Şeirimizin
sübhçağı
Mikayıl
Müşfiqin qocalıq şəklini heç kim
görməyib. Çünki o yoxdur,
Müşfiq qocalmayıb. Ömrünün sübh
çağında - 29 yaşında
Ah, mən
gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?!
Bu yerlə
çarpışan göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim? -
- deyə-deyə 1937-ci il iyunun 4-də
işıqlı dünyadan qaranlıq zindana, oktyabrın 13-də
isə ünvansız məzara atıldı, zorun amansız
gücü ilə işıqlı dünyaya əbədi əlvida
dedi. Ancaq əbədi olan bir şey də var idi:
Müşfiqin gəncliyi! Minillik ənənələri
olan Azərbaycan şeirinin sübh çağı, gənclik
nəfəsi idi Müşfiq. Onun
bütün şeirləri özünə oxşayır.
Ancaq mənə elə gəlir ki, “Yenə o
bağ olaydı” şeiri Müşfiqə daha çox
oxşayır. Müşfiq məhz o şeirin içindən
boylanıb gələcəyə baxır:
Yenə o
bağ olaydı, yenə yığışaraq siz
O bağa
köçəydiniz.
Biz də
muradımızca fələkdən kam alaydıq
Sizə
qonşu olaydıq
Yenə o
bağ olaydı, səni tez-tez görəydim
Qələmə söz verəydim.
Hər
gün bir yeni nəğmə, hər gün bir yeni ilham
Yazaydım
səhər, axşam
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
Həsrət, nisgil, sevgi və bədii suallardan ibarət
bu poetik simfoniyanın yaranma tarixçəsi var.
Əcəba, bu nə nisgil idi, o hansı bağ idi, tellərindən
incə misraların o bəxtəvər sahibi kim
idi?
Müşfiqin
fədakar tədqiqatçısı Gülhüseyn
Hüseynoğlu etiraf edir: bu vaxta qədər 6 qadın mənə
deyib ki, Müşfiq “Yenə o bağ olaydı” şeirini mənə
yazıb. Əlbəttə, şeir nəinki həmin
qadınlara, heç Müşfiqin qadını Dilbərə
də
yazılmamışdı.
“Yenə
o bağ olaydı” şeirində Müşfiqin və
dostlarının - 37-ci il
qurbanlarının sonuncu xoşbəxt yayından bəhs
olunur. 1936-cı ildə Abşeronun füsunkar
guşəsində - Pirşağıda kirələdikləri
bağa - Rəsul Rzanın və Ənvər Məmmədxanlının
bağına ən tez-tez gələn Müşfiq idi.
O, Ənvər Məmmədxanlının anasına “ana” deyər
və başını onun sinəsinə qoyub,
anasızlığının acısını
çıxararmış. Bu bağa Hüseyn Cavid və
Əhməd Cavad, Sabit Rəhman, Əliağa Vahid, Mikayıl
Rzaquluzadə, Məmməd Arif qonaq gələr, onlar gecə
keçənə qədər ədəbi söhbətlər
aparardılar. 28 yaşlı məşhur şair
Müşfiq ona “Yenə o bağ olaydı”nı
yazdıran ilham pərisini də həmin o sonuncu xoşbəxt
yayda Pirşağıda görmüşdü. Bu,
Ənvər Məmmədxanlının kiçik
bacısı 16 yaşlı Arifə idi. Arifə bu sirri
bacısı Həbibəyə düz 50 il
sonra - 1986-cı ildə, Rafael Hüseynova isə xərçəng
azarından ağır yatdığı 1994-cü ildə -
ölümündən az əvvəl etiraf edir. Etiraf edir ki, “Bir gün mən dərsdən
qayıdanda Sabir bağının yanında onunla üz-üzə
gəldim. Dedi: “Bu, nə xoş təsadüf. Nə yaxşı oldu səni gördüm. Məndə sənə çatası bir şeir
var. O şeiri verəcəyəm sənə”. Bükülmüş dəftər kağızı
idi. Verdi, mən də alıb qoydum
çantama.
Sonra
açıb baxanda gördüm ki, yuxarısında yazıb:
“Arifəyə. Yenə o bağ olaydı”.
Ürəyimdə dedim, bizim bağı
yazıb bu? Oxuyub gördüm ki, bağda nə
olubsa hamısı bu şeirdədir. Uzun
müddət qaldı məndə o şeir”.
Məlum olur ki, Arifə ərə gedəndə əri
İbrahimin qısqanclığından ehtiyat edərək
Müşfiqin şeirini cırıb atıb.
Arifə xanımın bu qeydlərindən və
şeirdəki “Bu yaz bir başqa yazdır...” misrasından məlum
olur ki, 1936-cı ilin sonuncu xoşbəxt yayı
haqqındakı bu şeir 1937-nin ümid və
nigarançılıqla dolu yazında yazılıb.
Bu həlim,
məhrəm şeirin bir neçə romantik obrazı var:
Bağ, Dəniz, Sevgi, Həsrət və əsas lirik qəhrəman,
yəni şairin özü. Gəlin əvvəlcə zərif,
pünhan, sevgi dolu misralara üz tutaq:
Yenə o
bağ olaydı, yenə sizə gələydik
Danışaydıq,
güləydik
Ürkək
baxışlarınla ruhumu dindirəydin
Məni
sevindirəydin
Gizli
söhbət açaydıq ruhun ehtiyacından
Qardaşından,
bacından
Çəkinərək
çox zaman söhbəti dəyişəydin
Mənimlə
əyişəydin
Yenə də
bir vuraydı qəlbimiz gizli-gizli
Sən ey
əsmər bənizli!
Bu misralarda heç vaxt reallaşmayacaq ülvi bir
sevginin, müqəddəs bir eşqin dipdiri, canlı
obrazı, həyata keçməsi müşkül
arzuların əbədi nisgili poetikləşib.
Həmin
o 1936-cı ilin gözəl yay axşamlarında bağın
sakinlərini mavi dəniz isti gəlin qucağı kimi qoynuna
alanda, gənc sevgilisinin gözəl əndamını dəlisov
dalğalar qucaqlayanda Müşfiqin ehtiraslı qəlbində
qasırğalar qopurmuş:
Yenə o
bağ olaydı, yenə o qumlu sahil
Sular
ötəydi dil-dil
Saçın kimi
qıvrılan dalğalara dalaydım
Dalıb
ilham alaydım
Əndamını
həvəslə
qucaqlarkən dalğalar
Qəlbimdə
qasırğalar
Fırtınalar
coşaydı, qısqanclıqlar doğaydı
Məni
hirsim boğaydı;
Cumub
alaydım səni dalğaların əlindən
Yapışaydım
belindən
Xəyalımız
üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
İlhamımın
yelkəni zərrin saçın olaydı
Sular xırçın olaydı.
Bu, sadəcə şeir deyil. Müşfiqin öz
sözləri ilə desək, “varlığın eynidir”,
poetik obrazların elə kamil vəhdətidir ki, dahi rəssamın
tablosundan çıxıb qaçan gözəllik kimi
insanın üzərinə yürüyür, kəpənək
çiçəyin ləçəyinə qonduğu kimi qəlbdə
sakin olur. Bu qısqanclıqda ülvi bir
gözəllik, nakam bir sevginin əbədi təsdiqi var.
Müşfiq elə nadir bir şəxsiyyət, elə
büllur bir istedad, elə romantik xəyal sahibi idi ki, o ətrafındakı
hər şeyə şeirin gözü ilə baxır. Dənizi seyr
etmək onun üçün “mavi şeirə dalmaq” demək
idi.
Müşfiq başdan-ayağa şeiriyyət idi. Azərbaycan
poeziyasında onun qədər şəffaf ikinci şair tapmaq
mümkün deyil. O, hətta yuxuda da şeir
yazırmış. Dilbər Axundzadə belə
xatırlayır: “Müşfiq bütün məhəbbət
şeirlərini mənə həsr etməyib. Məndən
əvvəl yazdıqları da vardı, ikincisi də
Müşfiq surətpərəst idi, hətta bircə dəfə
görüb gözəlliyinə heyran qaldığı
qıza da məhəbbət şeiri yaza bilərdi. Nəinki bircə dəfə
rastlaşdığı, lap yuxusuna girmiş bir gözələ
də şeir həsr etdiyi olub. Özü
danışırdı ki, yuxuda da şeir yazır.
Neçə dəfə görmüşdüm ki, səhər
yuxudan qalxanda dərhal kağız-qələm götürərək
birnəfəsə uzun bir şeiri kağıza
köçürüb. Deyirdi ki, yuxuda yazmışam, tez
kağıza salım ki, yadımdan çıxmasın”.
Müşfiq kitablarından birini “Çağlayan”
adlandırmışdı. Bu söz onun
özünə hər kəsdən, hər bir şairdən
daha çox yaraşır. Həqiqətən də
Müşfiq Azərbaycan şeirinin çağlayan
bulağı, “susmaz duyğular səltənəti”nin (C.Cabbarlı) əbədiyyət nəğməsi
idi.
Onun nəğmələrinə əbədiyyət bəxş
edən şairin həyat sevgisi idi.
Həyat dedikləri bu keşməkeşdən.
Qəlbimdə,
qanımda yanan atəşdən,
Gecədən,
gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Mehriban
sevgilim qarşımda durdu,
Yenə
şairliyim başıma vurdu,
Məndən
məcnun könül maraqla sordu
Bu saçı leyladan necə əl çəkim?
Hələ çox gənc yaşlarında Azərbaycan
klassik poeziyasının poetik ənənələrinə dərindən,
yaradıcı şəkildə sahib olmuş Müşfiq XX əsrin
20-30-cu illərində böyük istedadı sayəsində
həmin ənənələri yeni poeziyanın xidmətinə
gətirə bildi, novator sənətkar kimi şöhrət
qazandı. “Sənətkar”
şeirində şair bu poetik icadın feyzindən bəhs edərək
yazırdı:
Ah, nə
böyük şərəfdir sənətkar olmaq
Könüllər
dünyasından xəbərdar olmaq!
Nə
xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz
Bütün
fənalıqları yıxıb devirmək
qara-qorxusuz.
Müşfiq
gənc yaşlarında belə bir böyük şərəfə
nail olmuşdu. O, nikbin, gələcəyə nurlu bir ümidlə
baxan sənətkar idi. Hətta taleyinin tufana
düşdüyü, başının üstündə
repressiyanın qara buludları sıxlaşmaqda olduğu bir
dövrdə də qəlbi həyat eşqi, gənclik
ehtirası ilə dolu Müşfiq yazırdı:
Mənim
könlüm deyir ki,
hələ bunlar nədir ki...
Böyük
günlər, şanlı günlər, şən günlər,
Yoluna
düşən günlər,
hələ qarşımızdadır!
Qarşıda isə onu 1937-nin tufanı gözləyirdi. Buna baxmayaraq, şairin
şaqraq səsi zamanın bağrını şimşək
kimi yarırdı:
Cahan ki,
solmayan bir bağça-bağdır
Burda rəvamıdır
gülmədən ölmək!
Yazıq
o şəxsə ki, qaraqabaqdır,
Nə qədər
yaraşır insana gülmək!
Müşfiqin
şeirlərində qüvvətli bir romantika var. Bu, dahi
Füzulidən baş alıb gələn, Tofiq Fikrət və
Namiq Kamal nəhrində durulan, Müşfiqdə
büllurlaşan səmavi bir romantikadır.
Şairin belə şeirlərində ana dilimizin ən
incə söz və ifadələri ilə süslənmiş
bədii həqiqət həyat həqiqətindən
güclüdür. Müşfiqin poetik üslubu lirik-romantik pafosla qanadlanan
və yalnız uca zirvələrə can atan qartala bənzəyir.
O, bir uçuşla Azərbaycan şeirinin ən uca zirvəsini
fəth etdi.
Millətindən, sevgi və nəşə dolu həyatdan,
dostlarından ilham alıb yazdığı başabəla
“Duyğu yarpaqları” şeiri ilə 1937-ci ildə
Müşfiq bir daha sübut etdi ki, o, gələcəyin
şairidir.
Mən gəncəm,
bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim
açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
Qara yel əsdi, şairi tarixin əbədiyyətinə apardı, həmin o bağı da xəzana döndərdi, fəqət onun istiqbalını tarixin üfüqündən qopara bilmədi. Müşfiqin bədirlənməmiş hilalı bu gün Azərbaycanın istiqlal rəmzi olan üçrəngli bayrağın üstündə dalğalanır. Hər dəfə dünyanın müxtəlif ölkələrində müstəqil Azərbaycanın üçrəngli bayrağının üzərində Müşfiq kimi əbədi gəncin bədirlənməmiş hilalını görəndə bir şeir yada düşür: kaş “Yenə o bağ olaydı”... Müşfiq sağ olaydı!
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.- 2015.- 6 iyun.- S.25.