Oksfordda Azərbaycan
və Qafqazşünaslıq Elmi Mərkəzinin ilk
konfransı keçirilib
NƏRGİZ PAŞAYEVA: "NİZAMİ GƏNCƏVİ ADINA ELMİ MƏRKƏZİN MƏQSƏDİ MÜVƏQQƏTİ FUNKSİYA DEYİL, 800 İLLİK TARİXƏ MALİK OKSFORD UNİVERSİTETİNDƏ DAİMİ QALMAQDIR"
İyunun
6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq
İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə
birgə "Şərqi Qafqaz son antik dövrdən erkən
İslam dövrünə qədər" adlı elmi-praktik
konfrans keçirilib.
Nizami Gəncəvi
Mərkəzinin ilk tədbirində Oksford Universiteti ilə
yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil
ocaqlarının, eləcə də Avropanın bir sıra
qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz
bölgəsi üzrə mütəxəssis alimləri
iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq
Mərkəzinin direktorları professorlar Robert Hoyland və Nərgiz
Paşayeva konfrans iştirakçılarını
salamlayıb və Mərkəzin ilk tədbirinə
tanınmış nüfuzlu alimlərin böyük maraq
göstərmələrini yüksək dəyərləndiriblər.
Professor Robert Hoyland tədbir iştirakçılarına
Mərkəzin yaranma tarixindən danışıb və onun ərsəyə
gəlməsində həmkarı professor Nərgiz
Paşayevanın xüsusi əməyinin olduğunu diqqətə
çatdırıb. O, konfransın əhəmiyyətini qeyd edib və Mərkəz
tərəfindən görülən işlər haqqında
məlumat verib.
Professor Nərgiz Paşayeva belə bir tədbirin
keçirilməsindən böyük məmnunluq duyduğunu
bildirib.
N.Paşayeva deyib: "Artıq bir neçə ildir ki, mənim
peşəkar həyatımda yeni bir mərhələ
başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi
statusa malik və artıq universitetin bir hissəsi kimi qəbul
olunan Nizami Gəncəvi adına Mərkəzin
yaradılmasıdır".
Daha sonra N.Paşayeva XX əsrdə Azərbaycan elminin
keçdiyi mürəkkəb tarixi inkişaf dövrünə
nəzər yetirib. Xüsusi olaraq vurğulayıb ki, humanitar
elmlər kommunist ideologiyasının ciddi təzyiqlərinə
məruz qalsa da, o dövrdə Azərbaycan alimləri dəyərli
elmi əsərlər yaratmağa müvəffəq olublar.
O zamanlar xüsusilə türkologiya, etnogenez, Azərbaycanın
milli-mədəni mənsubiyyətini, zəngin tarixini
araşdıran tədqiqatlara qarşı Sovet ideologiyası tərəfindən
yaradılan süni maneələr bu araşdırmaların
dünya elmi səviyyəsinə çıxarılmasına əngəl
törədib. Həmçinin elmi tutuma malik
olan nəzəri kitablar Avropa dillərinə tərcümə
edilməyib.
Azərbaycanın
zəngin tarixi və mədəniyyəti ilə bağlı
bir çox məsələlərin hazırda dünya elmi
ictimaiyyəti üçün böyük maraq
doğurduğunu vurğulayan N.Paşayeva deyib: "Ümid
edirəm ki, biz, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin vasitəsilə Azərbaycan
və onun yerləşdiyi bölgə haqqında
dünyanın elmi ictimaiyyətində maraq doğuran
bütün suallara cavab tapa biləcəyik".
Dəvəti qəbul edərək konfransa
qatıldıqlarına görə iştirakçılara təşəkkürünü
bildirən Nərgiz Paşayeva çıxış
üçün sözü Böyük Britaniyanın Bizans
imperiyasının tarixi üzrə ən tanınmış
mütəxəssislərindən sayılan Oksford
Universitetinin Korpus Krtisti Kollecinin fəxri üzvü professor
Ceyms Hovard-Constona verib. Professor Hovard-Conston konfrans mövzusunun əhatə
etdiyi dövrdə baş vermiş proseslərə nəzər
yetirərək o zaman Qafqaz bölgəsində mövcud
olmuş ictimai-siyasi və mədəni tarixi mənzərəni
canlandırmağa çalışıb. Bu günə
qədər Oksford Universitetində Azərbaycanın və
Qafqazın kifayət qədər öyrənilmədiyini qeyd
edən professor Conston Nizami Gəncəvi adına
Mərkəzin Oksforddakı fəaliyyətini çox müsbət
qiymətləndirib və bu qəbildən olan elmi tədbirlərin
vacibliyini vurğulayıb. O, həmçinin ilk dəfə
olaraq Azərbaycan dilini Oksford Universitetində dinləməkdən
böyük zövq aldığını
iştirakçıların diqqətinə
çatdırıb.
Şotlandiyanın
Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru,
Oksford və Tübingen universitetlərinin mühazirəçisi,
eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq
İnstitutu və Romaşünaslığın təbliği
cəmiyyətinin şura üzvü Eberhard Zauer "Son qədim
dövrdə və erkən Orta Əsrlərdə Qafqaz və
Alan qapılarının arxeologiyası
(Gürcüstandakı Dəryal keçidi)" mövzusunda
çıxış edib. Professor Zauer Nizami Gəncəvi adına Mərkəzin təşəbbüsü
ilə Azərbaycanın Bərdə şəhərində
aparılacaq arxeoloji tədqiqatların əhəmiyyətini və
bu tədqiqatın göstərilən tarixi dövrünü
daha dərindən öyrənilməsi baxımından
vacibliyini bildirib.
İngiltərənin
Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens
"Sasani imperiyasının Qafqazdakı sərhədlərinin
qiymətləndirilməsi və landşaft
arxeologiyasının yanaşması" mövzusunda
çıxış edib və Mərkəzin Bərdə
arxeologiya layihəsinin onun elmi maraq dairəsinə daxil
olduğunu, bu layihənin işinə cəlb edilən mütəxəssislərlə
birgə çalışmaq arzusunu diqqətə
çatdırıb.
Oksford
Universitetinin Tarix fakültəsinin doktorantı və Nizami Gəncəvi
adına Mərkəzin tədqiqatçısı
Nik Evans "Xəzər-Pont əlaqələri: Alanlarla
bağlı yanaşmalar" mövzusunda elmi tədqiqat
işini təqdim edərək Azərbaycan da daxil olmaqla Qafqaz
bölgəsi haqqında o dövrün aparıcı siyasi mərkəzlərində
olan mövcud təsəvvürlər barədə
danışıb.
Erkən
Orta Əsrlər dövründə Qafqazda mövcud milli etnik
və sosial-siyasi vəziyyət haqqında elmi məruzə ilə
çıxış edən London Universitetinin Şərqşünaslıq
və Afrikaşünaslıq Universitetinin tədqiqatçısı
Con Latham "Şimali Qafqazda siyasi hakimiyyətin
transformasiyası: Alan Krallığı (890-1030)"
mövzusunda çıxış edib və öz tədqiqatını
Nizami Gəncəvi adına Mərkəzin
tədqiqatçıları ilə birgə aparmaq arzusunda
olduğunu vurğulayıb.
Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun tədqiqatçısı
Rayan Linç "Aran və ətraf bölgələrdə
Sasani siyasəti ilə bağlı Abbasilərin
baxışları" mövzusunda söhbət
açıb və Orta Əsr ərəb mənbələri əsasında
Sasanilərin Qafqaz Albaniyasına qarşı
yürütdüyü siyasətlə bağlı elmi məruzə
söyləyib. Mərkəzin tədqiqatçıları
ilə əməkdaşlıq edən Ryan Linç Qafqaz
Albaniyasına münasibətdə
yürüdülmüş Sasani siyasəti mövzusunda bu
günədək aparılmayan araşdırmalara
başlayıb.
Sonda
Almaniyanın Fredrix Şiller Universitetinin professoru Annaqret
Plöntke Lüninq Şimali Qafqazdakı kilsələrin
memarlıq üslubları, habelə "Azərbaycanda olan
Kilsədağ və Ləkit kilsələrinin memarlığı"
haqqında məruzə söyləyib. Bu
maraqlı tədqiqat mövzusunda öz fikirlərini bildirən
professor Plontke Lüninq Mərkəz ilə gələcək əməkdaşlığa
ümid etdiyini bildirib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin
dosenti Lalə Əliyeva "Erkən Orta Əsrlər dövründə
Azərbaycanın etnik və dini müxtəlifliyi"
mövzusunda çıxış edib. Professor Robert Hoyland və
professor Nərgiz Paşayevanın birgə dəvəti ilə
tədbirdə iştirak edən Lalə Əliyeva Oksford
Universiteti kimi nüfuzlu təhsil ocağında Nizami Gəncəvi
adına Mərkəzin
yaradılmasının təqdirəlayiq hal olduğunu bildirib
və onun gələcək fəaliyyətinə uğurlar
arzulayıb.
Oksford
Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi
və Mərkəzin tədqiqatçısı doktor İrina
Şinqiray "Xəzərlər və Dərbənd səddi.
Siyasi və dini perspektivlər" mövzusunda
çıxış edib və həmin dövrdə Qafqaz
bölgəsində Xəzərlərin rolundan
danışıb.
Sonda professor Nərgiz Paşayeva və Oksford
Universitetinin İranşünaslıq üzrə professoru
Edmund Hertsiq konfransın işinə yekun vurublar.
Edmund
Hertsiq Nizami Gəncəvi adına Mərkəzlə
bağlı iki məqamı diqqətə
çatdırıb. Bildirib ki, Azərbaycanın
və onun yerləşdiyi Qafqaz, eləcə də Xəzər
dənizi regionu uzun zaman Qərbdə elmi cəhətdən
yetərincə öyrənilməyib və bu baxımdan elmi-nəzəri
boşluq yaranıb. Digər tərəfdən,
dünyanın belə bir əhəmiyyətli bölgəsinin
alim və mütəfəkkirləri ilə siyasi sistem və
ideologiya fərqlərinə görə onlarla lazımi səviyyədə
əlaqələr qurulmayıb. Son
dövrdə qeyd edilən fərqliliklərin və
çatışmazlıqların aradan qaldırılması
üçün səylər artırılsa da, bu, yetərincə
deyildir. O, ümidvar olduğunu bildirib ki, Nizami Gəncəvi
adına Mərkəz öz elmi təşəbbüsləri
ilə uzun zamandan bəri yaranmış bu elmi boşluğu
doldurmağa nail olacaqdır. E.Hertsiq, həmçinin
professor N.Paşayevanın bugünkü konfransın təşkilindəki
rolunu xüsusi qeyd etdi.
Professor Nərgiz Paşayeva isə məruzəçilərin
çıxışlarında Azərbaycanın qədim
tarixi və mədəniyyəti ilə bağlı qeyd olunan
bir sıra vacib məqamları ümumiləşdirərək
ölkəmizin əsrlər boyu müxtəlif dinləri və
xalqları bir araya gətirdiyini, Şərq ilə Qərb
arasında birləşdirici körpü rolu
oynadığını söyləyib. Diqqətə
çatdırıb ki, Şərqdə ilk demokratik respublika
yaradan Azərbaycan bu gün müstəqil dövlət olaraq
öz elmi potensialını inkişaf etdirəcək və Mərkəz
bu sahəyə öz töhfəsini verəcək. N.Paşayeva onu da qeyd edib ki, bu gün dünyada 50
milyondan çox azərbaycanlı yaşayır.
Beləliklə,
Oksford Universitetinin Nizami Gəncəvi adına
Mərkəzinin ilk elmi konfransı öz işinə yekun
vurub. Əminliklə demək olar ki, Mərkəzin
ilk dəfə keçirdiyi bu konfrans uğur qazanıb və
elmi dairələrin həqiqi marağı ilə
müşayiət olunub.
Konfransda
elmi məruzəçilərdən əlavə Oksford
Universitetinin Qədim Antik dövr və
bizansşünaslıq üzrə tanınmış mütəxəssisi,
Böyük Britaniyanın Tarix Cəmiyyətinin və
Fransanın Antik Tədqiqatlar üzrə Beynəlxalq
Assosiasiyasının prezidenti, professor Deym Averil Kameron,
universitetin Fars ədəbiyyatı üzrə professoru Domenik
Brukşo, Hind-İran filologiyası üzrə alim Elizabet
Taker, universitetin Şərqi Xristianlıq üzrə
professoru, məşhur ingilis tarixçisi Robert Tomson,
Arxeologiya İnstitutunun professoru Devid Kennedi, Ərəb ədəbiyyatı
üzrə professor Culiya Brey, habelə İslam incəsənəti
üzrə mütəxəssis doktor Tereza Fitzerbert,
Britaniyanın məşhur numizmatı Luk Tredvel, Tarix
fakültəsinin professor və arxeoloqu, Oksford tarixi
jurnalının redaktoru, professor Mark Vitto və
başqaları iştirak ediblər.
Konfransdan
bir gün əvvəl professor Nərgiz Paşayeva 2013-cü
ilin oktyabr ayında Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin təsis
olunması ilə bağlı anlaşma memorandumunu imzalayan
Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru
Lieyzl Elder ilə görüşüb. Mərkəzin
fəaliyyəti haqqında müzakirələrin
aparıldığı görüşdə iştirak edən
professorlar Robert Hoyland və Edmund Hertsiq Mərkəzin işi
haqqında məlumat verib və gələcək planları
qeyd ediblər. Professor Nərgiz Paşayeva həmçinin,
həmkarı Robert Hoyland ilə yeni layihələri
müzakirə edib və Mərkəz tərəfindən
ingilis dilində çapa hazırlanan akademik Yevgeni Bertelsin
"Dahi Azərbaycan şairi Nizami" kitabının təqdimat
tarixini, qədim Bərdə şəhərində başlayacaq
arxeoloji qazıntı işlərinin təşkilinə dair məsələləri,
eləcə də Bakı və Oksfordda keçiriləcək
tədbirləri müzakirə edib. Bu görüşdə
Nizami Gəncəvi adına Mərkəzə
Qafqaz regionu ilə yanaşı, Orta Asiya bölgəsinin
öyrənilməsi də həvalə edilib və beləliklə
Mərkəzin səlahiyyətləri və fəaliyyət
dairəsi daha da genişləndirilib.
Səfər çərçivəsində professorlar R.Hoyland və N.Paşayeva üçün Oksford Universitetinin ən qədim kolleclərindən olan Triniti Kollecinin aparıcı professoru Brayan Vard-Perkins tərəfindən kolleclə tanışlıq turu təşkil olunub. Xüsusi tur zamanı N.Paşayevaya kollecin tarixi və təlim-tədris prosesi haqqında məlumat verilib. Məşhur Bodleyn kitabxanasının tikintisi bu yaxınlarda tamamlanan Veston bölməsinin rəhbəri doktor xanım Cillian Evoson N.Paşayevanı kitabxananın oxu zallarına, qədim və nadir əlyazmalar saxlanılan hissəsinə dəvət edərək buradakı yeniliklərlə tanış edib. Veston bölməsində "Kəlilə və Dimnə"nin, "Bahariyyə"nin, "Xəmsə"nin, Şekspirin, Ömər Xəyyamın əlyazmaları, qədim manuskriptlər, qədim yunan alimi Evklidin əsərinin əlyazması, ingilis kralı VIII Henrinin dövrünə aid "İncil" kitabı və bu qəbildən olan başqa nadir eksponatlar saxlanılır. N.Paşayevanın təklifi ilə gələcəkdə bu kitabxanada Nizami yaradıcılığı üzrə seminar və eləcə də şairin burada saxlanılan əlyazmalarının nümayişi nəzərdə tutulub.
Professorlar Robert Hoyland və Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda keçirilən elmi konfransla bağlı təəssüratları barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və Azərbaycan televiziyasına müsahibə veriblər.
Orxan İSMAYILOV, AZƏRTAC-ın xüsusi müxbiri
London
525-ci qəzet.-
2015.- 9 iyun.- S.2.