Özünü vətənə oxşadan şair

 

YUSİF NƏĞMƏKARLA ÜZ-ÜZƏ

 

 

 

Ona şeir aləmində ilk xeyir-duanı böyük şairimiz Rəsul Rza verib. “Ədəbiyyat və incəsənət” qəzetində şeirlərinə “Uğurlu yol” yazıb. İndi onun səsi qardaş Türkiyədən, şeir müsabiqələrindən, təntənəli poeziya-musiqi məclislərindən gəlir. Lap bu yaxınlarda “Çanaqqala” poemasına görə keçirilən poeziya yarışmasında birinci mükafata layiq görülüb. Amma Azərbaycanda-öz vətənində ona və şeirlərinə olan sayğılar daha çoxdu. Şeirlərinə mahnılar bəstələnir və bu gün onlarla bəsit mahnı mətnlərini utandıra biləcək qədər urvatlıdı o mahnılara yazılan şeirlər.

 

Şeirə könül verdiyi gündən dərk edib ki, dünyanın ən zərif, ən incə sənəti məhz poeziyadır. Burada -bu aləmdə əbədi sakin olmaq üçün İSTEDAD lazımdır və bu istedadı qoruya bilmək, onu daim cilalamaq bacardığı... və o, iyirmi yaşından altmış yaşına qədər bu mənəvi yükün əzabına, əziyyətinə qatlaşmağı bacarıb.

 

Onun bir şair kimi formalaşmasında, şeirin çətin yollarında cürətlə addımlamasında Xalq şairi Bəxtiyar Vahabzadənin böyük rolu olub. Söyləyir ki, Bəxtiyar poeziyası onun üçün məktəb olub, bu məktəbdə şeiri necə yazmaqdan tutmuş nədən yazmağa, mətləbi hansı bədii formalarla ifadə etməyə, sözü şeirə, şeiri poeziyaya sevirməyə qədər çox şeylər öyrənib. Bəxtiyar müəllmin vəfatından sonra o, təxminən iki min beş yüz misralıq “Bəxtiyar” poemasını yazdı. Bu poema Azərbaycanın XX əsrdə yetirdiyi bir poeziya nəhənginə həsr olunan ilk və hələlik sonuncu poemadır. Lirik-epik səpgidə olan bu poema təkcə Bəxtiyar poeziyasına və onun şəxsiyyətinə böyük məhəbbətin ifadəsi deyil, həm də həyatı təzadlar içində keçən bir millət fədaisinin bizə nisbətən  az məlum olan tərcümeyi-halının bəzi məqamlarını da açıqlayır.

 

Nəhayət, o şairin adını çəkirəm: Yusif Nəğməkar. 60 yaşı tamamdır. Mübarək olsun!

 

Yusif Nəğməkar (Yusif Məhəmməd oğlu Mədətov) Beyləqanın I Aşıqlı kəndində, dindar bir ailədə dünyaya göz açıb.

 

Azərbaycanın hər bir bölgəsindən, rayon və kəndindən şair də, rəssam da, musiqiçi də yetişib və Beyləqan da istisna deyil. O çöllükdən, o düzənlikdən, təbiəti bir az xəsis olan o məkandan da tanınmış şairlər, bəstəçilər, incəsənət adamları, elm və maarif xadimləri  yetişib və Yusif Nəğməkar da belə bir torpağın yetirməsidir. APİ-nin Filologiya fakültəsini bitirəndən sonra altı il o rayonda müəllimlik edib. Və sonra Bakı həyatı. Üz tutub Azərbaycan Radio və Televiziya Şirkətinə, ştatdankənar müxbirdən böyük redaktorluğa qədər bir yol keçib. İlk kitabı 1984-cü ildə çapdan çıxıb: “Sazın işığında”. Mən bilmirəm, məlumatım yoxdu, onun doğulduğu kənd-Aşıqlı- doğrudanmı aşıq məskəni olub? Mən Beyləqandan tanınmış  bir aşıq çıxdığını eşitməmişəm, amma onu bilirəm ki, Yusif özünə bica yerə “Nəğməkar” təxəllüsü seçməyib. Əvvəla, onun şeirlərinin əksəriyyəti nəğmə ahəngindədir, yəni şeirləri ritm və melodiya ilə nəfəs alır, ikincisi Yusif xeyli mahnı mətnlərinin müəllifidir, üçüncüsü, o, Azərbaycanın və qardaş Türkiyənin ən məşhur müğənniləri ilə dostluq edir (misal üçün İbrahim Tatlısəslə, Niyaməddin Musayevlə), dördüncüsü, özü, heç bir ustada-müəllimə ehtiyac duymadan saz çalmağı öyrənib və insafən, onun sazda ifa elədiyi havalar neçə konsert salonlarında səslənib və alqışlarla qarşılanıb. Deməli, qismən də olsa, “Nəğməkar” təxəllüsünü niyə seçməyi aydınlaşır. Amma bu yazıda mən Yusif Nəğməkarın gözəl ifaçılığından yox,  qısaca da olsa, şair kimi özünəməxsusluğundan söz açmaq istəyirəm.

 

Çünki o, ilk növbədə başdan-başa şair doğulub.

 

Onun belə bir şeiri var: “Mən Vətənə oxşayıram”.

 

Gözlərimdən həsrət baxır,

Mən Vətənə oxşayıram.

İçimdən qara qan axır,

Mən Vətənə oxşayıram.

 

Ağ günüm qara bağlanıb,

Gümanım hara bağlanıb?!

Vücudum Qarabağlanıb,

Mən Vətənə oxşayıram.

 

Bənzərim yaz-qışı bir az

Otu bir az, daşı bir az...

Alnımın qırışı-Araz,

Mən Vətənə oxşayıram.

 

Sinəm-daim alovlanan...

Çiynimdə ən ağır zaman!..

Ayağım -çən, başım-duman.

Mən Vətənə oxşayıram.

 

Qızıl hikkəm, göy cəngim var,

Yaşıl məslək ahəngim var-

Bayrağımtək üç rəngim var,

Mən Vətənə oxşayıram.

 

Bu şeiri niyə misal gətirirəm? Özünü Vətənə oxşatmağın bu və ya digər çalarlarını başqa şairlərin şeirlərində də izləmişəm. Hətta ritorik şəkildə “Mən Azərbaycanam!” deyən şairlər də az olmayıb. Kimin haqqı var, kimin haqqı yox, bu nidanı eşitdirməyə, onunla işimiz yox.  Amma Yusifin bu şeiri doğrudan da onun yaradıcılığı ilə tamamilə həmahəng səslənir. Yəni onun şeirləri də, poemaları da qışqıraraq yox, çox sakit və bir az da ciddi ahəngdə “Mən Azərbaycanam!” deyir. Onun “Alın yazım”, “Bəsirət gözəli”, “Qələm səsi” kitablarında həmin nidanın müxtəlif variasiyalarda səsləndiyini eşidirik. O, ustadı Bəxtiyar Vahabzadə kimi azərbaycançıdır və azərbaycançı şairin ruhunda nə varsa, onu poeziyanın ruhuna çevirməyə can atır.Onun şeir və poemaları tarixi planda götürülsə, ən qədim -ulu çağlardan günümüzün həqiqətlərinə qədər yol gəlir. Qədim türk -Atilla, Babək, Dədə Qorqud yolu keçib Nizamiyə, Füzuliyə, Nəsimiyə, Səttarxana, Sabirə, Mirzə Cəlilə, Üzeyirbəyə, Çanaqqalaya, Cavidə, Repressiya qurbanlarına,20 Yanvar şəhidlərinə, Səməd Vurğuna, Rəsul Rzaya, Bəxtiyara, Ulutürkə, Məmməd Araza qədər - bir sözlə, Azərbaycanın və türk dünyasının zəfərlə, qəhrəmanlıqla, faciə və sarsıntılarla, bədii dühaların yaratdığı ölməz söz abidələri ilə özünəməxsus bir bədii salnamə yaratmağa cəhd edir. Bu millətin övladı kimi səhvlərimizi də, tarixdən məlum faciələrimizi də yada salmağı unutmur.

 

Poeziya ilə tarixin, bunların hər birinin funksiyası bir-birindən fərqlidir və o şey ki, tarixçi izah edir, şairdə o izah yoxdur. Qədim dövrün yazıçısı Lukan deyirdi ki: “Şeirin və poetik əsərlərin vəzifələri bir başqadır, tarixininki isə, bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o, ilahi bir qüdrətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir”. Məsələn, Babək hərəkatından söz açanda tarixçi heç zaman deməz ki, “Onun (Babəkin haqq yürüşündə Əsrlər tapdalanıb, Gələcək yanğısıyla Keçmiş oda qalanıb. Azadlıq deyənlərin, Beyinləri qan olub, Yüz illər bir an olub. O, Babək sürətiydi. O müqəddəs sürətə Biz əl qata bilmərik. İgidliyin, ərliyin Babək zirvəsinə hələ çata bilmirik”. Bunu ancaq şair deyər.Poeziya məhz igidliyin, qəhrəmanlığın obrazını yaradır və Yusif Nəğməkarın da şeir və poemalarında bu xətt aparıcıdır.

 

Yusif Nəğməkar çox məhsuldar işləyir. Bu “məhsuldar” sözü Sovet dönəmində çox işlənirdi. Amma sözə, poeziyaya bağlı olan, həyatını onsuz təsəvvür etməyən bir şair üçün bu söz heç də yasaq deyil. Təki ortada özünü, indiyə qədər yazdıqlarını geriləməyən, aşağılamayan nümunələr olsun. O, hər şeydən yazır, amma təsirlənib yazır. Övladları olmayan ər və arvad bir oyuncaq mağazasının qarşısında “yandılar için-için. Axı nə alaydılar Körpəsiz bir ev üçün?!”. Atasızlığın, anasızlığın qəmli anlarını yaşayır:

 

Ata, göz yaşlarım soyuduğundan

Bu soyuq yağmurdan solubdu torpaq.

Torpaqda anamla uyuduğundan

Anamız, atamız olubdu torpaq.

 

Yol çəkən gözlərim məni saraldıb,

Hanı ocağımın şöləsi, hanı?!

Bu dərd köynəyimi yaman daraldıb,

Gizlədin anamın paltarlarını.

 

Palıd dözümündən yazır. Həmin o palıd ki, “Tufan əsərdi başında İldırımlar ona xoşdu”. Amma o palıd “Dözsə də şimşək qılınca; Dəli gurşada, yağışa Palıd tablaya bilməyib. Tək bircə soyuq baxışa”. Uşaq qəbirlərinə baxır və kövrək bir şeir yaranır: “Qəbirlərin ən böyüyü uşaq qəbridir-Uşaqlar böyümədən öldüyü üçün”. Parçalanmış Azərbaycanın bir olacağı günü gözləyir: “Araz xalı-ulduzlu Ay, Qoşa Nura arama tay, Birləşməsə o tay-bu tay, Ondan Azərbaycan olmaz”. “Yedək” şeirində bu sözü yozmağa çalışır: “Gözü çıxarmadan qaşı qayıran Yedəksiz ağıl da min deyil, təkdi. İnsanı özündən çəkib ayıran Bir şeytan əli var-o da yedəkdi”. “Koroğlu parkında kaman çalınır” şeirini onun ən uğurlu şeirlərindən biri sayıram.  Bir soyuq havada bir kasıb adam kaman çalır. Qəpik-quruş qazanır. Koroğlunun ruhu oda qalanır. İgidlik, qəhrəmanlıq simvolu və ehtiyacın möhtaca döndərdiyi bir fəqir. Paradoks deyilmi? Yusif Nəğməkarın şeirlərində bir motiv də bax elə, dünyanın bu zalım təzadlarıdır.

 

Dostlarının, sevdiyi insanların qəfil ölümü onu sarsıdır. Səxavət Məmmədov üçün yazır: “Təbiətən şair idi Təbiətin Səxavəti”. Qarabağ mövzusunda şeirləri də ürək yanğısından, torpaq itkisindən doğur. Kəlbəcərin erməni işğalçılarından azad olunmuş bir kəndində güllə-mərmi yağışından salamat qurtarıb yurdu tərk etməmiş itlə qarşılaşır bir döyüşçü. İt onu görəndə dəli bir sevinclə oynayır, ulayır, qürrələnir. “Sədaqət anlayan, doğmalıq qanan Keçməz ormanından, qaçmaz düzündən. Öpərəm vəfalı bir dostum kimi Yurdu tərk etməyən itim, gözündən”. Onun lirik qəhrəmanı sevgisində dəyanətlidi. Belə deyir: “Həyatı onunçün sevirəm ki, mən Səndən özgəsini sevə bilmərəm”. Sevgidə vəhdət axtarır, yəni hərcayi münasibəti rədd edir.

 

Mən təkcə sevgini bölə bilmirəm.

 

Bu misra onun sevgi şeirlərinin axarını təyin edir.   

Onun poemaları da ayrıca söhbətin mövzusu ola bilər. “Vəslin edamı” keçmiş və gələcək zamanları birləşdirən bir məhəbbət tarixçəsidir. “Sizli” poema-anımı ustad Rəsul Rzaya həsr edilib.

 

İşıq, nur küçəsi,

Qürur küçəsi,

Yefim Saratov küçəsi.

Mənzil iyirmi bir.

İri pəncərəli otaq,

Rəsul Rza,

             mən,

bir də iyirminci əsr.

Bu sehirli dünyada

        dünyanın ürəyi çırpınır,

zamanın dizləri əsir.

Burda gecələyir

          yer üzünün

          hər dərdi, qovğası.

 

“Şər Şənbə” poemasını 20 Yanvar şəhidlərinə həsr edib. Təsirli poemadır. Poetik ruh etibarilə B.Vahabzadənin “Şəhidlər”i ilə səsləşir.

 

Yusif Nəğməkar hər vəzndə yazır. Amma heca onun ilhamına daha uyarlıdır. Amma hansı vəzndə yazırsa-yazsın dili pəltəkləmir, bəzən nisbətən uzun görünsə belə (bu, ən çox həcmi uzun şeirlərdə nəzərə çarpır), oxucunu düşünməyə, şeirdə ifadə etmək istədiyi fikrin axarına çəkib apara bilir.Mən onun şeirlərindəki orijinal təşbehlərdən, metaforalardan söz açmadım. Şeir sənətinin texnologiyasını, şairin şairliyini açıqlayan onlarla təzə bədii təsvir vasitələri ilə qarşılaşarsınız onun şeirlərində.

 

Bir sözlə, qırx illik poeziya yolunda o, bu şirin əzabları qatlaşıb və bu yazıda da o əzabları yada saldıq.

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2015.- 13 iyun.- S.28.