Azərbaycan
tarixşünaslığının misilsiz məxəzləri:
"Kitabi-Dədə Qorqud" və
"Gülüstani-İrəm"
"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan ərazisində
dövlətçilik tarixinin dəqiqləşdirilməsinin
tarixi məxəzlərindən biridir.
Təqdim edilmiş məqalə "Kitabi-Dədə
Qorqud" eposu işığında Azərbaycanın elmi
tarixinin təkmilləşməsinə yönəlmiş
silsilə məqalələrimizdəndir. Məqalənin digər məqsədi
- Azərbaycan
tarixçilərinin diqqətini Abbasqulu ağa Bakıxanovun
"Qafqazın Şərq hissəsi" tarixi -
"Gülüstani-İrəm"
əsərinin tədqiqat konsepsiyasına istiqamətləndirməkdir.
Məlumdur ki, A.Bakıxanovun qədim dövrlərdən
XIX əsrin əvvəlinə qədər Qafqazın şərq
hissəsinin tarixinə həsr edilmiş kitabı Çar
Rusiyası EA akademikləri M.F.Brosse və B.Dorn tərəfindən
çox yüksək qiymətləndirilmişdi. Akademiyanın Tarix-Filologiya
Bölməsinin 16 may 1845-ci il tarixli iclasının protokolunda
qeyd edildiyi kimi, "akademiklər M.F.Brosse və V.Dorn
bakılı polkovnik Abbasqulu ağa Bakıxanovun
yazdığı "Qafqazın Şərq hissəsinin
tarixi" haqqında çox maraqlı məlumat vermişlər:
"Orada (A.Bakıxanovun kitabında - Z.Q.) müxtəlif
coğrafi yerlər haqqında çox mühüm məlumatlar
və ən qədim dövrlərdən bizim günlərə
qədər Şirvanın və Dağıstanın tarixinin
elmi icmalı verilir, beləliklə, onun kitabı Qafqaz ölkələrinin
tarixinə və coğrafiyasına qiymətli əlavə ola
bilər, heç şübhəsiz, kitab diqqətə və
bəyənilməyə layiqdir".
Azərbaycan tarixi ilə bağlı bir sıra konkret məsələlərin
mübahisəli olmasını nəzərə alaraq məqalədə
istifadə etdiyimiz "tarixi məxəz"
anlayışı haqqında məlumat verməyi məqsədəuyğun
bilirik. Belə
ki, "tarixi məxəz" anlayışının məlum
olduğu kimi, müxtəlif məna parametrləri var. Ən
geniş mənada "tarixi məxəz" keçmiş
haqqında məlumat daşıyıcısı olan maddi və
mənəvi abidələrinin məcmusunu əhatə edir. Arxeologiyadan musiqişünaslığa qədər
elmlərin tədqiqat obyekti olan bu abidələr vəhdət
və bütövlükdə ayrı-ayrı xalqların
coğrafi, siyasi, etnik, dil və mənəvi mədəniyyətinin
müxtəlif sahələrini ehtiva edən mənzərəni
yaradır.
Tarixi məxəzlərin müəyyən qismi
yazılı şəkildə mövcuddur. Yazılı irs
- xüsusən qədim dövr və Orta əsrlərin
müxtəlif formalara malik məxəzləri məzmunlarının
özünəməxsus ensiklopedizmi, rasional və
irrasionalın - fantastika və mifin ehtivası və dəyər
meyarlarının subyektiv və obyektivliyinin vəhdəti ilə
səciyyələnərək cəmiyyət tarixinin obyektiv bərpası
üçün əvəzedilməzdirlər.
Tarixi
öyrənərkən yazılı məxəzlərə səciyyəsindən
asılı olmayaraq, istər müxtəlif rəsmi sənəd,
(müqavilə, fərman, hesabat və s.), dini abidə (əvvəlcə
şifahi, sonra isə yazılı şəkildə təsbit
edilmiş), istərsə də coğrafi, ədəbi, tarixə
dair və s. əsərlər olsun istinadın elmi əhəmiyyəti
və aktuallığı inkaredilməzdir. Tarixi
coğrafiyanı, siyasi, etnik və mədəni tarixi, o
cümlədən, Azərbaycanın qədim və orta əsrlər
tarixini təsvir və təfsir edən Azərbaycan
tarixçiləri məlum olduğu kimi, "Gilqameş"
(Bilqamıs) dastanına", Qurana, Tövrat, İncil,
"Odisseya", Nizaminin "Xəmsə"si,
eləcə də tarixə dair yunan və erməni müəlliflərinin
yazdıqları çoxsaylı tarixlə bu və ya digər
şəkildə bağlı əsərlərə müraciət
ediblər.
Elmi ədəbiyyatda tarixi məxəzlər arasında
tarixi informasiya daşıyıcıları kimi xarakterizə
olunan mühüm milli-tarixi hadisələrdən bəhs edən
geniş mənzum və ya mənsur rəvayətlər, təhkiyələr
və ümummilli tarixi əhəmiyyətə malik hadisələri
təsvir edən dastanlar xüsusi yer tutur.
Türk xalqlarının mühüm milli-tarixi hadisələrindən
bəhs edən oğuz-türk dilində Azərbaycanda
yaradılmış "Kitabi-Dədə Qorqud" (bundan
sonra KDQ) dastanı da artıq uzun əsrlərdən bəri
yazılı irsə daxil olmuş bu dastanlar sırasına
daxildir.
Əvvəlcə
folklor əsəri kimi meydana çıxmış KDQ
dastanı məzmun, forma və mədəniyyət tarixlərindəki
əhəmiyyətinə görə sonradan qələmə
alınan Şərq və Qərb mənəvi mədəniyyət
tarixinin analoji dastanları kimi,
yazıda təkamül nəticəsində müəyyən
forma və məzmun sabitliyi qazanaraq o da digər yazılı
məxəzlər kimi, maddi və mənəvi tarix
haqqında özünəməxsus tarixi informasiya
daşıyıcısına çevrilmişdir.
Lakin fikrimizcə, Azərbaycan
tarixşünaslığında tarixi məxəz kimi KDQ dastanının
potensial imkanlarından hələ də lazımınca istifadə
olunmayıb.
Məlumdur ki, KDQ dastanının müəyyən dərəcə
salnamə üslubunda Şimali Azərbaycan (Qafqaz
Albaniyası) ərazisində ictimai toplum şəklində
yaşayan oğuz türklərinin dili, mentalitetlərini formalaşdırmış
dinləri, etik təsəvvürləri, digər qonşu
etnos və din nümayəndələri ilə
qarşılıqlı münasibətləri, siyasi strukturu,
sosial-iqtisadi münasibətləri və nəhayət, bu
toplumun sərhədləri, sərhədlərin mühafizəsi,
vassalları və s. haqqında məlumat verir.
Qeyd etməliyik
ki, Azərbaycan ərazisində dövlətçilik tarixinin
dəqiqləşdirilməsinin tarixi məxəzlərindən
biri kimi KDQ dastanının yerinin elmi müzakirələri
zamanı Azərbaycanın bəzi peşəkar tədqiqatçıları,
o cümlədən, tarixçiləri tərəfindən
KDQ dastanı tarixi məxəz kimi qəbul edilmirdi. Tarixi məxəz kimi, KDQ dastanına
inamsızlığın səbəbi, dastanın bədii əsər
- dastan statusu və fantastika və mistika elementlərini ehtiva
etməsi göstərilirdi.
Məhz
bununla əlaqədar məqaləmizi ümumiyyətlə
dastanlara və o cümlədən, KDQ dastanına
tarixşünaslıq məxəzi kimi müraciət
olunmasını əsaslandırmaqdan başladıq və Azərbaycanda dövlətçilik
tarixinin tədqiqində tədqiqatçıların tarixi məxəz
kimi KDQ dastanına qarşı iddialarının elmi cəhətdən
qeyri-obyektivliyini sübut etməyə
çalışacağıq.
Müasir
Azərbaycan Respublikası ərazisində vaxtilə
xanlıq formasında
Oğuz-Türk dövlətçiliyi olduğunun etirafı və
ya təkzibinin Azərbaycan-Alban dövlətçiliyi ilə
yanaşı Oğuz-Türk dövlətçiliyinin
tanınmasının Azərbaycan tarixi və Azərbaycan mədəniyyət
tarixinin təfsirinə ciddi dəyişikliklər edə biləcəyini
və bu sahədə çoxsaylı
saxtalaşdırmaların üzə
çıxarılmasında əhəmiyyətli ola biləcəyini
nəzərə alaraq, biz yenə də artıq neçənci
dəfədir ki, tədqiqatçıları KDQ
dastanının məlumatlarını ciddi elmi müzakirə
etməyə çağırırıq.
Təkrar
edirik ki, KDQ dastanında Şimali Azərbaycan ərazisində
yığcam (kompakt) şəkildə yaşamış
oğuz-türklərin etnik mənsubiyyəti, sosial və
siyasi ierarxiyası, mentaliteti, dini-dünyagörüşü
təsəvvürləri barədə dəqiq məlumatlarla
yanaşı, oğuzların dövləti və bu dövlətin
mövcudluğunun sübutu olan - Oğuz
Xanlığının sərhədləri də göstərilib.
Sərhədlərdən biri, dastana görə, oğuzlara hər
il bac-xərac verən Gürcüstan
dövləti ilə olan sərhəddir. KDQ dastanına
görə, bu sərhəd xəttində Gəncə və
Bərdə şəhərləri yerləşirdi ki, dastanda
göstərildiyi kimi, burada Oğuz Xanlığının sərhədlərini
qorumaq üçün oğuz bahadırı Bəkil öz
adamları ilə birlikdə qərarlaşdı (Bax: KDQ
dastanının İmranın oğlu Bəkil haqqında fəsli;
"Kitabi-Dədə Qorqud" Ensiklopediyası, C.1, s.138). İkinci sərhəd, yenə də eposa görə,
Dəmir Qapı Dərbənddən keçirdi.
Tədqiqatçılar qarşısında həmin
dövlətin nə zaman mövcud olduğunu müəyyənləşdirmək
vəzifəsi durur.
Azərbaycan
tarixinə dair əsərlərdə göstərildiyinə
görə, VI-VII əsrlərdə Alban katolikosu iqamətgahı
(551-ci il) və Alban
çarlığı paytaxtı (630-cu ildən) Bərdədə
yerləşirdi. Deməli, belə olduqda bu dövrdə Bərdə
oğuzlara məxsus ola bilməzdi və Bəkil
Bərdədə Oğuz xanlığının sərhəddini
qoruya bilməzdi. Məntiqə əsasən,
Qafqaz ərazisində Oğuz-Türk Xanlığı VI-VII əsrlərdən
ya əvvəl, ya da sonra mövcud olmuşdur.
Fəqət, bu xanlığın həmin dövdən
sonra mövcudluğunu Azərbaycanın orta əsrlər
tarixi haqqında nisbətən ətraflı məlumatlar
vermiş istər ərəb, istərsə də erməni
tarixçilərinin qeydlərinin olmaması istisna edir.
Dastanın islamaqədərki dövr ərzində
yarandığını isə onda oğuz- türklərin
sosiomədəni həyatı haqqında verilmiş hərtərəfli
məlumatlar sübut edir. Onun yaranma dövrünün qədimliyini
dastanda təsvir olunmuş cəmiyyətin səciyyəsi ilə
bərabər, onun Qərbin "Nibelunqlar haqqında nəğmə",
"Roland haqqında nəğmə" və s. bu kimi məşhur
orta əsr dastanları ilə müqayisədə dini
ideologiyanın təsirinə, daha az dərəcədə
məruz qalması da təsdiq edilir. Şərqi
Qafqaz ərazisində alban dövlətçiliyinə qədər
Oğuz Xanlığının olub və ya olmaması və
bu xanlığın zamanı və digər parametrləri
haqqında suallara Azərbaycan arxeoloqları və dil
tarixçilərinin tədqiqatlarının nəticələrinin
dastanda əks olunmuş mədəniyyətlə, xüsusən
onun şamanlıq və totemizm ilə bağlı layları
ilə müqayisəsi nisbətən qəti cavab verə bilər.
Xatırladaq ki, dastanda oğuzların cəmiyyət
və dövlətinə Qam oğlu Qam (Şaman oğlu
Şaman) Bayandur xan başçılıq edirdi.
Cənubi
Qafqaz tarixinin bir çox problemlərinin mübahisəli
olduğuna rəğmən, təəssüf ki, tarixi məxəz
olan KDQ dastanının Şimali Azərbaycan ərazisində
xanlıq formasında qədim Oğuz-Türk dövlətinin
mövcudluğu haqqında verdiyi məlumatlar, bölgənin
həm siyasi, həm də mədəni tarixinin təfsirini
müəyyən dərəcədə dəyişdirə
biləcək bu günədək ciddi elmi
araşdırmaların obyekti olmayıb.
Bunu və KDQ dastanının mötəbər tarixi məxəz
olmasına inamsızlığı nəzərə alaraq, zənnimizcə,
Azərbaycan tarixçilərinin KDQ dastanında Oğuz
Xanlığının mövcud olması barədə məlumatların
düzgünlüyünə olan şübhələrinə
bir daha qayıtmaq məqsədəuyğundur.
2009-cu ildə
AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında bu
problemin müzakirəsi zamanı yuxarıda deyildiyi kimi, bəzi
Azərbaycan tarixçiləri dastanda mifologiya və fantastika
elementlərinin təzahürü və dastanının ədəbi
əsər olmasını qeyd edərək onda verilən məlumatların
mötəbərliyini sinxron eyni vaxtda yazılmış tarixi
əsərlərdə olan məlumatlarla təsdiq olunması
vacibliyini qeyd etdilər. (Hərçənd bu
cür sərt tələb, məlum olduğu kimi, onlar tərəfindən
istifadə olunan bütün digər tarixi məxəzlərə
qarşı heç də irəli sürülmürdü).
KDQ dastanında yazılmış məlumatların
sinxron yazılı tarixi məxəzlərədə öz təsdiqini
tapmasına gəldikdə, təbii, bu məxəzləri
tapmaq tarixçilərin problemidir. Bircə onu qeyd edə
bilərəm ki, Oğuz Xanlığının mövcud
olduğu dövrü müəyyənləşdirməmiş,
tarixçilərin bu xanlığın mövcudluğunu o
dövrdə yazılmış tarixi məxəzlərlə
təsdiq etməsi tələbinin məntiqi əsası
yoxdur.
Bununla əlaqədar hörmətli tarixçilərimizə
xatırlatmaq yerinə düşər ki, onların qədim və
erkən Orta əsr Qafqaz və Azərbaycan tarixinin tədqiqi
zaman istifadə etdikləri yazılı tarixi abidələrin
məlumatlarının obyektivliyini həmişə də digər
abidlərlə sinxron təsdiqini verməyiblər. Bu məxəzlərin
mötəbərliyini müəyyənləşdirmək məqsədilə
zamanca eyni və ya yaxın dövrdə mövcud olan tarixi məxəzlərlə
onların müqayisəli təhlili hələ ki,
aparılmayıb.
Deyilənlər, ilk növbədə, Azərbaycan
tarixçilərinin klassik məxəz kimi qəbul etdikəri
erməni və alban tarixinə dair əsərlərə
aiddir və əksər tədqiqatçılar buna əsaslanaraq
Azərbaycanın elmi tarixini yaratmağa cəhd göstərib
və göstərirlər. Lakin Azərbaycan
tarixçilərini nədənsə tarixi məxəz kimi
yalnız KDQ dastanında mifoloji və fantastik məzmunlu məqamlar
həyəcanlandırır.
Deyilənləri nəzərə alaraq, Azərbaycan
tarixçilərinə Azərbaycan tarixini təsvir və bərpa
edərkən əsərlərinə son dərəcə
geniş isnad etdikləri müəlliflərin - Moisey
Kalankatlı və Favstos Buzandın kitablarına müraciət
olunmasını təklif edirik.
Favstos
Buzandın "Ermənistan Tarixi" adlı əsərindəki
dolaşıq və əsaslandırılmamış məlumatlar
tanınmış Azərbaycan tarixçiləri tərəfindən
nəinki özlərinin fundamental monoqrafik tədqiqatlarında,
həm də "Azərbaycan tarixi"nin
müxtəlif illərin akademik nəşrlərində, o
cümlədən, onun sonuncu 7 cildlik nəşrində dəfələrlə
təkrarlanır. Burada Azərbaycandakı etnogenetik proseslər
izah edilən zaman, yeri gəlmişkən, yalnız Favstos
Buzandda rast gələn etnik vahidlərin "poxlar",
"balasiçlər" kimi adlarından istifadə olunduğunu
görürük (qulağa xoş gəlsin deyə bəzi
müəlliflər həmin adları, müvafiq olaraq,
"puxlar", "paxlar", "balasisilər" və s.
kimi verirlər).
Azərbaycan
və Qafqazın etnoqraf və tarixçilərindən
adları çəkilən etnik vahidlərin
mövcudluğu, onların dili, ərazisi, sosial və mənəvi
həyatı barəsində məlumat alınması, bu
etnonimlərə digər tarixi əsərlərdə
onların rast gəlib-gəlmədikləri haqqında hər
hansı əlavə məlumatın eşidilməsi Azərbaycan
və bütövlükdə Qafqaz xalqlarının etnik
tarixi üçün zəruridir.
Azərbaycan
tarixçilərinin Favstos Buzandın "Ermənistanın
tarixinə" istinadları ilə bağlı onların diqqətinə
çatdırmağı məqsədəuyğun hesab edirik
ki, tarixçilərimizin mötəbər yazılı tarixi
məxəz kimi ciddi-cəhdlə qəbul etdikləri Favstos
Buzandın "Ermənistan tarixi" adlı əsər, erməni
alimlərinin yazdıqları kimi, ilkin olaraq "Povest" və
ya "Hekayələr" adlanırdı, yenə də erməni
tarixçiləri, yazırlar ki, Favstos Buzandın "Ermənistan
Tarixi" deyilən əsəri fantastik uydurma və
möcüzələrin şərhi ilə doludur. Belə ki, F. Buzandın əsərinə giriş məqaləsinin
müəllifi olan N.S. Xaçikyan göstərir ki, heç
bir yazılı məxəzlərə malik olmadan
"...tarixçi F.Buzand erməni xalqının zəngin
folkloru, əfsanə və rəvayətləri, matəm
mahnıları və epik dastanlarından, o cümlədən,
"Fars müharibəsi" dastanından geniş istifadə
edib".
Oxuculara və eyni zamanda, hörmətli tarixçilərə
Moisey Kalankatlının "Aluank ölkəsinin tarixi"ndən
bəzi məlumatları xatırladaq. Ola bilsin, bu məlumatlar
Azərbaycanın növbəti tarixini hazırlayarkən
tarixçiləri öz elmi mövqelərinin, xüsusilə
KDQ dastanına münasibətlərinin
düzgünlüyü üzərində düşünməyə
məcbur edə.
Belə ki, "Aluank ölkəsinin tarixi"nə
müqəddimədə Adəmdən başlayaraq Nuha qədər
albanların nəsil şəcərəsi verilir və bunun
arxasınca Bibliya rəvayətləri əsasında (I kitab,
I- II fəsillər) Yafət və onun nəslinin şəcərəsi
gəlir. I kitabın IV fəslində oxucuya bəşər
övladının yaranışından "Yafətin nəvə-nəticələrindən
Aran adlı birisinin" dünyaya gəlməsinə qədər
baş vermiş hadisələrdən xəbər verilir:
"...onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar
knyazlıqlarının tayfaları törəyib".
Möcüzə və fantastik əfsanələrlə
adı çəkilən əsərin I kitabının VII,
X, XXIII fəsillərində, II kitabının V, VI, XVI, XXIX və
b. fəsillərində, həmçinin "Vəftizçi
İohannın vicdanlı başı haqqında..."
adlı Əlavədə tanış ola bilərsiniz.
M.
Kalankatlının əsərindən müəyyən məqamları
şərh edən, onun tərcüməçi və şərhçilərindən
biri, erməni tarixçisi Ş.Smbatyan yazır
: "Beləliklə, əminliklə demək
lazımdır ki, Movses Kalankatlı
məlumatlarını onun dövründə çox
yayılmış, zaman dolandıqca bir çox təfərrüatını
itirmiş və nəzərəçarpacaq dəyişikliklərə
məruz qalmış şifahi rəvayətlərdən əxz
edirdi".
Yenə də
Moisey Kalankatlının "Aluank ölkəsinin tarixi"
abidəsinin nəşrinə ön sözdə Ş.Smbatyan
yazır : "... o, (M.Kalankatlı), özündən əvvəlki erməni tarixçilərinin
- Movses Xorenatsi,Yeqişe, Lazar Parpetsi və Petros Sünetsinin əsərlərindən,
həmçinin bir sıra erməni katolikoslarının -
Güt Araxezatsi (461-478), İohannes Qabelenatsi (557-574), Abraham
Albatanetsi (607-615), Maştots Yeliardetsi (897-898) və b.
yazılarından, müxtəlif dastan və əfsanələrdən,
övliyaların tərcümeyi-halından geniş istifadə
edilib."
Lakin KDQ
dastanının, dastan olması və fantastik məqamları,
görünür,
Azərbaycan mütəxəssislərində orada
deyilənlərə şübhə və inamsızlıq
yaradır. KDQ-dəki folklor və mifoloji məzmunlu
məqamlara şübhə və inamsızlıqla yanaşan
Azərbaycan tarixçiləri erməni və alban
tarixşünaslığının məlumatlarının
mötəbərliyinə isə qeydsiz - şərtsiz
inanırlar və analoji səciyyəli erməni
xalqının əsərlərinin mötəbərliyi
şübhə altına alınmır.
Gətirilən problemlər barədə dəfələrlə
yazmışam, lakin bugünədək yazdıqlarımız
cavabsız qalır.
Təqdim
edilmiş məqalədə biz Azərbaycan və başqa
ölkələrin tarixçilərinin diqqətini yalnız
KDQ dastanına deyil, həm də, mübaliğəsiz, əsəri
dünyanın hər bir xalqının tarix elminin qürur
obyekti ola bilən, Azərbaycanın məşhur
tarixçi və mütəfəkkiri Abbasqulu ağa
Bakıxanovun əsəri "Gülüstani-İrəm"ə
- "Qafqazın Şərq hissəsinin tarixi"nə
yönəltməyi zəruri hesab edirik.
Postsovet
Azərbaycanının tarix elmi nümayəndələrinin Azərbaycan tarixinin
yeni tədqiqat metodologiyasını, onun yeni
konsepsiyasını, intəhasız axtarışlarını
nəzərə alaraq Abbasqulu ağa Bakıxanovun
özündə yüksək elmiliklə yüksək tolerantlığı
birləşdirən tarix konsepsiyasını xatırlatmaq istərdik.
Əsərdən, elmi fənn kimi tarixin konsepsiyasının əsasını təşkil edə biləcək bir fraqment gətiririk. "Gülüstani-İrəm"ə ön sözündə A.Bakıxanov yazırdı:
"Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə tayfaların gediş-gəlişi və istilası üzərində həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət asarı məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da bu məsələləri layiqlə izah etmir. "Bununla bərabər, "öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz" kəlamının məzmununca bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, (bütün bəşəriyyəti vahid ailə, Yer kürəsini isə ümumi vətən sayaraq) millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.
Səciyyəvidir ki, ön sözdə A.Bakıxanov istifadə etdiyi çoxsaylı məxəzlərə toxunaraq, xüsusi olaraq vurğulayır ki, "Başqa millətlərdən heç birinin tarix kitabları da bu məsələləri layiqlə izah etmir". Bu sətirlər sanki KDQ dastanının gələcək tədqiqatçılarına ünvanlanmışdır.
Qaldırılan məsələlərin müzakirəsinin, elmi aktuallığı ilə yanaşı, çoxaspektli mənəvi-siyasi əhəmiyyətinin inkaredilməzliyini nəzərə alaraq onların yəni dövlətçilik tariximiz, etnogenezimiz və tarixşünaslıq konsepsiyamız ilə bağlı ciddi müzakirəsinə hələ də ümidimi itirmirəm.
Zümrüd
QULUZADƏ
Fəlsəfə
elmləri doktoru,"Şərq fəlsəfəsi problemləri"
jurnalının Baş redaktoru
525-ci qəzet.-
2015.- 12 iyun.- S.6