Rusiya-Azərbaycan münasibətləri və
Dağlıq Qarabağ problemi
QƏRBİN TƏZYİQİNƏ QARŞI AZƏRBAYCANIN İRADƏSİ VƏ ƏZMİ
28 May -
Respublika günü münasibətilə təşkil olunan rəsmi
qəbulda çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev qeyd etdi ki, Dağlıq Qarabağ beynəlxalq
birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib
hissəsi kimi tanınır:
"Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da
bütün dünya dövlətləri tərəfindən
Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir
parçası kimi qəbul edilib. Bu gün siyasi müstəvidə,
Azərbaycanla Ermənistan müqayisəedilməz dərəcədədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi var. Post-Sovet məkanında
buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ
ilə bağlı qəbul olunmuş qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni silahlı
qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxmalıdır. Ermənistan BMT
Təhlükəsizlik Şurasının qətnamələrini
nə qədər təhrif etməyə çalışsa
da, mümkün deyil, çünki bu, yazılıb və dərc
edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar
var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir".
Dövlət başçısının
vurğuladığı kimi, bütün hüquqi sənədlər,
normativ aktlar Dağlıq Qarabağ münaqişəsində
Azərbaycanın haqlı tərəf olduğunu,
işğala, təcavüzə məruz
qaldığını sübut edir. Lakin əfsuslar olsun ki, hələ
İkinci Dünya Müharibəsi başa çatandan dərhal
sonra - 1945-ci ilin 26 iyununda dövlətlərarası dialoq əlaqələrini
gücləndirmək, dünya nizamını vahid mərkəzdən
idarə etmək üçün yaradılan Birləşmiş
Millətlər Təşkilatı bu gün öz hüquqi əhəmiyyətini
itirmək üzrədir. Dünya gücləri
baş verən proseslərə daha çox milli maraqlar
nöqteyi-nəzərindən qiymət verirlər ki, bu zaman
da ikili standartların, riyakar mövqelərin, oxşar məsələlərə
fərqli yanaşmaların şahidi oluruq.
Beynəlxalq hüququn tələblərinə zidd olaraq
son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən
Fransa və ABŞ separatçı Dağlıq Qarabağ
rejimi ilə əlaqələrini daha da möhkəmləndirir.
"Fransa-Dağlıq
Qarabağ parlamentlərarası qrup"un üzvləri
senatorlar - Sofi Juassen, Mişel Amyel, Marlen Murye separatçı
rejimin "müstəqilliyinin" tanınması
üçün məkrli fəaliyyətlərini davam etdirir,
Azərbaycanın Ermənistan tərəfindən
işğal olunan ərazilərində mayın 3-də
keçirilən saxta "parlament seçkiləri"ndə
bir qrup fransalı deputat müşahidəçi kimi
iştirak edir, mayın 17-19-da isə qondarma rejimin rəhbəri
Bako Saakyan Fransaya səfər edir.Fransa ilə
separatçı Dağlıq Qarabağ rejiminin əlaqələrini
təsdiqləyən digər məqam Drom departamentini
Villörbann və Sarsel şəhərləri ilə
hazırda işğal altında olan Azərbaycanın
Şuşa və Ağdərə şəhərləri
arasında "dostluq və qardaşlıq
xartiyası"nın imzalanmasıdır.
Bundan daha əvvəl separatçıların rəhbəri
ABŞ-a da səfər edərək rəsmi şəxslərlə
bir sıra görüşlər keçirib.
Bütün
bunlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi
üçün vasitəçilik edən ATƏT-in Minsk
qrupunun iki həmsədr dövlətinin neytrallığı
tamamilə pozaraq ermənipərəst mövqe nümayiş
etdirdiyini, separatçılara dəstək verdiyini, Azərbaycana
qarşı isə ikili standartlar tətbiq etdiyini,
münaqişənin həllində maraqlı
olmadığını deməyə əsas verir.
Siyasətdə
ədalət və əxlaqdan uzaq olanlar...
Əgər Ermənistan işğal etdiyi Dağlıq
Qarabağ torpaqlarını və ətraf yeddi rayonu geri
qaytarsaydı, bu gün səfalət içində deyil,
müasir standartlara, normalara uyğun olaraq sabit həyat tərzi
keçirərdi. Dövlətimizə qarşı qərəzli
mövqe tutan beynəlxalq dairələrə də məlumdur
ki, işğalçı dövlətin taleyi regionun
aparıcı dövləti olan Azərbaycanın əlindədir.
Beynəlxalq hüququn tələblərini ciddi şəkildə
pozaraq işğal siyasəti yürüdən Ermənistana
qarşı yalnız Azərbaycan və Türkiyə siyasi,
iqtisadi sanksiyalar tətbiq edib. Dünya dövlətlərinin
haqsız iradlarına baxmayaraq regionda Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən irimiqyaslı, transmilli layihələrin
hər birindən Ermənistan kənarda qoyulub.
Biz buna
"Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri,
"Bakı-Tbilisi-Qars" dəmiryolu xətti,
"Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələri
işlənəndə, Avropanın enerji təhlükəsizliyi
baxımından alternativ variant olan "TAP" və
"TANAP" layihələri həyata keçiriləndə
də nail olduq. Eyni zamanda, qardaş Türkiyə
1992-ci ildə Kəlbəcərin işğalından sonra Ermənistanla
dövlət sərhədlərini bağlayaraq, siyasi, iqtisadi əlaqələrə
xitam verib. Xarici dairələr isə ermənipərəst
mövqe nümayiş etdirərək, regionda haqq-ədalətin
bərqərar olmasında maraqlı olmadıqlarını
sübut edirlər. Ona görə də, Avropa
İttifaqının nümayəndələrinin son olaraq
"Şərq Tərəfdaşlığı" proqramı
çərçivəsində təşkil etdikləri Riqa
sammitində özlərini təkəbbürlü
aparmaları, Azərbaycana qarşı ayrı-seçkilik etmələri,
ölkəmizin problemlərini kənara qoyub gündəliyə
dəxli olmayan məsələləri müzakirə etmələri
təəccüb doğurmur.
Sammitin yekunlarına dair qəbul olunan 30 bəndlik yekun bəyannamədə
Dağlıq Qarabağ münaqişənin həlli ilə
bağlı Avropa İttifaqının hansı işlər
görə biləcəyi öz əksini tapmayıb. Ermənistanın
Azərbaycanın ərazi bötüvlüyünü
pozmasıyla bağlı BMT Təhlükəsizlik
Şurası tərəfindən qəbul olunan dörd qətnamənin
mövcudluğu haqda bir kəlmə də qeyd olunmayıb.
Bir sözlə Dağlıq Qarabağ probleminə
diqqət yetirilməməsi Azərbaycanı tədbirli
davranmağa məcbur edib.
Görünən
odur ki, ATƏT-in 1996-cı il Lissabon, Avropa
İttifaqının 2013-cü il Vilnüs sammitlərində
olduğu kimi bu zirvə görüşündə də Qərb
konflikt yaşayan dövlətlərə bərabərhüquqlu
yanaşma sərgiləmək niyyətində olmayıb. Ona görə də, Ukrayna və Gürcüstan
böhranlarından fərqli olaraq, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə qətiyyəli
mövqe ortaya qoyulmayıb. Azərbaycan rəsmiləri
Lissabonda olduğu kimi Riqada da yekun bəyannaməyə qol
çəkmək istəməyiblər. Yekun
bəyannamənin qəbulu üçün o zaman da Azərbaycan
Prezidentinə minnətçi düşüblər, indi də.
Hər iki sammitdə biz onlara güzəştə
getdik. Lakin Ermənistan növbəti dəfə beynəlxalq
tədbirdə Azərbaycanın ərazi
bötüvlüyünün tanınması haqqında rəsmi
Bakının sənədə hazırladığı əlavəsinə
imza ataraq Dağlıq Qarabağı ölkəmizin tərkib
hissəsi kimi qəbul etməyə məcbur olub. Bütün bunlar o demək deyil ki, Qərb Azərbaycana
qarşı qərəzli mövqeyini dəyişərək
işğalçı ölkənin rəhbəri Serj
Sarkisyanın şəxsən imzaladığı sənədin
qüvvəyə minməsi - Dağlıq Qarabağ
torpaqlarının geri qaytarılması üçün zəruri
təxirəsalınmaz tədbirlər görəcək.
Ümumilikdə, Rusiyaya qarşı tənqidi əhval-ruhiyyədə
keçən Riqa sammitinə Azərbaycan Prezindenti İlham
Əliyevin qatılmamasının səbəbi də məhz
Qərb dairələrinin tətbiq etdiyi ikili standartlara etiraz
xarakteri daşıyıb. Bu sırf
dövlət maraqlarından irəli gələn məsələ
olsa da, heç şübhəsiz, rəsmi Moskvanı sevindirməyə
bilməz.
Rusiyanın
münaqişənin həllində rolu
Aparılan məqsədyönlü siyasət nəticəsində
Rusiya kimi dünyanın hegemon dövləti Dağlıq
Qarabağ məsələsində ermənipərəst
mövqe nümayiş etdirməkdən əl çəkərək,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
münaqişənin ədalətli həllinə töhfə
vermək istədiyini bildirib. Çünki bir
sıra regional və geopolitik münasibətlərdə rəsmi
Bakının əhəmiyyəti Rusiyanı Azərbaycanla
hesablaşmağa, onun maraqlarını nəzərə
almağa məcbur edir. Ona görə də, mayın
25-ində Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun
rusiyalı həmkarı Sergey Lavrovla görüşündə
Dağlıq Qarabağ münaqişəsi ətrafında
nikbin danışıqlar aparılıb. Rusiyanın
xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına yardım etməyə davam edəcəklərini
bildirib. S.Lavrov qeyd edib ki, Dağlıq
Qarabağ münaqişəsi üzrə
danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin
prioritet məsələlərindən biridir.
Nəzərə alsaq ki, ATƏT-in vasitəçilik
institutunun həmsədrlərindən biri olan Rusiya
Dağlıq Qarabağ münaqişəsində açar
rolunu oynayır, o zaman son hadisələrin gətirəcəyi
nəticələrin qarşılıqlı məmnunluq ifadə
edəcəyini söyləmək olar. Əgər
Moskva siyasi mövqe ortaya qoyaraq, Ermənistana təsir göstərərsə,
Dağlıq Qarabağ problemi yaxın müddətdə həll
oluna bilər. Burada sülhlə
yanaşı, hərb variantı da istisna edilməməlidir.
Çünki Azərbaycan dəfələrlə
işğalçı ölkəyə sübut edib ki,
peşəkarlığını, maddi-texniki bazasını
gündən-günə daha da təkmilləşdirən
Silahlı Qüvvələrimiz qısa müddət ərzində
torpaqları işğaldan azad etməyə qadirdir.
Elmar Məmmədyarov
isə vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ
münaqişəsini nə olursa-olsun, həll edəcək:
"Əminliklə deyirəm ki, Dağlıq Qarabağ
münaqişəsi yaxın gələcəkdə həll
olunacaq".
Bu çox cəsarətli çıxışdır. Bu fikirlərin
arxasında ciddi mətləblərin dayandığını
xüsusi vurğulamaq lazımdır.
Ona
görə də, Rusiyada xarici işlər nazirləri səviyyəsində
baş tutan danışıqların Dağlıq Qarabağ
münaqişəsinin həllinə böyük təsiri ola bilər. Rəsmi
Bakının istər Qərb dövlətləri, istər
ABŞ, istərsə də Rusiya ilə
tarazlaşdırılmış siyasət yürütməsində
məqsəd ölkəmizin ərazi
bütövlüyünün təmin olunmasından ibarətdir.
Azərbaycan Rusiya ilə münasibətlərə
böyük əhəmiyyət verir.
Rəsmi Bakı yaxşı bilir ki, bu bölgədə
prosesləri nizama salmağın yeganə yolu Rusiyadan
keçir. Belə nəticəyə gəlmək olar ki, uzun
müddət Moskva ilə məsələ ətrafında
böyük danışıqlar gedib. Sammit
ərəfəsində Putinin adı ilə mətbuatda
yayılan fikrə görə, Ermənistan rəhbərliyinə
ultimatum şəklində müraciət edilib ki, işğal
etdikləri Azərbaycan torpaqlarını boşaltmağa
başlasınlar. İndi isə Azərbaycan
və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə
baş tutan görüşdə Dağlıq Qarabağ
probleminin yaxın günlərdə həll ediləcəyi ilə
bağlı nikbin fikirlər səsləndirilir. Bu o deməkdir ki, iki ölkə arasında
danışıqlar yüksək tempdə davam edir və nəticə
etibarıyla Dağlıq Qarabağ torpaqlarının
işğaldan azad edilməsiylə nəticələnə
bilər.
Avropa
Oyunlarının Azərbaycana vədd etdiyi ən böyük
dividend
Təbii ki, "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində baş tutan sammitdə
ölkəmizin Avropa İttifaqı üçün strateji əhəmiyyətə
malik olması vurğulanıb. Xüsusilə, Azərbaycanın
neft resursları Qərb üçün yeganə alternativ
enerji mənbəyi rolunu oynayır. Eyni
zamanda, geosiyasi məsələlərə təsir
imkanları olan Azərbaycan sülh naminə tərəfdaşlıq
proqramlarında da yaxından iştirak edir, Kosovoda, İraqda,
Əfqanıstanda və digər münaqişə
ocaqlarında sülhməramlılarını yerləşdirir,
anti-terror əməliyyatlarına dəstək verir. Hərçənd ki, Azərbaycanın haqq işinə
dəstək verməməklə dünya birliyi beynəlxalq
sülhü ciddi təhdid altında qoymuş olur.
Əvəzində biz Dağlıq Qarabağ məsələsinə biganə münasibətin, ölkəmizə qarşı tətbiq olunan ikili standartların, demokratiya və insan haqlarının vəziyyətində problemlərin süni şəkildə ortaya atılmasının, təzyiq mexanizmlərindən istifadə edilməsinin şahidi oluruq və bu heç də Azərbaycana insan hüquqlarının inkişafına yardım etmək niyyətlərindən irəli gəlmir.
Ona görə də, Qərb Dağlıq Qarabağ probleminin həllində Azərbaycana yardım etmək gücünə malik deyilsə, o zaman rəsmi Bakının öz məsələlərini özü bildiyi kimi həll etməsinə imkan verməlidir. Riqa sammitinin açılışında Almaniya kansleri Angela Merkelin də dediyi kimi, Azərbaycan inkişaf xəttini tutan dövlətdir və ona görə də bu dövlətə mane olmamaq lazımdır. Lakin Rusiya ilə son dövrlər aparılan danışıqların konkret irəliləyişlərə səbəb olacağına ümidlər böyükdür. Çünki münaqişənin həlli hər iki dövlətin mövcud əlaqələrinin daha da inkişafına müsbət təsir edəcək.
Hələ keçən ilin sentyabrında Soçidə baş tutan danışıqlarda əldə olunan etimad mühitinə uyğun olaraq ardıcıl və məqsədyönlü addımlar atan Azərbaycan rəsmi Moskvaya qarşı Aİ-nin tətbiq etdiyi sanksiyalara qoşulmamaqla nümayiş etdirdiyi siyasi iradə və daha sonrakı proseslərdə ortaya qoyduğu mövqe ilə bütün maneələrə, təzyiqlərə baxmayaraq dövlətimizin etibarlı tərəfdaş imicini birmənalı olaraq qoruduğunu, balanslı siyasət xəttinə sadiq qaldığını sübut edib.
Ona görə də, diqqətlər Rusiya prezidenti Vladimir Putinin iyunun 12-sinə planlaşdırılan Bakı səfərinədir. Elə Moskvada iki ölkənin xarici işlər nazirlərinin nikbin notlar üzərində qurduğu danışıqlar da məhz Bakı danışıqlarına hazırlıq xarakteri daşıyıb.
Bu baxımdan, hesab etmək olar ki, qitənin tarixində ilk dəfə keçiriləcək Bakı - 2015: Birinci Avropa Oyunları Azərbaycana təkcə iqtisadi dividendlər deyil, eyni zamanda siyasi dividendlər də vəd edir. Bizim ən böyük qazancımız isə Ermənsitan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf yeddi rayonun qeyri-şərtsiz Azərbaycana qaytarılması olacaq!
Ceyhun ABASOV
525-ci qəzet.-
2015.- 9 iyun.- S.5.