Düma ilə Coys arasında və yaxud Don Kixotun ölümü

 

Nəyə görəsə qafiyə məndə bir qadının mini ətəyini xatırladır. Qafiyə var, qulaq qafiyəsidir. Qafiyə var, sözün kökünün qafiyəsidir. Ətək yuxarıya doğru qalxdığı kimi qafiyə də kökə doğru dartınır. Amma sözün kökünə müdaxilə edə bilmir.

 

lll

 

Romanla bağlı təsəvvürlərimizi bir az genişləndirək. Və dar meyarlardan çıxmağa çalışaq. Siz “qaşqabaqlı” roman təsəvvür edə bilirsinizmi? Bəs “mülayim” roman necə? Hardasa “kədərli” roman deyə bilirik. “Nikbin” roman da terminologiyamıza daxil olub. Amma “qəzəbli”, “arsız”, “sadədil”, “cırtqoz”, “sakit” və b. bu kimi psixoloji durumlara dayanan nəsr nümunəsini təsəvvürümüzdə canlandırmaq çətin olur. Romanla bağlı ümumiləşdirmə genişliyinə nail ola bilmirik. Məlum və çeynənmiş qəliblərdən tutub durmuşuq. Amma insan psixologiyasının yüz çaları olduğu kimi onun qələmindən çıxan mətn nümunəsinin də yüz bir çaları olur. Bu cür uyğunlaşdırmalar bizim romana bir daha başqa bir gözlə baxmamızı və nəticədə daha geniş nüansları görməmizi şərtləndirər.

 

Məncə, “Qətl günü” qaşqabaqlı romandır. “Dəli Kür” isə qəzəbli romandır.

 

“Saçlı” mən təmkinli roman kimi təsəvvür edirəm.

 

Mənə adını çəkdiyim romanlardan dediyim bu məqamlara uymayan uzun-uzadı təsvirləri tələsik nümunə gətirmək lazım deyil. Məzmun müstəvisində onlar ola bilər. Bu qiymətvermədə əsas olan isə psixoloji duyumun bəzən dilə gəlməyən və romanın sənə gizlicə özü haqda nəyisə etiraf edib pıçıldadığı məqamlardır. Son dərəcə subyektiv məqamlardı.

 

lll

 

Minnətdar olmağı bacarmayan adamlar çoxdur. Minnətdar olmamaq üçün onların bir çıxış yolu var - sənə nifrət eləmək. Bunu nədənsə, asanlıqla bacarıb edirlər.

 

lll

 

Görəsən, bizim qalaktikamız bütövlükdə qara deşiyin içinə düşüb itməyib ki?! Biz kainatda heç kimi tapa bilmirik. Başqa qalaktikalardan xəbərimiz yoxdur. Başqa qalaktikalara göndərdiyimiz siqnallar möhtəşəm boşluqda fırlanıb-fırlanıb yenə bizə qayıdır.

 

Sizcə, bir mətn başqa bir mətnə öz içindən radio dalğaları kimi görünməz siqnallar göndərə bilirmi?! Və mətnlər bir-birilə bu sayaq “danışa” bilirlərmi?!

 

lll

 

Don Kixotun romanın sonunda öldüyü səhnə yadınızdamı? Çox təsirli bir şəkildə qələmə alınıb. Bu səhnəni göz yaşı tökmədən oxumaq mümkün deyil. Qohumları, dostları ölüm ayağında ağlı başına gəlmiş sevimli senyor Kexona üçün dualar edirlər. Onun bu halı ilə bircə Sanço barışa bilmir. Sədaqətli silahşor Sanço Pansa. Sanço  qəhrəmanlıq göstərmək xülyasına düşüb uzun yollar qət etdikləri əzab-əziyyət dolu, amma ecazkar keçmiş günləri xatırlayır. O bilir ki, ağası sadəcə xəyalpərəst deyil. O, insanlara sevgisinin ucbatındandır ki, məhrumiyyətlərə və başqaları tərəfindən anlaşılmazlığa düçar olmuşdur. Sanço Pansa ölüm yatağında taqətsiz düşüb qalmış  ağasına ürək-dirək vermək üçün yanıqlı-yanıqlı deyir ki, qalxın, senyor, yollar və yeni qələbələr bizi gözləyir... Bu sözlər, həqiqətən, ürək dağlayır. Sadiq silahşor heysiz ağasını ölüm yatağından qaldırmaq üçün nə dillər tökür... Servantes Sançonun diliylə belə deyir: “Dünyada ən böyük axmaqlıq göz görə-görə ölümə yol verməkdir. İnsanı kimsə öldürmədən özü nə üçün ölsün?! Tənbəl olmayın, qalxın, şərtləşdiyimiz kimi cəngavər paltarı geyib çölə gedək. Bəlkə kollardan birinin dibində tilsimi açılmış Dulsineyaya təsadüf etdik, kim bilir?!”

 

Hətta bu kədərli sözlər belə yataqda canı ilə əlləşən qoca cəngavərə, təəssüf ki, təsir etmir. O artıq ağıllanıb və bu cür nağıllara daha inanmır.

 

... Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz yaratdığı qəhrəmanı üçün deyil, özü üçün epitafiya yazırdı. Və əslində, Don Kixot ölmürdü, o yenidən dirilirdi. Suaresin bu son məqamla bağlı qeydləri ağlabatandır. Bu məşhur Servantesşünas 19-cu əsrin sonlarında iddia edirdi ki, “Don Kİxot” romanının dünyaya bəlli olmayan daha bir əlyazması var və o mətndə sonluq başqa cürdür. Sanço Pansa artıq ağlı başına gəlmiş və yatağında sakitcə uzanıb ölümünü gözləyən senyor Kexanonu, nəhayət, inandırıb yenidən kənd-kənd, oba-oba səyahət eləməyə razı salır. Sançonun köməyilə yatağından güclə qalxan senyor Kexano cəngavər geyimini geyinib silahlarını götürəndən dərhal sonra metamorfoza baş verir, o, yenidən əvvəlki Don Kixota çevrilir. Gümrah və şən əhval-ruhiyyədə hamını mat qoyub evdən bayıra çıxır. Həyətdə bitən iydə ağacının ətrafı bürüyən qoxusunu ləzzətlə ciyərlərinə çəkir. İlk gözünə dəyən atı Rosinant olur.

 

 Ayaqları ilə aramsız yer eşən Rosinantı bu dəfə tanımaq olmurdu, at kişnəyə-kişnəyə vüqarlı bir duruşla onu evin qarşısında artıq gözləyirdi. Don Kixot Sanço Pansaya, öz vəfalı silahşoruna son dəfə minnətdarlıq dolu bir baxış ataraq yaşına və halətinə uyğun gəlməyən qıvraqlıqla atın belinə tullanır, cilovu tez-tələsik özünə sarı dartır. Rosinant əvvəlcə şahə qalxır, bir müddət at da, süvari də sanki göyə uçacaqdılar, beləcə donub qalırlar.  Qapı ağzında tamaşaya yığışanların ürəkləri ayaqlarının altına düşür, sinələrindən yanıqlı bir “ah” çıxıb asimana bülənd olur. Hamı gözləyir ki, bu saat Rosinant qoca və ipə-sapa yatmayan bu xəyalpərəsti yerə yıxacaq, o da həmişəki kimi xurd-xaşıl olacaq. Amma belə olmur. Bir az əvvəl onun ölümlə əlləşməsinin şahidi olan qohumlar və dostlar təəccüb içində bir də görürlər ki, Rosinant  dəlilər kimi yerindən götürülüb dördnala çapmağa başladı.  At da, atın  belində şəstlə oturub əlindəki payanı nizə kimi ucaya qaldırmış  Don Kixot da bir neçə an sonra uzaqlarda kiçik bir nöqtəyə dönüb gözdən itirlər. Qapı ağzında isə hər kəs yerindəcə donub qalmışdır. Sanço Pansa yaşla dolmuş gözlərini hamıdan gizlin əlinin dalıyla silir. Bundan sonra  senyor Don Kixotu bir daha bu ətrafda görən olmur.

 

Evdə isə əldən və heydən düşmüş, amma yaxın ətrafının təlaş və təkidiylə itirdiyi  ağlını yenidən qaytarmış bir qoca kişi ölüm yatağında son nəfəsini verməkdəydi və iri açılmış gözlərini dörd ətrafa dolandırıb bir az əvvəl dostlarla və qohumlarla  dolu olan otaqda indi, bu ən vacib məqamda heç kimin olmadığına təəccüb edirdi.

 

lll

 

Hacı Mir Həsən ağa Səyyahın dediklərindən: “Ömrümün sonuna qədər yaşamaq niyyətim yoxdur”. (“Sirlərin sərgüzəşti”, Əlyazma, Kataloq: CA/424, səh. 735). Bu sözlərlə, əslində, həmin əsəri bitmiş saymaq olar. Çünki Əlyazmanın içində bu fikirdən sonra verilmiş və Əlyazmaya əlavə sayılan hissə Mir Həsən ağanın on iki müridinin bu qiymətli zat barədə xatirələrini ehtiva etməkdədir.

 

lll

 

Bu küləkli və soyuq, ümidsiz və ağır sabahın ora-burasını qayçılasan, bəlkə də bir az geriyə qayıtmaq   alababat bir gecə çıxarmaq mümkün olardı.

 

lll

 

Sokrata ölüm cəzası kəsilərkən arvadı ah-nalə qoparır, acı fəryadı ilə afinalı hakimlərin qəlbini yumşaltmağa çalışır, elə hey “ərim günahsızdır” deyib ağlayır-sıtqayır.

 

Bunu eşidən Sokrat təmkinini pozmadan deyir:

 

- Ağılsız qadın... Bəs sən istərdin ki, ərin günahkar kimi ölümə məhkum edilsin?

 

“İstedadsız əsərdir” deyib saatlarla, səhifələrlə onu təhlil edərək oxucunun zəhləsini tökən tənqidçilər yada düşür.

 

“Günahkar” əsər və “günahsız” əsər...

 

Niyə axı tənqidçi onun öz fikrincə istedaddan əsər-əlamət olmayan bir əsərdən geninə-boluna danışır? Deməli, kiməsə sübut etməyə ehtiyac var ki, sən özün günahkar deyilsən...

 

lll

 

“Səhra böyüyür”. Niççe belə deyirdi. Onu isə böyüməyə qoymaq olmaz. Onun böyüməsi bizim hamımızın yaddaş ilahəsi Mnemozinaya etdiyimiz xəyanətin müqabilində baş verir.

 

lll

 

Sözləri bir-birinin yanında kim necə istəyirsə elə də görür. Onları durna qatarında  bir-birinin yanında gözəl-gözəl ölkələrə uçan durnalar kimi də görmək olar, həbsxana divarında bir-birinə yapışıb qalmış daşlar kimi də... Birinci halda optimist deyirlər sənə, ikinci halda - pessimist.

 

lll

 

Ömər Xəyyam adlı  gəncin bir hekayəsini oxumuşdum.  Xoşuma gəlmişdi. Elə bil, bu adamı üzmək bilməyə-bilməyə aparıb atmışdılar dənizin ortasına və o, əl qol ata-ata üzüb sahilə çıxmışdı. Buna hələ üzmək demək çətin idi. Qəribə, əsaslandırılmamış bir cəsarətlə metamorfozalar aləmi yarada bilirdi. Qapı ağzında kimsə başqa birisinə çevrilirdi. Sən baxırdın, amma görmürdün. Özü də bu dəyişmələr elə bir realistik kontekstdə verilirdi ki, irreal olan bir az da reallaşırdı. Burada isə son dərəcə həssas hərəkətlər eləmək lazımdır. Qorxulu haldır. Kəndirbaz kimi balaca yellənsən, ya da ki, üzünə ən zərif meh dəysə, dəngəni itirib yıxıla bilərsən.

 

Sonra Ömər Xəyyamın daha iki hekayəsini oxudum. “Solomon” və “Edem” hekayələrini artıq üzməyi, özü də bir üsulla deyil, müxtəlif üsullarla üzməyi bilən adam yazıb - düşündüm. Hər şey yerli-yerində idi. İrreallıq da, onun çəkinmədiyi, qorxub eləmədiyi reallıq da. Amma hansı hansının içində idi - bu məlum deyildi. Və yaxşı ki, məlum deyildi. Sevindim. Nə yaxşı ki, üzməyi ona öyrətmədilər, üzməyi o özü öyrəndi. Bəlkə də şair olsaydı belə olmazdı. Qafiyə, rutm - bunları öyrənmək lazım gələcəkdi.  Öyrənə-öyrənə az adam olur ki, özünü qoruya bilir. Bizim gəncin, mənə elə gəlir ki, məhz nasir olmaq birbaşa alnına yazılıb. Amma bilmirəm, qələmlə yazılıb, yoxsa Edemdə bu yazını güllə ilə yazıblar, amma o güllələr hələ açılmayıb, ancaq səsləri gəlir. Səs aləmi isə... artıq bura onun fərdi stixiyasıdır. Mən o hekayələrdən müxtəlif səslər eşitdim. Bu səslərin sözlərlə, dil səsləri ilə, cümlələrlə əlaqəsi yoxdur. Bu başqa səslər idi.  O səslər hardan gəlirdi - bunu da bilmək asan deyil. Amma səslər var idi və Ömər Xəyyam səsləri yağış kimi yağdıra bilir. Metamorfozalar ustası da deyə bilərik bu gəncə. Sehirbaz - pencəyinin ciblərindən, qoltuqlarından ağlagəlməz, rəngli, adamaldadan dəsmallar, uşaq oyuncaqları çıxaran, göstərən və o saat da “üff” edib yoxa çıxaran bir sehirbaz gəlib ədəbiyyatımıza. Əvvəl beləsi yox idi. Mən boşluqdolduranları sevirəm. Ömər Xəyyam boşluqdolduranlardandır. Xoş gəldi. Feysbukdan özünü qoruya bilsə, onu, sadəcə, bəyənməyəcəyik,  onunla hələ fəxr də edəcəyik.

 

lll

 

Hind fəlsəfəsi deyir ki, hər şey birdir. İkincisizdir. İkinci yoxdur.

 

O zaman nə görürüksə bir olan vahidin içindədi. Bir-birindən uzaqdakıların da aralarında bəzən adi gözlə görünməyən  keçidlər var.

 

Vahidin içində həm də əlaqələr, münasibətlər, bir sözlə, hər şey... Dünyanın vahidliyi elə bu deyilmi?!

 

lll

 

Azərbaycan ədəbiyyatında iki ada. Biri Vaqif Səmədoğlunun yaşıl, tənha adası, o biri də Vaqif Bayatlının sənin gözünə görükən adası... Hansında yaşamaq istərdin? Yaşıl, tənha ada  gözümüzə görükən, bəlkə də bizim onun gözünə görükdüyümüz ada, əslində, eyni məkandır. Bizim nə zamansa uzaq düşdüyümüz və nə zamansa qayıtmaq həsrəti ilə qovrulduğumuz məkandır. Özüm- özümü təkrar edirəm: hər bir insanın həyatında hökmən qayıtmaq istədiyi bir İtaka adası olur. Bütün həyatın boyu sən də Odissey kimi öz İtaka adana qayıtmaq üçün çırpınırsan.

 

lll

 

Nikolay Berdyayev deyirdi ki, mədəniyyət təbiiliyin qandallanmasıdır, azadlığın məhdudlaşdırılmasıdır. Mədəniyyət dahini müstəqillikdən məhrum etməyə, onu vəhşi heyvandan ev heyvanına çevirməyə çalışır.

 

J.J. Russo mədəniyyəti inkar edir, insanları geriyə, təbiətə çağırırdı. Ona elə gəlirdi ki, saflıq, təmizlik, səmimiyyət məhz təbiətdə dondurulmuş şəkildə qalıb.

 

Dədə Qorqud Basatı atası Aruz Qocanın evindən bir neçə dəfə qaçırıb meşəyə, boya-başa çatdığı aslan yatağına qaytarır.

 

Azad və çərçivəsiz şəkildə, dağda, daşda böyüyən Paris şəhərə, saraya gələndən sonra ilk avantürası doğma şəhəri Troyaya baha başa gəlir. O, Gözəl Yelenanı qaçırır və Troya müharibəsi baş verir.

 

“Təbiət - Mədəniyyət” qarşıdurması bu gün də hər bir insanın daxilində davam edib gedir. Kim özünü daha çox hansı tərəfin adamı sayır?! Hansı tərəfdə durmağımız, hansı tərəfin adamı olmağımız, sadəcə, bizdən asılıdır.

 

Biz meşədən çıxmışıq, bəli, amma alaçıqdan da çıxa biləcəyikmi?

 

kamalabdulla.az

Kamal Abdulla

 

 

525-ci qəzet.- 2015.- 13 iyun.- S.19