xeyli aşağı salmışdı, ancaq 1933-cü illə 1939-cu il arasında yəhudilərə qarşı qanunvericilik aktları dalğası meydana gəldi.

 

1939-cu ildə Natsist siyasəti diqqəti alman yəhudilərinin “mühacirətinin” inkişaf etdirilməsinə yönəltdi. Elə bu vaxt Hitler Avropa yəhudiliyi barədə ümumi xəbərdarlıqlar etdi.  30 yanvar 1939-cu ildə Almaniya Reyxstaqına müraciət etdikdə bəyan etdi ki: “Mən bəzən həyatda peyğəmbər oluram və buna ümumən gülürəm. Hakimiyyət uğrunda mənim mübarizəm ərzində yəhudilər mənim bir gün dövlətin liderliyini əldə edəcəyim barədəki peyğəmbərliyimi istehzalı gülüşlə qarşıladılar və bütün xalqın köməyi ilə digər çox şeylərin arasında yəhudi problemini də həll etməyə nail oldum… Bu gün mən yenidən peyğəmbər ola bilərəm: əgər Avropa daxilindəki və xaricdəki beynəlmiləl yəhudi maliyyəsi bir daha xalqları dünya müharibəsinə salmaqda uğur qazansa, onda nəticəsi dünyanın bolşevikləşməsi olmamaqla, yəhudiliyin qələbəsi, yaxud da əksinə, Avropada yəhudi irqinin məhv edilməsi olacaqdır”. Bu birbaşa həmin xalqın genosidinə çağırış idi, baxmayaraq ki, bu ifadənin özü hələ dövriyyədə deyildi.

 

“Genosid” (“xalqın qətli”) termini 1943-cü ildə əvvəlcə Polşada, sonra isə ABŞ-da hüquqşünas işləmiş yəhudi mənşəli Rafael Lemkin tərəfindən icad edilmişdir. Bu termin bütöv xalqın və ya onun bir hissəsinin məqsədyönlü qaydada məhv edilməsi mənasını verir. Natsistlərin yəhudilərə qarşı həyata keçirdiyi genosid həqiqətən də bu xalqı kökündən məhv etmək məqsədini güdürdü və Hitler bunu heç də gizlətmirdi. Miqyasına görə də yəhudi genosidi- Holokost tarixdəki bu qəbildən olanlarla müqayisəyə sığmır. Təəssüf ki, həmin termin bəzən düşmənçiliyi qızışdırmaq silahı kimi istifadə olunur. Bir yüzilliyə bərabər dövr keçdikdən sonra da öz xalqının faciəli taleyini hökmən genosid kimi qələmə verməyə çalışanlar, bu ifadənin istismarı ilə bütöv bir xalqı az qala mənəvi çarmıxa çəkmək məqsədindən uzaqlaşmaq istəmirlər. Mühitin, dövrün nəzərə alınmaması iddianın qum üstündə qurulduğuna dəlalət etməklə, genosidin vəhşilik təbiətini də devalvasiyaya uğradır.

 

Hitler bu vəzifəni qoyan dövrdə mühacirət hələ də ən əlverişli siyasət idi. 1939-cu ildə müharibə başlayanda yəhudi problemi adlanan məsələ yeni ölçülər aldı. Misal üçün, Madaqaskar planı müzakirə edilirdi, ona görə yəhudilərin kütləvi qaydada Afrikanın şərq sahillərindən kənarda yerləşən Madaqaskar adasına göndərilməsi nəzərdə tutulurdu. Hərbi kontingent bu planı həyata keçirilməyən etsə də, hətta daha ciddi təsir göstərə bilən siyasət üsulları barədə düşünülürdü.

 

Henrix Himmler və SS təşkilatı Adolf Hitlerin irqçi ideologiyasına yaxından şərik idi. Yəhudi probleminin həllində natsistlər Son Həll adlanan işi məhz SS-ə həvalə etmişdilər. Bu, yəhudi xalqının məhv edilməsi demək idi. Son Həll üçün SS-in mühafizə xidməti isə inzibati məsuliyyət daşıyırdı. Onun başçısı Raynhard Heydrik əmr etmişdi ki, yaratdığı xüsusi zərbə dəstələri bütün Polşa yəhudilərini həbs etməklə, onları müxtəlif polyak şəhərlərində qurulmuş bir çox gettolarda cəmləsinlər.

 

1941-ci ilin iyununda həmin dəstələr mobil qətl birlikləri kimi yeni səlahiyyət aldılar. Bu SS ölüm briqadaları Sovet İttifaqının içərilərinə irəliləyən nizami ordunun arxasınca gedirdi. Onların işi yəhudiləri öz kəndlərində həbs edib, edam etmək və həmin ölüləri kütləvi qəbirlərdə dəfn etmək idi. Bəzən bu bədbəxt qurbanların cəsədi güllələnilməmişdən qabaq özlərinin qazdıqları nəhəng çalada basdırılırdı. Bu ölüm briqadalarının başçılarından biri əməliyyatı necə apardıqlarını belə təsvir edir:

 

“Bu vəzifə üçün seçilmiş hərbi dəstə kəndə və ya şəhərə girib, mötəbər yəhudi vətəndaşlarına əmr etməli idilər ki, bütün yəhudiləri guya yeni məskunlaşma məqsədilə toplasınlar. Onlardan tələb edilirdi ki, özlərinin qiymətli şeylərini bu dəstələrin başçılarına versinlər və edamdan bir az əvvəl üst paltarlarını soyunsunlar. Kişilər, qadınlar və uşaqlar çox hallarda güllələnmədən əvvəl tank əleyhinə qazılmış dərin xəndəyin yanına - qırğın yerinə gətirilirdilər. Sonra onlar diz və ya ayaq üstə olmaqla güllələnirdilər və cəsədləri xəndəyin içinə atılırdı”.

 

Belə müntəzəm qətllər SS cəlladları arasında mənəvi problemlər yaradırdı. Axı belə dəhşətli faciələr onu bilavasitə icra edənlərin hamısının vicdanını tamamilə susdura bilməzdi. Alman əsgərləri bütünlüklə vəhşilərə çevrilə bilməzdi. Onların da arasında bu eybəcərliyi qəbul etməyənlər ola bilərdi. Belələrinin də vicdanını yatırtmaq lazım gəlirdi. Belorusiyanın paytaxtı Minskə səfəri ərzində SS lideri Himmler mənəvi canlanmanı əldə etməyə çalışmaqla, bunu qeyd etmişdi ki, “əgər almanlar belə şeyi sevinclə görsələr, bu onlara xoş gəlməyəcəkdir. Lakin onların vicdanına heç cür xətər toxunmayacaqdır, çünki onlar əsgərdilər və əmrləri qeyd-şərtsiz yerinə yetirməlidirlər. O, (alman əsgəri-müəllif) baş verən hər bir şey üçün yalnız Allah və Hitler qarşısında cavabdehliyə malikdir... və o, bu əməliyyatın zəruriliyini dərindən başa düşməklə hərəkət etmişdir”.

 

Baxmayaraq ki, həmin ölüm dəstələri tərəfindən sayı 1 milyon olan yəhudi öldürülmüşdü, lakin yəhudi probleminin həllinə bu yanaşma tezliklə adekvat olmayan şəkil aldı. Bunun əvəzinə natsistlər Avropanın yəhudi əhalisinin xüsusi tikilmiş ölüm düşərgələrində ardıcıl olaraq məhv edilməsi yolunu seçdilər.

 

Plan çox sadə idi. Almaniyanın işğal etdiyi ərazilərdən ( və ya Almaniyaya rəğbət bəsləyən ölkələrdən) yəhudilər həbs edilməli və qaramal sürüsü kimi yük vaqonlarına doldurulub Polşaya, buradakı həmin məqsədlə tikilmiş altı qırğın mərkəzinə gətirilməli idi. Onlardan ən böyüyü və daha çox biabırçı şöhrətə malik olanı Auşvits-Birkenau idi (Sovet və sonrakı rus ədəbiyyatında bu düşərgə daha çox yerin polyak adı olan Osventsim kimi tanınır). Bu düşərgələrin tikintisinə T-4 proqramı ekspertləri texniki kömək göstərmişdilər, həmin təşkilat isə 1938-ci illə 1941-ci il arasında Almaniyada ruhi və fiziki nöqsanlarına görə irqi cəhətdən yararsız hesab edilən 80 min nəfərin məhv edilməsinin məsuliyyətini daşıyırdı. Bu təcrübəyə əsaslanaraq tibb texnikləri B siklonunu (bu, hidrogen sianidin kommersiya üçün olan adıdır) qaz kameralarında böyük sayda adamı sürətlə öldürmək üçün daha səmərəli olan qaz kimi seçmişdilər. Bu qaz kameraları duş otaqlarına bənzəyirdi və qurbanların böyük sayda öldürülməsini asanlaşdırırdı. Qaz verildikdən sonra ölü cəsədləri bu məqsədlə tikilmiş krematoriyalarda yandırılırdı.

 

Son həll üçün ümumi tədbirlər barədə natsist partiyasını və dövlət qulluqçularının məlumatlandırmaq üçün Berlin yaxınlığındakı Vanzayda 20 yanvar 1942-ci ildə keçirilən konfransda Raynhard Heydrix “yəhudi məsələsini həll etmək” üçün bu vaxt atılacaq yeni addımların konturlarını söyləmişdi. O, bu yolla Avropadakı Son Həllin praktiki vasitəsinin “yəhudiləri qərbdən şərqədək darayacağı xəttinin” necə olacağını izah etdi. Onlar “ tranzit gettolar adlananlara ən uzaq şərqdən belə, qruplarla daşınıb” gətirilməlidir.

 

1942-ci ilin yazından ölüm düşərgələri artıq fəaliyyətdə idi. Əvvəldən prioritetlik Polşa gettosunun ləğvinə verilməsinə baxmayaraq, yaydan etibarən yəhudilər Fransadan, Belçikadan və Niderlanddan gətirilirdilər.

 

1943-cü ildə burada paytaxt şəhərləri olan Berlindən, Vyanadan və Praqadan, həmçinin Yunanıstandan, cənubi Fransadan, İtaliyadan və Danimarkadan gətirilən yəhudilər var idi. 1944-cü ildə Müttəfiqlər xeyli irəliləyiş əldə edəndə də Yunanıstandan və Macarıstandan yəhudilər hələ də ölüm düşərgələrinə daşınırdı.

 

Böyük hərbi ehtiyaclara baxmayaraq, yəhudiləri ölüm düşərgələrinə daşımaq üçün dəmir yolu vaqonlarından istifadədə Son Həll prioritet əhəmiyyətə malik idi. Hətta yəhudilərdən silah istehsalında istifadə edilməsi kimi hərbi arqument də, onların kökünün kəsilməsi tələbi sayəsində rədd edilirdi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 6 iyun.- S.26.