"Almaniya bir rəssamın gözü ilə" "Kapellhaus"da sərgilənib

 

 -Azərbaycan Mədəniyyət Birliyində azərbaycanlı rəssamların əsərlərindən ibarət "Almaniya bir rəssamın gözü ilə" adlı səkkizinci sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Dövlət Rəssamlıq Akademiyası, Qız qalası rəsm qalereyası, Berlin-Bakı rəsm qalereyası digər şirkətlərin sponsorluğu ilə təşkil olunub. İştirakçıları qonaqları salamlayan Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib. Azərbaycan gənclərinin geniş bacarıq istedada malik olduğunu vurğulayan diplomat diqqətə çatdırıb ki, budəfəki sərgidə 60 rəsm əsəri nümayiş olunur. Səfir bütün rəsmlərin ayrı-ayrılıqda ustalıqla işləndiyini bu rəssamlarla qürur duyduğunu bildirib.

 

"Almaniya bir rəssamın gözü ilə" sərgi-müsabiqəsində ilk üç yerə layiq görülən rəsm əsərlərinin müəllifləri Almaniyaya pulsuz səfər etmək hüququ qazanıblar. Digər iştirakçılara isə hədiyyə sertifikat təqdim olunub.

 

Səfir Haydrun Tempel tədbirdə çıxışı zamanı iki gün sonra Bakıda start götürəcək ilk Avropa Oyunlarına da diqqət çəkib. Bu mötəbər idman tədbiri münasibətilə hər kəsi təbrik edən almaniyalı diplomat "Bakı-2015"-i idman aləmində çox önəmli tarixi hadisə kimi dəyərləndirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 12 iyun.-  S.7.