“Kərəm kimi” işığında
epizodik Nazım Hikmət xatirələri
Xalq yazıçısı Anarın türk dünyasının, türk dilinin böyük şairi Nazım Hikmətə həsr olunan “Kərəm kimi” düşüncələr romanını oxuyub başa vurdum.
Zənnimcə, bu, müasir Azərbaycan ədəbiyyatından
mütaliəsinə daldığım ən qalın
kitabdır. Həcmi təxminən min səhifəyə
çatan əsər elmiliklə bədiiliyi, ədəbiyyatşünas
araşdırmaları ilə yazıçı müşahidələrini,
aramlı nəsr təhkiyəsi ilə poetik ornamentləri məharətlə
sintez edir. Anar özünün və Nazım Hikmətin
yaxın çevrəsinin xatirələri, Azərbaycan,
Türkiyə, Rusiya, habelə Qərb
nazımşünaslarının müxtəlif illərdə
meydana çıxan tədqiqatları əsasında XX əsr
dünya poeziyasına möhürünü vurmuş
böyük sənətkarı bütün yönləri, tərəfləri
ilə açmağa nail olub.
Ümid edirəm ki, monumental “Kərəm kimi” romanı
həyatının səkkizinci onilliyində də qeyri-adi zəhmətsevərlik
və sözə heç zaman əskilməyən sədaqət
nümunəsi ortaya qoymuş Anarın bizi təəccübləndirəcək
sonuncu əsəri olmayacaq. Məqsədim Azərbaycanda
və şairin vətəni Türkiyədə layiqli qiymətini
almış kitabın şəksiz məziyyətlərindən,
dərinlik və əhatəliliyindən söz açmaq
deyil. Bu barədə istedadlı tənqidçi
Pərvinin nəşrə yazdığı əhatəli
müqəddimədə geniş bəhs açılır.
Sadəcə, sənədli romanın doğurduğu təəssüratların
təşviqi ilə minlərlə poeziya həvəskarı
kimi mənim də beynimdən, hiss və duyğularımdan
meteortək keçən Nazım Hikmətlə bağlı
həyatımda baş verənləri və eşitdiyim bəzi
hadisələri bölüşmək istərdim. Bəlkə də hörmətli Anar müəllim nə
zamansa kitabın yeni nəşrini hazırlamaq fikrinə
düşsə bütün bunlar işinə yaraya bilər.
Nazım
Hikmət keşməkeşlərlə dolu həyatı, ədəbi
inqilabları, sevgiləri, mübarizələri, ümid və
aldanışları, nəhayət su kimi insanın canına
yayılan, varlığına hopan poeziyası ilə hələ
orta məktəb illərindən çox sevdiyim,
yaradıcılığına dönə-dönə üz
tutduğum sənətkarlardan biri olub və indi də
qalmaqdadır.
Şəxsi kitabxanamdakı ilk külliyyat onun Bolqarıstanın
“Narodna prosveta” nəşriyyatı tərəfindən
görkəmli türkoloq-nazımşünas Əkbər
Babayevin tərtibi və redaktorluğu ilə çap olunan 8
cildliyi idi. Bu cildləri toplamaq, bir araya gətirmək
üçün bəlkə də iki ildən çox Nizami
kinoteatrının yaxınlığındakı məşhur
bukinist mağazasına ayaq döymüşdüm. Nəhayət ki, hamısını rəfdə
yan-yana düzəndə duyduğum sevinci indi də xoş bir
əhvalla xatırlayıram.
“Kərəm kimi” ilə tanışlıq zamanı
yadıma düşdü ki, bir təsadüf nəticəsində
Nazım Hikmətin gənclik dostunu - Mehmet Zekeriyye Serteli
görmüşəm. Universitetin Filologiya fakültəsində,
bizimlə eyni kursda Vafiq adlı tələbə dostumuz
oxuyurdu. Ədəbiyyata xüsusi
bağlılığı yox idi. Sadəcə, ali təhsil almaq üçün gələnlərdən
idi. Bizdən - yataqxanalarda, yaxud kirayədə
qalan kənd uşaqlarından fərqli olaraq Vafiq
keçmiş Nərimanov prospektinin arxasındakı məhəllələrdən
birində, babasının hədiyyə etdiyi bir otaqlı
xudmani (təbii ki, ötən əsrin 70-ci illərinin
meyarları baxımından!) mənzildə
yaşayırdı.
Arabir Vafiqin mənzilində toplaşırdıq. Pivə, yaxud
çay içir, söhbət edirdik. Bir
dəfə isti yay günü dənizdən
qayıtmışdıq. Balkonda oturub dincəlirdik.
Birdən qulağıma türkcə
danışıq səsi gəldi. Deyəsən,
yaşlı kişi ilə cavan qadın
danışırdı. Əvvəlcə radio
olduğunu düşündüm. Ancaq səslər
elə bil get-gedə yaxınlaşırdı. Deyəsən, qulağımızın dibində
xalis Anadolu türkcəsində söhbətləşənlər
otaqdan eyvana çıxmışdılar. Maraq məni bürüdü. Başımı
uzadıb qonşu balkona baxdım. Ağ saçlı
yaşlı kişi ilə nisbətən
cavan xanım idi. Danışdıqları dildən
başqa görünüşləri, geyimləri də
buraların adamı olmadıqlarını göstərirdi.
Mənim qonşuların balkonuna
boylandığımı görən Vafiq tez köynəyimdən
çəkdi, əli ilə “sus” işarəsi verib otağa
çağırdı. Orada öyrəndim ki, qonşuda yaşayan yaşlı kişi - Zəkəriyyə bəy mühacir
türk kommunistidir. Yanındakı isə
Avropada, ya da Amerikada yaşayan qızıdır. Evin
xanımı bir neçə il əvvəl
rəhmətə gedibmiş.
Sonralar, Vafiqin qonşusunun Nazım Hikmətin yaxın
dostlarından biri, şair haqqında maraqlı kitabların
müəllifi Zəkəriyyə Sertel olduğunu öyrəndim. Onun “Mavi
gözlü dev” adlandırdığı memuarlarını
maraqla oxudum.
Şəxsi həyatımda Nazımlə bağlı
daha iki epizodu xatırlayıram. Nizami adına
Ədəbiyyat İnstitutunun aspirantı idim.
Tanınmış türkoloq, professor Fikrət
Türkmən Bakıya gəlmişdi. O zaman belə əcnəbi
qonaqlar nadir hallarda ələ düşdüyündən
İnstitutda türk alimi ilə görüş təşkil
olunmuşdu. Fikrət bəyin
çağdaş Türkiyədə türkologiya elminin vəziyyəti
və qarşıda duran vəzifələr barəsində
bir qədər monoton, uzun-uzadı söhbətindən və
bizim bəzi Elmi Şura üzvlərinin
çıxışlarından sonra meydan suallara verildi.
Direktorumuz Əziz müəllim naqolay sual soruşa biləcək
adamları qəsdən görməməzliyə vururdu. Amma yəqin məndən
ifrat türkpərəstlik, yaxud hansısa ideoloji büdrəmə
gözləmədiyindən əlimi qaldıran kimi “Buyur” -
dedi.
Hadisə 1981, ya da 82-ci ildə vaqe olurdu. Həmin
dövrdə Türkiyədə Nazım Hikmətə
münasibət müəyyən dərəcədə pozitiv
istiqamətə dəyişmişdi. Əsərləri
çap olunurdu. Şəxsiyyəti,
yaradıcılığı, ziddiyyətli ömür yolu ilə
bağlı müzakirələr və mübahisələr
gedirdi. Bir sözlə, Türkiyə
ictimai fikrində Nazım mövzusu artıq yasaq deyildi. Bütün bunları göz önünə gətirib
qonaqdan Nazım Hikmətə vətənində nə zaman bəraət
veriləcəyi barəsində soruşdum.
Sonralar dəfələrlə
görüşdüyüm Fikrət Türkmən,
görünür, çox təcrübəli adam
imiş. Ona görə də qətiyyən özünü
itirmədən sualıma əslində ittiham kimi səslənən
və məni pis vəziyyətdə qoyan sualla cavab verdi:
-Bakın,
- dedi, - eger yarın sizin Edebiyat Enstütüsü
başkanı sayın Aziz Mirahmetov yurt dışına,
mesela, deyelim ki, Amerikaya kaçırsa, Komunist partisi, Sovyetler
Birliyi devleti onu afv edirmi, eceba?
Həmin
anda Əziz müəllimin eynəyin altından qəzəblə
parıldayan gözlərini görmək lazım idi! Bilmirəm, məni dünyadan xəbərsiz, sadədil
birisi sayırdı, ya araqarışdıran? Yoxsa onu pis
vəziyyətdə qoymaq üçün öyrədilmiş
adam?
Keçmiş Mərkəzi Komitə işçisi
Əziz Mirəhmədov özünəməxsus təmkin və
məharətlə yaranmış
qanqaraçılığı yoluna qoydu. Amma
görüşdən sonra məni yanına
çağırıb xeyli danladı. Hər
şeydən əvvəl özümü, öz gələcəyimi
düşünməyimi tapşırdı. Ədalət naminə onu da deyim ki, adının
xarici qonağın dilində və yəqin ki, seksotların
iştirak etdiyi bir məclisdə xoşagəlməz şəkildə
hallanmasına imkan yaratdığıma görə məni əsla
sıxışdırmadı. Əksinə,
bir müddət sonra hörmətlə
yanaşdığı cavan elmi işçilər
sırasında yer tuta bildim.
Nə isə, gənclik səhvindən məzəmmət
və nəsihətlə qurtardım. Amma aradan on il
keçəndən sonra Nazım sevgisi, Nazım şəxsiyyətinə
tükənməyən maraq məni daha ciddi,
ağrı-acısı hiss olunan şəkildə cəzalandırdı.
1991-ci ildə Ərzurum Atatürk Universitetində
işləməyə dəvət almışdım. Həmin
qarmaqarışıq dövrün çətinliklərini, ən
başlıcası isə qəlb
rahatsızlığını, mənəvi
sıxıntıları göz önünə gətirəndə
bu, göydən düşmüş fürsət idi.
Ölkəmizdə maaş adına verilən
qəpik-quruşla müqayisədə “inkişaf etmiş
sosializm cəmiyyətində” yaşayan Sovet insanına
fantastik görünəcək para alırdıq, ayaq
basdığımız hər yerdə ehtiramla
qarşılanır, hörmət-izzət görürdük.
Bunun müqabilində türk qardaşlarımıza minnətdar
olmaq lazım idi. Universitetdə 10 nəfərə
yaxın həmvətənimiz çalışırdı.
Onların çoxu “haqqın yolu”nu
tapmışdı. Minnətdarlığı
ifadə etmək və əmək müqaviləsinin
ömrünü uzatmaq üçün bəziləri
cani-dildən nurçuluqla maraqlanırdılar, bəziləri
məsciddə namaz qılmaq öyrənirdilər, bəziləri
yorulmadan rus zülmündən şikayətlənirdilər,
bəziləri KQB-nin burnunun altında
türkçülük yaymalarından
danışırdılar.
Mən isə
ürək qızdırdığım cavan müəllimlərlə
söhbətlərdə yalnız Türkiyə türklərinin
deyil, bütün türk dünyasının ədəbiyyatına
öz möhürünü vurmuş Nazımın
böyüklüyündən söz açır, onun qətiyyən
vətən xaini olmadığını, əksinə,
Moskvada, türk düşmənləri ilə fikir, söz
savaşında türkün şərəf və heysiyyətini
qoruduğunu, Türkiyəni və türklüyü heç
zaman ayağa vermədiyini sübuta yetirməyə
çalışırdım. Və təbii ki,
bunu hansısa mifik mərkəzdən aldığım
tapşırıqla yox, inanclarıma güvənərək,
ürəyimin səsinə qulaq asaraq edirdim.
Görünür, tezliklə hətta tələbə
auditoriyasına ayaq açan söhbətlər lazımi yerə
çatdırılmışdı. Ona görə də,
birillik müddət başa çatanda mənimlə
müqaviləni uzatmaq istəmədilər. Bu işin
başında sonralar Bakıda Qafqaz Universitetinin rektoru vəzifəsində
çalışan və burada artıq hər vasitə ilə
mənimlə dostluğa can atan nurçu rektor Ərol Erol
dayanırdı. Beləcə, əmrim verildi.
Səbəb kimi məzuniyyətdən bir həftə
gec döndüyümü, üstəlik də tədris
etdiyim “dış türklər ədəbiyyatının” tələbələr
arasında ciddi maraq doğurmadığını göstərdilər.
Xəyalımda
həmişə Ərzurumun Kefli İskəndərinə bənzətdiyim
professor, Dil-ədəbiyyat fakültəsinin dekanı, bu
yaxınlarda haqq dərgahına qovuşan Şərif Aktaşın
məni - Türkiyəyə həm maddi, həm də mənəvi
baxımdan böyük ümidlərlə gələn, amma
bir ilin tamamında mədəni şəkildə qovulan nakam
türk sevdalısını yola salarkən dediyi “Sen şu
yobazlarla Nazım Hikmeti konuşmuşsun. Niçin
olar-olmazını öncədən bana sormadın? Niçin boyle ihtiyatsız davrandın?” - sözləri ürəyimə damanın həqiqət
olduğunu aşkara çıxardı - yasaq türk şairi
haqqında müsbət, işıqlı fikirlər söylədiyimə
görə persona non qranta elan olunmuşdum.
Amma Nazım bu məqamda həm də mənə kömək
etmişdi, qarşımda böyük imkanlar
açmışdı. Çünki yaxşı maaşa, bəzən
boşboğazlıqdan o yana getməyən
yalançı türk sevgisinə aldanıb əyalət
şəhərində xocalığımı davam etdirsəydim,
yəqin həyatım indiki kimi maraqlı və rəngarəng
olmazdı...
Nazım haqqında yenə də nə dərəcədə
həqiqət olduğunu bilmədiyim ibrətamiz bir xatirəni
də Əziz Mirəhmədovdan eşitmişdim. Əziz müəllimin
dediyinə görə, Nazım Hikmət 1957-ci ildə Məhəmməd
Füzulinin 400 illik yubileyində iştirak məqsədi ilə
Bakıya gəlmişdi. Qonaqların
arasında bir sıra xarici ölkələri təmsil edən
elm və sənət adamları, eləcə də
tanınmış türk ədəbiyyatşünası,
klassik türk ədəbiyyatı tarixinə dair bir sıra dəyərli
əsərlərin müəllifi, professor və millət vəkili
Agah Sirri Levend (1893-1978) də vardı.
Elmlər
Akademiyasının Rəyasət Heyətinin binasında -
İsmailiyyədə keçirilən yubiley gecəsində həmvətəni
ilə üz-üzə gələn Nazım ona salam verir. Agah Sirri sanki şairi
görmürmüş kimi dərhal üzünü yana çevirir.
Bir azdan Füzuli haqqında söz demək
üçün Nazım Hikməti kürsüyə dəvət
edirlər. O,
nitqinə belə başlayır:
- Dörd
yüz il əvvəl Füzuli bir nadana
salam verdi. Amma rüşvət deyil deyə
almadılar. İndi isə bütün dünya
böyük Füzulinin salamına gəlib...
Təsadüfən iki görkəmli türk
övladının səssiz duelinin şahidi olan Əziz
müəllimin dediyinə görə, həmin axşam Agah
Sirri Levendə bıçaq vursan qanı
çıxmazdı. Son dərəcə pərt, olduqca pəjmürdə
idi.
lll
Adamlar var ki, dönə-dönə
görüşürsən, ünsiyyətdə olursan, amma
sözləri, üz cizgiləri, danışdıqları qətiyyən
yadında qalmır. Elə insanlar da var ki, həyatda bir dəfə
görürsən, əbədilik yaddaşına həkk olur.
Həmvətənimiz, görkəmli kinorejissor,
dörd ölkənin - Türkmənistan, Azərbaycan, Rusiya və
Vyetnamın kino sənətinə öz layiqli töhfəsini
vermiş Əjdər İbrahimov (1919-1993) ikinci qisim insanlardan
idi. Onunla vur-tut bir dəfə həmsöhbət
olmuşdum. Nazım Hikmət haqqında,
deyəsən, heç yerdə dərc etdirmədiyi xatirələrini
dinləmişdim. Aradan onilliklər
keçsə də, nə Əjdər müəllimin
canlı, işıqlı siması, nə də söhbəti
yaddaşımdan silinməyib.
Təsadüfən, “Ədəbiyyat və incəsənət”
qəzetinin redaksiyasında, Xalq yazıçısı Sabir
Əhmədovun yanında görüşmüşdük. Tanınmış
yazıçı, tanınmış kinorejissor və mən
- namizədlik dissertasiyası müdafiə etməyə
hazırlaşan cavan aspirant.
Çox maraqlı gün idi. Əvvəlcə Sabir
müəllimin otağında oturmuşduq. Sonra birlikdə nahar elədik. Ardınca
bulvar gəzintisinə çıxdıq. Və
bütün bu müddət ərzində Əjdər müəllimin
bir-birindən maraqlı söhbətlərini,
özünün ürəkdən gələn
gülüşü ilə müşayiət olunan şux
zarafatlarını dinlədik. Ayrılanda
məndə elə təəssürat yaranmışdı ki,
sanki çoxdan tanıdığım və qəlbimə
yaxın bildiyim əski bir tanışımla, dostumla
vidalaşıram.
Əjdər
İbrahimov qeyri-adi ünsiyyət qabiliyyətinə malik adam idi. Həmsöhbətinin
yaşı, ictimai statusu, intellekt səviyyəsi onun
üçün bəlkə də o qədər önəmli
deyildi. Çünki hər kəslə
öz dilində, öz mövzusunda danışmağı
bacarırdı. Tanışlığımızın
onuncu dəqiqəsində mənimlə artıq tay-tuşu və
neçə illərin dostu kimi davranırdı. Kinonun problemlərindən, Nərimanov haqqında
film çəkərkən üzləşdiyi çətinliklərdən,
Vyetnamdakı ilginc məhəbbət macəralarından, məşhur
kino sənətçilərinin Amur münasibətlərindən
eyni asanlıqla söz aça bilirdi. Və
heç bir halda saxta, qeyri-səmimi görünmürdü
(2004-cü ildə Azərbaycan prezidentinin Fransaya səfəri
zamanı yaxından tanışlıq imkanı
qazandığım zəmanəmizin böyük
musiqiçisi Mstislav Rostropoviç də eyni xarakterli insan
idi. Yadımdadır ki, ilk dəqiqələrdən
rəsmiyyəti bir tərəfə buraxıb mənə
“Vilaetik” deyirdi, Mstislav Leopoldoviç müraciətini çətinliklə,
hər dəfə dilim qırıla-qırıla etdiyimi
görüb onu sadəcə “Slava” adlandırmağımı
istədi. Hətta sonda kitabını
“Druqu Vilaetiku ot Slavı” avtoqrafı ilə yazıb hədiyyə
etdi).
İndi dəqiq xatirimdə deyil. Necə oldusa,
söhbət Nazım Hikmətdən düşdü.
Böyük türk şairinin ssenarisi, habelə “Məhəbbət
əfsanəsi” pyesinin motivləri əsasında “Bir məhəlləli
iki oğlan”, “Məhəbbətim mənim, kədərim mənim”
kimi indi də öz ekran həyatını yaşayan filmlərin
rejissoru ilə görüşüb Nazım mövzusuna
toxunmamaq əslində imkansız idi.
Öyrəndik
ki, Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun
Rejissorluq fakültəsini, Sergey Yutkeviç və Mixail Romm
kimi məşhur Sovet sənətkarlarının sinfini bitirən
Əjdər İbrahimovun kurs işi Nazım haqqında sənədli
film olub. Əjdər müəllim institutu
1952-ci ildə bitirmişdi və aydın məsələdir
ki, mövzu təsadüfən seçilməmişdi. Əqidəsi uğrunda illər boyu həbsxana həyatı
yaşayan Nazım həmin dövrdə dünyanın
canlı əfsanəsinə çevrilmişdi. Kommunist olması isə, təbii ki, onun
keçmiş Sovet İttifaqında daha çox sevilməsinin
səbəblərindən biri idi. Belə
şəraitdə azərbaycanlı gəncin Nazımla
bağlı film üzərində işləmək fikrinə
düşməsi rəsmi dairələrdə ictimai
sifarişə cavab kimi yüksək rəğbətlə
qarşılanmışdı.
Əjdər müəllim danışırdı ki,
filmin çəkilişi zamanı xeyli çətinliklərlə
üzləşmişdi. Əlində hətta şairin normal
portreti də yox idi. Türk qəzet və
jurnallarında çıxan əsərləri ilə
tanışlıq üçün Beriyanın idarəsinin
razılığı tələb olunurdu. Hətta çətinliklə
axtarıb-tapdığı mühacir türk kommunistləri də
müvafiq təlimat almadıqlarından ona kömək etmək
istəmirdilər.
Amma sonda bütün maneələri dəf edə
bilmişdi. Film çəkilmiş və diplom rəhbərinin
- Mixail Rommun yüksək qiymətini almışdı. Əjdər müəllim İkinci Dünya
müharibəsinin iştirakçısı idi. Sovet ordusu sıralarında Berlinə qədər
gedib çıxmışdı. Dediyinə
görə, müharibə vaxtı şahidi olduğu bəzi
epizodları da özünün ilk ekran işinə gətirmişdi.
Xatırlayırdı ki, döyüşlər artıq
Almaniya ərazisində getdiyi zaman bir alman evinə girib. Divarda Hitlerin
böyük portretinin asıldığını görəndə
süngü ilə onu dəlmə-deşik edib. Və təəccübünə rəğmən
fürerin portretinin altından Stalinin əzəmətli
bığları görünüb. Gənc
əsgər yalnız bu zaman alman antifaşistinin evində olmasının
fərqinə varıb. Zirzəmidən çıxan ev sakinləri də Sovet hərbçisinin
yanılmadığını, həqiqətən də gizli
antifaşist təşkilatının üzvü
olduqlarını bildiriblər və dediklərinin
doğruluğunu əlavə dəlil-sübutlarla isbata
yetiriblər.
Həmin epizoddan Nazım haqqında çəkilən sənədli
filmdə də istifadə olunub. Naşım kamerada,
başının üstündən anasının balaca
portretini asıb. Hətta həbsxana nəzarətçiləri
koridorda gəzişəndə də bəzən portreti əlinə
götürüb məhəbbət və sədaqət dolu nəzərlərlə
baxır. Amma baxdığı Cəlilə
xanım deyil. Onun şəklini çərçivədən
üzü yuxarı sürüşdürəndə altdan
Stalinin portreti çıxır. Şairin
məhəbbət dolu nəzərlərlə
baxdığı da doğma anası deyil, “ellər
atasıdır”. Bu maraqlı rejissor
tapıntısının bütün ölkədə total
Stalin kultunun hökm sürdüyü bir şəraitdə
necə yüksək qiymətləndirildiyini təsəvvürə
gətirmək çətin deyildir.
Əjdər müəllim Nazımın məhbəs həyatına
daxil etdiyi “rəhbər sevgisi” barəsində gülə-gülə
danışırdı. Amma filmi çəkəndə tam səmimi
olduğunu da gizlətmirdi. Əslində
burada qeyri-adi heç nə yox idi. Əgər
Nazım kimi həyatın hər üzünü görən
müdrik bir insan Stalinə inanırdısa (yalnız
SSRİ-yə gəldikdən sonra bu inam
sarsılmışdı), daim Sovet təbliğat
maşınının pressinqi altında olan gənc rejissor
hansı əsasla tam fərqli fikrə düşə bilərdi?
Sovet mədəniyyət elitasının nümayəndələri
ilə birlikdə Nazım Hikmət haqqında ilk sənədli
filmin müəllifi kimi Əjdər İbrahimov da 1952-ci ilin
iyununda Vnukovo hava limanında Buxarestdən gələn
şairi qarşılayanlar arasında olmuşdu. Əjdər
müəllimin xatirələrini
yazıb-yazmadığını bilmirəm. Onun dilindən
eşitdiyim hekayəti aşağıda artırıb-əksiltmədən
verirəm:
“Təyyarənin enməsini səbirsizliklə gözləyirdik. Aramızda
Nazım Hikmətin nəinki özünü, bəlkə
heç şəklini görənlər də yox idi.
Bilirdik ki, o, 14 il həbsxana həyatı
yaşayıb. Burada müddətsiz aclıq
keçirib. Çoxlu əzab-əziyyətlərlə
üzləşib. Hətta həbsxanadan çıxandan
sonra da təqib və hədələr ara
verməyib. İş tapa bilmədiyi
üçün daim ehtiyac içində, yarıac
yaşamalı olub. Bütün bu əzab-əziyyətlərlə
üzləşən adam necə görünməli
idi? Aydın məsələdir ki, vaxtından əvvəl
qocalmış, üzü qırışmış,
paltarı nimdaş, sifətindən dərd-ələm
yağan birisi...
Yolunu gözlədiyimiz Nazım Hikməti mən belə
təsəvvür edirdim. Yəqin ki, hava
limanında onu qarşılamağa gələnlərin
çoxu eyni fikirdə idi.
Nəhayət təyyarə endi. Yolçular bir-bir
trapdan enməyə başladı. Demək
olar ki, sonuncu sərnişin də çıxdı. Amma
bizim gözlədiyimiz miskin görkəmli, beli
bükülmüş, üzündən dünyanın dərdi-qəmi
yağan adam heç yerdə
görünmürdü. Qarşılamağa gələnlərin
arasından narahatlıq dalğası keçdi. “Bəs Nazım Hikmət haradadır? Bəlkə
heç bu reyslə gəlməyib?”.
Sərnişinlərin içində bir nəfər diqqətimi
yaman çəkirdi. Az qala iki metrə çatan uca boyu
vardı. Son dəblə və səliqəli
geyinmişdi. Yanılmıramsa,
başına fetr şlyapa qoymuşdu. Üz-gözündən
nəciblik, əsilzadəlik yağırdı. Vüqarlı, amma bir qədər narahat
baxışlarla ətrafa boylanırdı. Deyəsən, kimsə qarşısına
çıxmalı idi. İndi nəzərləri
ilə onu axtarırdı.
Beynimdən
qəribə fikir keçdi - Nazım Hikmət bu
yaraşıqlı, vüqarlı adam
olmasın ki? Amma mümkün iş idimi? O, keçmiş məhbusdan
daha çox bir ingilis lorduna bənzəyirdi... Belə
düşündüyüm anda son dəblə geyinmiş həmin
yaraşıqlı kişi bizə
yaxınlaşdı. Rus sözlərini çətinliklə
tələffüz edərək:
-Vı
covetskie pisateli? - soruşdu. Sonra əli ilə
sıramızdakı ayrı-ayrı adamları göstərib:
-Tı
Tixonov? Tı Simonov? - deyə
sorğu-sualını davam etdirdi və bizim təəccüb
dolu baxışlarımız altında sözünü
tamamladı:
-A ya
Nazım Xikmet. Çto s vami tovarişşi?
Həmin anda mənə elə gəldi ki, standart
geyimimiz, ürkək davranışımız, gözəgörünməz
bir qüvvə tərəfindən idarə
olunmağımızla əslində həbsxanada oturan bizik,
azad dünyadan gələn isə Nazım Hikmətdir.
Aeroportun zalında spontan mitinq keçirildi. Əvvəlcə
Sovet yazıçıları adından Konstantin Simonov
çıxış etdi. Sonra söz
Nazıma verildi. O, türk dilində danışırdı.
Tərcüməçi isə adını bilmədiyim
balaca boylu bir tatar gənci idi. Nazımın
nitqi coşqun və ehtiraslı idi. Çıxışında
iki dəfə “benim kahraman türk halkım” ifadəsini
işlətdi. Yəqin tərcüməçi ani olaraq
beynindən keçirmişdi ki, 14 il
türk məhbəsində oturan, öz ölkəsində
saysız-hesabsız haqsızlıqlarla üzləşən
şair belə söz deyə bilməz. Hətta
desə də pənah gətirdiyi Sovet İttifaqında məhz
onun söylədiyi şəkildə tərcümə etmək
olmaz. Yəqin həm bu səbəbdən,
həm də Nazımın rus dilini bilmədiyini
düşünərək sözlərini “moy obezdolennıy
turetskiy narod” (mənim binəsib türk xalqım) şəklində
çevirdi.
Həmin
anda Nazımı görmək lazım idi! O, hirslə tərcüməçinin
qolundan yapışıb özünə tərəf çəkdi.
-
Poçemu nepravilno perevodiş? Perevedi tak, kak ya
skazal. Ya skazal imenno moy qeroiçeskiy
turetskiy narod (“Niyə düzgün tərcümə etmirsən?
Dediyim kimi tərcümə elə! Mən məhz “mənim qəhrəman
türk xalqım söylədim”) - deyə soruşdu. Tərcüməçi
elə bil qorxudan daha da balacalaşdı...
Nazımın rusca danışması çoxları
üçün gözlənilməz oldu. 1920-ci illərdə Moskvada,
məşhur KUTV - Şərq Zəhmətkeşlərinin
Kommunist Universitetində oxuması çox az
adama bəlli idi. Bu sözləri eşidəndən
sonra hamı çıxışını rus dilində davam
etdirməsini xahiş etdi. Nazım son iyirmi il ərzində rusca
danışmadığından dili sözlərə çətin
yatırdı. Amma bütünlükdə fikirlərini
ifadə edə bilirdi. Sovet rəhbərliyinə
təşəkkür sözlərini çatdırdı.
Türk xalqından deyil, türk hökumətindən pisliklər
gördüyünü söylədi, türk şairi olaraq
qalacağına, kommunizm ideallarına xidmətini davam etdirəcəyinə
vəd verdi”.
Bütün bunlar həqiqətən də belə
olmuşdumu? Deyə bilmərəm. Mən
yalnız Nazım Hikmətin həyatının son on ilinin
yaxın və məhrəm müşahidəçilərindən
birinin dediklərini qələmə almışam.
Əjdər müəllimin danışdığı
bir əhvalat da yaddaşıma həkk olub. Həmin dövrdə
Moskvada, Surikov adına Rəssamlıq
Akademiyasında təhsil alan gənc azərbaycanlı heykəltəraş
Münəvvər Rzayeva (Bakıda ucaldılmlış Sevil
Qazıyeva, Mikayıl Müşfiq, Gəncədəki Nigar Rəfibəyli
abidələrinin müəllifi) Nazim Hikmətin
büstünü hazırlayırmış. Öz
emalatxanası olmadığından işləmək
üçün şairin bağ evinə gedirmiş. Bu seansların bəzilərində Əjdər
İbrahimov da iştirak edirmiş. Gənc heykəltəraş
qadının bağa ilk gəlişi Nazim Hikmət
üçün az qala infarktla nəticələnəcəkmiş.
Sürücü içəri girib “Münəvvər
gəldi” - deyəndə Nazım özünü hövlnak
qapıya atıbmış. Ancaq həyətdə
tanımadığı tələbə qızın
dayandığını görəndə ürəyini tutub
soyuq tər içində divara söykənibmiş...
Çünki
bu adı eşidəndə ilk anda arvadı Münəvvərin
nəhayət bütün maneələri aşaraq Moskvaya gələ
bildiyini düşünübmüş!
Bir dəfə növbəti seansı qurtaran Münəvvər
xanım pulverizator olmadığından gipsin quruyub
çatlamaması üçün suyu büstün üzərinə
ağzından üfürürmüş. Qəfil
qonşu otaqdan içəri girən və bu mənzərəni
görən Nazım gülə-gülə “Həyatımda
ikinci kərədir ki, üzümə
tüpürüldüyünün şahidi oluram. Bir dəfə İstanbulda birisi afişadakı
şəklimə tüpürüb küfr edirdi, indi də sən...”
-deyir.
Bu sözlərin zarafatla, yoxsa ciddiyyətlə söyləndiyini
heç cür fərq edə bilməyən Münəvvər
xanım özünü itirir, pərt vəziyyətə
düşür. Sonda Nazım “Bu bir şaka, yavrum” -deyə gənc
qızın könlünü alır.
Yadımdadır
ki, Əjdər İbrahimov Nazımın son dərəcə
vüqarlı olmasından, qadınlardan başqa heç kəsin
önündə əyilməməsindən, Moskvada heç
bir halda və heç vəchlə özünü qoltuğa
sığınmış adam kimi
aparmamasından xüsusi vəcdlə danışırdı.
Qısa desəm, onun gəmidə oturub
yanlış hərəkətlərə yol verən gəmiçi
ilə söz güləşdirməyi, dalaşmağı
tamamilə məqbul saymasını təqdir edirdi, bu
baxımdan moskvalı azərbaycanlılara da bir örnək
olduğunu deyirdi.
Xalq yazıçısı Anarın “Kərəm kimi” kitabı böyük Nazım Hikmətlə bağlı illərlə ürəyimdə, yaddaşımda yaşayan bu sistemsiz, xaotik anıları hərəkətə gətirdi. Onları həm əsər müəllifi ilə, həm də oxucularla bölüşmək zərurətini yaratdı.
“Kərəm kimi” sənədli romanı təkcə bədii nəsr və publisistikamızın deyil, çağdaş Azərbaycan türkologiyasının da uğurlarından biri kimi dəyərləndirməlidir. Çünki iki qardaş xalqın - Türkiyə ilə Azərbaycanın XX yüzillikdə geniş vüsət alan ədəbi-mədəni əlaqələri Nazım Hikmət şəxsiyyəti və yaradıcılığı ilə bağlı şəkildə ilk dəfə bu kitabda öz ardıcıl və sistemli əksini tapıb.
P.S. Anarın “Bakı universitetinin tarix professoru” kimi təqdim etdiyi Mühitdin Birgen (1885-1951) əslində Azərbaycan Pedaqoji İnstitutunun müəllimi olub. Onun “İttihad və Tərəqqidə on il” adlı iki cildlik memuarlarının ölkəmizlə bağlı hissələri, habelə 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalında dərc olunan məqalələri mənim çevirimdə “Azərbaycan 1922-1923-cü illərdə” adı ilə ayrıca kitab şəklində çap edilib (“Qanun” nəşriyyatı, 2015, 342 s.). Baldızı Nüzhət xanım Nazımdan ayrıldıqdan sonra 1926-cı ildə Mühitdin bəyin yaxın dostu, tanınmış türk filosofu Mehmet Sərvət Berkinlə ailə qurmuşdu.
Budapeşt, may, 2015.
Vilayət QULİYEV
525-ci qəzet.- 2015.- 6 iyun.- S.18-19