İkinci "y"...
Bu günlərdə orfoqrafiya
lüğətində bəzi
dəyişikliklər məsələsi
xeyli aktuallaşıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylinin təklifi ilə ilk öncə qoşa “y” samitli sözlərin yazılışı məsələsinə
yenidən baxılmalı,
ciddi dəyişikliklər
edilməlidir. Bu haqda ötən şənbə nömrələrimizdə
İsa müəllimin
“Orfoqrafiyada iki Y-dan biri” adlı
iki ardıcıl məqaləsi oxuculara təqdim olunub. Əslində, bu məqalələri
oxuduqdan sonra nəsə yeni bir söz demək
çətindir. Çünki məqalələrində dilimizin
tarixinə ekskurs edən, orfoqrafiyanın qayda-qanunlarını çözən,
qaldırdığı məsələ
ilə bağlı hərcəhətli araşdırma
ortaya qoyan akademik deyəsən heç əlavə şərhə, izaha, təhlilə yer də qoymayıb. Amma görünür, bu məqalələrin davamı
geniş təhlillər,
dilçi və ədəbiyyatçı alimlərin
polemikaları, müzakirələri
üzərində qurulmuş
söhbətlər olmalıdı.
Çox
çəkmədi ki,
Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutu
da bu haqda
mövqeyini mətbuata
açıqladı. İnstitutun
direktoru, akademik Tofiq Hacıyev APA-ya açıqlamasında
bunları söylədi:
“İnstitutda bu məsələ ətrafında
müzakirələr gedir.
Bu fikri mən
özüm ortaya atmışam. Buna Nazirlər Kabineti icazə verməlidir.
Onun üçün biz orfoqrafiya
qaydaları tərtib etməliyik ki, bu qayda tətbiq
olunsun. Biz hazırda Azərbaycan dilinin yeni orfoqrafiya
lüğətinin üzərində
işləyirik. Yeni orfoqrafiya
lüğətində qoşa
“y” samitinin ixtisarı
gündəmdədir. Heç kim “mədəniyyət”, “ədəbiyyat”,
“səhiyyə” sözlərini
tələffüz edərkən
“y” hərfini uzatmır.
Tələffüzdə bu sözlər
bir “y” ilə deyilir. Qoşa “y” hərfinin ixtisarı
bizim diqqətimizdədir.
Amma yenə də vurğulayıram ki, bu məsələni
planlı şəkildə
təhlil edərək
ictimaiyyətin müzakirəsinə
təqdim edəcəyik”.
Əslində, istənilən bir yenilik cəmiyyətdə
birmənalı qarşılanmır. Dillə bağlı
məsələlər isə
xüsusiylə qəlizdir.
Yəqin
bu məsələlərin
mürəkkəbliyini bildiyi
üçün professor Nizami
Cəfərov müsahibəsində
İsa müəllimin
təklifini dəstəklədiyini,
amma rəylərin də fərqli olacağını vurğulayıb.
Dillə bağlı istənilən
hadisə, qərar hamıya, hər kəsə aiddir. Eyni zamanda
bu cür məsələlərdə çoxlarının
mühafizəkarlığını, yeniliklərə alışmaqdansa,
artıq öyrəşdiyini
mexaniki icra etməyi üstün tutmasını da söyləmək yerinə
düşər. Necə
ki, artıq uzun illərdir latın qrafikasına
keçməyimizə baxmayaraq,
hələ də köhnə əlifbalı
kitablar axtaran, kirildə yazılanı daha rahat oxuyan
adamlar var. Ona görə İsa müəllimin məqaləsinin
elə təkcə başlığına baxıb
bu addımın kifayət qədər cəsarətli olmasını
düşündüm. Amma onu da etiraf edim
ki, bir çox
fikirləriylə razılaşmamaq
da olmur.
Sadələşmə, asanlaşma, rahatlıq müasirliyin qoyduğu tələbdi. Çağdaş dinamik zamanda
kompüter klaviaturasından
tutmuş elektron kitablara qədər hər şey sadələşdirilirsə, daha
doğrusu insanın zamanına qənaət üçün hesablanırsa,
dildə, yazıda islahatlar niyə aparılmasın ki?!
Şübhəsiz ki, zamanın
tələbinə uyub
hansısa süni dəyişikliklər etmək
olmaz. Amma İsa müəllimin
hər iki məqaləsində vurğuladığı
kimi artıq tarix, zaman özü
bu yerə gətirib çatdırıb.
“Fikrimizcə, bu
prosesin baş verməsi Azərbaycan dilinin daxili enerjisinə uyğun olaraq aşa bildiyi mühüm bir məqamdır. Göründüyü kimi, dilimiz tələffüz
etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə
də indiki şəraitdə qoşa
y ilə yazılan sözlərin orfoqrafiyasına
yenidən baxmağa xüsusi ehtiyac vardır. Çünki yanaşı iki
y ilə yazılan sözlərdən tələffüz
prosesində eyni səsdən biri artıq düşmüşdür.
Ona görə də bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması
günümüzün aktual
məsələlərindəndir”.
Daha öncə
qeyd etdiyim kimi dildə, yazıda hər hansı dəyişiklik uzun bir prosesdir. Apastrofun ləğvi,
“şer” sözünün
“şeir”ə çevrilməsində
bunu müşahidə
etmişdik. Ola bilsin
ki, kimlərsə, ən azı qələm adamlarından
ötrü müqəddəs
olan “ədəbiyyat” sözünün dəyişdirilməsinə
etiraz edəcəklər,
amma bir gənc kimi, çağdaş
zamanın övladı
kimi onu deməliyəm ki, bu sadələşmə yeni nəsil üçün xeyli faydalı olacaq. Çünki ən azı
internet məkanını müşahidə
etmək yetər ki, yeni gələn
nəslin yazıya münasibətini, hərfləri
qaydalara uyğun oldu-olmadı ixtisarını
açıq-aydın görəsən.
Mirzə Cəlil tədqiqatçısı
olan İsa Həbibbəyli təklifini
dahi mütəfəkkirin
dilə və yazıya münasibəti ilə əsaslandırır. Eyni zamanda
“iyyət” şəkilçisi
ilə yaranmış
onlarla alınma sözün hazırda bir “y” ilə tələffüz olunmasını
diqqətə çatdırır.
Və burada ən maraqlı olan alınma sözlərin dilimizin qanunlarına uyğunlaşdırılması
fikridir:
“Yazıda qoşa
y-dan tək y səsinə keçid alınma sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması hadisəsi kimi də əhəmiyyətlidir. Dildə, danışıqda
gedən islahat dilçilik elmindən kənarda qala bilməz”.
Dildə hər hansı dəyişiklik ilk öncə
xüsusi isimlər məsələsi ətrafında
müzakirələrə səbəb
olur. Burada da qoşa
“y” ilə yazılan şəxs, ölkə və bədii əsərlərin adları
məqamı xeyli düşündürücüdür. Yəni kimsə orfoqrafiyadakı yeniliyə görə adını dəyişməlidirmi?
Məncə, İsa müəllim bu məsələdə də
optimal yol göstərir,
Xaqaninin “Həbsiyyə”,
Sabirin “Fəxriyyə”sinə
toxunmaq olmaz - deyir... Şəxs adlarıyla bağlı
qərarı isə hər kəs özü, müstəqil
şəkildə verməlidir.
Digər mübahisəli məsələ
isə hələ də qoşa y samitlərindən hər ikisinin tələffüzdə
saxlanıldığı sözlərlə
bağlıdır. Doğrusu məsələnin
gündəmə gəlməsini
biləndən bu məqam ən əvvəl müəllimləri
narahat edir. Məsələn ingilis dilində belə izaholunmaz, hətta məntiqsiz şeylər
var. “ch” hərif birləşməsi bütün
sözlərdə “ç” kimi tələffüz olunduğu halda bəzi istisna kəlmələrdə “k” kimi
oxunur. Və bu, dil öyrənən adama xeyli çətinlik yaradır, həmin sözləri sadəcə
əzbərləmək lazım
gəlir. Bu mənada əgər dəyişiklik olacaqsa, hələ də iki “y” ilə tələffüz edilən
sözlərin yazılış
məsələsi sual
altında qalır.
Məsələn, “hədiyyə” sözünün
bir, “bələdiyyə”
sözünün isə
iki “y” ilə yazılmasını necə
izah edəsən?!
Ona görə İsa müəllimin də yazdığı kimi dili qabaqlamaq
lazımdı, xüsusi
isimlər istisna olmaqla bütün qoşa “y” samitli sözlərdə ikinci
“y” ixtisar edilməlidir.
İstənilən bir yeniliyin qəbul edilməsi, dilə yatması üçün zaman
lazımdı. Yazımın əvvəlində
vurğuladığım kimi, əslində
iki ardıcıl məqalədə çox şeylər deyilib,
təhlil olunub. Amma hər
halda müxtəlif fikirlərin maraqlı
nəticələr verə biləcəyi də istisna deyil. Həm də
müxtəlif və bəzən mənasız,
lazımsız məsələlərin müzakirə edildiyi zamanda bu dəfə də dilin
gündəmə gətirilməsi, hətta mübahisə mövzusuna çevrilməsi əla olar.
PƏRVİN
525-ci qəzet.- 2015.- 6 iyun.- S.21.