Qloballaşmanın milli
ədəbiyyatlara təsiri müzakirə edildi
Sinergetik
Tədqiqatlar İctimai
Birliyi (STİB) AYB-nin
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi
və Gənc Yazarlar Birliyinin birgə təşkilatçılığı
ilə Azərbaycanda keçirilən V Şairlər
Günü çərçivəsində
Yazıçılar Birliyinin
"Natəvan” klubunda
"Qloballaşma çağında
milli ədəbiyyatlarda
və ictimai fikirdə təhlükəsizlik
məsələləri” adlı
simpozium keçirib.
STİB-dən verilən
məlumata görə,
tədbirdə dünyada
baş verən siyasi-ictimai hadisələrin
müasir ədəbiyyata
təsiri, milli söz sənətinin qloballaşmanın fəsadlarından
müdafiəsi məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
Simpozium
bu ilin may ayında Sinergetik Tədqiqatlar İctimai Birliyi ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin imzaladığı
əməkdaşlıq memorandumu
əsasında baş
tutub.
AYB sədri, xalq yazıçısı Anar
simpoziumu açaraq V Şairlər Günü münasibətilə iştirakçıları
təbrik edib . Qeyd edib ki, müasir dünyada milli ədəbiyyatların
qloballaşmanın mənfi
təsirlərindən qorunması
istiqamətində belə
beynəlxalq tədbirlərin
keçirilməsi mühüm
hadisədir və ədəbi əlaqələrin
müsbət inkişafına
öz töhfəsini
verəcəkdir.
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin rəhbəri
Səlim Babullaoğlu
simpoziumum məqsədi
haqqında danışaraq
bildirib ki, Şairlər Günü ilə əlaqədar keçirilən bu tədbir qonşu ölkələrdən olan
ədiblərin iştirakı
ilə müzakirə
xarakteri daşıyır.
Onun sözlərinə görə,
ədəbiyyatda müsbət
inkişafa və davamlı əlaqələrə
nail olmaq üçün
tanınmış şair
və yazıçılar
arasında görüşlərin
keçirilməsi, informasiya
resurslarında mədəni
tədbirlərin işıqlandırılması,
yaradıcılıq gecələrinin
təşkil olunması
vacib amildir: "Qloballaşmanın əsas
göstəricilərindən biri olan sosial
şəbəkələr təbliğ və dünyaya daha rahat çıxışla
yanaşı, əslində
insanları köməksiz
edib. Biz bu
gün canlı deyil, virtualıq. Buna görə də
qarşılıqlı ədəbi
görüşlərin keçirilməsi
canlı söz sənətinin qorunması
istiqamətində çox
əhəmiyyətlidir”.
Sinergetik
Tədqiqatlar İctimai
Birliyinin sədri Anar Tahirov çıxışında
vurğulayıb ki, ulu öndər Heydər Əliyev müstəqillik dönəmi
ilə yanaşı, sovetlər dövründə
də Azərbaycan ədəbiyyatına, milli
təfəkkürün formalaşması
xüsusi diqqət göstərib, ədiblərə
öz qayğısını
əsirgəməyib. Bu gün də Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının təbliğ
və tərənnümünə
böyük önəm
verir. Ədəbi-mədəni əlaqələrin inkişafı istiqamətində
mühüm işlər
görülür. A. Tahirov
bildirib ki, milli fikrin, ictimai
təfəkkürün formalaşmasında
ədəbiyyatın, eləcədə
incəsənətin rolu
əvəzolunmazdır. Buna
görə də xarici qonaqların bugünkü simpoziumla yanaşı, digər gələcək tədbirlərdə
də öz ölkələrinin təcrübələrini
bölüşməsi çox
mühümdür. A. Tahirov onu da
diqqətə çatdırıb
ki, simpoziumda təmsil olunan ölkələrlə gələcəkdə
birgə layihələrin
keçirilməsi də
planlaşdırılır.
AYB-nin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı öz çıxışında bildirib ki, qloballaşma dünyəvi problemlərlə yanaşı ədəbiyyata da toxunur. Bu, öz müsbət və mənfi tərəfləri ilə yadda qalır. Qloballaşma təsirində yaranmış kütləvi ədəbiyyat senzuradan kənar, aşağı səviyyəli, kommersiya xarakterlidir: "Üstəlik, zorakılıq hadisələri, əxlaqa zidd macəraların ədəbiyyata gətirilməsi hallarına yol açıb. Bu da nəticə etibarilə keyfiyyətsiz yazıların sosial şəbəkələr vasitəsilə əsl ədəbiyyatı önə keçməsinə şərait yaradır. Müsbət tərəfi isə bədii tərcümənin geniş vüsət tapmasıdır”.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Kültür Tanıtma müşaviri Seyid Ahmet Aslan isə vurğulayıb ki, qloballaşma həm də qərbləşmə deməkdir. Bu da öz növbəsində milli, xüsusilə də türk ədəbiyyatının tənəzzülə uğraması təhlükəsi yaradır. Onun sözlərinə görə, qələm adamları qərb ənənələrini ədəbiyyata gətirərkən öz millətinin heysiyyət və şərəfini nəzərə almalıdırlar.
Türkiyə elm və ədəbiyyat sahibləri məslək birliyinin sədri Mehmet Nuri Parmaksız hazırda dünya ədəbiyyatında önə çıxmış qloballaşmanın nəticəsi olan postmodernizm cərəyanına toxunub: "Postmodernizm keçmişi bu gün sorğulamaq deməkdir. Bu zaman istər-istəməz keçmişdəki bəzi çatışmazlıqlar ortaya çıxa bilər. Amma bu da özündən əvvəlkiləri təhqir etmək, onlara xor baxmaq anlamına gəlməməli, o dövrün şərtləri və siyasi quruluşu nəzərə alınmalıdır. Sosial şəbəkələrdə hər kəs öz yazdığını əsər hesab edir. Halbuki hər yazılan ədəbiyyat deyil. Ədəbiyyat nizamlı olmalı və bəşəriyyətə doğru mesaj göndərməlidir”.
Ukraynanın tanınmış radioaparıcısı, sənətşünas Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Şimali Kipr Türk Respublikasının Mətbuat Şurasının sədri Züleyxa Karaman, Özbəkistan "Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, tanınmış İran şairi Məhəmməd Rza Cəfəri və başqaları qloballaşma dövründə milli ədəbiyyatların üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırdılar. Qeyd etdilər ki, milli ədəbiyyatlarda dostluğu tərənnüm edən, şiddətdən, zorakılıqdan uzaq, bəşəriyyətə xoş məramlar aşılayan bədii əsərlər yazılmalı və təbliğ olunmalıdır. Yalnız sülh və xoş niyyətlə insanlığı, dünyanı, ədəbi irsi qorumaq mümkündür.
Sonda simpozium iştirakçıları xatirə şəkli çəkdirdilər.
525-ci qəzet.- 2015.- 9 iyun.- S.7.