Xatirəsi qəlbimizdə yaşayacaq
BDU-nun MÜƏLLİMİ, FƏDAKAR İNSAN, DƏYƏRLİ ZİYALI RÜSTƏM HƏSƏNOVU İTİRDİK
Rüstəm müəllim... Həyatımız boyunca sevdiyimiz, dəyər verdiyimiz müəllimlərdən biri
idi o.
Tələbə ikən universitet
dəhlizlərində tez-tez
qarşılaşsaq da,
tanış olmamışdıq onunla.
İlk tanışlığımız 4-cü kursun əvvəllərində
oldu. Bir neçə dəfə
də bizim seminar müəllimimizi əvəz
etmişdi. Asta danışığı,
olduqca mədəni davranışı, səmimi
söhbətləri bizdə
ona qarşı rəğbət hissi yaratmışdı. Sonradan öyrəndik
ki, Rüstəm müəllim həm də ədəbiyyat fənnindən magistratura pilləsinə tələbə
hazırlayır.
Universiteti bitirdiyimiz tədris ilində magistraturaya qəbulun ikimərhələli
şəkildə aparılacağı
elan olunmuşdu. İxtisas fənnindən
imtahanın ayrıca olması, tələbələrdə
növbəti mərhələyə
olan hazırlıq marağını artırmışdı.
O zaman birinci turun hazırlıq müəllimləri haqqında
ətraflı təsəvvür
olsa da, ixtisas müəllimləri
barəsində məlumat,
demək olar ki, az idi.
Bir dəfə
universitetin həyətində
Rüstəm müəllim
bizi yanına çağırdı. Dedi ki, bəs nə
fikirləşirsiz? Hazırlaşmaq niyyətiniz varmı?
Hazırlıq qiymətləri bizim
büdcəmizə uyğun
olmadığı üçün
ixtisasdan hazırlaşmağı
heç ağlımıza
gətirmirdik. Düşünürdük
ki, ixtisasımızı
normal bilirik, özümüz
oxuyarıq. Əsas birinci
mərhələdən keçməkdir.
Sıxıla-sıxıla dedik ki, Rüstəm müəllim,
əlbəttə, fikrimiz
var. Ancaq birinci mərhələni keçək,
ikinciyə Allah kərimdir.
Rüstəm müəllim:
- Siz harda qalırsınız,
Bakıda?
- Müəllim, özümüz
rayondanıq, burda yataqxanada qalırıq.
- Hə, belə deyin. BDU-nun yataqxanasında?
- Bəli, müəllim. Açığı, birinci mərhələyə
hazırlaşacağımız üçün hələ
ki ixtisasa imkanımız olmayacaq.
- Bilmirəm, xəbəriniz
var yoxsa yox, mən ədəbiyyatdan
hazırlayıram. Siz narahat
olmayın, çalışacam
sizə kömək edim hazırlaşmağa.
Bir-birimizin telefon nömrəsini də götürdük. Sonra Rüstəm
müəllimə təşəkkür
edib ayrıldıq.
Bir neçə gündən sonra o zəng etdi:
- Pərvin, salam.
Mənəm, Rüstəm müəllim.
Universitetdəsən?
- Bəli, müəllim. Dərsən
çıxmışam, dekanlıqdayam.
- Anara da de, vaxtınız
varsa, bir çay içək universitetin həyətində.
- Oldu, müəllim, gəlirik.
Müəllimin belə davranışı
o anda bizə bir sevinc gətirdi. Oturduq, çay
içdik, ordan-burdan danışdıq. Rüstəm müəllim:
- Ayın 1-dən gəlin hazırlığa. Artıq tələbələrim
var. Siz də indidən gəlin ki, geri qalmayasız.
Pul sarıdan da nigaran qalmayın. Heç nəyiniz lazım deyil. Rayondansınız, yataqxanada da
qalırsız. Sizi başa
düşürəm. Siz də mənim oğlum. Ürəyinizi buz kimi saxlayın.
O anda o qədər sevincli idik ki,
sözlə ifadə olunası deyil. Çünki fakültədən imkanlı tələbələr,
xüsusən qızlar
yenicə hazırlığa
gedəndə və bunu qrupda danışmağa
başlayanda bəzilərimizə
sadəcə dinləmək
qalırdı. Sağ
olsun Rüstəm müəllim, az
müddət ərzində
tanıdığı tələbəyə
bu qədər diqqət göstərdi.
Hazırlığı başlayandan sonra da Rüstəm müəllim öz qayğısını bizdən
əsirgəmirdi. Hətta magistraturaya hazırlaşdığımız
digər fənlərin
müəllimləri ilə
də görüşüb
tapşırmışdı ki, bizi çox
sıxmasınlar.
Hazırlıqdan sonra bizi axıra
saxlayardı. Gəlin gedək, bir oturaq çay içək, yemək yeyək, -deyərdi. Biz utancaqlıqla etiraz
edərdik. - Müəllim,
evə gedirik, evdə yeyəcəyik,- deyərdik. - Onsuz
da Siz zəhmətimizi
çəkirsiniz.
Rüstəm müəllim: - Əşi,
nə ev?
Yataqxanada sizi kababla qarşılayacaqlar? Mən bilirəm
ordakı tələbə
həyatını. Gəlin gedək
mənimlə, həm
də tək yeməyim.
Beləcə, bizi özüylə aparar, həm oturub nahar, həm
də maraqlı söhbətlər edərdik.
Rüstəm müəllim bu cür xeyirxahlığı
ilə yanaşı həm də çox istiqanlı, həyalı, yüksək
ünsiyyət ədəbinə
malik insan idi. Söhbət edərkən aram-aram
danışardı, qarşısındakını
dinləyər, heç
zaman həmsöhbətinin
gözünün içinə
baxmazdı.
Çox qayğıkeş bir ziyalı idi Rüstəm müəllim. Hansısa, imkanı
məhdud olan tələbə onun yanına hazırlaşmaq
üçün getsəydi,
Rüstəm müəllim
onu geri qaytarmazdı. Onun bu davranışı hətta
bəzilərinə örnək
olmuşdu. İndiyəcən də bizə hansısa tələbə
yaxınlaşsa, Rüstəm
müəllimi tövsiyə
edərdik. Onun humanistliyi,
deyərdik ki, bu həyatda az-az insanlarda tapılır. Hətta bizdən sonra
yataqxanada qalan tələbə yoldaşlarımıza
da Rüstəm müəllim həm maddi, həm də mənəvi dəstək olmuşdu.
Universitetdə işə düzəlməyimizə,
doktoranturaya qəbul olmağımıza ən
çox sevinənlərdən
biri də Rüstəm müəllim
idi. Qürurla deyərdi ki,
mənim tələbələrim
olub bu gənclər.
Vaxtımız olduqca onunla iş sonrası görüşər,
dərdləşərdik. Hərdən bizim laboratoriyaya gələr, kompüterdə
məqalələrinin, imtahan
biletlərinin yığılmasını
bizə etibar edərdi.
Rüstəm müəllim heç vaxt kədərini, ağrı-acısını, hətta xəstəliyini büruzə verməzdi. Bəzən nəsə hiss etdiyimizdə: "Nəsə olub müəllim, narahatsız?" -deyirdik. "Yox, sadəcə axşam gec yatmışam... Təzyiqim var... Bir az soyuq dəyib..."- kimi sözlərlə öz rahatsızlığını dilinə gətirməzdi. Onu tanıyan kimsə ağlına gətirməzdi ki, Rüstəm müəllim qəfil dünyasını dəyişər. Əsl tələbə dostu idi Rüstəm müəllim. Ona görə də tələbələr onu çox sevirdilər. Həmişə də xətir-hörməti saxlanılardı. Sonuncu dəfə görüşəndə də çox sevincli idi. Builki tələbələri də imtahanda əla nəticə göstərmişdilər. O tələbələrinin əksəriyyətini biz də tanıyırdıq. Onlar da müəllimlərinin bu acı xəbərini qəbul edə bilmirlər. "Kaş ki, bu xəbər yalan olaydı" - deyirlər. Bəli, bu xəbəri eşidən hər kəs bu cümləni deyir: "Niyə yaxşı insanlar bu həyatdan tez köçürlər?"
Aramızdan qəfil getməsi bizi çox sarsıtdı. Rüstəm müəllimin nurlu siması həmişə gözlərimizin önündə olacaq, xatirəsi qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! Qəbrin nurla dolsun, Rüstəm müəllim.
Pərvin EYVAZOV
Anar FƏRƏCOV
5235-ci qəzet.- 2015.- 9 iyun.- S.8.