“Xocalı-613” möhtəşəm musiqi abidəsidir”
TANINMIŞ
MUSİQİÇİ PYER TİLUA AZƏRBAYCANIN,
MİLLİ MƏDƏNİYYƏTİMİZİN FRANSADA
VƏ DİGƏR QƏRB ÖLKƏLƏRİNDƏ
LAYİQİNCƏ TƏBLİĞİNƏ ÇALIŞIR
İyunun
5-də Azərbaycan Dövlət
Filarmoniyasında fransalı
bəstəkar və
“LAmoureux” simfonik orkestrinin bədii rəhbəri Pyer Tiluanun “Xocalı-613” əsəri
Üzeyir Hacıbəyli
adına Dövlət
Simfonik orkestrinin ifasında təqdim edilib.
Təqdimatdan öncə layihənin təşəbbüskarı, Azərbaycan
Dövlət Simfonik Orkestrinin dirijoru Əyyub Quliyev və əsərin müəllifi ilə ətraflı söhbətləşmək
imkanımız oldu. Uzun illərdən bəri Fransa ilə Azərbaycan arasında mədəni körpülərdən
birinin yaradıcısı
olan Pyer Tilua ölkəmizlə bağlı zəngin təəssüratlarını bölüşdü, “Xocalı-613” əsərinin sülhə
və bir daha belə faciələrin törədilməməsinə
çağırış olduğunu vurğuladı.
Pyer Tilua
1970-ci ildə Fransada dünyaya gəlib. 1990-cı ildən etibarən musiqi yaradıcılığı
ilə məşğuldur.
Bəstəkar öz ölkəsində
maraqla qarşılanan
bir çox simfonik əsərlərin
müəllifidir.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycana
ilk gəlişi 2001-ci ildə
gerçəkləşib:
“2001-ci ildə Rokfeller
Fondunun Nyu-York şəhərində keçirdiyi
möhtəşəm bir
müsabiqədə əsərim
qalib gəldi, Avropa üzrə laureat oldum. Həmin müsabiqədə
xüsusi bir layihə həyata keçirilirdi. Həmin layihəyə
əsasən müsabiqədə
qalib olan bəstəkar müəyyən
ölkələrlə əlaqələr
qurub onların mədəniyyətlərini öyrənmə
imkanı əldə edirdi. Həmin müsabiqədən sonra Azərbaycana dəvət olundum, gözəl ölkənizlə
ilk tanışlığım onda yarandı. Elə ilk görüşdən Azərbaycana
vuruldum. Bu ölkənin çox möhtəşəm tarixi,
mədəniyyəti var. Ondan
sonra məni dəfələrlə Azərbaycana,
Bakıya dəvət
etdilər, müxtəlif
layihələrdə iştirak
elədim. Hər dəfə
Bakıya gəldikdə
fikirləşirdim ki,
yəqin, bu artıq sonuncu səfərdir. Amma son olmur.
Mən çox sevinirəm ki, məni unutmurlar
və dəvət edirlər”.
Bəstəkar bildirdi ki,
“Xocalı-613” əsəri Bakıda
ilk dəfə təqdim
edilir:
“Bu əsərin proqrama
salınması mənim
üçün bir daha Bakıya gəlmək imkanı yaratdı. Bakını çox sevirəm.
İndiyədək “Xocalı-613”
Fransa ilə yanaşı bir çox ölkələrdə
- İngiltərədə, İtaliyada, Belçikada ifa olunub. “Xocalı-613”ün
premyerası İngiltərənin
paytaxtı Londonda keçirilib. Ancaq bu əsərin Azərbaycan Dövlət Simfonik Orkestinin ifasında səslənməsi mənim
üçün çox
əlamətdar və
vacib bir hadisədir. İndiyədək bir neçə dəfə Azərbaycanda olmuşam. Artıq Azərbaycanın mədəniyyətini tanıyıram,
tarixini bilirəm, dilini çox sevirəm. Yəni, bunları artıq
çox mənimsəmişəm.
Azərbaycandakı dəyərli
dostlarımla qürur
duyuram. Azərbaycanda bir çox
bəstəkarlarla, həmçinin
Xəyyam Mirzəzadə
ilə dostluq edirəm”.
Pyer Tilua indiyədək Azərbaycanla
bağlı bir çox layihələr həyata keçirib. Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi Azərbaycan bəstəkarlarının
əsərlərinin Fransada
tanıdılması üçün
xeyli iş görüb. Fransada Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
“İpək və od” festivalını təşkil etməyi planlaşdırır. Bəstəkarın Azərbaycan musiqisinin motivləri əsasında
bir çox əsərləri var. Onların
arasında “Yanardağ”
adlı simfonik əsəri xüsusilə
maraq doğurur. Özünün də qeyd etdiyi kimi, o, Azərbaycanın tarixindən,
mədəniyyətindən ilhamlanaraq bu əsərləri ərsəyə
gətirib.
Bu yaxınlarda Fransanın ən
qədim simfonik orkestri olan “LAmoureux”a bədii direktor təyin edilmiş Pyer Tiluanın hazırladığı
ilk proqramda Azərbaycan
bəstəkarlarının əsərlərindən ibarət
musiqilər yer alıb. Bu kimi
məsələlərlə bağlı o, Azərbaycan-
Fransa Mədəniyyət
Assosiasiyasının sədri
Aytən Muradova ilə mütəmadi məsləhətləşir.
Erməni diasporunun güclü olduğu Fransada Xocalı faciəsi ilə bağlı əsərin yaranması, səsləndirilməsi, təbii
ki, müəllifə
böyük çətinliklər
bahasına başa gəlib.
Özünün bildirdiyinə görə,
buna görə dəfələrlə erməni
diasporunun güclü
təpkisi, təzyiqi ilə üzləşməli
olub:
“Xocalı-613”ün Fransada təqdimatından əvvəl
erməni diasporunun nümayəndələri dəfələrlə
mənə zəng vurub hədə-qorxu gəliblər. Deyirdilər ki, səhv edirsən, bu yoldan çəkil, həyat yoldaşının
harada işlədiyini,
oğlunun hansı məktəbdə oxuduğunu
bilirik, sənə baha başa gələr. Ancaq heç
nə məni “Xocalı- 613”ü də Fransanın bir çox şəhərlərində,
eləcə də dünyada təqdim etməkdən çəkindirə
bilməzdi. Fikrimcə,
əsl dost həm də dar gündə
insanın yanında olandır. Sevincini bölüşdüyün dostun çətin, ağır gündə də yanında olmaq lazımdır. Azərbaycanın faciəsi, kədəri
məni çox təsirləndirir. Mənə çox
ağır gəlir ki, Xocalıda o dəhşətli qırğın
olanda niyə beynəlxalq təşkilatlar
buna lazımi münasibət bildirməyib?
“Xocalı-613” əsərini yazmaqla mən bəstəkar kimi haqq sözümü demək, dost Azərbaycan xalqına dəstək olmaq istəmişəm. O
faciəni bütün
ruhumla, ürəyimlə
duyuram: elə bli ki, özüm
orda olmuşam, bunu yaşamışam, Xocalı faciəsini öz faciəm hesab edirəm”.
Pyer Tilua Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycanın
Fransadakı səfirliyinə
onun ölkəmizlə
bağlı həyata
keçirdiyi mədəni
layihələrə yüksək
səviyyədə dəstək
göstərdikləri üçün
dərin minnətdarlığını
ünvanladı. Bəstəkar vurğuladı ki, hər iki qurum
onun fəaliyyətində
çox vacib rol oynayır:
“Heydər Əliyev
Fondu və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi
olmasaydı, gördüyüm
işləri bu səviyyədə həyata
keçirmək çox
çətin olardı. Əməkdaşlığımızın davamlı olacağına
ümid edirəm.
Azərbaycanla sıx əlaqələrim,
burada gözəl dostlarım olduğuna görə çox sevinir və qürur duyuram. Həyat
yoldaşım Haut-Elzas
Universitetinin müəllimi
Qreta Komur Tilua işlədiyi ali təhsil
ocağında Azərbaycan
mədəniyyətindən dərs deyir. O da Azərbaycanın
tanınması üçün
xeyli işlər görür. Ailəvi yığışanda
Azərbaycan yeməkləri
bişiririk. Azərbaycan ədviyyatlarından,
nardan çox istifadə edirik. Bu, artıq bizə
o qədər təbii
görünür ki, sanki həyatımızın
bir hissəsidir.
9 yaşlı oğlum da Azərbaycanı
çox sevir. Ümidvaram ki, Azərbaycanla əlaqələrimiz gələcəkdə
daha geniş miqyas alacaq”.
lll
Tanınmış dirijorumuz Əyyub Quliyev isə söhbət zamanı qeyd etdi ki,
Fransa kimi bir ölkənin bəstəkarının unudulmaz
tarixi faciəmiz barəsində əsər
yazması çox əlamətdar hadisədir. Bunu təbliğ
etmək, tanıtmaq lazımdır. Çoxdan bir
fürsət gözləyirdim
ki, Pyeri yenidən Bakıya dəvət edək və onun “Xocalı-613” əsərini burada səsləndirək. Elə alındı
ki, Filarmoniyada orkestrin proqramının tərtibatı mənə
həvalə olundu.
Dərhal Pyer Tiluanın
“Xocalı- 613” əsərini
proqrama daxil etdim. Müəyyən texniki problemlərə
baxmayaraq, bu işin öhdəsindən
gəldik. Pyerlə əməkdaşlıqdan
çox böyük zövq aldım. Professional bir bəstəkar
olmaqla yanaşı, çox yaxşı insandır, dəyərli dostdur. İşini gözəl bilir.
Düşünürəm ki, “Xocalı-613” çox gözəl bir sənət əsəridir. O, bu əsərlə faciədə
həlak olan həmvətənlərimizə böyük ehtiram nümayiş etdirib. Pyer Tiluanın “Xocalı-613” əsəri
faciədə həlak
olan həmvətənlərimizin
xatirəsinə ucaldılmış
möhtəşəm musiqi
abidəsidir. Buna görə Pyerə çox minnətdarıq.
İstərdim ki, bu əsəri başqa xarici ölkələrdə
də ifa edək”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 6 iyun.- S.23.