“Azərbaycanın xalq rəqsləri” Özbəkistan mediasında

 

 

Özbəkistanın “silkway.uz” saytında Sergey Qurbanovun “Azerbaydjanskiye narodnıye tansı - Yallı” sərlövhəli məqalə dərc edilib.

 

Müəllif yazır ki, xalq rəqsləri hər bir ölkənin mədəniyyətinin bir hissəsidir: “Məhz milli rəqslərlə xalqın tarixini, onun yüksəliş və süqutunu izləmək olar. Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar əmək, mərasim, məişət, qəhrəmanlıq, idman və digər növlərə bölünür. Azərbaycan milli rəqsləri xalq çalğı alətlərinin müşayiəti ilə ifa olunur”.

 

Müəllif milli rəqslərimizdən “Uzundərə”, “Köçəri”, “Tello” və “Yallı”nı xüsusi vurğulayır, kollektiv rəqslərin ən geniş yayılmış “Yallı” rəqsi haqqında ətraflı məlumat verir. O, şən, kollektiv və dairəvi rəqs olan “Yallı” ilə bağlı qaydaları sadalayır.

 

Daha sonra jurnalist Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin bəyanatı barədə yazıb: “Ermənistanın mədəniyyət naziri qədim milli Azərbaycan rəqsi “Köçəri”nin ermənilərin qeyri-maddi irs nümunəsi kimi təsdiq edilməsi haqqında UNESCO qarşısında məsələ qaldırıb. Ermənilər uzun illərdir ki, Azərbaycan xalqına məxsus musiqi əsərlərini mənimsəmək və erməni xalqına məxsus olması barədə məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırırlar.

 

Azərbaycan xalqının “Sarı gəlin”, “Süsən sünbül” adlı mahnıları, “Yallı”, “Vağzalı”, “Uzundərə”, “Mirzəyi”, “Köçəri” adlı rəqsləri, bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərləri, habelə qədim milli musiqi alətləri olan tar, balaban, zurna da ermənilərin mənimsəmə siyasətinə məruz qalıb”.

 

Məqalənin sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fikirlərindən də sitat gətirilir: “Qədim xalçaçılıq sənəti, nadir miniatürlərimiz, ədəbiyyatımız, musiqimiz, rəqslərimiz, təsviri sənətimiz, Azərbaycan memarlıq abidələrindən ibarət olan mədəni irsimiz bizim ən böyük sərvətimizdir”.

 

Məqalənin tam mətni ilə http://www.silkway.uz/newsmore/6438 saytında tanış olmaq mümkündür.

 

Qeyd edək ki, məqalə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə verilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 6 iyun.- S.17.