Üzeyir Hacıbəyli Mükafatı ən
doğru ünvanda
GÖRKƏMLİ MUSİQİŞÜNAS, ƏMƏKDAR ELM XADİMİ ZEMFİRA SƏFƏROVA DAHİ BƏSTƏKARIN ADINI DAŞIYAN MÜKAFATA LAYİQ GÖRÜLÜB
AMEA-nın
70 illik yubileyi ərəfəsində elmin inkişafında
mühüm nailiyyətlər əldə edən alimlərin
gərgin əməyini, əvəzsiz xidmətlərini, elmin
müxtəlif sahələrinə verdikləri töhfələri
dəyərləndirmək məqsədilə, Azərbaycanın
bir sıra görkəmli şəxsiyyətlərinin - Nəsirəddin
Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir
Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev
və Musa Əliyev - adına mükafatlar təsis olunub.
2015-ci il aprelin 15-də AMEA-nın Rəyasət Heyətinin
yekun iclasında respublikanın tanınmış elm və mədəniyyət
xadimləri elmi fəaliyyətlərinə və əldə
etdikləri elmi nailiyyətlərə görə orden və
mükafatlarla təltif edildilər. Azərbaycan
musiqişünaslığında ilk dəfə olaraq
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Əməkdar
incəsənət xadimi, bir çox mükafatlar laureatı,
görkəmli üzeyirşünas Zemfira xanım Səfərova
Azərbaycan professional bəstəkarlıq məktəbinin
banisi, akademik Üzeyir Hacıbəyli
yaradıcılığının tədqiqi və təbliği
sahəsində xidmətlərinə görə böyük
bəstəkarın adını daşıyan mükafata layiq
görüldü. Bu mükafatın məhz Zemfira xanıma
verilməsi heç də təsadüfi deyil... Alimin elmi yaradıcılığının
mühüm hissəsi ömrü boyu yaradıcı şəxsiyyətinə
pərəstiş etdiyi, çılğın bir həvəslə
öyrəndiyi ölməz sənətkar Üzeyir Hacıbəyliyə
həsr edilib. Moskvada və Bakıda nəşr olunan
kitablarında Zemfira Səfərova, ilk dəfə olaraq, dahi bəstəkarın
yaradıcılığının nəzəri və estetik əsaslarını
tədqiq edib, musiqi estetik konsepsiyasının mahiyyətini
açıqlayıb, onun elmi və musiqi irsini müxtəlif
problemlər baxımından təhlil edib. Alim
Üzeyir Hacıbəyli irsinin tədqiqinə həsr etdiyi
janr və üslubuna görə seçilən sanballı əsərləri
ilə üzeyirşünaslığı əsaslı şəkildə
zənginləşdirib, dolğunlaşdırıb. 1973-cü ildə Moskvanın "Sovetski
kompozitor" nəşriyyatında çap etdirdiyi
"Muzıkalğno-gstetiçeskie vzqlədı Uzeira
Qadjibekova" ("Üzeyir Hacıbəylinin musiqi-estetik
görüşləri") monoqrafiyasında Z.Səfərova
Azərbaycan musiqişünaslığında ilk dəfə
olaraq Ü.Hacıbəyli yaradıcılığının
estetik konsepsiyasının əsaslarını təhlil edib və
mühüm elmi-nəzəri nəticələrə gəlib.
Akademik Qara Qarayev kitaba yazdığı ön sözdə
musiqişünasın çox çətin və əhəmiyyətli
bir problemə, Azərbaycan musiqisinin estetik problemlərinə
üz tutmasına böyük əhəmiyyət verib, bu
problemin ilk olaraq məhz Üzeyir Hacıbəylinin musiqi və
nəzəri irsində çözülməsini ən
düzgün qərar kimi dəyərləndirib.
Z.Səfərovanın bu tədqiqatı təkcə Azərbaycanda
deyil, digər ölkələrdə də böyük
rezonansa səbəb olub. Belə ki, İ.Y
Rıjkin, A.N.Dmitriyev, F.M.Karomatov kimi görkəmli
musiqişünaslar bu monoqrafiyanı "Azərbaycan
musiqişünaslığına qiymətli töhfə"
qismində təqdim edərək, onu yüksək qiymətləndiriblər.
1985-ci ildə alim bəstəkarın 100 illiyinə
yeni "Üzeyir Hacıbəyov
yaradıcılığında nəzəri və estetik
problemlər" monoqrafiyasını nəşr etdirdi.
Ü.Hacıbəylinin estetik konsepsiyasını,
yaradıcı təfəkkürünü, dahi şəxsiyyətini
açıqlayan bu fundamental əsərdə Z.Səfərova
bəstəkarın estetikasını, xəlqilik, realizm, beynəlmiləlçilik,
millilik, ənənə və novatorluq
baxışlarını, səs sistemi, lad, melodiya, metr-ritm,
çoxsəslilik kimi nəzəri problemləri onun həm
musiqi, həm bədii, həm də nəzəri-tənqidi
yaradıcılığında incələyib, təhlil və
tədqiq edib. Monoqrafiyanın sonunda alim belə
bir doğru müddəa irəli sürüb ki, ölməz
sənətkarın nəinki musiqi əsərləri, həmçinin
onun nəzəri-estetik görüşləri də ondan sonra
gələn nəsillər üçün möhkəm
özül, əvəzsiz örnək olacaq.
Zemfira Səfərovanın 2010-cu ildə Ü.Hacıbəylinin
125 illik yubileyi ərəfəsində yeni kitabı -
"Ölməzlik" işıq üzü gördü. Bu kitabda
tanınmış alimin Ü.Hacıbəylinin
yaradıcılığına həsr etdiyi Azərbaycan, rus,
ingilis dillərində olan məqalələri toplanıb.
Üzeyir Hacıbəyli fenomenini açıqlayan elmi
yazıların, dahi bəstəkar haqqında olan qiymətli
araşdırmaların, dəyərli fikirlərin rus və
ingilis dillərində də təqdim edilməsi dünyanın müxtəlif
regionlarında yaşayan xalqlara bu yüksək sənət ilə
daha yaxından tanış olmaq imkanı yaratdı, onun təbliğinə
təkan verdi. Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, hələ 1985-ci ildə Z.Səfərova
Ü.Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar bəstəkarı
vətəndən uzaqlarda tanıtmaq, təbliğ etmək məqsədilə
"Üzeyir Hacıbəyov" kitabçasını
(redaktor Tofiq Quliyev) yeddi dildə - ingilis, fransız, ərəb,
fars, türk, rus, Azərbaycan dillərində, 2010-cu ildə sənətkarın
125 illik yubileyi ilə əlaqədar serb dilində, daha sonra isə
ərəb və macar dillərində nəşr etdirib. Xarici dillərdə nəşrlər sırasında
daha bir kitab, 2005-ci ildə bəstəkarın 120 illik yubileyi
qeyd edilən ərəfədə Z.Səfərovanın
"Üzeyir Hacıbəyov və onun görkəmli sələfləri"
(ingilis dilində) elmi məqalələr toplusu oldu.
Toplunun həmin il sentyabrın 16-da
AMEA-nın Bəstəkarlar İttifaqı ilə birgə
keçirdiyi təqdimat mərasimində respublikanın elm və
mədəniyyət xadimləri belə bir əsərin ingilis
dilində nəşr edlməsinə böyük önəm
verdilər. Xalq artisti Vasif Adıgözəlov, akademik Bəkir
Nəbiyev, Xalq rəssamı Fərhad Xəlilov, professor Ramiz
Zöhrabov bu kitabı böyük bəstəkarımızın,
görkəmli şəxsiyyətlərimizin, musiqimizin,
elmimizin uzaq ölkələrdə tanınmasına, təbliğ
edilməsinə olan ehtiyacı ödəməyə qadir bir əsər
kimi yüksək dəyərləndirdilər. Bu
gün musiqimizin, mədəni irsimizin dünya miqyasında tanınmasına,
yayılmasına böyük ehtiyac duyulduğu bir dövrdə
xarici dillərdə çap edilən belə nəşrlərin
əhəmiyyəti danılmazdır.
Z.Səfərovanın Üzeyir Hacıbəylinin musiqi
irsinin nəşri sahəsində də xidmətləri əvəzsizdir. O, bəstəkarın
"Leyli və Məcnun" və "Koroğlu"
operalarının (klavir və partituralarının) akademik nəşrinin
bütün əziyyətini boynuna götürüb. Səfərova
bəstəkarın musiqi əsərlərinin ilk dəfə
tənqidi mətnlərinin hazırlanması işinə rəhbərlik
edib, külliyyatın işıq üzü görən 5
kitabdan ibarət üç cildinə ön söz və elmi
şərhlər yazıb, cildlərin nəşr
olunmasında böyük təşkilati fəaliyyət
göstərib. Külliyyatın
son cildinin on illik fasilədən sonra çap edilməsi məhz
vətənpərvər alimin səyləri,
qayğısı, inadkarlığı nəticəsində
mümkün olub. Qara Qarayev, Fikrət Əmirov, Nazim
Əliverdibəyov, Rauf Abdullayev kimi sənətkarlarla birgə
cildlərin ərsəyə gəlməsi uğrunda
çalışan Z.Səfərova həqiqi peşəkarlıq
və gərgin təşkilatçılıq fəaliyyətini
bir daha nümayiş etdirib. Əsərlərin
yaranma və ifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn
əsasının dərin təhlilinə həsr edilən
elmi şərhlərdə müəllif nadir arxiv sənədlərindən,
məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən
geniş istifadə edib. Nəticədə
hər iki əsərin səhnə həyatının
maraqlı tarixçəsi işıqlandırılıb.
Belə ki, "Leyli və Məcnun"
operasının partiturasına yazılan elmi şərhləri
əsərin ensiklopediyası da adlandırırlar.
"Ölməzlik" kitabına
yazdığı "Ön söz"də Zemfira Səfərova
səmimi bir şəkildə bunları qeyd edir: "40 ildən
artıqdır ki, mən Üzeyir bəyin musiqisinə elə
bənd olmuşam ki, onun böyük cazibə qüvvəsinin
təsiri məni hələ də tərk etmir."
Doğrudan da, bütün elmi yaradıcılığı
boyu Z.Səfərova dahi sənətkarın musiqi və elmi
irsini araşdırıb, onun şəxsiyyətini,
yaradıcılığını, nəzəri
görüşlərini təhlil edən kitablar, monoqrafiyalar,
məqalələr yazıb, Azərbaycanda və xarici ölkələrdə
keçirilən nüfuzlu beynəlxalq konfrans və
simpoziumlarda bəstəkarın
yaradıcılığını fəal təbliğ edib. Önəmlidir ki, 1965-ci ildən bu günə qədər
alim Ü.Hacıbəylinin 80, 90, 100, 110, 120 illik yubileyləri
və digər əhəmiyyətli tarixlərlə əlaqədar
keçirilən müxtəlif beynəlxalq simpozium,
konfranslarda çıxışlar edib. Z.Səfərova
sənətkarın çoxçalarlı şəxsiyyətini,
zəngin musiqi və nəzəri irsini incələyən
maraqlı məruzələrini təkcə Azərbaycanın
mədəni və elmi ocaqlarında deyil, Tbilisi, İstanbul,
Kayseri, Tehran və başqa şəhərlərdə də
səsləndirib.
Azərbaycanın
musiqisini, sənətini vətənindən kənarlarda da
tanıtdıran Z.Səfərova
2005-ci ildə Tehranda keçirilən beynəlxalq konqresdə
"Səfiyəddin Urməvinin "Kitabül-ədvar"
risaləsi ilə Üzeyir Hacıbəylinin "Azərbaycan
xalq musiqisinin əsasları" kitabının müqayisəli
təhlili" adlı məruzə ilə
çıxış edib. O, hər iki alimin elmi əsərlərini
mənbəşünaslıq prinsipləri əsasında
araşdırarkən belə bir fikrə gəlib ki, Səfiyəddin
Urməvinin elmi irsinə yaxşı bələd olan
Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları"
kitabında, xüsusilə də məqam sistemi nəzəriyyəsində,
onun "Kitabül-Ədvar" əsərinin təsiri
böyükdür. Üzeyir bəyin "Azərbaycan
xalq musiqisinin əsasları" kitabı qaldırılan və
həll edilən məsələlərə görə,
quruluşuna görə "Kitabül-Ədvar" risaləsinə
yaxındır. "Azərbaycan xalq musiqisinin əsasları"nı
"yeni dövrün risaləsi" adlandıran Z.Səfərova
belə bir nəticəyə gəlib ki, bu əsər Urməvinin
risaləsinin elmi müddəalarını yeni dövrdə,
müasir Azərbaycan misiqi elminin tələblərinə
cavab verən səviyyədə davam etdirib.
AMEA-nın
70 illik yubileyi ilə əlaqədar qocaman elm
ocağının tarixini araşdırmaq, Azərbaycan elminin,
görkəmli elm xadimlərinin fəaliyyətlərini bir
daha təbliğ etmək məqsədilə Rəyasət Heyəti
Azərbaycanın ilk akademikləri və təsisçiləri
haqqında yubiley kitablarını nəşr etdirmək qərarı
qəbul edib. Azərbaycan bəstəkarlıq məktəbinin
banisi Üzeyir Hacıbəyliyə həsr edilən
kitabın məhz AMEA-nın müxbir üzvü Zemfira
xanım Səfərovaya tapşırılması təbiidir.
Alimin Ü.Hacıbəylinin həyat və
yaradıcılığından, onun Akademiyanın Memarlıq
və İncəsənət İnstitutunda apardığı
elmi-təşkilati fəaliyyətindən bəhs edən yeni
"Akademik Üzeyir Hacıbəyli: Yanan ürəyin aydınlığa
çıxaran sənəti" adlı kitabı
tezliklə AMEA-nın "Elm" nəşriyyatında
çapdan çıxacaq.
40 kitab,
230-dan artıq
elmi əsərin müəllifi olan Z.Səfərovanın
yaradıcılığının tədqiqat dairəsi həm
mövzu, həm də zaman etibarilə olduqca genişdir.
Ən qədim yazılı abidəmiz olan "Dədə
Qorqud"un musiqi dünyasına, orta əsrlərin musiqi elminə,
Azərbaycan bəstəkarlıq məktəbinin klassikləri
Üzeyir Hacıbəyliyə və Qara Qarayevə, müasir
yaradıcılıq prosesi və ifaçılıq sənətinə
həsr edilən məqalələrində Z.Səfərova
mühüm elmi-nəzəri problemləri tədqiq edib, mədəni
həyatımızla, musiqimizlə bağlı xüsusi
önəm daşıyan fakt və məqamları gündəmə
gətirib. Onun Azərbaycan musiqi elminin tarixi ilə
bağlı apardığı məqsədyönlü,
sanballı, fundamental araşdırmaları 2012-ci ildə nəşr
edilən, AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi
şöbəsində, özünün məsul
redaktorluğu ilə hazırlanan "Azərbaycanın musiqi
tarixi" (I cild)
kitabının da, demək olar ki, əsasını
təşkil edir. S.Urməvinin, Ə.Marağainin, F.Şirvaninin,
M.M.Nəvvabın və digər musiqi alimlərinin elmi irslərinin,
həyat və yaradıcılıqlarının
icmalını Zemfira xanım mənbəşünaslıq
sahəsində apardığı elmi
axtarışlarının nəticələrinə əsaslanaraq yazıb.
Beləliklə, uzun illərdən bəri nəşri
gözlənilən "Azərbaycanın musiqi tarixi"nin
akademik nəşrinin işıq üzü görməsinə
mane olan "ağ ləkələr" məhz bu qədim məxəzlərin
üzə çıxarılması, öyrənilməsi, təhlili
nəticəsində silinib. Son dərəcə
önəmlidir ki, 2013-cü ildə "Azərbaycanın
musiqi elmi", 2014-cü ildə isə "Azərbaycan musiqi
tarixi" kitabları rus dilində nəşr edildi. Bu
da Azərbaycan musiqisi, Azərbaycan musiqi tarixi ilə
bağlı zəngin biliklərin daha geniş oxucu
auditoriyası tərəfindən mənimsənilməsinə geniş imkanlar açdı.
2014-cü ildə nəşrə təqdim edilən "Azərbaycan
musiqi tarixi"nin II cildində isə Z.Səfərovanın
Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı
uzun illər ərzində apardığı dərin və hərtərəfli
tədqiqatları
yer alıb. Burada alim böyük bəstəkarın
həyat və yaradıcılığı, musiqi və elmi-nəzəri
irsinin təhlilini, çoxşaxəli ictimai fəaliyyətini
dövrünün ictimai-siyasi hadisələri fonunda qələmə
alıb.
50 ildən çoxdur ki, Zemfira Səfərova
özünün elmi-təşkilati fəaliyyətini Azərbaycanın
mötəbər elm ocağı olan Azərbaycan Milli Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutu ilə bağlayıb. Təsadüfi deyil ki, bu
böyük mükafatın, həyatında baş verən
belə bir önəmli hadisənin sevincini o məhz doğma
kollektivi ilə bölüşdü və ömrünü həsr
etdiyi institutda bu mükafata layiq görülməsini qeyd etdi.
Z.Səfərova işığına yığışan
elm əhli onun zəngin yaradıcılığı, gərgin
iş rejimi, geniş ictimai, təşkilati fəaliyyəti
barədə fikirlər söyləyərək alimi
Ü.Hacıbəyli mükafatına layiq görülən
ilk musiqişünas, ilk
üzeyirşünas alim kimi qiymətləndirdilər. İnstitutun direktoru AMEA-nın
müxbir üzvü Ə.Salamzadə Z.Səfərova şəxsiyyətinə
Azərbaycan sənətşünaslığının,
musiqişünaslığının aparıcı
simalarından biri kimi dəyər verdi.
Alimin Üzeyir Hacıbəyli mükafatına layiq
görülməsini tarixi hadisə adlandıran Ə.Salamzadə,
onun ərsəyə gətirdiyi əsərlərinin
İnstitutun ümumi kitablarının həm say, həm də
əhəmiyyət baxımından böyük faizini təşkil
etdiyini vurğuladı. Ə.Salamzadə eyni
zamanda Zemfira xanımın elmi əsərlərinin
İnstitutun hesabatlarında mühüm nəticə kimi təqdim
edilməsini də nəzərə çatdırdı. İnstitutun
Muğamşünaslıq şöbəsinə rəhbərlik
edən sənətşünaslıq doktoru S.Fərhadova Z.Səfərovanın
nəinki özünə, eyni zamanda musiqişünasların
daha gənc nəslinin nümayəndələrinə olan tələbkarlığının
musiqişünaslıqda yüksək səviyyəni saxlamaq
istəyindən irəli gəldiyini söylədi: "Məhz
bu tələb musiqişünası zəmanəmizin rəmzi
olan Üzeyir Hacıbəylinin çoxşaxəli və
genişmiqyaslı yaradıcılığını
özünün elmi həyatının
"leytmövzusu" qismində seçməyə sövq
etdi. Ü.Hacıbəyli irsinin öyrənilməsinə
verdiyi sanballı elmi töhfələr Z.Səfərovaya Azərbaycan
musiqişünaslığında yaranan elmi istiqamətin -
üzeyirşünaslığın əsasını qoyan
alim adını daşımaq hüququ verir".
Z.Səfərovaya
bütün ömrünü fədakarcasına musiqi elminə
həsr edən alim kimi xasiyyətnamə verən, sənətşünaslıq
doktoru "Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi"
şöbəsinin rəhbəri İ.Köçərli,
onun müraciət etdiyi hər bir mövzuya, elmi
baxışlarla yanaşı, böyük bir sevgi və
hörmətlə yanaşdığını, Azərbaycanın
böyük simaları S.Urməvi, Marağai, M.M.Nəvvab,
Ü.Hacıbəyli, C.Qaryağdı oğlu haqda
yazdığı bütün elmi əsərlərin təməlində
və uğrunda bu sevginin, onların şəxsiyyətlərinə,
yaradıcılıqlarına pərəstişin
dayandığını göstərdi. "Zemfira
xanım Ü.Hacıbəyliyə, Azərbaycanın zəngin
musiqi tarixinə, musiqi elminə həsr etdiyi əsərləri
ilə öz adını da tarixə yazıb" sözləri
ilə İ.Köçərli fikrini tamamladı.
Z.Səfərovanın
Ü.Hacıbəyli mükafatına layiq görülməsinə
həm institutun, həm də elmi ictimaiyyətin həyatında
əlamətdar hadisə kimi önəm verən, alimin rəhbərlik
etdiyi şöbənin aparıcı elmi işçisi
S.Ağayeva, onun son dərəcə məhsuldar və yorulmaz
bir elm araşdırıcısı olduğunu və bu qənaətə
şəxsi müşahidələri nəticəsində gəldiyini
bildirdi. S.Ağayeva Z.Səfərovanın
bütün fəaliyyətinin, gərgin əmək ritminin
şöbənin bütün əməkdaşları
üçün bir nümunə olduğunu, eyni zamanda alimin
uğurlarının da bütün əməkdaşlar
üçün qürur mənbəyi, fərəh
qaynağı olduğunu yığıncaq
iştirakçılarına çatdırdı.
Elmi, tənqidi-publisistik fəaliyyətlə
yanaşı musiqi tariximizi, elmimizi layiqli tədqiqatlarla zənginləşdirə
bilən mütəxəssis yetişdirməyin özü də
ağır və şərəfli bir işdir. Rəhbəri
olduğu dissertant və aspirantların bir-birinin ardınca
keçən uğurlu müdafiələri Zemfira
xanımı tələbkar, məsuliyyətli, həssas və
ciddi elmi rəhbər kimi səciyyələndirir. O
gün Z.Səfərovanın dissertantları da rəhbərlərini
təbrik etdilər.
Toplantıda
Bakı Musiqi Akademiyasının professoru Z.Dadaşzadə
Zemfira xanım haqqında yazdığı yeni kitabını
təqdim etdi və dedi: "Mükafat öz qəhrəmanını
tapdı". Zemfira
xanımın AMEA-nın Üzeyir Hacıbəyli
adına mükafatına layiq
görülməsi məlumatını eşidərkən, məhz
bu ifadəni xatırladım. Alimin davamlı,
zəngin, elmi kəşflər dolu yaradıcılıq həyatında Üzeyir bəy sənətinin,
ideyalarının, prinsiplərinin rolu barədə artıq
danışmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Ü.Hacıbəylinin fiquru alim üçün bir
növ mayak rolunu icra edib, elmi axtarışlarının
vektorunu müəyyənləşdirib. Zemfira xanım
Üzeyir bəy yaradıcılığı müstəvisində Azərbaycanın qədim və
müasir musiqi sənətini görüşdürüb,
bir-birindən sanballı tarixi məsafədə
yerləşən mədəniyyət hadisələrini
tutuşduraraq, onlar arasında
körpülər qurub.
Zemfira xanım geniş nəfəsə malik bir alimdir. O qarşısına
böyük məqsədlər
qoyur və onların gerçəkləşdirilməsi naminə zəhmətə
qatlaşaraq, müəyyənləşdirdiyi marşrutdan bir
an belə sapmayaraq, sonucda real elmi nəticələr əldə
edir. Özü də
həlli üzərində
çalışdığı
məsələlərin
taleyüklü xarakter daşıdığını
aydın dərk edərək, onların icrasında nadir
ardıcıllıq və inadkarlıq sərgiləyir. Z.Səfərova
əsl böyük alimlər kimi müntəzəm
çalışır və həmin səbəbdən onun
bioqrafiyasında baş verən dəyişiklikləri izləmək və qeydə
almaq asan deyil.
Zemfira
xanım barədə yaxınlarda işıq üzü görən
kitabça üzərində çalışarkən
mən bir növ əyani olaraq həmin çətinliklə
üzləşdim. Belə ki, mətn "Şərq-Qərb"
nəşriyyatına ötürüldüyü məqama qədər
və hətta artıq mətbəədə ikən müəyyən
əlavələrin
edilməsi zərurəti meydana
çıxırdı. Amma bütün səylərimə
baxmayaraq, yenə də alimin fəal, mütəhərrik həyatının
son hadisələri
həmin nəşrdən kənarda
qaldı.
Mən, həm də Zemfira xanımı bir müəllim
kimi vəsf etmək istərdim. Onun istedadlı
insanları nəzərdən qaçırmamaq, elmə cəlb
etmək kimi xüsusiyyətləri alimin gələcək barədə
düşüncələrlə yaşadığına dəlalət
edir. Şəxsən məni də elm aləminə
Zemfira xanım dəvət edərək, tədqiqat işimin
səmərəli məcrada yerinə yetirilməsində
öz məsləhətləri ilə daim istiqamətləndirməyə
çalışmışdır".
Zemfira xanımın dissertantı musiqişünas R.Abbasova da elmi rəhbəri haqda dedi: "Zemfira xanımın çox dəyərli bir xüsusiyyəti var: "ikili standartların olmaması". Məhz bu səbəbdən də alimin hərhansı fikri, adətən, son söz kimi qəbul edilir. Geniş biliklər diapazonuna, dəqiq elmi ümumiləşdirmələr bacarığına malik olan alim daim öz müşahidələrilə bölüşməyə hazırdır. Öz həmkarlarının tədqiqatlarını hər zaman dəyərləndirən Zemfira xanım, onlara əldə etdikləri nailiyyətlərlə kifayətlənməyib yeni yaradıcılıq planları üzərində işləyib, irəliyə getməyi tövsiyə edir. Həmkarlarının professional inkişafında maraqlı olması faktının özü, alimin yüksək insani keyfiyyətlərə məxsus elm fədaisi olduğundan xəbər verir.
Zamanın təsdiq etdiyi bir fikir var: "Əgər hərhansı bir işi Z.Səfərova həyata keçirirsə, bu, yüksək səviyyədə olacaq". Onun hər bir tədqiqatı yeni söz, yeni fikir deməkdir. Təsadüfi deyil ki, Azərbaycan musiqi elminin, Azərbaycan musiqisinin tarixini yaratmaq layihəsi məhz Zemfira xanıma məxsusdur. Bu qlobal layihənin uğurla həyata keçirilməsi, onun yüksək peşəkar səviyyədə davamını da şərtləndirir". 2015-ci ildə R.Abbasovanın Zemfira Səfərovanın rus dilində çıxan "Azərbaycanın musiqi elmi" kitabı ilə bağlı yazdığı geniş məqaləsinin Rusiyanın mötəbər "Musiqi akademiyası" jurnalında çap edilməsi xəbəri də toplantı iştirakçılarına çatdırıldı.
Azərbaycan ziyalılarının, alimlərinin parlaq nümayəndəsi olan Zemfira xanım Səfərovanın Üzeyir Hacıbəyli mükafatı ilə təltif edilməsi təkcə Akademiya əməkdaşları deyil, ölkənin musiqişünasları, sənətşünasları tərəfindən də böyük rəğbətlə qarşılandı, genış əks-sədaya səbəb oldu: "Üzeyir Hacıbəyli mükafatı həqiqi sahibinə çatdı". Alimi bu yüksək mükafata layiq görülməsi və ad günü münasibətilə təbrik edirik. Ona sonsuz tədqiqatlarla aşılanan bu çətin və maraqlı həyat yolunda uğurlar diləyirik!
Ülkər TALIBZADƏ
525-ci qəzet.- 2015.- 10 iyun.- S.