“Mən burdayam,
İlahi”
“Sən
Strasburqdasan”... Həyat yoldaşı
Nüşabə xanımın Vaqif Səmədoğluya
müraciətlə yazdığı esse belə
başlanır. Şairin sağikən
uzaqlığından danışır Nüşabə
xanım. Ölümü müvəqqəti
ayrılıq saymaq nə üçündü?
Təsəlli, yaxud aldanış üçünmü? Ən yaxınını,
doğmasını itirmiş insanın hissi, düşüncəsidi
bu.. Məsələ
heç o dünyada görüşə inamda da deyil. Elə bu dünyada, yerdə, hardasa uzaqlarda, başqa
şəhərdə, kürənin o başında
olduğuna inandırırsan özünü, haçansa
qayıdacağına ümid bəsləyirsən. Bir də... görünür, o “uzaqlara getmiş”
insanın xasiyyətindən, necə yaşamasından da
çox şey asılıdı. Elə
adamlar var ki, onlar haqda keçmiş zamanda danışmaq
çətindi.
...Xatirələriylə,
yaddaşlardan silinməyən zarafatları, orijinal sözləriylə,
bənzərsiz sənəti və dillərdən düşməyən
əsərləriylə diridi Vaqif Səmədoğlu. İyun ayının beşində 77 yaşı
tamam olmalı idi. Bir gün öncə
Bakı Caz Mərkəzində doğum günü qeyd edildi.
Ekranda fotoları göstərilən, müsahibələrindən
parçalar təqdim edilən şair sanki diriydi,
yanımızdaydı. Elə beləcə
qarşımızda oturub ölümdən, həyatdan,
Allahdan, ömürdən danışırdı.
“Ömrüm
boyu üç şeydən yazmışam: ölümdən,
Allahdan, bir də azadlıqdan. Amma bunların
üçünün də nə olduğunu bilmirəm”.
Deyəsən Vaqif Səmədoğlu
bunların üçünə də birdən qovuşdu.
Ölümü ilə Allaha bir az da
yaxınlaşdı və azad oldu... Çarəsiz xəstəliyinin
gətirdiyi ağrılardan, əzablardan azad oldu:
İlahi,
Dar quyu
dibində,
Qaranlıq
nəm içində,
İşıqlı
qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
Xalq artisti Fuad Poladov şairin bu yuxarıda nümunə
gətirdiyim son şeirindən misraları söylədikcə
qəhərlənirəm. Ömrünün son günlərində
nə qədər də kiçik imiş arzusu! Ağrısız yatmaq, amma işıqlı qəm
içində. Və elə bu
“işıqlı qəm” ifadəsi Vaqif Səmədoğlu kədərini
necə dəqiq ifadə edir. Bir vaxt “Sabah YENƏ son səhər”
- deyən şairin “sonu sonsuzdu”, qəmi
işıqlıdı...
Sol əlimlə
sağ əlimin
Arasında
donub vaxt...
Hansı əlim
qürbətdədir,
Hansı
ölü, hansı sağ...
Mehriban Zəki bu misraları sadəcə oxumur,
içini, ağrısını, həyat və ölüm
adlı müəmma qarşısındakı acizliyini dilə
gətirir. Pianoçu Emil Əfrasiyab musiqi ilə müşayiət
edir onu və mənə elə gəlir ki, indi bu anlarda biz
hamımız sol əlimizlə sağ əlimizin arasındakı
donmuş vaxtın içərisindəyik. Və o
donmuş zaman 2015-ci il 27 yanvardan öncəki
zamandı. Haçan ki, Vaqif Səmədoğlu bu dünyada
idi, haçan ki, sağ əliylə əsasına, sol əliylə
Nüşabə xanıma “söykənib” məclislərə
gəlirdi. “Generalın son əmri”
tamaşasına baxırdı, “xərçəng dilimdə
deyil” - deyib Qurultayda çıxış edirdi, ingiliscə
kitabının təqdimatında royal arxasına keçirdi,
“hamınızı yasıma dəvət edirəm” - söyləyib
hazırlayırdı bizləri.
Həmişəki
şıq geyimini əsayla, xəstəliklə
“tutuşdururdu”, seyrəlmiş saçlarını
araxçınla... Hə, araxçın!!! Caz Mərkəzindəki
tədbirin də ən təsirli məqamı bu idi,
Nüşabə xanımın yazdığı essenin əsasında
hazırlanmış videoçarx: Vaqif Səmədoğlu
İçəri şəhərin küçələriylə
addımlayır və fonda qadının səsi
eşidilir: “Sən Strasburqdasan...” Şairin ölümündən
sonra yazdığı qısa essedə nələr demir onun
xanımı?! Yetim qalmış əşyalarından,
qoxusunu hələ də saxlamış
araxçınından, dipdiri zarafatlarından, müvəqqəti
və əbədi ayrılıqlardan danışır.
Zal sükut içindədi, ekranda dəfələrlə
gördüyümüz kadrlar Nüşabə xanımın
sözləri “altında” bir az
başqalaşır, rəngini dəyişir elə bil, sehrlənir...
Bir vaxt
şair öz xanımına müraciətlə: “Nədən
dolmusan? Yarın da hələ ölməyib...”
- demişdi, “Duayla dolub gözlərin...” - demişdi. İndi Nüşabə xanımın essesini,
“ümidi duaya bağladıq...” sözlərini dinlədikcə,
bu misralar daha da təsirli olur. Sevgilisi öləndən
sonra dolan, gözlərindəki duası hələ də
çəkilib getməyən qadının ağrısı
sözlərinə hopub sanki... Axı o təkcə həyat
yoldaşını, sevdiyi kişini itirməyib, az qala bir ömür şairlə yaşamaq səadəti
əlindən çıxıb... Fərqli havanı almaq,
şair ruhu, aurası, sözüylə yaşamaq
başqadı axı... Yəqin ona görə
“otağında rahat nəfəs alınır” - deyir
Nüşabə xanım. Və görünür,
şairi cəmisi bircə dəfə görən, amma bu bircə
görüşün təəssüratıyla maraqlı bir əsər,
“İki dünyaarası vuran nəbz” kitabını yazan
publisist Natavan Faiqin də həyəcanına səbəb həmin
o havadı, şairin unudulmaz aurası, ruhudu...
Natavan
xanım çıxış edəndə adama elə gəlirdi
ki, o bir görüş haqda sonsuza qədər danışa
bilər və bu, heç şübhəsiz Vaqif Səmədoğlunun
zənginliyinin, təkcə sözüylə yox, həm də
sükutu, pauzası ilə qeyri-adiliyinin, təkcə
sağlam, gümrah vaxtında yox, xəstə halında da
orijinallığının göstəricisidi. Və bu tədbirdə
o orijinallıq hər an duyulurdu: Mübariz Tağıyev bəstəkar
Mobil Babayevin şairin sözlərinə bəstələdiyi
“Sən gələndə” mahnısını, Flora Kərimova
“Bağışla”, Gülüstan Əliyeva “Kimsən sən”
nəğmələrini ifa edəndə də, Fəxrəddin
Manafovun söylədiyi şeirləri dinləyəndə də,
ekrandakı fraqmentlərə baxanda da...
Natavan Faiq piano arxasına keçib şairin ruhuna ehtiram
əlaməti olaraq Şopenin, Raxmaninovun melodiyalarını
ifa edir. Nədənsə musiqi daha təsirli gəlir adama.
Bəlkə “yetim qalan” təkcə əşyalar olmur,
itirdiyimiz adamın sevdiyi melodiyalar da, filmlər də,
şeirlər də yetim qalır ondan sonra... Heç
özüm də fərqinə varmadan yenə Vaqif Səmədoğlu
şeirindən danışıram:
Sevdiyimiz
şeirləri,
Gördüyümüz
şəhərləri,
Ürəyimdən
qopar, qopar,
Özünlə
apar!
...”Yaxşı
tanıdığın adam haqda
danışmaq da, yazmaq da çətindi...” - bunu Natavan Faiqin
çıxışından sonra İntiqam Qasımzadə
pıçıldayır. Gözləri dolub... İllərlə
şairlə dostluq edib, yanında olub Vaqulyanın... İndi qəribə bir ağrı duyulur sözlərindən.
Sanki onu bir az da artıq yaşatmaq
üçün əlindən gələni də
(yazmağı!!!) edə bilməməsindən əzab çəkir.
Görünür, belə insanı yaşatmağın tək
yolu elə budu: ondan yazmaq, ondan danışmaq, yada salmaq,
şeirlərini sms-lə göndərmək, yağış
yağanda “bu yağışda canavarlar da adam olub
yorğan-döşəyə girmək istəyir”, duman gələndə
“daş evlər arasında neyləyəcək duman mənə”
- deyə öz-özünə təkrarlamaq, “Bir axşam
taksidən payıza düşmək”, “Bəxt
üzüyü”nə baxıb doyunca gülmək,
“Yaşıl eynəkli adam”dan qorxmaq, “Yayda qartopu” oynamaq, “Uzaq
Yaşıl ada”nı xəyal etmək, gedib Bulvardakı
söyüdləri sulamaq, xoşbaxtlığın qafiyəsin
axtarmaq və YENƏ yenə yazmaq... Natavan Faiq də ona
görə yazır, Nüşabə xanım da... Günel
Anarqızı da bu tədbirin ssenarisini buna görə
yazıb, Ramiz Həsənoğlu da ona görə edib gecənin
rejissorluğunu... Onu yaşatmaq üçün,
varlığını hiss etmək üçün,
yoxluğunu unutmaq üçün...
Yazımın bu yerində tədbirin əsas
yükünü, ssenarisini, məşqlərini öz üzərinə
götürmüş Günel Anarqızının zəhmətini
xüsusi vurğulamaq istərdim. Vaqif Səmədoğlu
ilə Günel arasında qəribə bir ruh qohumluğu
duyulur. Günel “Altıncı” povestində
hələ heç kimin tanımadığı gənc
şair Vaqif Vəkilovu Təhminənin sevimli şairi kimi qələmə
verir. Onun “Kimsə yox, heç kimi gözləmirəm”
misrasını Təhminənin “sloqanı”na
çevirir. Və çox güman ki, o, təkcə
obrazı zənginləşdirmək üçün yox, həm
də öz zövqünü oxucuyla paylaşmaq
üçün bu priyomdan istifadə edir. Elə tədbirdə
də, videoların, süjetlərin, şeirlərin
seçimində də əsas hiss olunan həm dediyim ruh
qohumluğu, həm də zövq idi. Bu bağlılıq isə
təkcə Anar Vaqif dostluğundan irəli gəlmir...
Yəqin ki, bu qohumluq öz bəhrələrini gələcəkdə
də verəcək.
...Anar bir
vaxt Vaqif Səmədoğlu haqda müsahibəsində “həyat
bizi ayıra bilməz” - demişdi. Ölüm ayırdı
onları... Amma:
“Bu günlərdə cib telefonuma zəng gəldi. Açdım.
Diksindim. VAQİF
SƏMƏDOĞLU yazılmışdı. Həyat yoldaşı Nüşabə
xanımdı, Vaqifin telefonundan zəng edirdi. V.Səmədoğlunun
haçansa mənə ithaf etdiyi şeirindən misraları
xatırladım:
Dostum,
mən
öləndən sonra
Basarsan
maqnitofonun
səs
qaytaran düyməsini,
bir dəfə
də eşidərsən
artıq
döyünməyən
qəlbimin səsini”.
Bu fikirləri Anar dostuna ithaf etdiyi və “525-ci qəzetdə”
çap olunmuş şeirə kiçik bir giriş kimi
yazıb. Və o, tədbirdə bunları oxuyanda Ramiz
Rövşən də oxşar hissi keçirdiyini bizə
söylədi. Onun da telefonuna Vaqif Səmədoğludan
zəng gəlib, Nüşabə xanım gecəyə dəvət
üçün zəng edibmiş... Bu
faktın özü də kiçik bir simvoldu əslində.
Artıq dörd aydan çoxdur ki, dünyadan
köçmüş şairin telefonundan zəng gəlir,
haqqında canlı adam kimi
danışılır, doğum günündə tort kəsilir,
“ad günün mübarək” musiqisi səsləndirilir...
Tədbirin sonunda aparıcı Nərgiz Cəlilova məclisi minor notlarla bitirmək istəmədiyini söyləyir və al-əlvan bəzədilmiş tortu şairin ailəsinin masasına qoyurlar. Və nədənsə bu an adama elə gəlir ki, Vaqif Səmədoğlu o məşhur təbəssümü, işıqlı, məmnun baxışıyla hər şeyi görür, bilir, duyur!!! Ruhu şaddı!!! Və elə indicə pıçıldayacaq:
“Gülüm, diriyəm yenə
Heç kəsə demə...”
PƏRVİN
525-ci qəzet.- 2015.- 6 iyun.- S.20.