Milli rəqslərimiz milli dəyərimizdir

 

 

Mənim havamı çal. Mahnı çalınır, ritm yaranır, əllər göyə qalxır, bədən ritmə uyğun hərəkət edir. Və beləcə, rəqs başlayır. Amma heç də həmişə rəqs musiqi sədaları altında başlamayıb.

 

Bir vaxtlar rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Bir sözlə vaxtilə rəqs insanlar arasında ən qədim, həm də ən dramatik ünsiyyət vasitələrindən biri olub.

 

Azərbaycanda yaşamış xalqların ibtidai, ilkin rəqs formalarının meydana çıxdığı, yarandığı yer respublikanın cənub rayonları hesab edilə bilər. Alimlər Bakının yaxınlığında, Qobustanda qədim rəqslərdən xəbər verən qaya təsvirlərini- rəqs edən fiqurları aşkara çıxaranda onun təqribən səkkiz- on min il bundan əvvələ aid olduğu məlum olub.

 

Təbii ki, qədim dövrün rəqsləri yalnız mərasim xarakteri daşıyırdı və heç də tamaşa edilmək üçün deyildi, əksinə müəyyən bir mərasimin vacib elementi kimi lazım gəlirdi. O vaxtlar  rəqqaslar və tamaşaçılar bölgüsü də yox idi. Ovun, döyüşün uğurlu olmasını arzulayan, ovsuna, tilsimə arxalanan, allahlarına və fövqəltəbii qüvvələrə and vermək istəyən hər bir kəs özünün bu münasibətini mərasim rəqsində ifadə edərdi. Uzaq keçmişdə adamlar günəşə və aya, küləyə və oda, ağaclara və suya, müqəddəs sayılan müxtəlif heyvanlara sitayiş edirdilər. Onların şərəfinə təzim ibadətləri və mərasim rəqsləri icra edərdilər.

 

Təbiidir ki, bu rəqslərin tərkib ünsürləri mümkün qədər təbiət hadisəsini, sitayiş etdikləri heyvana xas olan hərəkəti təsvir edərdi. Oda, atəşə pərəstiş dünyanın bir çox yerində geniş yayılmışdı, lakin bu pərəstişkarlıq şərq aləmində, o cümlədən, Azərbaycanda daha geniş inkişaf etmişdi. Müxtəlif adət- ənənələr və rəqslər oda həsr edilirdi. Odun gücünə inanan adamlar tonqallar ətrafında rəqs edir, üstündən tullanardılar. Onlar hökmən dəstə- dəstə, yəni qrup halında odun ətrafında dövrə vurar, ya da yarımdövrə qurub cəld- cəld hərlənərdilər. O dövrlərdəki rəqslər hələ sənət ustalığı deyildi. Onlar xeyli sonralar, tədricən öz dini mərasim xarakterini və ibadət mənzərəsini dəyişərək, sənət tərzinə düşdü. Bu dəyişmə prosesi çox uzunsürən və olduqca mürəkkəb, həm də son dərəcə nisbi bir proses oldu.

 

Azərbaycan xalqı həmişə şən təbiətli olduğuna görə onun rəqslərinə, el oyunlarına və əyləncələrinə xas olan elementlər daha çox qovuşurdu. Onlar optimizlə, yumorla, pantomima epizodları ilə zəngin olmaqla yanaşı, həm də ahəngdar və ifadəlidir.

 

Azərbaycanın ən yaxşı müğənni və rəqqasları İran, Türkiyə, ərəb hökmdarlarının, habelə Azərbaycan torpağından odla, qılıncla keçmiş başqa hökmdarların saraylarına dəvət olunar, ya da onlar tərəfindən əsir alınardı. Öz növbəsində xalq incəsənət ustaları yaxından əlaqədə olduqları, rastlaşdıqları xalqların folklorunu öyrənməklə öz yaradıcılıq məharətini zənginləşdirərdilər.

 

Böyük Azərbaycan şairi Nizami Gəncəvi saray rəqsləri barədə çox yazıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ədəbiyyatda "rəqs" sözünü ilk dəfə Nizami Gəncəvi işlədib. O, öz qiymətli sətirlərində oyunun necə rəqsə keçdiyini təsvir edir. Deməli hələ qədim zamanlardan bəridir ki, oyun və rəqs bir- birinə qovuşur, vahid bir süjetdə birləşir. Azərbaycan rəqslərindən bir çoxu bizim günlərdə belə oyun xarakteri daşıyır. Buna misal olaraq "Yallı", "Gülüm ey", "Cəhribəyim", "Qıtqılıda" kimi rəqsləri göstərmək olar.

 

Hər bir xalqın mədəniyyətində önəmli yer tutan rəqs sənəti Azərbaycan incəsənətinin də ən qədim və zəngin qolu kimi zaman keçdikcə inkişaf edib. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Xalq rəqsləri də tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirib. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

 

Azərbaycan xalq rəqslərinə "Qazağı", "Heyvagülü", "Lalə", "Qızılgül", "İnnabı" və sairələrini misal gətirə bilərik. Bununla yanaşı, "Dərbəndi", "Aşqabadi","Əsgərani", "Qars" və digər milli rəqslərimiz də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadırlar. Azərbaycan xalq oyun havası olan "Şalaxo" isə şən, milli, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo-şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.

 

Xalq rəqslərimizin siyahısını sadalamaqla bitməz. Yüzlərlə rəqs növlərimiz var ki, onlar həm quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənirlər. Onlar arasında onlarla rəqs növləri bu gün də çox məşhurdur - "Azərbaycan", "Uzundərə", "Toy rəqsi", "Turacı", "Tərəkəmə", "Cəngi", "Şalaxo", "İnnabı", "Qazağı", "Qaytağı", "Qoçəli", "Misri", "Naznazı", "Vağzalı", "Yallı" və s.

 

Milli rəqslərimizin tarixini yazmaq isə 30-cu illərdə mümkün olub. Rəqslərin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Burada xalq musiqisi, eləcə də rəqsləri toplanıb və nota alınıb. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbülün rəhbərlik etdiyi həmin elmi-tədqiqat kabinetinin folklorun toplanıb çap olunmasında müstəsna xidmətləri olub.

 

Xatırladaq ki, Xalq artisti Səid Rüstəmov tərəfindən hazırlanan bu ilk toplu - "Azərbaycan rəqs havaları" 1937-ci ildə nəşr edilən məcmuəyə 30 ən məşhur rəqs daxil edilib ki, onlar bu gün də öz təravətliliyi ilə seçilir.

 

Bu rəqslərdə xalqın özünəməxsusluğu, adət-ənənələri, inkişaf səviyyəsi əks olunur. Kütləviliyilə seçilən milli rəqslərimiz məzmun yükünə görə də olduqca qiymətlidir. Belə ki, hər bir hərəkət özlüyündə böyük bir məna kəsb edir. Ən sadə fikir və hisslərdən başlayaraq dərin duyğuları, iztirabları, sevinci, kədəri, ümumilikdə mənəvi yaşantıları fiziki hərəkətlərlə "demək" ən səlis və qeyri-adi ünsiyyətdir. Bu ünsiyyəti isə tamaşaçıya Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Azərbaycan rəqs məktəbinin professional səhnədə əsasını qoyan Əminə Dilbazi də bənzərsiz, təkrarsız bir rəqqasə kimi incəsənət tariximizdə imzasını möhürləyə bilib.

 

 Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil etsə də Azərbaycan rəqslərini başqa xalqların rəqslərindən fərqləndirən mühüm cəhətlərdən biri də məğrur hərəkətlər, qırğı kimi qürurlu qamət və çoxlu solo partiyalarının olmasıdır. Həddən ziyadə əzilib-büzülmə, tamaşaçıya xoş gəlmək cəhdi yad təsirlərin məhsuludur. Tarixin keşməkeşli dövrlərində əsir aparılmış, saraylara, hərəmxanalara düşmüş qadın və kişilərin rəqsi şahları, xanları əyləndirmək məqsədi güddüyündən rəqslərdə belə bayağı elementlər peyda olub. Rəqs edənlər xüsusilə də saray rəqqasları həmişə daş-qaşlarla bəzədilmiş zəngin geyimdə olardılar. Keçən əsrin əvvəllərində peşəkar rəqs ansamblları yaradılarkən rəqs quruluşçularının çoxusu digər millətlərin nümayəndələri olduğundan hardan gəldi rəqs elementləri götürüb el rəqslərini korlayıblar. Rus rəssamı Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin portretlərini dəfən-dəfən işləmişdi. Xüsusilə Nisə adlı rəqqasənin portreti onun bir çox əsərlərində təkrar olunur. "Şamaxı gözəlinin rəqsi"ndə rəssam Nisənin rəqsini xüsusi ilhamla vəsf edib.

 

Əlbəttə, adi el rəqsləri zadəgan məclislərində oynanılan rəqslərdən fərqlənirdi. Rəssam Ə.Əzimzadənin "Varlı evində toy" və "Kasıb evində toy" əsərlərini müqayisə etsək, bunu aydın görərik. Lakin kasıb toylarının səmimiyyətinin, sevincinin yerini yəqin heç nə əvəz edə bilməz. Bir sözlə Azərbaycan rəqslərinin ümdə cəhəti odur ki, rəqs edən sanki özü üçün oynayır, tamaşaçılara bəyəndirmək üçün yox. Onun özündən xoşu gəlir. Etdiyi hərəkətlərin hamısını özü bəyənir. Hər bir azərbaycanlının həyatında ən vacib gün toy günü hesab edilir. Hətta yoxsul oğlan da o gün bəy adlanır və ona bəyə layiq hörmət, izzət göstərilir. Və toy mərasimi azərbaycanlılarda çoxlu mərasim rəqsləri ilə müşayiət olunur. "Gəlin atlandı", "Tərəkəmə", "Uzundərə", "Vağzalı" və s. Xüsusilə "Gəlin atlandı" el toylarında xüsusi vəchlə ifa olunur. Axı qədimlərdə gəlini bəy evinə şəhərdə faytonla, kənddə isə atla kəcavədə aparardılar. Odur ki, gəlini ata evindən apararkən "Gəlin atlandı" havası çalardılar. Lakin toya qədər hələ qızı yola gətirmək lazım idi. Odur ki, el şənliklərində oğlan istədiyi qızla yarışa girərdi. At çapmaq da bu yarış mərasimlərindən biri idi.

 

Dünyanın heç bir yerində Azərbaycandakı kimi, 111 rəqs növü mövcud deyil. Bu, xalqımızın musiqi və rəqs sənətinin yaradıcısı olmasını göstərən faktlardandır. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır.

 

Qədim rəqs incilərimizi unutmağa haqqımız yoxdur. Çünki Azərbaycan xalqının yüzillərdən bəri yaratdığı bu sanballı əsərlər incəsənətimizin, mədəniyyətimizin, keçmiş həyatımızın tarixi olmaqla yanaşı, gələcək mənəvi- ruhani intibahımızın da mühüm təməl daşlarından, milli dəyərlərimizdən biridir.

 

Gültəkin ƏLƏSGƏR

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

525-ci qəzet.- 2015.- 17 iyun.- S.7.