İLLƏRİN

 

Birdən-birə düşmüşdü yadına,

Vərəqlədin keçmişini illərin?!

Saydın, seçdin, seçmələdin yaxşı,

Əllisini, yetmişini illərin?!

 

Bu seçdiyin ürəyincə deyilsə,

Ələ gələn gərəyincə deyilsə,

Donluq olub, çörəyincə deyilsə,

gəzirsən itmişini illərin?!

 

Nəyi vardı, xəlbirlədin, ələdin,

Acısını şirininə caladın.

Çağaydımı, - laylaladın, bələdin,

Daha vaxtı ötmüşünü illərin?

 

Sözgəlişi dedim bunu, incimə,

Hövüllənmə savaşına, dincinə.

At zamanın sənə düşən küncünə

Gəlmişini, getmişini illərin.

 

qədər ki, yerişinlə dirisən,

Canım-gözüm, beş adamdan birisən.

Çəkmə, çəkmə... Çəkəməzsən geri sən,

Ömrü talan etmişini illərin.

 

Eh, il vardı, vaxt əlində saz idin,

Bir sarışın, bir alagöz qız idin.

Gərək onda arayaydın, gəzəydin,

Düzü əyri bitmişini illərin.

 

Karvan gedib, izi qalıb yollarda,

Zaman adda tozu qalıb yollarda.

Qaytar geri, gözü qalıb yollarda,

Qəfil yada düşmüşünü illərin.

     

BAHAR RİTMLƏRİ

 

Gün - bulud əsiri, dan yeri küskün,

Yağır, yal-yamacın çəməni yağır.

Göydən Yer üzünə kəkotu, yarpız,

Göydən Yer üzünə səməni yağır.

 

Hələ yumuludur bahar əlləri,

Qaranquş gəlməyib, dimdiyində su.

Novruz xonçasından bağ ətri gəlir,

Gəlir, gözlərində bahar yuxusu.

 

İncimi səpilir qar dənəsində?! -

Bənövşə dodağı qaçır torpağın.

Gecikmiş qış baba hər dənəsində,

Elə bil mirvari saçır torpağa.

 

Üşüyür qar altda aldanmış çiçək,

Bu sazaqlı gün nahaq deyilmiş.

Əyninə qar geyib gülən təbiət,

Aprel yalanıymış, bahar deyilmiş.

 

...Elə cilvələnir aşığın təbi,

Əli üzüləmmir saz ətəyindən.

Açır boxçasını axır ki düzlər,

Bənövşə tökülür yaz ətəyindən.

 

Sinəsi atlanan çəməndən, çöldən,

Çiçək ətri gəlir, yaz ətri gəlir.

Daha şairlərin qələmindən də,

İncə, lətafətli söz ətri gəlir.

 

BAXIR

 

Güzgüdəki "mən"ə

 

Oy, bu gözlər mənimdimi?!

Mənə yaddaşlardan baxır.

Sevinci yox, kədəri yox, -

Ürəyi daşlardan baxır.

 

Qanadlanıb, milyon kərə

Uçuşu çırpılıb yerə.

Bəlkə, bəlkə buna görə

Həsrəti quşlardan baxır?!

 

Nitqi bağlı dildir daha,

Ağlaya da bilmir daha.

Axıb gildir-gildir daha,

Quruyan yaşlardan baxır.

 

Nə şövqü var, nə həvəsi,

Nə meyardı, nə tərəzi.

Hara dönsə, savaş gəzir, -

Ağılsız başlardan baxır.

 

ƏLİM

 

Əllərim var idi, danışan, gülən,

Əllərim var idi, - çəhrayı pilə.

Bəs hansı dözümdən göyərdi görən ,

Üşüyən əllərim, donan əllərim.

 

Çöhrəmin xəcalətinə,

Örtükdü, boyaydı əlim.

Səsi göylərdən gələrdi, -

Alqışdı, duaydı əlim.

 

Bir uğura sultan idi,

Bir hücuma qalxan idi.

Gen dünyada arxam idi,

Bir isti yuvaydı əlim.

 

Haram yoxdu çəkdiyində,

Biçdiyində, əkdiyində.

Ömrün səhra təkliyində,

Ləhləyən dəvəydi əlim.

 

lll

 

Çəkib bağladım qapısın,

Nə bilim, kimindi bu ev.

Pəncərə gözü də baxmaz,

Hansı miskinindi bu ev?

 

Maşa burda, kömür burda,

Niyə ocaq sönüb burada?

Kimin sonu gömüb burda?

Kimin ilkinindi bu ev?

 

Qapısını açanı yox,

Qəfil döyüb qaçanı yox.

"Harda"sı yox, "haçan"ı yox,

"Yox"un, itkinindi bu ev.

 

ZƏHMƏT ADAMI

 

Heç nə deyəmmədim,

zəhmət adamı...

Sənin gəlirin yox,

mənimsə dərdim.

Eləcə bağından bir

nar dərmişdim,

Onu dənələyib

sənə göndərdim.

 

Bax gör sevərsənmi

bağını özün?!

Niyə zəhmətini

dada bilmirsən?

Əkirsən, biçirsən...

          min bir ümiddən

Barı bircəsini

sata bilmirsən.

 

Yığırsan üst-üstə

bağ əməyini.

Gəzişir barmağın

alın tərində.

Şaha əyilməyən qəddin

əyilir

Bir sınmış budağın

ətəklərində.

 

Daha nə söyləyim,

zəhmət adamı?!

Sənin gəlirin yox,

mənimsə dərdim.

Eləcə bağımdan

bir nar üzmüşdüm,

Onu dənələyib

sənə göndərdim...

 

lll

 

Bilirsən... Sən bir eşqin,

Sənsiz qalan yarısan.

Bir gün ümid yoxusan,

Bir gün ümid varısan.

 

Çatmadı əlin ona,

Olmadın gəlin ona.

İndi əcəli ona

Tərəf qaçan qarısan.

 

Bəxt - yalanın ağıdır,

Gün-dirilik yağıdır.

Bir bax, qürub çağıdır,

Sən qüruba sarısan.

 

lll

 

Gəlmişəm anım yerinə,

Can verim canın yerinə.

Dur, mən uzanım yerinə,

Yatdığın yer sərtdi, bacı.

 

Dinirəm, sözümdən axır,

Susuram, üzümdən axır.

İllərdi gözümdən axır,

Ah, bu necə dərddi, bacı?!

 

lll

 

Sevdalıyam mən əzəldən,

Seçilmişəm ən əzəldən.

Allah verən can əzəldən,

Mənlə yola getmir, getmir.

 

Səbr quyu, daşmaq olmur,

Qismət busa, qaçmaq olmur.

Durub bazar açmaq olmur,

Ağıl pula getmir, getmir.

 

Ömür verib yazı əldən,

Ümid salıb bizi əldən.

Könül qalıb - sazı əldə,

Mizrab telə getmir, getmir.

 

lll

 

Öldürdün qızıl vaxtını, -

Gözünün qurdun öldürdün.

Qəlbində bir ümid vardı,

Onu da vurdun öldürdün.

 

Nəyə gərək indi giley?!

Susdu səbr, dindi giley...

Gündə qınaq, gündə giley...

Sözü də yordun, öldürdün.

 

İman - yerdə, güman - atda,

Su qalmadı saman altda.

Yaxşılığı yaman adda,

Oturdun-durdun, öldürdün.

   

ÖMÜR RİTMLƏRİ

 

75 yaşım üçün

 

Doyumluq oldu bu ömür,

Bu həyat doyumluq oldu.

Mənə daha heç nə demir,

Elə bir deyimlik oldu.

 

Elə bir geyimlik oldu,

Dərdi, sevinci - bircə dəst.

Elə bir öyümlük oldu,

Qayğıları min ömrə - bəs.

 

lll

 

Soyuğuna göz yummadım,

İstisini soyunmadım.

Həsrətini yuyunmadım,

Oldu bütövün kəsiyi.

 

Çəkilməz bir yükdü demə,

Nazikləşib, tükdü demə.

Özündən böyükdü demə,

Bu ömrün əyər-əskiyi.

 

lll

 

Nə yoğurub-yapdım onu,

Nə itirib, tapdım onu.

Qayalardan çapdım onu,

Qoy yaşatsın dağ bu ömrü.

 

Hüsnünə gözəl demədim,

Gedişinə "gəl" demədim.

"Qal" demədim, "öl" demədim,

Daşıyıram sağ bu ömrü.

 

Meyl etmədi səfərlərə,

Möhür oldu çəpərlərə.

Savaşlara, zəfərlərə,

Qaldırdım bayraq bu ömrü.

 

Daha doydurub məni də,

Susanı da, dinəni də.

Qələm istəyir tanıda

Gələcəyə şah bu ömrü.

 

Neynirəm e... tanınmağı,

Kaş olmasın danılmağı.

Bir də hərdən yanılmağı,

Olmasın, Allah, bu ömrün.

 

Durmur qanı damarında,

Olsun Tanrı amanında.

Yetmiş beşin tamamında,

Tanıdım, vallah, bu ömrü.

 

Firuzə MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 9 iyun.- S.7.