Ədəbiyyata həyatdan gələn yazıçı

 

 

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Mustafa Çəmənlidir. O, XX əsrin 70-ci illər ədəbi nəslinə mənsub yazıçılarımızdandır.  M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci nəsri - hekayə, povest-romanları, ikinci bədii publisistikası.

 

Yazıçı hər iki janrda istənilən səviyyədə lazımi mövzuları seçməklə, onu real, həyati boyalarla təsvir və tərənnüm etməklə diqqətəlayiq əsərlər yarada bilmişdi.

 

M.Çəmənlinin yaradıcılığını dövr baxımından da iki yerə bölmək olar: Birinci Sovet dövrü, 70-80-ci illər yaradıcılığı. İkinci Müstəqillik dövrü yaradıcılığı.

 

70-ci illərdə yazıçının həm ali təhsil alması, həm də müxtəlif sahələrdə işləmə imkanının olması ona bədii yaradıcılığı üçün yetərincə mövzu verib. Həmçinin, onun həm kənddə, həm şəhər mühitində yaşaması da yaradıcılığının zənginləşməsində əsas rol oynayıb. Odur ki, yazıçı ədəbiyyata birbaşa həyatdan gəlib desək, səhv etmərik.

 

M.Çəmənlinin Sovet dövründə seçdiyi mövzuların bir çoxu adi həyat hadisələridir. Lakin bu, adi, sosial-məişət mövzusunda belə yazan yazıçı onun təsvirini yüksək səviyyədə verə bilirsə, demək, yazıçı kimi məqsədinə çatır. Mustafa müəllimin iti müşahidə qabiliyyəti, yüksək istedadı, həyatı yaxşı dərk etmək bacarığı, qələm təcrübəsi, müdrikliyi imkan verib ki, həyat həqiqətlərini dolğun, düzgün, hərtərəfli və bədii şəkildə əks etdirə bilsin. Bu mənada, onun “Ləpirlər” adlı ilk hekayəsi dediyimizə əyani misaldır. Əsər 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində çap olunub. Hekayənin süjet xətti sadə həyat hadisəsi üzərində qurulub. Gənc oğlan hər gün səhərlər işə gedəndə yolda bir-birinə söykənib qol-qola gəzən qarı-qoca ilə qarşılaşır. Onları tez-tez gördüyündən hətta dostlaşırlar, hərdən ayaqüstü söhbətləşirlər də. Qış günlərinin birində oğlan qocanı tək görür. Qarısını soruşur.  Qoca doluxsunur: - Onu cavanlığımda tapdım, qocalığımda itirdim”, - deyir. Sonra da oğlandan soruşur ki, görəsən, qış tez qurtarar, qar tez əriyər? Oğlan əlüstü cavab verir ki, əlbəttə, qışın ömrünə az qalıb axı... Qoca heç də sevinmir. Qar əriyərsə qarısının qar üstünə düşmüş ləpirlərini silib aparacaq... - düşünür.

 

Bu kiçik hekayədə yazıçı iki məsələyə önəm verir: Birincisi iki ömrün qürub çağının təsviridir. Qarı artıq batan günəşlə gedib   bir daha geri dönməyəcək. Qoca da ora - son dayanacağa, son mənzilə  çatmaqdadır.  Yazıçı təbiətin qanunu olan bu səhnəni -  insan ömrünün son günlərini ürək ağrısı ilə təsvir edir.               İkincisi isə ata yurdunun, ana ocağının boş qalmasıdı. Bu vəziyyəti qoca da dilə gətirir. Böyütdükləri uşaqlar göyərçinlər kimi pərvazlanıb uçublar. Gözləyirdilər ki, övladları  gəzib, dolanıb  yenə geriyə qayıdacaqlar.  Lakin onlar  dönmədilər...

 

Yazıçı bu psixoloji anları da çox real, inandırıcı, təbii şəkildə təsvir edə bilib. Əslində valideyn-övlad münasibətləri bütün yazarların diqqət mərkəzində olub. Böyüyən övladlar heç vaxt ata yurduna  sığmayıblar. Onlar bir-bir öz arzularının dalınca böyük şəhərlərə üz tutublar.  Bunun nəticəsində bir çox kəndlərimiz, xüsusilə dağ kəndləri boş qalıb... Keçən əsrin 70-80-ci illərində ən çox toxunulan  məsələlərdən biri də məhz bu  mövzu idi ki, yazıçı burda da öz sözünü lazımi şəkildə deyə bilib.

 

M.Çəmənlinin 70-ci illərdə “Nişanə”, “Meşə yeri”, “Əks-səda”, “İstək” kimi hekayələri də eyni ahənglə, dəsti-xətlə yazılıb.   hər biri yazıçının mövqeyini əks etdirir. Müəllifin 1982-ci ildə çap olunan ilk kitabının “Mənim dünyamın adamları” adlanması da təsadüfi deyil. Adından da göründüyü kimi, yazıçı gördüyü, duyduğu, iştirakçısı  olduğu hadisələrdən, müsahib olduğu, görüşdüyü insanlardan  bəhs etməyə üstünlük verir və istəyinə  təbii ki,  nail olur.

 

80-ci illər bədii yaradıcılığında da M.Çəmənli  bu dəsti-xəttinə sadiq qalmaqla yanaşı,  yeni mövzulara da üz tutub. Bu mənada onun “Halallıq”, “Yaddaş” povestləri  diqqəti cəlb edir. Tənqidçi Vaqif Yusifli “Yaddaş” əsəri haqqında “Yaddaş nəsri” adlı məqaləsində belə yazır: “Ötən on illiyin (əsər 1983-cü ildə yazılıb, məqalə isə 1997-ci ildə, - B.B) ən yaxşı nəsr əsərləri ilə səsləşən, öz psixoloji ahəngi ilə  seçilən bu povest Mustafanın yaradıcılığında xüsusi yer tutur. Yaddaşın boy göstərməsi, insan ömrünün bir də təkrar olunmayan anlarının mühakiməyə çəkilməsi “Yaddaş” povestində real boyalarla əks olunmuşdur”. Daha sonra tənqidçi göstərir:  “Ümumiyyətlə, M.Çəmənlinin nəsrində yaddaşa istinad çox güclüdür. Məsələn onun “İtirilmiş səs” hekayəsində də yaddaş köməyə gəlir,  lakin povestdən fərqli olaraq bu dəfə  xeyirxah  bir missiyanı yerinə yetirir. Hələ də yaddaşlarda yaşayan qocaman xanəndə Pərvanə vaxtı ilə əfsunlu səsi ilə insanları gözəlliyə səsləyir”.

 

M.Çəmənlinin 70-80-ci illər yaradıcılığında kuliminasiya nöqtəsi “Xallı gürzə” tarixi romanıdır, desək, əsla yanılmarıq. Roman Qarabağ xanlığının tarixinə həsr olunub.  Xanlığın əsasını qoyan Pənahəli xanın həyatı, düşüncələri, mübarizəsi əsərdə yetərincə əks etdirilib. Həmçinin, Qarabağla qonşu, həmsərhəd olan Şəki  xanlığı, onunla münasibətlər, münaqişələr,  İranla aparılan müharibələr, daxili çəkişmələr, xanlığın ərazisində məskunlaşan ermənilər, onların hiyləsi, üsyanı, beş erməni məliklikləri  haqqında tarixi faktlar da romanda öz bədii həllini yüksək səviyyədə tapmışdı. Ədəbiyyatşünas Nasif Qəhrəmanlı yazırdı ki, “Qarabağ haqqında, onun tarixi keçmişi barədə bədii əsərlər çox yazılıb. Zənnimizcə, “Xallı gürzə  Qarabağ tarixinə yeni bədii baxışdır”.

 

“Fred Asif” yazıçının müstəqillik illərində qələmə aldığı  ən böyük sənədli əsəridir. Qarabağ müharibəsinə, onun igid oğlunun döyüş yoluna, qəhrəmanlığına həsr olunmuş bu əsər təkcə M.Çəmənli yaradıcılığında deyil, ümumiyyətlə, bu dövrdə yazılmış əsərlər içərisində də xüsusi yer tutur.

 

Əsərin baş qəhrəmanı Asif Məhərrəmov ağdamlı gəncdir.  Onun da hər bir gənc oğlan kimi böyük arzuları vardır. Ali təhsil almaq, vətəninə, xalqına qulluq etmək, xidmət göstərmək. Ailə qurmaq, oğul-uşaq sahibi olmaq, onları böyüdüb boya-başa çatdırmaq... Lakin zaman, dövran pis gəldi. Onun arzuları ilə üst-üstə düşmədi. Həyatdan tez-tez gözlənilməz zərbələr alan Asifi sanki mühit müharibə üçün yetişdirir, hazırlayırdı. Ali təhsil ala bilməsə də həyat məktəbi keçirdi. Qarabağı hazır olmadığı müharibəyə sürükləyən ermənilərin cavabını verməyə o hazır idi!  Ömrünü bu yolda qurban verən Asifin həyat yolunu yazıçı elə incəliklə, heyranlıqla, yorulmadan, ürək ağrısı ilə təsvir, tərənnüm edir ki, o günləri bir oxucu kimi xatırlayıb, özün də sarsılmaya bilmirsən. Müharibə təkcə Fred Asifin deyil, yüzlərcə gəncin həyatını, arzu, istəyini reallaşmağa qoymadı. Qarabağ tez, ya gec geri qayıdacaq! Biz buna zərrə qədər şübhə etmirik. Lakin o gənclər bir daha dönməyəcək! Bir onunla təsəlli tapırıq ki, vətən üçün ölümə qoşulanlar, ölümü seçənlər heç də sıradan biri deyillər. Onlar hər vaxt xatırlanacaq, dildə-ağızda, ürəklərdə-könüllərdə yaşayacaqlar. Eləcə də yazıçı M.Çəmənlinin aylarını, illərini həsr etdiyi bu kitabın səhifələrində yaşayacaqlar: “Əzizim Asif! Sənin Allahın dərgahına qovuşduğun vaxtdan artıq on altı il keçir. Amma biz səni heç zaman unutmamışıq. Mən hələ sənin qırxında Azərbaycanın müxtəlif bölgələrindən yasına gəlmiş döyüşçü dostlarının, silahdaşlarının sənin haqqında xatirələrini diktafona yazmışdım. Çünki sənin barəndə kitab yazmaq istəyirdim. Əlbəttə, sən sağlığında haqqında kitab yazılmasına qətiyyən razı olmazdın. Amma sən haqqa qovuşduğuna və bir döyüşçü, komandir kimi xalqının məhəbbətini qazandığına görə mən bu kitabı yazmalı idim”.

 

Fred Asifin ölümündən 20 il sonra onun qəhrəmanlığını davam və təkrar etdirən Mübarizi Fred Asifin mənəvi övladı hesab etmək olar. Yazıçı M.Çəmənlinin bu mövzuya müraciət etməsi maraqlı, vətənpərvər duyğularla süslənmiş bir əsəri araya-ərsəyə  gətirməsi özü də çox təbiidir. Çünki Qarabağın yetirməsi olan, onun münaqişəsini, müharibəsini  görən yazıçı Vətənini sevən igid döyüşçüləri hər yerdə axtarır. Yeni gəncliyə örnək olacaq bir oğulun həyatını, dünyagörüşünü, mübarizliyini, vətən üçün ömrünü qıymasını ədəbiyyata gətirmək, onu əbədiləşdirmək axı  yazıçı üçün də fəxrdir, fəxarətdi. Elə buna görə müəllif yazır ki, Respublika Prezidentinin Mübarizə “Milli Qəhrəman” adının verilməsi, həmçinin, adının əbədiləşməsi haqqında imzaladığı sərəncamlar mətbuatda çap olunan kimi o, 22 yaşlı qəhrəmanın ata yurduna - Muğana üz tutub. Onun doğulub, boya-başa çatdığı Biləsuvarın Əliabad kəndinə gəlib, atası, dostları, qohum-əqrəbası ilə görüşüb. Bir vaxtlar Mübarizin oylağı olmuş Muğan düzünü, Biləsuvarı qarış-qarış gəzib-dolanıb. Atası Ağakərim kişinin həyat yoluna, onların məskunlaşdığı  Əliabad kəndinin tarixinə bir nəzər salıb və nəhayət bu qərara gəlib ki, atalar demiş, ot öz kökü  üstə bitər!.

 

Kitab Prezident İlham Əliyevin Mübariz haqqında imzaladığı iki sərəncamla açılır. Bu da təsadüfi deyil. Mübarizin - bir hərbçi gizirin döyüş bölgəsində etdiyi qəhrəmanlığı dövlət başçısının, həm də Ali Baş Komandanın dərhal, layiqincə qiymətləndirməsi xalqla - dövlətin birliyindən xəbər verir. Demək, Ali Baş Komandanın da, gizirin də məramı, məqsədi eynidir: Vətənin birliyi, bölünməzliyi!

 

Cəbhə xəttində atəşkəs olsa da, hər gün düşmən silahı ilə neçə-neçə vətən övladı şəhid olur, şikəst edilirdi. Ön cəbhədə hərbi xidmətdə olan Mübariz gördüklərinə dözmür, təkbaşına müvəqqəti də olsa düşmən postunu susdurmaq istəyir və bilir ki, bu yolun gedişi var, dönüşü yox. Odur ki, valideynlərinə məktub yazmağı da unutmur: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

 

İnanırıq ki, həm “Fred Asif”, həm də “Mübariz”  hər gələn yeni nəslin vətənpərvər böyüməsində, öz yurduna, xalqına bağlı olmasında böyük rol oynayacaq!

 

Müstəqillik dövründə M.Çəmənli hər iki janrda paralel olaraq maraqlı əsərlər üzərində işləyib və ardıcıllıqla çap etdirib. Bunu, yazıçının demək olar ki, hər il çap olunan kitablarının tarixinə baxmaqla da aydın görmək olar: “Səs qərib olmur”, “Fred Asif”, “Nəğməli xatirələr”, “Muğam dünyasının xanı”, “Burdan bir atlı keçdi”, “Səsin ruhu” və s. Cəmi iyirmi yeddi müstəqil kitab bu gün oxucularının ixtiyarındadır. Demək, yazıçı bir ili povest, romanlarını çap etdirirsə, növbəti ildə mütləq bədii publisistikası işıq üzü görməlidir və görür də. Ümumiyyətlə, müstəqillik illərində yazıçının yaradıcılığı həm mövzu seçimi, həm janr xüsusiyyətlərinə, işlənmə mexanizminə görə, həm də keyfiyyətcə, kəmiyyətcə zəngin  dolğun olub.

 

Bu baxımdan yazıçının bədii publisistika sahəsində tanınmış musiqi xadimlərinin həyat və yaradıcılığı haqqında yazmış olduğu tədqiqat xarakterli əsərləri yetərincədir. Ölməz sənətkar, təkrarolunmaz səs tembri, xüsusi görkəmi ilə seçilən Xan Şuşinskinin həyat və yaradıcılığından bəhs edən “Muğam dünyasının xanı”, Şövkət Ələkbərova haqqında “Oxu gözəl...”, həmçinin “Arif Babayev”, “Habil Əliyev”, “Canəli Əkbərov” və s. kitabları  bu gün hər kəsin stolüstü kitabına çevrilib. Mən, düzünü deyim ki, musiqi üzrə tədqiqatçıların nəyi tədqiq etdiklərini, nələrə önəm verdiklərini bilmirəm. Lakin Mustafa Çəmənlinin bu sahədə bir tədqiqatçının görə biləcəyi işdən qat-qat çox iş görüb. Hətta, haqlarında yazdığı bu məşhur xalq artistlərinin yubileylərinin keçirilməsində də fəal iştirak edib. Bu mənada da yazıçının fəaliyyəti diqqəti çəkir.

 

M.Çəmənli müstəqillik dövründə də daha bir tarixi roman yazıb. “Ölüm mələyi” adlanan bu əsər Səfəvilər dövlətinin tarixini əks etdirir. Əsərdə I Şah Təhmasibin, II Şah İsmayılın, Gövhər bəyimin və başqalarının bədii obrazlarını yaratmaqla yazıçı Azərbaycan tarixinin çox mürəkkəb dövründə saraydaxili ziddiyyətləri, hakimiyyət uğrunda mübarizəni, insani münasibətləri çox canlı, təbii boyalarla təsvir edib, oxucusuna çatdıra bilib.

 

“60 yaşından yaman qorxuram” - deyən yazıçının 70 illiyinə az qalıb. Hər yaşın öz gözəlliyi, öz müdrikliyi var, - deyiblər. Elə bilirəm, M.Çəmənli quru rəqəmlərin çoxluğundan qorxmayıb yeni-yeni  əsərləri ilə bizi hələ çox sevindirəcək.

 

Bahar BƏRDƏLİ

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 13 iyun.- S.22