Terror qurbanı nazirimiz Behbud xan
Cavanşir, yaxud “Qərib məzar”ın izi ilə
1920-ci ildə bolşeviklərin XI Qırmızı
ordusunun Azərbaycanı işğalından sonra ermənilər
müsəlman şərqində ilk demokratik respublikanın -
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan
ictimai-siyasi xadimlərə qarşı terror aktları həyata
keçiriblər. 1920-ci ilin may ayında Nəsib bəy Yusifbəyli, iyun
ayında Tiflis şəhərində Fətəli xan Xoyski,
iyul ayında Həsən bəy Ağayev, 1921-ci ilin iyulun 18-də
isə Behbud xan Cavanşir İstanbulda erməni
terrorçları tərəfindən qətlə yetirilib.
Azərbaycan
Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirin izi ilə
Türkiyəyə yollandıq. Bu işdə
Millət vəkili Xanhüseyn Kazımlı da bizə öz dəstəyini
əsirgəmədi. İstanbulda məzarın
yerini bilən Türk Dünyası Araşdırma Dərnəyinin
sədri Cəlal Öcal bəylə Behbud xanın öldürüldüyü
Pera Palas oteli önündə görüşdük və
birlikdə Behbud xanın dəfn olunduğu
Beşiktaşdakı Yahya Əfəndi Dərgahına
yollandıq. Minlərlə, on minlərlə
məzarın arasından bu “qərib məzar”ı nəhayət
ki, tapa bildik.
Behbud xan
Cavanşirin həyat və fəaliyyətinə nəzər
saldıqda onun Azərbaycan üçün,
xalqımızın azadlığı və müstəqilliyi,
demokratik üsul idarəsində ilk dəfə şərqin
ulduzu kimi parlayan Azərbaycan Xalq Cümhuriyyəti
üçün gördüyü misilsiz işlər göz önünə gəlir. Təbii ki Behbud xanın ömür taleyinə nəzər
salmadan o insanı xarakterizə etmək mümkün deyil.
Behbud xan Cavanşir Qarabağ
xanlığının əsasını qoymuş Pənahəli
xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. O,
1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində
anadan olub. 1890-cı ildə alman dili təmayüllü
Tiflis realnı məktəbinə daxil olub və oranı
müvəffəqiyyətlə bitirib. 1902-ci
ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul
olan Behbud xan burada neft sahəsi üzrə mükəmməl
təhsil alıb və mühəndis ixtisasına yiyələnib.
O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu
ilə bitirən ilk azərbaycanlı idi.
1906-cı ilin qışı, yazı və yayında
daşnaklar Şuşada və bütün Qarabağda,
Naxçıvan və İrəvanda azərbaycanlılara
qarşı soyqırım törətdilər. Avqustun ilk
günlərində Şuşaya gələn Behbud xan
Cavanşir Əhməd bəy Ağayevlə birgə burada
Qafqaz ümummüsəlman müdafiə komitəsini - “Difai”
partiyasını yaratdı.
Alman dilini mükəmməl bilən, fransız, rus,
gürcü dillərində sərbəst danışan Behbud
xan ingilis dilini də öyrənmək üçün
İngiltərəyə gedir. Londonda 1 illik təkmilləşdirmə
kursunda oxuyur. Qərbi Avropadakı həyatı
və təhsili onun siyasi-ictimai xadim kimi formalaşmasına
böyük təsir göstərir. 1907-ci
ildə vətənə qayıdan Behbud xan Cavanşir
Şibayevin neft mədənində baş mühəndis vəzifəsində
çalışır.
Behbud xan
Cavanşir vaxtilə Almaniyadan gətirərək öz torpaq
sahələrində əkdirdiyi yumşaq buğda növlərini
və uşaqlıq dostu Əlfinin fermer təsərrüfatında
saxladığı damazlıq mal-qaranın Qarabağ iqliminə
uyğunlaşdırılmasına nail olur. O vaxt Qarabağda
yolların abadlaşdırılması, buraya ilk avtomobilin gətirilməsi
də Behbud xanın adı ilə bağlıdır.
Behbud xan
Cavanşir, “Müsəlman Xeyriyyə Cəmiyyətinin “ rəhbərlərindən biri olmaqla
yanaşı xalqın maariflənməsi üçün xidmət
göstərən “Nicat” cəmiyyətinin də üzvü
idi.
O zamanlar
neft mədənlərini mühafizə edən Bakı şəhər
polisinin əmək haqları məhz Behbud xanın köməkliyi
ilə neftdən gələn gəlirin 3 faizi hesabına
ödənilirdi. Behbud xan polis əməkdaşlarının
fəaliyyətinə və qayğılarına yaxından bələd
idi. Onun 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin
daxili işlər naziri təyin olunmasında bu məsələlərin
də rolu az olmamışdı.
Behbud xan
Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il
iyunun 17-də Gəncədə yaratdığı 2-ci
hökumət kabinetində daxili işlər naziri vəzifəsini
tutur. Yeni yaradılan nazirlik və onun tərkib
hissəsi olan polis Azərbaycan dövlətinin
formalaşmasında, milli maraqların qorunmasında
mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı
ilə Azərbaycan hökuməti 1918-ci il
iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında
polis orqanlarının təsis edilməsi barədə qərar
qəbul edir.
Behbud Xan Cavanşirin daxili işlər naziri olduğu
dövrdə Bakı erməni-daşnak və bolşevik
qüvvələrindən təmizlənir və Azərbaycan
Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən
Bakıya köçür. Daxili işlər
nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə
başlayır və ölkənin asayişi buradan idarə
olunur. Behbud xan daxili işlər naziri
işlədiyi dövrdə, Bakıda İçəri Şəhərdə
polis müdavimləri hazırlayan məktəb
açılır. Məktəbdə 1200
müdavimin təhsil alması nəzərdə tutulurdu.
1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin
tərkibində kabinədaxili dəyişikliklərdən
sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla bərabər,
həm də ticarət və sənaye naziri vəzifəsini
yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin
inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin
xarici ölkələrlə əlaqələrinin
yaradılmasına təşəbbüs göstərir.
1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti
ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi
haqqında müqavilə imzalanır. Azərbaycan
tərəfindən bu müqavilələri Behbud xan
Cavanşir imzalayır. Bu sənədlərə görə,
tərəflər dəmir yolu ilə daşınan yüklər
üçün 1 il müddətində
azad tranzitə, yəni gömrük rüsumu
alınmamasına razılıq verirlər.
Partiya mənsubiyyəti
sarıdan bitərəf olan Behbud xan Cavanşir 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinə
üzv seçilir. Parlamentdə fəaliyyət
göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də
daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş
verir. Bəhram bəy Axundov, Behbud xan
Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil
olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə
birgə Behbud xan da tutduğu vəzifədən istefa verir.
Ancaq o, parlamentdəki fəaliyyətini davam
etdirir. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik
etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq,
qanunvericiliyi və vətəndaş təhlükəsizliyini
təmin etmək məqsədilə əməli işlər
görülür. Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar
mühəndis kimi tanınan və xariclə əlaqələri
olan Behbud xana toxunmurlar. Azərbaycan Xalq
Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud
xanı 1920-ci ilin sonlarında neft-mədən
avadanlığı almaq üçün Almaniyaya göndərir.
1921-ci ilin iyulunda Behbud xan Cavanşir həyat
yoldaşı Tamara xanım, eləcə də
qardaşları Surxay və Cümşüdlə birlikdə
İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı
olur. Əhməd
bəy Ağaoğlunun qızı Sürəyya xanım
sonralar öz xatirələrində yazır: “Atam Maltadan
qayıtdıqdan sonra erməni tanışlarından bir
professor bizə gələrək atamın adının ermənilərin
qara siyahısında olduğunu və onu xəbərdar etməyi
özünə borc bildiyini və buna görə hərəkət
etmək lazım gəldiyini söylədi. Azərbaycanın
daxili işlər naziri Behbud xan Cavanşirin də “qara
siyahı”da olması xəbərini almışdıq”.
1921-ci il
iyulun 17-də Behbud xan həyat yoldaşı Tamara xanım və
qardaşları Cümşüd və Surxayla birgə
axşam saat 23 radələrində “Təpəbaşı”
Ailə restoranından çıxıb “Pere Palas” otelinə
yönəldikləri zaman arxadan qaçaraq gələn,
şapkasını gözünün üstünə
basmış cılız, kəsik bığlı, əyri
burunlu erməninin “Mauzer” markalı tapançadan
açdığı atəş nəticəsində
ağır yaralanır. Bu zaman Qalatasaray
karakolunun polis məmuru terrorçu Mişaq Torlakyanı
yaxalayır. Ağır yaralı halda
Behbud xan xəstəxanaya çatdırılır. Ancaq onun həyatını xilas etmək
mümkün olmur. Ölüm ayağında onun son
sözləri belə olur: “Mənim şəxsi düşmənim
yoxdur. Məni ancaq ermənilər vura bilər”
. Çox keçmədən Behbud xan xəstəxanada
dünyasını dəyişir. O
Beşiktaşda Yəhya Əfəndi Dərgahı məzarlığında
dəfn olunur.Məzardaşına dövrünün
böyük şairlərindən Cəlal Sahir Erozanın bu
şeiri yazılır.
Karanlıktan
cüret aldı bir sırtlan,
Onun
pençesinde can verdi bir şir.
Bir
yığın kemiktir toprakta kalan,
Cennete
yükseldi Behbut han Cevanşir
Yolcu bu
gördüğün bir makber değil,
Zülme zebun olan hakkın heykeli.
Geçme
dur önünde hürmetle eğil,
Lanetle an
hakka saldıran eli.
Asla
uyumasın beyninde kinin,
Mukaddes borcundur intikam almak.
İstersen
yaşasın milletin din'in,
Nur ol
zülmeti boğ, nar ol zulmeti yak!
1921-ci ilin iyulun 18-də Behbud xanın ölümündən
sonra dəfn mərasimi kütləvi nümayişə
çevrilir.
Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis
hərbçilərinin qərargahının yerləşdiyi
“Kroker” otelində saxlanılırdı. Mişaq
Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və
Azərbaycanda “1918-ci il mart soyqırımı”nda xüsusi fəallıq
göstərmişdi.
İstanbul ingilis işğalı altında olduğundan
cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi
tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər
qatil Torlakyanın müdafiəsinə səfərbər
olunurlar. Behbud xan Cavanşir tərəfdən isə
şahidlər təəccüb və təəssüf
doğuracaq qədər az idi - cəmi 6 nəfər.
Lakin şahidlərin sayı arasındakı kəskin
fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl
mahiyyətinin açılmasına, erməni qatilinin ifşa
edilməsinə nail olurlar. Məhkəmədə
ittiham şahidi qismində ifadə verən “Azərbaycan” qəzetinin
müxbiri ixtisasca hüquqşünas olan Şəfi bəy
Rüstəmbəyli prokuror Qribbonun, məhkəmənin sədri
Freezin suallarını inandırıcı dəlillərlə
cavablandırır. Azərbaycan nümayəndələrinin
gərgin səyi nəticəsində prokuror daşnak
terrorçusu Mişak Torlakyan üçün ölüm
hökmü tələb edir. Lakin səhərisi
gün gözlənilmədən prokuror işdən
uzaqlaşdırılır. Məhkəmədə
iştirak edən Hüquq fakültəsinin tələbəsi
olan Sürəyya xanım Ağaoğlu sonralar bu məhkəmə
prosesi haqda bunları yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror
onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirmişdi.
Bu gənc zabitdən belə cəsarəti
gözləmirdik. Lakin həmin prokuror 24
saatın içərisində Türkiyədən
uzaqlaşdırıldı. Onun yerinə gələn
yeni prokuror isə müttəhimin bəraətini istədi”.
Behbud xan Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi
təəssüf ki, erməni terrorçunun bəraət
alması ilə nəticələndi. Məhkəmə prosesində
terrorçunu az qala “milli qəhrəman”
kimi qələmə verən ermənilər onu ingilislərin
köməyi ilə vəkili Hasuryanla birlikdə Amerikaya
qaçırdılar.
Behbud xanın həyat yoldaşı Tamara xanım onun ölümündən sonra Moskvaya getdi və ömrünün sonunadək orada tənha yaşadı. Xan nəslindən olan insanla ailə qurduğu üçün repressiya illərində Sibirə sürgün edildi. Behbud xan Azərbaycandan kənarda erməni terror maşınının qurbanı olsa da onun Bakıda qalan yeganə qardaşı Rəşid ağa da “sapı özümüzdən olan baltalar”, erməni dəyirmanına su tökən cəlladlar tərəfindən repressiyaya məruz qaldı. O, əvvəlcə Qazaxıstana sürgün edildi və daha sonra orada güllələndi.
“XX əsrin məhkəməsi” adlanan Azərbaycanın sabiq daxili işlər naziri Behbud xan Cavanşirin məhkəmə prosesi erməni havadarlarının təzyiq və təsiri nəticəsində ört-basdır edildi. Cinayət cəzasız qaldı. Bu, insan haqq və hüquqlarını rəhbər tutan Avropa hüquq məhkəməsi tarixində “qara ləkə” olaraq yaddaşlarda qaldı. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllərində terrorun miqyası daha da genişləndi.
Türkiyəyə səfərimiz, erməni terroruna məruz qalmış Behbud xanın məzarını tapmağımızla bağlı İçtimai Televiziyada “Qərib məzar” adlı sənədli film hazırladıq. Orada olduğumuz vaxt o ziyarətgahın, Sultan Süleymanın süd qardaşı olan Yəhya Əfəndi dərgahının minlərlə insan tərəfindən hörmətlə ziyarət edildiyinin şahidi olduq. Behbud xanın o mübarək yerdə dəfn olunmasını Türk xalqının Şəhidimizə olan dərin ehtiramının nümunəsi olduğunu gördük. Günlərcə o ziyarətin, o ruhaniyyətin təsirini hiss etdik. İctimai Televiziyada efirə gedən “Qərib məzar” filmi isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Bakının azad olunmasında misilsiz xidmətlər göstərən Behbud xan Cavanşirin əziz xatirəsinə kiçik bir töhfəmiz oldu. “Qərib məzar” sənədli filminə baxmaq istəyənlər İctimai Televiziyanın itv.az saytında “Filmlər” bölməsində izləyə bilərlər.
Mahir QƏRİBOV
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2015.- 13 iyun.- S.24