Ağayın "Qara Fatma"sı
Qönçə Almaz Ağay (Gonca Elmas Akay) bir neçə
ay bundan əvvəl Bakıya gəlmişdi. Atatürk Mərkəzindəki
görüşümüzdə bütün
aydınlığı ilə hiss etdim ki, Qönçə
xanım yeni nəsil Türkiyə (ümumən türk) ədəbiyyatının
ən intellektual, geniş dünyagörüşlü, vətənpərvər
nümayəndələrindən biridir. Və
bu təbii, gülərüz, simpatik xanımın vətənpərvərliyi
üzdən, yaxud populist deyil, ruhundan, daxilindən, mənsub
olduğu millətin özünəməxsus (və tarixi!)
mentalitetini qürurla daşımasından irəli gəlir.
İstanbulda
artıq üçüncü nəşri
çıxmış "Qara Fatma" kitabını mənə
bağışlayıb dedi ki, bu əsər Mustafa Kamal
paşanın məşhur Qara Fatması haqqında ilk
romandır, onu çoxlu araşdırmalardan sonra
yazmışam.
Təəssüf ki, kitabı elə həmin günlərdə
oxuyub müəlliflə fikir mübadiləsi edə (əslində,
bu dəyərli, istedadla, ilhamla yazılmış romana
görə yazıçını təbrik eləyə) bilmədim.
Oxudum... Və
gördüm ki...
Qönçə Almaz Ağay Qurtuluş
Savaşının ilk qadın subayı (zabiti) Fatma Səhərin
qəhrəmanlıq öyküsünü (hekayəsini)
sonsuz məhəbbətlə, dastanlarla müqayisə ediləcək
bir bədii keyfiyyətdə qələmə
almışdır.
Romanın
qısa, lakin məzmun- münbərəcəli "Ön
söz"ündə müəllif yazır:
"Başlarkən əllərim titrədi. Böyük
bir qəhrəman haqqında layiqiylə yaza bilmək, onu
tarixin tozlu səhifələrindən çıxarıb sizlərlə
görüşdürmək asan deyildi. Müharibə
illərinin yetərli olmayan arxivi qorxmağıma səbəb
olsa da, məni çəkindirmədi. Çünki
türk ədəbiyyatı Qurtuluş Savaşında
çarpışan qadın zabitin həyatından bəhs edən
bir romandan məhrumdu"...
Yazıçının bu mütavaze mövqeyinə
baxmayaraq roman yalnız türk ədəbiyyatı haqqında
danışılan "məhrumiyyət"dən qurtarmaqla
qalmır, həm də (və daha çox!) onu gözəl (və
təkrarsız) bir əsərlə zənginləşdirir zənnindəyik.
Roman Ərzurumun bir kəndində Yusif ağanın ailəsində
sonralar bütün Türkiyədə "Qara Fatma"
adı ilə tanınacaq, tarixə düşəcək bir
qızın doğulmasıyla başlayır. Və bu
qızla birlikdə onun acı, məşəqqətli taleyi də
doğulur. Anasını erkən itirən Fatma
özündən bir neçə yaş kiçik
qardaşlarına analıq etmək məcburiyyətində
qalır...
"...Əvvəllər
qorxmuşdu, ancaq kəndin qadınları ona hər şeyi
öyrətdi. Atası ağaydı.
Üstəlik kənddə çox sevilir və
sayılırdı... Fatma Səhər ev
işlərini öyrəndikdən sonra heç kimsənin
yardımını istəmədi. Çünki
işlərin öhdəsindən gəlməzsə, atası
evlənə bilərdi. Bir gün
atasının qarşısını kəsib "bu evdə əsla
bir başqa qadın görmək istəmirəm" deyəndə
hələ səkkiz yaşındaydı. Zatən bilirdi
ki, atası da anasının üzərinə gül
qoxlatmaz"...
Gələcəyin
Qara Fatması yalnız atasına və qardaşlarına
"ana"lıq eləmir, həm də kişi
kimi böyüyür... "Səhərlər
gün doğmamış qalxar, mal- heyvana baxar, evi təmizlər,
yemək bişirərdi. Hər gün
meşəyə gedib tək başına dolaşmaq, bəzən
içindəkiləri hayqırmaq və güllə
atmağı öyrənmək ona böyük zövq verirdi.
O, kəndin digər qadınları kimi toplaşıb dedi-
qodu eləməkdən həzz almırdı".
Fatma Səhər
gələcək həyat yoldaşı minbaşı
Ezdeşinlə də məhz meşədə tanış
olur. Və çox keçmir ki, onlar adət- ənənə
ilə evlənir, ailə qururlar.
Ancaq bu, adi ailə deyildi. İstiqlal Mücadiləsi
dövrünün döyüşçü ailəsi idi.
Ezdeşin minbaşı cəbhəyə gedir. Fatma da "heç
qadın əsgər yoxdur. "Niyə ki?"
deyə özü özündən soruşdu. Mən əsgər olsam, fənamı olardı?"
düşünüb Ezdeşin ardınca Türkiyənin (və
hər bir türkün) alnına yazılmış müharibəyə
atılır.
Kəndlərindəki, eləcə də qonşu kəndlərdəki
dul qadınları toplayıb yaralı əsgərlərə
qulluq etmək üçün bir komanda yaradıb cəbhəyə
yollanır.
Çox keçmir ki, bu kiçik komanda tədricən
böyüyür...
"Qadınların komandanı Fatma Səhər idi. Yüzlərcə
qadını tək- tək tanımışdı. Kim yaxşı tikiş tikər? Kim azacıq ərzaqdan artımlı yemək
bişirər? Kim yaranı müalicə
edər? Hamısının məziyyətlərini
ayrı- ayrı öyrənmişdi".
Fatma Səhərin sevgili əri minbaşı Ezdeşin
Sarıqamışda - Allahuəkbər dağlarının ətəklərində
ruslarla döyüşərkən həlak olur. Qadın əsgər həm
igid ərinin, həm də Vətənin qisasını
alacağına and içir...
"Nə qədər kafirin ürəyinə neçə
güllə sıxmışdı? Heç
saymamışdı. İçindəki
nifrət hər keçən gün daha da böyüyürdü.
Düşmən öz zibilliyinə dönənə
qədər onların kabusu olmaq qərarında idi".
Fatma savadsız da olsa, artıq kifayət qədər
böyük bir həyat- mübarizə məktəbi
keçmişdi. Ona görə də anlayır ki, vətənin
ağır günündə ona layiqincə xidmət etmək,
düşdüyü acınacaqlı vəziyyətdən
qurtarmaq üçün təkbaşına, yaxud beş- on nəfəri
bir yerə yığmaqla mücadilə aparmaq
faydasızdır. Odur ki, İstanbula getməyi qərara
alır...
"Fatma Səhəri İstanbula sürükləyən
səbəb Mustafa Kamal Paşaya heyranlığı ilə
yanaşı, dövlətin aldığı qərarları
yaxından izləməkdi.
Bütün ümidi aydın görüşlü
olduğuna inandığı Paşayla görüşüb,
dövlət tərəfindən rəsmən vəzifə
almaqdı".
Paşanın
Sivasda konqress keçirəcəyini öyrəndikdə
özünü oraya çatdırır, bütün çətinliklərə
baxmayaraq onunla görüşüb söhbət edir... Və Paşanın məktubu ilə İstanbula
qayıdır.
Onu erməni, yunan qaçaq- quldurları ilə
mübarizə aparmaq üçün kiçik bir dəstə
ilə gizlicə İzmitə göndərirlər. Oğlu Seyfəddinlə
qızı kiçik Fatmanı da özüylə aparır.
İzmit
kəndlərinin düşmən əlində əsir- yesir
qalmış əhalisi ilk günlər Fatma Səhərin
onları müdafiə edə biləcəyinə inanmır,
yaxud onu da növbəti qaçaq- quldur dəstəsinin
başçısı hesab edirlər... Lakin tez
bir zamanda onun və get- gedə güclənən
komandasının nə qədər mübariz, düşməndən
qorxmayan və vətənpərvər olduğunu görüb
ürəklənirlər. "Mən Mustafa Kamalın
Qara Fatmasıyam. Söhbət Vətəndən
gedirsə, qalanı təfərrüatdır" - deyə
düşünən Fatma komandan ordu rəhbərliyində də
cəsur döyüşçü kimi böyük nüfuz
qazanır.
Və ona
uniforma - hərbi geyim verilir...
"Qərargaha
gələrkən hiss etdikləri başqa birinə aiddi sanki.
Atının qulağına əyildi.
- Artıq Fatma Çavuşu daşıyırsan,
Ceyranım. Məsuliyyətin
böyükdür - dedi..."
"Biz türk doğulduq. Türk kimi də
ölməliyik. Qanımıza başqa qan
qarışmamalıdır" deyə düşünən
(və bu sözləri apardığı mücadilənin
şüarı edən) Qara Fatma Ankarada Gül bayramında
Mustafa Kamal Paşa ilə yenidən görüşür,
Paşanın da müşahidə etdiyi güllə atmaq yarışında
qalib gəlir... Və onun dilindən "Müvəffəqiyyətlərinin
davamını diləyirəm, Fatma Teğmen!" təbrikini
eşidir.
Milli mücadilə bitir. Qara Fatma
üsteğmen rütbəsiylə istefaya buraxılır.
Ona xidmətlərinə görə təqaüd kəssələr
də, bundan imtina edir... Və komandandan xahiş
eləyir ki, ona ayrılmış təqaüd Qızıl
Ayın hesabına keçirilsin.
Müharibədən
sonrakı həyat artıq istefada olan Fatma Üsteğmen
üçün "bomboş və qayəsiz idi". Ərini, qardaşlarını, oğlanlarını
Milli Mücadilə cəbhələrində itirmiş
qadın kantuziyalı, bir əlinin barmaqlarını
itirmiş qızı ilə əvvəl Ərzuruma - ata
yurdunu ziyarətə gedir. Oradan da Sarıqamışa -
Allahuəkbər dağının ətəklərinə
gedib ərinin məzarını ziyarət eləyir... Nəhayət, həmişəlik yaşamaq
üçün İstanbula gəlir.
Kiçik Fatma
utandığından məktəbə getmək istəmir,
şoka düşür, dili tutulur və təsadüfən
tapıb qaldıqları evdə anlaqsız vəziyyətdə
yanğın törədir. Onu anasından
zorla ayırıb ruhi xəstəxanaya aparırlar. Qara Fatma küçələrə
düşür, qızına qovuşmaq üçün
yollar axtarır.
Nəhayət, qızını qaçırıb
İstanbul yaxınlığındakı bir kəndə
sığınırlar. Kəndin ağası Qara Fatmanı
yaxşı qarşılayıb ona öz evində xidmətçilik
işi verir.
Özünə gəlmiş, dili
açılmış kiçik Fatma kənddə yaşayan
Qadir adlı bir oğlana ərə gedir. Və onlar
körpə oğulları ilə birlikdə İstanbula
köçürlər ki, işləyib özlərini
saxlaya, normal həyat qura bilsinlər.
Ancaq Qara
Fatmanı (və onun qızı ilə kürəkənini)
gözləyən faciələr, iztirablar hələ qabaqda
imiş...
Kiçik Fatmanın "rəfiqə"si olan, son
yaşadıqları kənddə dostlaşdıqları Kəzban
İstanbula gəlir. Dolanmaq üçün küçələri
dolaşan bu yaraşıqlı qız "qadın
alverçiləri"nin əlinə
keçir. Onlardan qaçıb qurtulmaq məqsədilə
Qadirlə Fatmanın evində gizlənmək istəyən Kəzbanın
arxasınca gələn silahlı adamlar müqavimət
göstərən Qadiri öldürür, Kəzbanı
aparırlar. Müharibədən
qalmış xroniki şejofreniyası olan kiçik
Fatmanın yenidən dili tutulur. Və onu xəstəxanaya
götürürlər.
Teleqraf alan Qara Fatma İstanbula gəlməli olur... Təsadüfən
"qadın alverçiləri"nin (və
kürəkəninin qatillərinin) izinə düşür.
Cəbhədə qazandığı təcrübə ona
kömək edir ki, intiqamını layiqincə alsın...
Körpə
nəvələri Hüseyn Ezdeşin və Safiyə ilə
İstanbulda ev- eşiksiz, pul- parasız qalan Qara Fatma Tamara
adlı xeyirxah bir xanımın bələdçiliyi ilə
Qalatadakı Rus Monastrına sığınmalı olur.
Milli Mücadilə qəhrəmanının Monastrda
olduğunu öyrənən "Yeddi gün" qəzeti
ondan müsahibə almaq qərarına gəlir. Qara Fatma əvvəl
etiraz edir. Sonra isə ürəyinə illər boyu
yığılmış dərdlərini açıb
tökür...
" -
Neçə yaşındasınız?
- Bilmirəm...
Əlli, əlli beş, bəlkə də
daha çox.
-
Dolanışığınızı necə təmin
edirsiniz?
- Bəzən
qonşular yeməklərinin artığını atmayıb
mənə gətirirlər. Bəzən də
nəvələrimin əlindən tutub küçəyə
çıxıram. Onların nəvələrim
olduğunu söyləmədən "Bu yetimlər acdır!
Allah xatirinə kömək edin!" deyirəm.
Verilən üç- beş quruşla
çörək alırıq. Qızım
neçə illərdir ki əsəb xəstəxanasındadır.
Bilmirəm nə edir. Pul
olmadığına görə gedib görə bilmirəm.
Uşaqlar məktəbə getməlidirlər.
İstəyirəm oxusunlar, böyük adam
olsunlar. Yenə də pulsuzluq qarşımı
kəsir.
Ağladıqca
ağladı..."
Müsahibə dərc olunandan sonra Qara Fatma ilə, onun
layiq olduğu səviyyədə olmasa da, maraqlanmağa
başlayırlar. Nəvələrini hökumət himayəyə
alır. Özü isə tamamilə əldən
düşdüyündən Monastrdan xəstəxanaya
köçürülür.
Tamara dövlətin ona "həyatda olduğu müddət
ərzində" alacağı təqaüd kəsdiyi xəbərini
çatdırmaq üçün xəstəxanaya gələndə
artıq Qara Fatma həyatda yox idi. "Qara
ölüm" Qara Fatmanı vətən uğrunda itirdiyi
doğmalarına qovuşdurmuşdu.
Qönçə
Almaz Ağayın bir yazıçı olaraq romandakı ən
böyük ustalıqlarından biri (bəlkə də
birincisi) öz qəhrəmanının - Qara Fatmanın həyat
hekayəsilə Türkiyənin mücadilə tarixinin (və
taleyinin) bir vəhdət, bütöv halında, bir- birindən
ayırmadan təqdim etməsidir. Və tarix düşüncəsi
romanda o qədər güclü, o qədər əyanidir ki,
yalnız "Qara Fatma"nı oxumaqla
Milli Mücadilə tarixinin necə
başladığını, hansı yollardan keçdiyini və
necə sona çatdığını təfsilatı ilə
öyrənmək mümkündür desəm,
düşünürəm ki, səhv etmərəm. Müəllif
bəzən "soyuq" xronikalar verməklə, bəzən
ictimai- siyasi proseslərin təfsilatına varmaqla, bəzən
də tarixə münasibətdə fəlsəfi ümumiləşdirmələr
aparmaqla romanın daxildən tarixiliyini təmin edir, bununla belə
əsərin bədiiliyini arxa plana keçirmir...
"Çəkilən bütün acılar, yoxluqlar,
ölümlər öz vətənlərində haqları
olduğu özgürlük üçün idi. Belə bir qətliam
və işğala boyun əyəcək bir millətmi idi
türk milləti? Babalarının ərməğan
etdikləri əsl qanı kirlədəcək bir güc
varmıydı dünyada? Qaniçən
dövlətlərin kədərli sonlarına tarix dəfələrlə
şahidlik etməmişdimi? Tarix hər
cür zülmə bütünlüklə qarşı
çıxaraq düşmənə həddini bildirən
türk dövlətinə zamanların ən böyük
şahidliyini edirdi. Zalımların kədərli
sonu yaxınlaşırdı. Aylarca
çırpışdılar. Güclərinin
tükəndiyini hiss etdikləri anda aldıqları bir zəfər
xəbəriylə təkrar ayağa qalxır ya da bir şəhərin
məğlub olduğu xəbəri gələndə
mücadilə üçün daha çox hərəkətlənirdilər.
Hər iki vəziyyətdə çiyin- çiyinə,
birlik- bərabərliklə döyüşürdülər..."
Romanda keçmişləri xatırlamalar (bu, əsasən,
əsərin qəhrəmanına aiddir) yalnız mühüm
yer tutmur, həm də mətnin bədii keyfiyyətinin
yüksəlməsinə xidmət edir. Qara Fatma tez-
tez, xüsusilə çətin vəziyyətlərə
düşəndə uşaqlıq dövrünü.
Atasını, anasını, ərini, qardaşlarını, oğullarını
xatırlayır və bu zaman onları, artıq həyatda
olmasalar da, canlı kimi təsəvvür edir,
doğmalarından mənəvi- ruhi güc, enerji alır, daha
böyük inamla döyüşə, mübarizəyə,
mücadiləyə atılır, yaxud mütəəssir
olur.
Və həmin
xatırlamalar romanın bədii strukturunu
kompaktlaşdıran, birikdirən, ona xüsusi emosional ritm-
intonasiya verən poetik manevrə çevrilir...
"Kiçik Fatma özünü biləli ilk dəfə
anasıyla uzun müddətdə bir yerdə olmağın
sevincini yaşayırdı. Anası acı- acı inləyəndə
yanına qaçır, sarıqlı yerlərini
oxşayırdı... Fatma Səhər də
Süleymanın doğumunda qışqıran anasının
yanına gedib onun acısını bölüşmək istəmiş,
ancaq atası onu buraxmamışdı. Heç
unutmadığı o gecənin peşimanlığı hər
zaman ürəyində daş kimi ağırdı.
Kaş gedəydi, kaş ki, ölümündən qabaq
anasının üzünü son dəfə görüb
öpəydi... Kiçik Fatma onu oxşarkən o gecəni
xatırlayıb acı- acı gülümsəyirdi..."
Əsərdə "Dədə Qorqud" eposunun dastan təhkiyəsini, poetik sintaksisini xatırladan məqamlar kifayət qədərdir. Məsələn:
"Kiçik Fatma gözlərindən sicim kimi yaşlar axarkən, anasının yanına gəldi, qolunun altına girdi. Dağlanan yaraları ipisti dodaqlarıyla bir- bir öpdü. Qızının göz yaşları yanıqların üzərinə axarkən onun saçlarını oxşadı.
"Bunlar əhəmiyyətsiz yaralardı, göz bəbəyim. Ocağı qalayarkən yandırdım. Heç ağrımadı, sən üzülmə".
Anasına sarıldı kiçik Fatma. O bilirdi ki, anası uzun zamandır heç ocaq qalamamışdı"...
Yaxud:
"Kəndlinin könül razılığıyla verdiyi, halal etdiyi bir loxma çörək yemək varkən, çalıb- çaparaq qursağına haram loxma soxmaq insanlıqdan sayılırmı? Əl qədər körpənin ruzisini oğurlarkən ürəyiniz yanmadımı heç? Torpağıma göz qoyan kafir bir yana, öz qanımdan olan adamların bunu etməsini heç həzm edə bilmərəm..."
Romanın dil- üslub texnologiyalarını mükəmməlləşdirən göstəricilərdən biri də onun zəngin (və təravətli!) frazeologiyasıdır:
"Nuh demiş, peyğəmbər deməmişdi", "axırdakı süd verən inəkdən fərqimmi var ki, söz haqqım olsun?", "qurbanlıq qoyun kimi başı önündə getdi atasının yanına", "xatirələr gözümün önündə bir- bir rəqs edərkən", "aclıqla boğuşan xalq", "qeyb olub getdi arvadının gecə gözlərində", "süd tökmüş pişik kimi boyun bükərlər", "qurdlar süfrəsinə yem olmalarına icazə verməzdi", "acısıyla, düşüncələriylə boğuşaraq", "tapsam bir qaşıq suda boğacam onu" və s.
Və bir daha o fikrimizə qayıdıb təkrar etmək istəyirik ki, Qönçə Almaz Ağay "Qara Fatma"sı ilə türk ədəbiyyatını məzmunlu, təsirli gözəl bir romanla zənginləşdirmişdir.
Nizami Cəfərov
525-ci qəzet.- 2015.- 11 iyun.- S.7.