Görkəmli ədib və alim Həmid Məmmədzadənin
irsinə bir nəzər
Görkəmli
ədibimiz və ədəbiyyatşünas alimimiz Həmid
Rza oğlu Məmmədzadə 1924-cü il
mart ayının 18-də Təbriz şəhərində
anadan olub.
İbtidai
və orta təhsilini Təbrizdə alandan sonra Təbriz
Universitetinin Tarix və Ədəbiyyat fakultəsinə qəbul
olunan H. Məmmədzadə sonra Tehran Universitetinə dəyişilib
və ali təhsilini orada tamamlayıb. Bir müddət Ərdəbildə müəllim
işləyən H. Məmmədzadə 1946-cı ilin
dekabrında Cənubi Azərbaycanda qurulan Demokratik Hökumətin
süqutu ilə bağlı olaraq Şimali Azərbaycana
mühacirətə gəlməyə məcbur olur.
O, 1947-ci
ildə Bakı Partiya məktəbinə qəbul olunur və
eyni zamanda Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika
fakultəsində, 1951-ci ildə AMEA-nın Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda işə başlayır.
Ədəbi
yaradıcılığa 1946-cı ildə Təbrizdə nəşr
edilən "Azad millət" və "Cavanlar" qəzetlərində
publisistik yazılarla başlayan H. Məmmədzadə
Bakıya mühacirət etdikdən sonra da qələmindən
ayrılmır, ilk hekayələrini "Pioner" və
"Azərbaycan" jurnallarında dərc etdirir. Sonrakı illərdə onun "Hekayələr"
(1957), "Futbol" (1959), "İlk məhəbbət"
(1967), "Təbriz xatirələri" (1978) kitabları nəşr
olunur. Bu kitablarda toplanmış hekayələrində
Həmid Məmmədzadə Güneydə keçirdiyi həyatın
acılı-şirinli xatirələrini, xalqın azadlıq əzmini
və iradəsini bir yazıçı səriştəsi ilə
oxucuların gözləri qarşısında
canlandırmağa çalışır.
Bakıda yaşadığı ilk onillikdə Həmid Məmmədzadə
Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin
aktiv üzvlərindən biri kimi ədəbi mühitdə
yaxından iştirak edir. O, 1958-ci ildə Azərbaycan
Yazıçılar Birliyinə üzv olur.
Sonralar
daha çox elmi fəaliyyətə meyl edən H.Məmmədzadə,
əsasən M.F.Axundzadə irsinin tədqiqi ilə məşğul
olur, filologiya elmləri doktoru , professor vəzifəsinə
qədər yüksəlir. Nəsiminin farsca divanını, M.H.Şəhriyarın
türkcə poetik əsərlərini, Nizami Gəncəvinin
"Xosrov və Şirin" poemasını, Cəlil Məmmədquluzadənin
hekayələrini, Zeynalabdin Marağalının
"İbrahim bəyin səyahətnaməsi" romanı
onun tərcümə və tərtibi ilə çap olunur.
H. Məmmədzadə
1979-cu il İran inqilabından sonra
Güney Azərbaycana qayıdıb və 2000-ci ildə
Tehranda vəfat edib.
H.Məmmədzadənin "Cənubi Azərbaycan
yazıçılarının ədəbi məcmuəsi"ndə
dərc olunan "Milli meydan" hekayəsi ilə (1337
h.ş) mühacirət nəsrinin, avtobioqrafik-xatirə hekayəsinin
gözəl nümunələrindən birini yaradır. Kifayət qədər
irihəcmli olan bu hekayədə şah rejiminin
özbaşınalığı ilə milli hökumətin
qısa, lakin unudulmaz günləri
qarşılaşdırılır və müəllif o
böyük günlər üçün nostalji
duyğularını gizlətmir. Hekayənin
qəhrəmanı namuslu-qeyrətli, Həcər cürətli
bir təbrizli azəri qadını - Gülsüm
bacıdır. Ancaq hekayə birbaşa onun
obrazının təsviri ilə başlamır; müəllif
ədəbi priyom işlədərək buna dolayısı
yolla gəlir.
Monarxiya rejiminin göstərişi ilə
özünü mədəni göstərmək istəyən
Təbriz hökumət başçıları və qulluq
adamları Gülüstan meydanına gəzintiyə
çıxmışlar. Ancaq hər zamankı gəzintidən
fərqli olaraq, onların qarşısına ağır bir
şərt qoyulmuşdur: onlar arvadlarını da özləri
ilə gəzintiyə çıxarmalı, hələ bu
azmış kimi, arvadlar həm də üzüaçıq
olmalıdırlar. Bu ağır şərtdən
"hiyleyi-şəriyyə" ilə çıxan Təbriz
böyüklərinin bəziləri öz arvadlarını
deyil, muzdla tutulmuş səfil qadınları
üzüaçıq meydana çıxarırlar.
Yazıçı bu gəzintinin heç də mədəniyyət
əlaməti deyil, güclə həyata keçirilmiş bir
fars - gülünc tamaşa olduğunu
çox ustalıqla təsvir edərək yazır:
"Əvvəlcə rəislər, sonra qulluqçular, lap
axırda ajanlar öz arvadları ilə qol-qola verib bağa
daxil oldular. Qadınlardan heç biri
başını qaldırıb irəliyə və ya ətrafa
baxmırdı, hamısı başını aşağı
salıb hədsız bir ikrah və çimçəşmə
ilə bağın ortasına tərəf gedirdi. Rəislərin
və yüksək rütbəli qulluqçuların
arvadları yaxşı geyinmişdilər, kasıbların isə
paltarı öz görkəmləri kimi solğun idi... Bütün bunlar nədənsə adama maskalı
karnavalı xatırladırdı".
Ancaq müəllifin dəqiq ifadəsi ilə təqdim
etdiyi kimi, bu şən bir karnaval deyil, kədərli bir
şoudur. Karnaval iştirakçılarının özü
kimi, tamaşıçılar da gülməkdən daha
çox hiddət və təəssüf hissi keçirirlər.
Elə hekayənin qəhrəmanı
Gülsüm bacını da ilk dəfə bu
tamaşaçıların arasında görürük.
Gülsüm bacını və onun rəfiqəsini
düşündürən əsas məsələ,
çarşabsız, kasıb qadınların
acınacaqlı görkəmləridir. Gülsüm
bacının çarşab barədə fikirlərindən
sonra müəllif onun özünü də təqdim edir:
"Təbrizin Küçə bağ məhəlləsində
Gülsüm bacını tanımayan olmazdı. Çünki məhlədə heç bir evin
xeyri-şəri onsuz keçməzdi".
Gülsüm bacı el adamıdır və elin dərdi
onun dərdidir. Elin dərdi isə hazırkı anda
hökumət tərəfindən çadranı atmaq əmrinin
verilməsidir. Əvvəlcə
Gülsüm bacı bunu bir əlamət - qeyb olmuş
imamın zühuru kimi başa düşür və belə də
təbliğ edir və o qədər canlı şəkildə
təbliğata girişir ki, hətta özü də öz
sözlərinə inanır. Ancaq
üzüaçıq qadınların kişilərlə
qol-qola verib Gülüstan bağında seyrə
çıxdıqlarını və imamın zühur etmədiyini
görən Gülsüm bacının ürəyinin dərinliklərində
bir şübhə toxumu baş qaldırıb cücərməyə
başlayır. Lakin son nəticədə
Gülsüm bacı yenə də hirsini məzlum bir
qadına- camaatın tənəli baxışlarından
çaşaraq arxa yıxılıb ümumu gülüş
obyektinə çevrilmiş gəlinə qarşı yönəldir.
Elə bu zaman ajan ( əri) də
qadını tərk edib gedir və qadının
çıxılmaz vəziyyətə
düşdüyünü gördükdə Gülsüm
bacı yenə də ona qahmar çıxır, camaatın
arasından keçirib evlərinə qədər
müşayiət edir. Ancaq "evə"
çatdıqda Gülsüm bacı anlayır ki, o, pozğun
bir qadını himayə edirmiş və buna görə də
bərk hiddətlənir. Hekayənin bu
epizodunda H.Məmmədzadə qadınla Gülsüm bacı
arasında gərgin bir mükalimə səhnəsi yaradır
və çağdaş sosial terminlə ifadə etsək,
gender problemi barədə öz fikirlərini
açıqlayır. Gülsüm bacı
hər şeyi subyektiv amilə bağlayır, hər kəsin
təmizliyinin yalnız özündən asılı
olduğu fikrini irəli sürür. Onun opponenti Zəhra-Əşrəf
isə qadınların problemlərinin həll edilməməsində
cəmiyyətin də günahkar olduğunu vurğulayaraq
deyir: "Qoy Allah şahid olsun ki, mənim evim, bir də bir
tikə çörəyim olsaydı , məni
bir yerdə işlədən tapılsaydı, bu çuxurda
qalmazdım".
Bu
sözlər, əlbəttə, ürəyiyumşaq, el dərdinə
biganə olmayan Gülsüm bacıya öz təsirini
göstərir və yazıçı sonda onun
peşimançılığını səmimi sözlərlə
ifadə edir: "Yolda Zəhranın taleyi haqqında dərin-dərin
düşüncələrə daldı. Ona
dediyi ağır sözlərdən peşiman oldu. Özünü məzəmmət eylədi. O,
bir bədbəxt qadının ürəyinə dəydiyinə
görə özünü qəlbən müqəssir
sayırdı".
Gülüstan bağındakı gəzintinin səhərisi
günü çadraları qoparmaq əmri almış ajanlar
Təbriz küçələrində çadralı
qadınları "ovlarkən" bu ovlardan biri də
Gülsüm bacı olur. Lakin Gülsüm
bacı öz fərasəti və cəsarəti nəticəsində
özü "ovdan" "ovçuya" çevrilir.
Burada yazıçı kiçik bir bədii
detalın köməyindən uğurla istifadə etmişdir.
Bu da Gülsüm bacının yuduğu
paltarları suya çəkmək üçün çeşməyə
getməsindən sonra qayıdarkən paltar döyəcləyən
ağacın paltarların üstündə olmasıdır.
Məhz bu bədii detal Gülsüm
bacının ajan üzərindəki qələbəsini təmin
edən əsas amilə çevrilir. Əlbətdə,
burada mühacir yazıçının sosializm realizmi
metodunun təsiri altında ajanın iyrənc
karikaturasını yaratmaq cəhdindən də yan keçə
bilmərik. Belə ki, ajan mütləq mənfi
obraz, hər cür çirkinliyin, eybəcərliyin və mənəvi
əxlaqsızlığın simvolu olmalı idi və elə
belə də olur.
"Ajan
Gülsüm bacının soyuqdan qızarmış ətli qollarına
ehtiraslı nəzərlərlə baxaraq əlini uzun qara
bığlarına çəkdi və qıyılmış
gözlərini Gülsüm bacının gözlərinə
zilləyərək: "Heyif deyil, bu gözəl qolları
çadra altında gizləyirsən?" - dedi və hiyləgərcəsinə
gülümsədi".
Həcər qeyrətli "Gülsüm bacını təbii halından çıxarmaq üçün bu namussuz sözlərin artıq olduğunu deməyə ehtiyac yoxdur. Gülsüm bacının sonrakı hərəkətləri də azəri qadınının milli təəssübünü çəkən oxucunu sevindirməyə xidmət edir: "Ajan çadranı bu qədər asanlıqla ələ keçirməsindən sevinərək onu satmaq barəsində fikirləşdiyi halda, öz yolunu tutub getməyə başladı. Lakin Gülsüm bacı yerə qoyduğu camı götürmədi. O, paltar döyəcini çəkib çıxartdı. Bircə anda ajanın üstünü aldı. Harasa geri dönən ajan Gülsüm bacının döyəcinin bircə zərbəsi ilə gicəlib səndələdi. Onun gözləri axdı və özünü saxlaya bilməyib yerə yıxıldı. Gülsüm bacı huşunu itirmiş ajanın qoltuğunda qalmış çadrasını öz başına saldı, paltar camını götürüb evə getdi".
Gülsüm bacının xarakterindəki qorxmazlığı daha dərindən açmaq üçün yazıçı onu əri bənna Usta Əli ilə də qarşılaşdırır və bu dəfə də təbii ki, üstünlüyü Gülsüm bacıya verir. Doğrudan da, Usta Əli kimi təbii obrazlar sosializm realizminin süni balası Gülsüm bacılara qarşı çox acizdirlər; çünki hər şeydən əvvəl, müəllifin özü və qələmi onların tərəfindədir. Belə olan halda, Usta Əlilər öz həyatiliklərilə nə edə bilərdilər? Ancaq yenə də birləşdirici həlqə kimi Zəhra onların arasına girir və Usta Əlinin Zəhranın taleyi barəsindəki narahatçılığı Gülsüm bacını da laqeyd buraxa bilmir.
"Usta Əlinin bu sözləri Gülsüm bacıya o qədər təsir etdi ki, elə bil onun başına bir qazan qaynar su tökdülər. Onun gözləri qaraldı, dizləri əsdi. Usta Əli onun bu halətindən olduqca təəccübləndi".
Ümumiyyətlə, sosializm realizmi prinsipin şərtlərinə rəğmən, Gülsüm bacının dinamik bir obraz olduğunu qəbul etməliyik. Gülsüm bacı nə qədər müsbət obraz planında verilmək istəsə də, son nəticədə realist təsvir üslubunun köməyilə onda daha çox səmimi cizgilərin üstünlük təşkil etdiyini, sxematizmin müəyyən qədər aradan qalxdığını görürük.
Ümumilikdə götürdükdə isə Gülsüm bacı sxematiklikdən uzaq bir surət kimi nəzər-diqqəti cəlb edir. Onun həddən artıq emosionallığı da bu cəhətin güclənməsinə xidmət göstərməkdədir.
Mahmizər MEHDİBƏYOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2015.- 9 iyun.- S.6.