Yaşam fəlsəfəsi
(Əvvəli ötən şənbə
sayımızda)
Müsəlman elmi ənənəsində humanitar
“inanan” düşüncə tərzi özünün spesifik
prinsiplərinə əsaslanaraq məntiqi təfəkkürə
qarşı çıxır. “İnanan təfəkkür”ün
aksiomatik əsasını nüfuz prinsipi təşkil edir.
Buna görə də bəzi tədqiqatçılar
belə təfəkkürü avtoritar təfəkkür
adlandırırlar. Belə
çıxır ki, müsəlman elminin “əslində fərqləndirici
cəhəti avtoritar və rasional əsasların birləşməsindən
ibarət olan vahid metod səciyyələndirir”.
Tədris üsullarının müxtəlifliyi haqda nə
demək olar?
Bu və ya digər tədris üsulunun
özgünlüyü öz ifadəsini nədə
tapırdı? Professor H.Quliyev göstərir
ki, bu suallara cavabı həm bilik sahəsinin öz xüsusiyyətlərində,
həm də müəllimin fəaliyyətində, onun şəxsiyyətinin
keyfiyyətlərində, yəni məhz müəllimin
nüfuzunu şərtləndirən amillərdə axtarmaq
lazımdır.
Misal
üçün dəqiq elmlər sahəsində İbn əl
Hasan (965-1039), ( Avropada “Alhasan”, və ya “Alqazen” adı ilə
tanınır) optika sahəsində 7 cildlik monoqrafiyası
Avropa elminə, xüsusi ilə Pocer Bekonun, Leonardo da
Vinçinin, İohan Keplerin və hətta İsaak Nyutonun
inkişafına təsiri böyük olmuşdur. İbn əl Hasanın “Optika kitabı” uzun müddət
Avropa elmi düşüncəyə təsiri böyük
olmuşdur. “Göz işıq
şüalandırmır, obyektlərdən gələn
şüaları qəbul edir” fikrini ilk dəfə o
demişdir. Onun bu kitabı və digər əsərləri
belçikalı elm tarixçisi George Sartona (1884-1956) əsas
vermişdir ki, onu “dahi müsəlman fiziki və optika sahəsində
bütün zamanların isə ən böyük tədqiqatçısı”
kimi xarakterizə etsin. 1572 - ci ildə
latın dilində “Optika kitabı” Bazeldə sərgidə təqdim
edilmişdir.
Qərb alimləri etiraf edirlər ki, Kopernikin göy
cisimlərinin hərəkəti ilə bağlı
aldığı elmi nəticələr ondan qabaq Nəsrəddin
Tusi tərəfindən söylənilmişdir. Üstəlik,
qərblilərin etirafına görə Aristoteli və digər
qədim yunan filosoflarının əsərlərinə onlara
İslam mədəniyyəti yenidən vermişdi. Bizi əhatə edən havanın təzyiqinin
olduğunu ilk dəfə İbn al Haysam söyləmişdir.
Onlarla belə misallar çəkmək
mümkündür. Bəs onda səbəb nədir ki,
İslam dünyası (57 ölkə və 1450 milyon insan) bu
gün elm və tərəqqidə bu qədər geri
qaır? Maraqlıdır, İslam
dünyasında elm tənəzüllə uğrayanda Qərb
dünyasında müasir təbiətşünaslıq
elminin tərəqqisinin səbəbi nədır?
Yuxarıdakı qısa şərhdən
göründüyü kimi, müsəlman dünyası bəşəriyyətin
inkişafında cərəyan edən hadisələrdə
obyekt yox, subyekt kimi iştirak edib və orta əsrlərdə
havayı çörək yeməyiblər...Bəs necə
oldu ki, bu cür bünövrəsi olan mədəniyyət və
elm ocaqları bu gün çox miskin görünür?
MÜASİR
İSLAM DÜNYASINDA ELM
“Hər
bir xalq nə qədər təhsilli və vətənpərvərdirsə,
onda filosofluq etmək də bir o qədər asandır; buna
görə də dövlət üçün həqiqi
filosoflara malik olmaqdan böyük səadət yoxdur”.
Rene Dekart
Fizika sahəsində
Nobel mükafatı laureatı pakistanlı Əbdüs Səlam
“İdeallar və gerçəkliklər” kitabında
yazır:
“Orta əsrlərdə elmin ağırlıq mərkəzi
İslam dünyasında idi”. Yuxarıda qeyd edildiyi
kimi o zamanlar İslam aləmi dünyada cərəyan edən
hadisələrdə obyekt kimi yox, subyekt kimi
çıxış edirdi. Konstantinopolun fəthi
buna bariz misaldır. Ancaq son 5 əsrdə
İslam dünyası geriləyərək, dünyəvi
proseslərin obyektinə çevrilibdi.
Qərbdə elm iqtisadiyyata güclü təkan verir. İslam
dünyasında elmin iqtisadiyyata təsiri zəifdir. Qərbdə elm güc sayılır, müsəlman
ölkələrində bu düşüncə də zəifdir.
Qərbdə elmdən iki əllə, Şərqdə
isə bir əllə, özü də bir ölkədə
sağ, digərində sol əllə yapışırlar.
XXI əsr elmə, texnologiyaya əsaslanır.
İslam dünyasında bu elə də hiss olunmur. Elmi müəssisəyə rəhbər İslam
dünyasında təyin olunur, Qərbdə isə
seçkiylə müəyyənləşir. İslam aləmində gənclər elm dalınca
getməyə çox da həvəs göstərmirlər.
Orta əsrlərdən fərqli olaraq bu gün
dünyada gedən bütün proseslərin subyekti Qərbdir.
Bu təzadlar Şərqdə elmin geri
qalmasına əyani misallardır.
Geriliyi aydın görmək üçün son 200 ildə
bəşəriyyətin keçdiyi iki sənaye inqilabına
diqqət yetirmək kifayətdir. Bu inqilabların birincisinin
möcüzəsi maşını, gəmini, təyyarəni
və s. hərəkətə gətirən mühərrikdir.
İkinci inqilabın möcüzəsi isə
intellektual gücümüzü artıran kompüterdir.
Nə birinci, nə də ikinci inqilabın bərqərar
olmasında və bu möcüzələrin
yaradılmasında İslam dünyası iştirak edə
bilməyib.
ÇAĞIRIŞLAR
“Bütün elmlərin açarı sual işarəsidir”.
Onore de
Balzak
“Sənaye inqilabının və onun möcüzələrin
yaradılmasında Şərq niyə iştirak edə bilməyib”
kimi suallar çoxdur. Bunun kimi bir çox suallara amerikalı kimyaçı,
1999- cu ilin kimya üzrə Nobel mükafatı alan
misirli Əhməd Zevayl “Gələcəyə addımlar”
kitabında da cavab axtarır.
Əhməd
Zevaylın sualları
“Gələcəyə addımlar”
kitabında Əhməd Zevayl yazır: “Mənim
doğulduğum ölkə - ilk insan sivilizasiyalarından
birinin vətəni olmuş, nəsillərin əvəzlənməsində
yaradıcılıq və öyrənmə ruhunu qoruyub
saxlamışdır.
Altı
min ildən çox tarixi boyu Misir fasiləsiz inkişaf
etmiş, müxtəlif mədəniyyətlərin cizgilərini
özünə hopdurmuşdur: firon sülalələri
erası, Ptolomeylər erası, Roma və xristian, indi də
müsəlman və kopt mədəniyyətləri
eraları. Özümə suallar verirəm: misirlilərə
nə olub? Niyə Misir inkişaf etmiş ölkə ola bilmir? Ölkələrə və
xalqlara yüksəlişlərin və tənəzüllərin
xas olduğunu nəzərə alsaq, Misir öz şöhrətli
günlərinə qayıdacaqmı? Başqa ölkələr
- Hindistan, Çin, Cənubi Koreya bir çox sahələrdə
böyük tərəqqiyə nail olmuşlar. Bəs Misir niyə
nail olmasın?”
Abd-üs-Səlamın
çağırışı
XX əsrdə
müsəlman aləminin yetişdirdiyi nəhəng alimlərindən
biri də 1979-cu ildə fizika üzrə Nobel mükafatı
almış Abd-üs-Səlam da bu sualları yaşayıb və
çıxış yolunu bütün müsəlman dövlətlərinin
başçılarına, din xadimlərinə, zəngin insanlara
müraciət etməkdə görüb və onlara elmə
kömək üçün çağırış edib:
“...ona
görə yox ki, bu, bizim müqəddəs kitabımızda
Allah tərəfindən buyrulub, ona görə yox ki, bunu Həzrəti
Peyğəmbərimiz bizə məsləhət görür,
ona görə yox ki, elm iqtisadiyyatdır, elm gücdür, elm
silahdır. Ona görə ki, Qərb alimləri
qarşısında xəcalət tərimizi silək. Bizlər hətta xəstələnəndə
onların “aspirin”indən, “pensilin”indən istifadə edirik”.
Təbii sual: biz xəcalət tərimizi niyə silə
bilmirik?
Əbdüs
Səlam “İdeallar və gerçəkliklər” kitabında
geriliklə bağlı fikirlərini belə ifadə edir:
“1980-ci ildə Dünya Bankı tərəfindən nəşr
olunmuş və təhsil alanların əhalinin içində
faizini göstərən statistik göstəricilərə
baxsaq görərik ki, İslam ölkələri nəinki
inkişaf etmiş, hətta inkişaf etməkdə olan
ölkələrin orta səviyyəsinə çatmaq
üçün xeyli yol qət etməlidir. İslam ölkələrində
təbiət elmləri və humanitar elmlər sahələrində
təhsil alan tələbələrin
sayı haqqında dəqiq və etibarlı mənbələr
olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə
görə, humanitar elmlərə nisbətən təbiət
elmlərində vəziyyət daha acınacaqlıdır.
İnkişaf etmiş ölkələrin normalarına əsasən,
orta hesabla 1/4 və 1/3 arasında dəyişən sayda təbiət
el-mlərində təhsil alan - üstəlik,
çox aşağı səviyyədə tələbəmiz
var.
Beləcə,
çox az sayda müsəlman dəqiq elmləri
öyrənir. Bizim işimiz tələbələrimizi
məktəbdə daha çox dəqiq və texniki elmləri
öyrənməyə sövq və təşviq etməkdən
ibarət olmalıdır. Buna nail
olmaq üçün məktəblərdə dəqiq elmlərin
tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə
və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və
bəlkə də ən əsası gənc tələbələr
və şagirdlər arasında qabiliyyətli və
istedadlı olanların itib-batmaması üçün
onların təşviq edilməsi vacibdir. Sırf
maddi çətinliklər üzündən belə itkilər
çox tez-tez baş verir. Ailələr
elmdə karyera sahibi olmaq üçün uzun illərin
lazımi xərclərini ödəyə bilmirlər”.
Bu fikri
Ə. Zevayl da vurğulayır:
“Ölkə iqtisadiyyatının bütün sahələrində
texniki bazanın dəstəklənməsi üçün
texniki məktəblərin həm sayı, həm də
nüfuzu artırılmalıdır”.
Bu fikri bizim inkişafımız üçün də
zəruridir.
Fərrux
Səlimin çağırışı...
Müsəlman Şərqində elmin bugünki vəziyyəti
tək alimləri yox, cəmiyyətin qabaqcıl
ziyalılarını da düşündürür. Beş il
öncə dostlardan biri elektron poçtla mənə
pakistanlı jurnalist Fərrux Səlimin “Ayılın!”
araşdırmasının nəticələrini göndərmişdi.
Nəticələr çox acınacaqlı vəziyyətdən
xəbər verirdi. Çünki tarixi
geriləmənin nəticələri faktların dili ilə
aydın göstərilirdi. “Ayılın!”
-dan bir neçə tezisi diqqətinizə
çatdırıram:
Əhalisi
1,4 milyard olan müsəlman dünyası
təqribən 10 Nobel mükafatı alıb, ancaq əhalisi
13-16 milyon olan yəhudilər 180-dən çox;
Xristian əhalisi
üstünlük təşkil edən ölkələrdə
əhalinin 40 faizi ali məktəblərdə təhsil
alır, müsəlman ölkələrində isə bu
göstərici təqribən 2 faizdir ;
Müsəlman
ölkələri orta hesabla ÜDM-in 0,2
faizini, xristian dünyası isə 5 faizini elmə və
inkişafa sərf edirlər;
İslam coğrafiyasında 1 mln əhaliyə 230 nəfər
alim düşür. ABŞ-da isə 1 mln əhaliyə 5000 alim;
Pakistanda
hər 1000 nəfər əhaliyə 23 gündəlik qəzet,
Sinqapurda 460 qəzet düşür və s. və bunun kimi.
Pakistanda yüksək texnoloji məhsulun eksportu ümumi
eksportun cəmi 0.9 faiz təşkil edir. Bu göstərici
aparıcı ərəb ölkələrində 0.2-0,3 faizdir. Ancaq Sinqapurda ekspotrda
yüksək texnologiyanın payı 68 faizdır.
Bu cür
arqumentləri təhlil edərək Səlim Fərrux
üç acı və ağır nəticəyə gəlir:
1. Müsəlmanlar
elmi bilik istehsal edə bilmirlər;
2. Müsəlmanlar
elmi bilikləri yaya bilmirlər;
3. Müsəlmanlar
elmi bilikləri tətbiq edə bilmirlər.
Bu
ümumiləşmələr o ölkələrə aiddir
ki, onlara Hz.Məhəmmədin nəsihəti belədir: “Mənim
ümmətimdən hər bir ağıl sahibinə bu
dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək,
yaymaq və ona əməl etmək”.
Xəcalət
tərimizi silmək üçün Fərrux Səlim
“Ayılın” məqaləsinin sonunda müsəlman əhaliyə
müraciət edir:
“Öyrənin
və uşaqlarınızı öyrədin, bilikləri
yayın, ədəbsizliyə güzəştə getməyin,
uşaqlarınızın təhsilinin keyfiyyətini diqqətdə
saxlayın (və Allah xatirinə uşağınızın
təhsil almasına kömək üçün şəxsi
əlaqələrinizdən, pulunuzdan istifadə etməyin:
onları təhsil almada müstəqil və namuslu əməyə
öyrədin). Biz dünyanın ən
çoxsaylı, ən güclü toplumlarından biriyik.
Bizə lazım olan ancaq budur: öz səhvlərimizi və zəifliyimizi
etiraf edək. Bizim qələbəmizin təminatı
bizim biliyimizdə və
yaradıcılığımızdadır”.
Məhəmməd
Əmin Rəsulzadənin təvəqqesi
Məmməd
Əmin Rəsulzadə də 102 il öncə
“Şərq-Rus” qəzetinin 2 may 1903-cü sayında
Qafqazın müsəlman əhalisinə
çağırış edib:
“Qafqazın müsəlman əhalisindən ümumi, Bakı əhlindən xüsusi təvəqqi edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd) tutmasınlar”. M.Ə.Rəsulzadə hələ o zaman böyüklük, ağsaqqallıq edərək bizə doğru yol gösərərək təvəqqe edir ki, uşaqlarınıza təhsil verin. Amma hələ biz ayılmamışıq, uşaqlarımıza pulla qiymət yazdırırıq.
M.Ə. Rəsulzadə iki həftə sonra həmin qəzetin 15 may sayında keçmişə yox, gələcəyə baxmağa üstünlük verir:
“Bəli, bir para əhli - mariflərimiz yeri düşəndə köhnə islam mədəniyyəti ilə təfaxür edirlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər”. Yeri gəlmişkən M.Ə.Rəsulzadə irsini çoxcildlik halında bizlərə təqdim edən professor Şirməmməd Hüseynova öz minnətdarlığımı bildirirəm. Bəli, orta əsrlərdə İslam dünyası dünya elminin mərkəzi olub. Ancaq indi bu sahədəki acınacaqlı vəziyyət göz qabağındadır.
(Ardı
var)
Şahlar
ƏSGƏROV
Professor,
Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 13 iyun.- S.27