Gövhər Baxşəliyeva:“Yer adları dəyişdirilərkən təkcə yerli sakinlərin istəyi əsas sayıla bilməz”

 

Milli Məclisin (MM) deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın “525”ə müsahibəsi.

 

- Gövhər xanım, Milli Məclisin (MM) yaz sessiyası öz işini tamamladı. Siz bir parlamentari olaraq, yaz sessiyasının yekunlarını necə qiymətləndirirsiniz?

 

- Parlamentin yaz sessiyası da əvvəlki sessiyalar kimi məhsuldar olub. Bütövlükdə sessiya zamanı  ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən 134 qanun layihəsi müzakirə edilərək qəbul edilib, ölkəmizin qanunvericilik bazası xeyli möhkəmlənib, beynəlxalq konvensiya, saziş və protokollar müzakirə edilərək ratifikasiya olunub.

 

Milli Məclisin beynəlxalq fəaliyyəti də uğurlu olub, deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizi ləyaqətlə təmsil edib, Azərbaycanın mənafeyini müdafiə edən bir sıra sənədlərin qəbul edilməsinə nail olublar.İkitərəfli parlamentlərarası əlaqələr də səmərəli inkişaf edib, xalqımızın haqq səsinin ucaldılması, Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanıdılması, XX əsrdə xalqımıza qarşı erməni qəsbkarları tərəfindən soyqırım aktlarının törədilməsi, 1915-ci il bədnam “erməni soyqırımı”nın ifşası və sair istiqamətlərdə xeyli iş görülüb. Parlamentin son iclası da müzakirəyə çıxarılmış  qəbul edilmiş qanun layihələri baxımından səmərəli və zəngin olub. İclasda mən də iki məsələ barədə öz fikrimi bildirdim...

 

- “Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin  müzakirəsi zamanı bir sıra ağrılı və narahatedici məqamları dilə gətirdiniz, xüsüsilə də, pedofiliya və pedofillərlə bağlı...

 

- Sözügedən qanun layihəsi ilə valideyn, övladlığa götürən, müəllim, nəzarəti həyata keçirən digər şəxslər tərəfindən uşaqları əxlaqsız əməllərə cəlb etməyə görə xüsusi məsuliyyət və daha ciddi cəzalar müəyyən edilir. Məsələn, “Seksual xarakterli hərəkətlərə məcbur etmə” adlı 151-ci maddədə  “Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə” yə görə əvvəlki variantda beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulurdusa, hazırda bu əmələ görə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib. Bütövlükdə Cinayət Məcəlləsinin 151, 152, 153, 171 maddələrinə bu tipli dəyişikliklər edildi. Mən isə söz alaraq bildirdim və indi də bildirmək istəyirəm ki, bu kimi, xüsusən azyaşlılara qarşı törədilən cinayətlərə görə nəzərdə tutulan cəzalar hətta yeni variantda belə törədilmiş cinayətlərə adekvat deyil, onlar ictimai təhlükəliliyi nəzərə alınaraq daha da sərtləşdirilməlidir.

 

Digər təklifim Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinə aid oldu. Belə ki, qəbul edilən yeni variantda qanunun 152.3 maddəsində “Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - nəzərdə tutulur.Yaxud Qanunun 153.3 maddəsində: “Bu Məcəllənin 153.1 vəya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi vəya digər müəssisənin müəllimivəya digər işçisi tərəfindən törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - kimi cəza müəyyənləşdirilir. Bildirdim ki, bu tipli cinayətlərə görə şəxsin cəzasını çəkəndən sonra 3 il müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə kifayət etmir.

 

Ümumiyyətlə, uşaqlara, azyaşlılara qarşı istənilən pozğunluq hərəkətinə yol vermiş və buna görə  məhkum olunmuş şəxs, nəinki 3 il sonra, ümumiyyətlə, heç vaxt, heç bir halda bir daha azyaşlılarla işə buraxılmamalıdır, uşaqlarla iş onlara tamamilə qadağan olunmalıdır. Bu dünya praktikasıdır. Pedofiliya ağır cinayətdir, biz böyüklərin vəzifəsi isə uşaqlarımızın fiziki və psixi təhlükəsizliyini hər vasitə ilə qorumaqdır.

 

Təcrübə göstərir ki, uşaqlara qarşı cinsi zəmində hər hansı cinayətə yol verən şəxslər, hətta cəzalarını çəkmiş olsalar belə, illər sonra fürsət tapanda yenə o cinayətləri təkrarlayırlar.Tibb elmi bunu birmənalı şəkildə təsdiqləyib. Bu kimi şəxslər uşaqlarla işə yenidən buraxıldıqda, bəzən daha ağır cinayət törədirlər. Həmin şəxslər cinayətlərinin izini itirmək üçün hətta uşağı öldürə bilərlər...

 

- Yeri gəlmişkən, son iclasda kifayət qədər müzakirələrə, mübahisələrə səbəb olan məsələlərdən biri də  “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə”  qanun layihəsi oldu...

 

 - Bilirsiniz ki, qanun layihəsi ilə respublikanın 17 rayonunda yer adları-toponimlər dəyişdirildi. Yer adlarının dəyişdirilməsi geniş yayılmış təcrübədir və vaxtaşırı parlamentin Regional məsələlər komitəsinin tövsiyəsi ilə biz həmin məsələlərə baxırıq. Çıxışımın məğzi isə onunla bağlı idi ki, zaman-zaman Azərbaycanın tarixi toponimləri bədnam qonşularımız tərəfindən torpaqlarımızı özününküləşdirmək, erməniləşdirmək məqsədilə dəyişdirilib. Müasir Ermənistanın ərazisində qədim Azərbaycan-türk mənşəli toponimlərə qarşı bir növ, belə demək mümkünsə, ardıcıl, sistematik “soyqırım” siyasəti həyata keçirilib.

 

Məqsəd aydındır - bütün dünyaya sübut etmək ki, bu torpaqlar elə əzəldən erməni xalqına məxsusdur, azərbaycanlılar buralarda yerli, yəni,  aborigen əhali olmayıblar. Beləcə Rəvan-Erevana, Sərdarabad-Armavirə, Goyçə-Sevana, Üçmüəzzin-Eçmiədzinə və sairə çevrilib. Yüzlərlə belə nümunələr göstərmək olar. Bu haqda alimlərimizin kifayət qədər əsərləri nəşr edilib, araşdırmaları var.

 

Bütün bunlar azmış kimi, bədnam qonşularımız bu gün işğal etdikləri Dağlıq Qarabağ və ətraf yeddi rayonun toponimlərini də erməniləşdirirlər. Məsələn, ermənilər tərəfindən 2007-ci ildə nəşr edilmiş “Respublika Armeniə i Respublika Naqornıy Karabax” xəritəsində yüzlərlə tarixi Azərbaycan-türk toponimləri erməniləşdirilir, Kəlbəcər-Karabaçar, Laçın-Berdzor, Füzuli-Varanda, Cəbrayıl-Djrakn, Qubatlı-Anqextun, Zəngilan-Kovsakan və sair adlandırılır. İstənilən ərazinin toponimikası onun etnik və tarixi-mədəni özünəməxsusluğu ilə bağlıdır və millətin  gen yaddaşının daşıyıcısıdır, qədimiliyinin göstəricisidir.

 

Odur ki, yer adlarının dəyişdirilməsinə çox diqqətli və həssas yanaşmalıyıq, buna yalnız çox əsaslı səbəb olanda getməliyik, məsələn, dəyişilən toponimin leksik və semantik baxımdan milli ənənəyə cavab verməyəndə. Yer adlarının dəyişməsində təkcə  yerli sakinlərin istəyi bunun üçün əsas sayıla bilməz.

 

Dəyişdirilən yer adlarının etimologiyası dərindən araşdırılmalıdır və qədim türk mənşəli yer adları heç bir halda dəyişdirilməməlidir, çünki onlar bu ərazilərin tarixən məhz biz azərbaycanlılara məxsus olduğunun göstəricisidir.

 

Bu çox ciddi məsələdir. Məsələn, qanun layihəsi ilə Tirkeşəvənd kəndinin adı dəyişdirilərək Alıbəyli kəndi adlandırıldı. Halbuki, böyük ehtimalla bu kəndin adı “Türkeşəvənd” olub, “ü” hərfi zaman axarında fonetik dəyişikliyə məruz qalaraq “i” formasını alıb, kəndin adı isə “Tirkeşəvənd” kimi tələffüz olunmağa başlanıb.

 

Eləcə də, Kövüzbulaq kəndinin Soyuqbulaq kəndi, Cəyirli kəndinin Şıxlar kəndi, İlxıçı kəndinin Məmmədxanlı kəndi, Qaragüney kəndinin Tağılar kəndi adlandırılması başadüşülən deyil. Bu kəndlərin adları qədim türk mənşəli sözlərdən əmələ gəlib, onlar bu yerlərin köklü əhalisinin məhz qədim türklərdən ibarət olduğuna dəlalət edir.Ermənilər hər vasitə ilə dünya ictimaiyyətini çaşdıraraq sübut etməyə çalışırlar ki,  ermənilər bu torpaqların yerli əhalisidir, azərbaycanlılar isə Cənubi Qafqaza sonradan gəlmədilər.

 

Tarixçilərimiz bədnam qonşularımıza cavab olaraq, Cənubi Qafqazda türklərin çox qədim zamanlardan yaşamalarını sübut edirlər.

 

Bu zaman istifadə edilən əsas dəlillərdən biri də bu torpaqların qədim türk mənşəli toponimləridir. Aparılan çox gərgin ideoloji və informasiya müharibəsində  torpaqlarımızın qədim türk mənşəli yer adları çoxtutarlı dəlildir,  əvəzsiz silahdır. Odur ki, qədim türk mənşəli yer adlarımızı göz bəbəyi kimi qoruyub yaşatmalıyıq.

Bunu ümummilli mənafeyimiz tələb edir. İstənilən halda ümummilli mənafe müəyyən kəndin əhalisinin təşəbbüsündən üstün tutulmalı, kənd əhalisinə isə hər konkret halda bunun səbəbi, həmin kənd adının tarixi etimologiyası izah edilməlidir.

 

Əminəm ki,  bu halda heç bir suala, yaxud anlaşılmazlığa yer qalmaz.Təklif etdiyim digər məsələ-Toponimiya komissiyasının və MM-in Regional məsələlər komitəsinin iclaslarına yer adlarının dəyişdirilməsi məsələləri müzakirə olunanda, parlamentin dilçi, filoloq, tarixçi və digər bu sahəyə ixtisasca yaxın olan deputatların dəvət olunması idi ki, onların bu kimi iclasların işində iştirakı və fikir bildirmələri ümumi işimizə fayda gətirər...

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2015.- 13 iyun.- S.15.