ZÜLMƏT OLMASA...

 

Bütün aləmləri öz işığına qərq edən Günəşdən soruşdular:

 

- Bu qədər əzəmətin, bu qədər işığın ola-ola, nədən batmaqla, qeyb olmaqla barışıb qaranlığa meydan verirsən?

 

Günəş cavab verdi:

 

- Yenidən doğulmaq, yenidən işıq saçmaq üçün!

 

- Belə "oyuna" ehtiyac varmı?

 

- Var. Gözlə görülən "əbədilərin" dəyişməməsi adamı yorur, bezdirir. Hətta, dəyişməzsə, həyatın təkamülünü öhdəsinə götürən işıq da bu sırada qərar tutar. Hər şeyin, hər kəsin qiyməti, dəyəri onun hansı dərəcədə arzu olunması ilə bağlıdır. Zülmət olmasa, işıq arzulanmaz...

 

HƏDİYYƏ

 

İlk dəfə əl tutduğumuz gündən sevdaya düşmüşdük, əllərim əllərini sevmişdi. Xoşbəxt gələcək bu tutuşdan, bu sevgidən başlamışdı. İllər uzunu ürəklərimizdə, yaddaşlarımızda qorunan bu sevgi hissi iki insanın arasındakı körpü kimi iki misraya çevrilmişdi.

 

Bayram günüdür. Yəqin məndən hədiyyə gözləyirsən - ən qiymətli, ən orijinal hədiyyə. Mən də mənəm... Çox düşünüb-daşındım. Nə hədiyyə edim ki, Sənin könlüncə olsun. İllər öncəsi Sənə hər cür güldən, hər cür zinət əşyasından qiymətli olan bir hədiyyə seçmişdim. O vaxt bərk sevinmişdin.

 

Ənənə köməyimə çatdı. O, misilsiz hədiyyəni yenidən Sənə təqdim edirəm. Zənnimcə, hədiyyəm ürəyincə olacaq. Qatlanmış açıqcamı , oxu. O misralar mənim dodaqlarımla pıçıldayacaq:

 

Sənin əlin torpaq, mənim əlim dən,

Su içdi, göyərdi əlim əlindən...

 

SIFIR HAQQINDA  ƏMİR  MÜƏLLİMİN DEDİKLƏRİ

 

Coğrafiya müəllimi Əmir Mehdiyevin əziz xatirəsinə

 

Əmir müəllim hesab, riyaziyyat elmindən uzaq adam idi. O, coğrafiya fənnindən dərs deyirdi. İnsafla danışsaq, coğrafi bilgiləri şagirdlərə yaxşı mənimsətmişdi. Bu sahədə əməyi hədər getməmiş, müəyyən mükafatlarla dəyərləndirilmişdi. Bununla belə, o, camaat arasında riyaziyyata müdaxiləsilə məşhurlaşmışdı. Əmir müəllim cəmi bir rəqəmlə riyaziyyatın sərhəddini pozmuşdu. bu uğurlu pozuntu müəllimin "0" (sıfır) rəqəmi haqqında dediklərini yaddaşlara həkk etmişdi.

 

Özü Əmir müəllim ov nişangaha gələndə atəş açan "ovçulardan" idi. Bu səbəbdən "heybəsi" həmişə dolu olardı. Deyəcəyini fikir orbitinə çıxarmaq məqamı yetişəndə o, ədəbiyyatı, fəlsəfəni, coğrafiya elmini köməyə çağırardı. Gərəkli aksioma üçün ancaq riyaziyyatın "gərəksiz" bir rəqəminə üz tutardı:

 

- A bala, uzaq durun bu 0-dan. "0" (sıfır) dediyin elə bir bədzad rəqəmdir ki, onu hansı rəqəmə vurursan-vur, yenə öz halına - "0"a salacaq.

 

Əmir müəllim riyaziyyatçı olmasa da, deyimində yanlışlığa yol vermirdi. Nədənsə onun bu deyimini əsasən yumor kimi qəbul edirdilər. Dəxli yoxdur, Əmir müəllim üz tutduğu fikri üzə çıxarana qədər "0"-dan əl çəkəsi deyildi.

 

Günlərin birində ondan soruşdum:

 

- Əmir müəllim, "0"-ı hər hansı rəqəmə vuranda "0" alındığını hamı bilir. Sizi qayğılandıran nədir ki, bu "0" məsələsindən əl çəkmirsiniz. Elə hey "0"-ı yada salır, adamları nədənsə çəkindirməyə çalışırsınız?

 

Əmir müəllim əlini üzünə çəkib hikmət sahibi kimi dilləndi:

 

- Məqsədim sizi qorumaq, sizi ayıltmaqdır. O qədər rəqəm xasiyyətli adam var ki... Xüsusilə, "0" təbiətli adamlar daha çoxdur. İstəyim budur ki, belələrindən kənar olasınız. "0" təbiətli adamlarla dostluq edənlər axırda "0"-a bərabər olurlar.

 

- Atanıza rəhmət, ay Əmir müəllim. yaxşı bu sirli hikməti vaxtında açdınız. "0" təbiətli bir adamın məsləhətləriylə əyilə-əyilə az qala "0"-a çevrilmişdim...

 

 

Qərib Mehdi

525-ci qəzet.- 2015.- 12 iyun.-  S.7.