Milli Konservatoriyada
yeni və təkmilləşdirilmiş musiqi alətlərinin təqdimatı olub
Bu ilin 9 iyunu Azərbaycan musiqi mədəniyyəti tarixinə
yaddaqalan, əlamətdar
bir gün kimi yazıldı. Həmin gün
Azərbaycan Milli Konservatoriyasının Böyük
zalında “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasında uzun
illərin bəhrəsi
olan bir sıra yeni, habelə təkmilləşdirilmiş
musiqi alətlərinin
təqdimatı baş
tutdu.
Qeyd edək
ki, ümumiyyətlə
yeni musiqi alətlərinin yaranması
və təkmilləşdirilməsi
musiqi mədəniyyətimiz
üçün kifayət
qədər aktual bir məsələdir. Bu yeniliyin müxtəlif istiqamətlərdə, o cümlədən,
dünya musiqi çevrəsində irsimizin
səmərəli təbliği,
eləcə də ifaçılıq ənənələrinin
daha da yüksəlməsi
kimi məsələlərin
inkişafına təsir
göstərəcəyi şübhəsizdir.
Sözsüz ki, Azərbaycan Milli Konservatoriyasında ərsəyə gələn
və davamlı olaraq həyata keçirilən bu yeniliklər həm musiqi irsinin, həmçinin də milli-mənəvi dəyərlərimizin
qorunması baxımından
təqdirəlayiqdir. Bu mənada Azərbaycan Milli Konservatoriyanın “Milli musiqi alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında
aparılan işlər
böyük maraq doğurur. Belə ki, laboratoriyada
kamança alətinin
bütöv bir ailəsi yaradılmış,
eləcə də çəng və səntur alətlərinin
daha təkmil nümunələri hazırlanmışdır.
Təqdimat mərasimində giriş sözünü tədbirin
aparıcısı musiqişünas,
Konservatoriyanın elmi
işlər üzrə
prorektoru, dosent Lalə Hüseynova söylədi. O, Avropa musiqisində simfonik orkestrdə violin ailəsi
olduğu kimi Azərbaycan musiqisində də kamança ailəsinin zəruriliyini qeyd etdi. Lalə
xanım bildirdi ki, həm yeni
alətlərin - kontr,
bas, bəm kamançanın
yaranması, həm də qədim alətlərimizin - çəng
və sənturun yeni şəkildə təqdim olunması “Milli musiqi alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının
və onun rəhbəri Məmmədəli
Məmmədovun əməyinin
göstəricisidir. Sonra
isə “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasının rəhbəri
Məmmədəli Məmmədov
çıxış edərək
təqdim olunan yeni və təkmilləşmiş
hər bir musiqi aləti haqqında müfəssəl
məlumat verdi.
O, salona toplaşanlara
yeni alətlərin yaranmasının elmi əsaslarından, fiziki-həndəsi
qanunauyğunluqlarından söz
açaraq hər bir alətin hazırlanma materialı, ifaçılıq xüsusiyyətləri,
tembri haqda geniş danışdı.
Bundan əlavə M.Məmmədov
təkmilləşdirdiyi səntur
alətinə simlərin
dartım qüvvəsinin
stabilləşdirilərək tətbiqini və səs qrafikinə uyğunlaşdırdığını vurğuladı.
Sonra isə sözügedən laboratoriyada
görülən işləri,
ərsəyə gələn
yenilikləri, eyni zamanda yeni və
təkmilləşmiş alətlərin
əyani görüntüsünü,
bilavasitə laboratoriyanın
fəaliyyətini əks
etdirən videoçarx
nümayiş olundu.
Təqdimat mərasimində maraqlı
konsert proqramı da yer almışdı. Daha dəqiq
desək, ərsəyə
gələn musiqi alətlərində muğam
parçaları, bir sıra xalq mahnıları və bəstəkar əsərləri
səsləndirildi. Bəm
kamançada tədbirin
musiqi proqramının
bədii rəhbəri,
Respublikanın Əməkdar
artisti, AMK-nın dosenti, tanınmış kamança ifaçısı
Munis Şərifov, səntur alətində Azərbaycana İrandan təşrif buyurmuş həmvətənlərimiz Abid
Ağanecat və Mənsur Danişvər ifa etdilər. Eyni zamanda çəng
alətində bu alətin yeganə ifaçısı, Azərbaycan
Musiqi Mədəniyyəti
Muzeyinin nəzdində
“Qədim musiqi alətləri” ansamblının
solisti Fəzilə Rəhimova öz ifasını təqdim etdi. Bundan əlavə
konsertdə yeni kamança ailəsinə
aid alətlərdən ibarət
simli kvartetin də ifası böyük maraq doğurdu: Munis Şərifov, Aqşin Göyüşov, Asim Xəlilov və Konservatoriyanın I kurs tələbəsi Toğrul
Orucov çıxış
edərək “Sarı
gəlin” xalq mahnısını səsləndirdilər.
Sonda
AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi təqdimata yekun vuraraq bir daha
Konservatoriyanın “Milli
musiqi alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında
görülən işlərin
əhəmiyyətindən söz açdı və bu cür
təşəbbüslərin mədəniyyətimiz üçün
zəruri bir addım olduğunu vurğuladı.
Fərdin
MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 13 iyun.- S.20.