İrqçiliyin eybəcər sifəti
Adamları dərinin rənginə görə deyil,
könülün rənginə görə ölçün.
Dara-filosof
Adamlar
irqlərə bölünmürlər, irqlər adamlara və
adam olmayanlara bölünürlər .
Boris
Şapiro-alman fiziki və şairi
(Əvvəli
ötən şənbə sayımızda)
Yəhudilər altı ölüm düşərgəsinə
gəlib çıxanda onları əzabverici təcrübələr
gözləyirdi. Auşvits-Birkenaunun komendantı Rudolf Hess bunu belə təsvir
edir: “Biz dustaqları daşıyan nəqliyyatın gəlişini
yoxlamağa borclu olan iki SS həkiminə malik idik. Dustaqlar bir-bir həkimlərin qarşısında
addımlamalı idilər, gəzişəndə həkimlər
onların eyibləri barədə qərar verməli idilər.
İşə yarayanlar düşərgənin
içərisinə göndərilirdi. Digərləri
isə birbaşa ölüm fabriklərinə
aparılırdı. Yeniyetmə
yaşında olan uşaqlar işləməyə qadir
olmamalarına görə fərqinə varmadan məhv edilirdilər.
Auşvitsdə biz qurbanları bu fikrə
düşmək üçün aldatmağa
başlamışdıq ki, onlar müəyyən yoxlama
prosesindən keçməlidirlər. Əlbəttə,
çox vaxt onlar bizim həqiqi niyyətimizi anlayırdılar
və biz həmin faktı yerinə yetirmək
üçün bəzən bunlarla və çətinliklərlə
üzləşirdik”.
Auşvitsə gələnlərin 30 faizə
yaxını əmək düşərgələrinə
göndərilirdi, qalanları isə qaz kameralarına
yollanırdı. Onlar qazla boğulub
öldürüldükdən sonra, bədənlər
krematoriyada yandırılırdı. Qurbanların
malları və hətta onların bədənləri iqtisadi
fayda götürmək üçün istifadə edilirdi.
Qadınların saçları
qırxılır, yığılıb döşəyə
və ya parçaya çevrilirdi. Bəzi
sakinlər həmçinin qəddarcasına və
ağrılı “tibbi” eksperimentlərə məruz
qalırdılar. Almanlar 5-6 milyon
arasında yəhudi öldürmüşlər, onların 3
milyondan çoxu ölüm düşərgələrində
həyatla vidalaşmışdır. Polşanın,
Baltik ölkələrinin və Almaniyanın yəhudilərinin
faktiki olaraq 30 faizi məhv edilmişdi. Bütövlükdə,
Holokost hər üç Avropa yəhudisindən ikisinə
yaxınının ölümünə görə məsuliyyət
daşıyır. Ona görə də
Holokost dünya tarixində ən dəhşətli hadisələrdən
biri hesab olunur.
Holokostun digər növləri də mövcuddur. Natsistlər
gülləməklə, ac qoymaqla və ya taqətdən salan
bir zəhmətə cəlb etməklə ən azı 9-dan
10 milyona qədər adamın qəsdən ölümünə
görə də məsuliyyət daşıyırlar. Çünki natsistlər həmçinin Avropa
qaraçılarını, yəhudilər kimi yad qan
daşıyan irq hesab edirdilər, kökləri kəsilmək
üçün onlar ardıcıl olaraq həbs edilirdilər.
Avropanın 1 milyon qaraçısından 40 faizə
yaxını ölüm düşərgələrində
öldürülmüşdü. “İnsan
olmayan” slavyan xalqlarının aparıcı elementləri -
keşişlər, ziyalılar, mülki liderlər, hakimlər,
hüquqşünaslar və kommunistlər həbs edilir və
qəsdən öldürülürdülər.
Güman edilir ki, üstəlik, 4 milyon nəfər polyak,
ukraynalı və belorus öz həyatlarını natsist
Almaniyası üçün qul əməyi nəticəsində
itirmişlər və ən azı 3-dən 4 milyonadək
Sovet müharibə əsirləri əsirlikdə
öldürülmüşdülər. Natsistlər
həmçinin homoseksualistləri təqib etmək
üçün seçirdilər. Onlardan minlərlə
adam həmçinin həbs düşərgələrində
həyatlarını itirmişdilər.
Natsistlər yəhudilərin Holokostunu həyata
keçirməklə tarixdə görünməmiş bir
cinayət, əsl vəhşilik nümayiş etdirmişdilər. Lakin bu,
başqalarının da günahını ört-basdır etməməlidir.
Bəzi xalqlar da öz mövqeyi və ya
laqeydliyi ilə bu cinayətin törənməsinə əslində
kömək etmişlər. Məsələn,
polşalılar özlərini Holokostun “lal şahidləri”
hesab edirlər, lakin bu heç də belə deyildir.
Holokost baş verən dövrdə yüz min polyak qarətçilərə
çevrilmişdi. Axı Polşada yaşayan
üç milyon yəhudinin əmlakı heç də qeybə
çəkilməmişdi, praktiki olaraq bütünlüklə
qarət edilmişdi. Bu əmlakın
yalnız kiçik, ən qiymətli hissəsi Almaniyaya çatmışdı,
qalan hər şeyi isə polyaklar mənimsəmişdilər.
Yəhudi dustaqlar cərgə ilə küçədə
addımlayanda, onları müşahidə edən polyak
avaralar qışqırırdılar: “
Ayaqqabılarınızı bizə verin, onsuz da sizə
lazım olmayacaqdır”.
Hələ
1939-cu ilin sentyabrında Polşadakı varlı yəhudilər
öz mülkiyyətlərinin müsadirə edilməsindən
qorxaraq, daşınmaz əmlaklarını, fabriklərini və
dükanlarını etibar etdikləri polyakların adına keçirirdilər. Bunların
hamısı həmin adamlar tərəfindən qəsb edildi.
Yəhudi əmlakının mənimsənilməsi
həmçinin, hər şeyin çörəyə dəyişildiyi
qara bazarda gedirdi, boşalan yəhudi məhəllələrində,
ləğv edilən gettolarda, həmçinin ölkənin
iki şəhərində törədilən
qırğınlarda baş verirdi.
Hər yerdə ölümün, müharibənin və
dağıntıların hakim kəsildiyi dövrlər həm
də ciddi mənəvi pozğunluq əmələ gətirirdi. Yəhudilər
əleyhinə banditizmin qanuniləşməsi adamlarda
soyğunçuluq yanğısı oyadırdı. Müharibəyə qədərki Polşa, kənd
yoxsulluğu və savadsızlıq diyarı idi. Cəmiyyətin düşkünlüyü və
yoxsulluq polyak antisemitizmi üçün qidalı mühitə
çevrilmişdi. Holokostun eybəcər
cinayəti isə onun iştirakçılarının
könlünü murdarlamışdı.
Rəhmsiz müharibənin gedişində baş verən
milyonlarla insanın genosidi bütün
iştirakçıların və şahidlərin mənəvi
orientirlərini dağıdırdı. Bu vəhşilik
teatrından heç kəs təmiz çıxmırdı,
heç günahsız çıxan da yox idi.
Sionist hərəkatı da bu qırğının
qarşısını almaq naminə elə bir səy göstərmirdi. Onun rəhbərliyinə
Holokost 1942-ci ildən məlum idi. Bu vaxt
almanlar Polşadan Britaniya-Fələstin vətəndaşlığına
malik olanların birinci qrupunu Fələstinə
buraxmışdı. İsrailin tanınmış
dövlət xadimi Şimon Peres
Avropadakı yəhudi diasporasının taleyi barədə
sonralar tam soyuqqanlıqla demişdi: “Biz onların necə
yaşadıqları ilə
razılaşmadığımız kimi, onların necə
ölməsi ilə də razı deyildik”. Fələstin
yəhudiləri öz məhv edilən qardaşlarından
daha çox, gələcəkdə quracaqları müstəqil
yəhudi dövləti barədə
düşünürdülər. Holokostdan
isə sionistlər 1948-ci ildə meydana gələn İsrail
dövlətini yaratmaq üçün ən tutarlı və
təkzibolunmaz bir arqument kimi istifadə etdilər. Çünki əsrlərlə dünyaya səpələndikdən
sonra Fələstində qədim dövlətlərini bərpa
etməyi, yeni dövlət yaratmağı sionistlər özlərinin
müqəddəs vəzifəsi hesab edirdilər. İkinci Dünya müharibəsinin faciələri
bu məqsədi həyata keçirməyə əlverişli
şərait yaratdı. Bəlkə də Hitler, onun törətdiyi
Holokost olmasaydı, yəhudilərin qədim arzularının
zəfər çalmasına beynəlxalq qüvvələr
belə yaxından kömək göstərməzdi, yeni
İsrail dövləti belə tezliklə qurulmazdı.
Ona görə də Holokostun günahı hamının
üzərində qalır, bu heç də alman qatillərinin
misilsiz cinayətini kiçiltmək cəhdi
sayılmamalıdır. Onu yaddan çıxarmaq olmaz ki,
ölümə məhkum olanlar əslində tam təklikdə
qalmışdılar, bütöv bir xalqın aqoniyasına
hay verən, ən azı mənəvi kömək əli
uzadan da yox idi. Bədbəxtlikdən həm də natsist
cinayətkarları ona nail olmuşdular ki, bütün
dünya bu cinayətə səhlənkarcasına və
laqeydliklə yanaşsın.
Holokosta görə hamı günahkardır, bir hissə
öz əməlinə görə, digər hissə isə fəaliyyətsizliyinə
görə. Qoy günahkarlar özünə haqq
qazandırmağa çalışmasın. Natsistlərin cəlladlığına
dolayısı ilə kömək edənlər də var idi.
İsveçrə bankları yəhudilərin
qızıl dişlərini amerikan və ingilis valyutalarına
dəyişirdilər. Vatikan müharibədən sonra Hitler canilərinin
Cənubi Amerikaya qaçması üçün “vatikan yolu”
təşkil etmişdi.
Yəhudilərin acı taleyini, natsistlərin bu
ağlasığmayan cinayətini anlamaq vacibdir. Ona görə
anlamaq lazımdır ki, bu dəhşət bir daha təkrar
olunmasın.
Yaponlara gəldikdə,
işğal edilmiş Avropadakı alman əsgərləri
kimi, yapon hərbi qüvvələri də özlərinə
tabe olan xalqların həyatına bəzən olduqca çox az rəhm bəsləyirdilər. Çində 1937-ci ildə Nankini işğal etdikdə
yapon əsgərləri bir neçə günü qətllərlə,
qadınları zorlamaqla və qarətlə məşğul
oldular. İkinci Dünya müharibəsi
illərində demək olar ki, 800 min koreyalı dənizin o tərəfinə
göndərildi, onlardan çoxu Yaponiya üçün məcburi
işləməyə cəlb edildi. On minlərlə
koreyalı qadın yapon qoşunları üçün
“rahatlıq qadınları” (fahişələr) kimi xidmət
etməyə məcbur edilirdi. Avropada isə
işğal edilmiş ərazilərdə qadınların,
qızların alman əsgərləri tərəfindən
zorlanması halları çox idi. Bəzən
isə yerli qadınlar əsasən ehtiyacın təzyiqi ilə
alman zabitləri ilə intim yaxınlıq edirdilər. Fransada onları “uzanıqlı kollaboratsionistlər”
adlandırırdılar və Paris azad edildikdən sonra xəyanətlərinə
görə bir cəza növü kimi belə qadınların
başlarını qırxırdılar. Beləliklə
onların işğalçılara göstərdiyi “xidmətin”
şərəfsizlik əlaməti hələ xeyli müddət
özünü biruzə verməkdə davam edirdi. Müharibənin bədbəxtliklərinin təzahürü
isə saysız-hesabsızdır. Müharibə
illərində təkcə torpaq, insanlar əsir
düşmür, düşmənin ələ keçirdiyi ərazilərdə
qızlar, qadınlar ismətlərini itirmək məcburiyyətində
qalırlar, bundan hansısa bir xilas imkanı tapa bilmirlər.
Bəzi hallarda ölüm dəhşətlərdən, əzablardan,
namussuzluqdan son xilas yolu kimi çıxış edir,
şairin ifadəsilə desək ən sədaqətli dost
rolunu oynayır.
Yaponlara gəldikdə, onlar öz hərbi cəhdlərinə
kömək məqsədilə əsirlərdən, həm də
yerli adamlardan işçi qüvvəsi kimi ekstensiv qaydada
istifadə edirdilər. 1943-cü ildə Birma-Tailand dəmir yolu tikiləndə,
misal üçün, yaponlar 61 min avstraliyalı,
britaniyalı və holland əsirlərindən, həmçinin
demək olar ki, Birmadan, Malayyadan, Tailanddan və Holland Şərqi
İndiyalarından olan 300 min fəhlədən istifadə
etmişdilər. Dəmir yolunun tikintisi başa çatandan
sonra Müttəfiq qoşunlarından olan 12 min əsir və
90 min yerli fəhlə adekvat olmayan pəhrizdən və
qeyri-sağlam iqlimin dəhşətli şəraitindən
ölmüşdülər.
İrqçiliyin törətdiyi dəhşətli cinayətlərin
qısaca tarixçəsi onun gizləndiyi maskanı
yırtaraq, eybəcər sifətinin bütün cəhətlərini
nümayiş etdirir. İrqçiliklə mübarizə
heç vaxt kəsilməməlidir, onun ən xırda təzahürünün
qığlcımı hələ alovlanmağa macal
tapmamış söndürülməlidir.
İrqçilər təkcə ayrı-ayrı xalqlara
deyil, bütün bəşəriyyətə qarşı
ağır cinayətlər işlədirlər və onlar
adekvat cəzaya layiqdirlər. Bu cəzanı isə
göylərdən ummaq ağılsızlıqdır,
dünyada insanlığı qoruyub saxlamaq istəyənlər
birləşib, öz iradələri və qüvvələri
ilə Hitler natsizminə, yapon militarizminə və ya XX əsrin
son rübündə Cənubi Afrika Respublikasında aparteid
siyasəti aparanlarına qarşı olan kimi uğurlu və qəti
cavab verməlidirlər. XX əsrin son rübündə
CAR-dakı aparteidə, yerli zənci əhaliyə
qarşı zülmə dünyanın əksər ölkələri
öz etiraz səsini qaldırdı. 1994-cü
ildə ilk qara adamın- Nelson Mandelanın prezident seçilməsi
ilə bu dəhşətlərə əsasən son qoyuldu, təkcə
ağlar üçün deyil, bütün vətəndaşlar
üçün demokratik respublika yaradıldı. Lakin qara dərili əhaliyə edilən zülm, vəhşiliklər,
təqiblər heç də izsiz qalmamışdır. Son vaxtlarda Cənubi Afrika Respublikasını
avropalılara qarşı ksenofobiya dalğası
bürümüşdür.
Əlbəttə, irqçilik bütünlüklə sıradan çıxmamışdır. İrqçilik kabusu dünyanı dolaşmaqda davam edir. Antisemitizm təzahürləri də az deyildir. Avropanın bəzi yerlərində yəhudiləri real təhlükə hədələyir. Bir sıra şəhərlərin küçələri yəhudiləri ovlama məkanına çevrilmişdir, ona görə də bəzi yəhudilər qorxudan icma təşkilatlarına və sinaqoqlara getməkdən çəkinir, hətta evindən kənara çıxmaqdan qorxurlar. ABŞ-da irqçi polis zənciləri uydurma səbəb əsasında öldürür. Öz irqinin üstünlüyü barədə şişirdilmiş hiss bir qayda olaraq əks tərəfdə cəmiyyətin aşağı təbəqələrinə xüsusilə güclü nüfuz edir, marginalların və lümpenlərin şüurunda daha acı cücərtilər meydana gəlir. ABŞ- dakı etiraz nümayişlərində irqçilik zəminindəki reliktlər yenə də özünü büruzə verir, afro -amerikanlar mübarizə vasitəsi kimi vandalizmə də əl atırlar. Həm də bəzi adamlarda, təəssüf ki, “fantom irqçilik” qalmaqda davam edir.
İrqçilər hökmən Assuriya çarı Sardanapalın taleyini yaşamalıdırlar. Düşmən qoşunları tərəfindən mühasirəyə alınan və sağ qalacağına ümidini itirən Sardanapal əmr etmişdi ki, onun hərəmxanasında olan qadınlar və özünün çox qiymətli atları onunla birlikdə ölümə yollanmalıdırlar. Gecə mühafizəçilər çarın gözü qarşısında xəncər zərbəsi ilə hərəmləri və atları öldürdülər. Sardanapal öz iyrənc xarakterinin şıltaqlığına bu yolla son təsəlli tapmaq istəyirdi, lakin onun qəddarlıqdan və vəhşilikdən xəbər verən şərti də özünün quduz həyatını qoruyub saxlamağa kömək edə bilməzdi.
Sardanapalın üz döndərən taleyini, onun həyatının dramatik son anlarını dahi ingilis şairi lord Corc Qordon Bayron qələmə almış və böyük fransız rəssamı Ejen Delakrua şairin versiyasına əsaslanaraq özünün məşhur “Sardanapalın ölümü” tablosunu yaratmışdır. Bu rəsm əsərində çarın gözləri qarşısında mühafizəçi hərəm qadınlarından birinin kürəyinə xəncər soxmaqla onu öldürür. Digər hərəmlər və atlar da belə dəhşətli sonluqlarını gözləyirlər. Lakin bu qurbanlar dəstəsi də Sardanapalın həyatını xilas edə bilmir. Hər bir irqçi də Sardanapalın taleyini yaşayacağını unutmamalıdır. Tək irqçi liderin özü deyil, onun əlaltıları və bu cinayətlərdə ona xidmət edənlərin hamısı qanun əsasındakı ədalətli cəzadan yaxa qurtara bilməməlidir. Əlbəttə bu bəşəriyyətin irqçilik kimi mənfur cinayət üzərində tam qələbəsi olardı. Axı tarix ərzində bəşəriyyət ona ləkə gətirən çox sayda qüsurları ilə vidalaşmağı bacarmışdır, irqçilik kimi eybəcərliyə də son qoyula bilər. Bu ümid isə nikbinlik hissləri oyatmaya bilmir.
SON
Telman
Orucov
525-ci qəzet.-
2015.- 13 iyun.- S.26.