Xan nəslindən olan unudulmaz sərkərdə

 

 

(Əvvəli ötən sayımızda)

 

19 mart 1915-ci ildə Cəmşid xan müvəqqəti olaraq alay komandirinin yavəri-adyutantı təyin edilir. Tatar alayı Çervonoqrad kəndində yerləşdiyi vaxt o, müvəqqəti yavərlik vəzifəsini təhvil verir.

 

Gənc zabit Cəmşid xan müharibədə göstərdiyi hünərə şücaətə görə 22 iyul 1915-ci ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə (üzərində "igidliyə görə" yazılmış) təltif olunsa da,  bu mükafatı ona 14 fevral 1916-cı ildə təqdim edirlər.

 

Avqust ayının 25-də Cəmşid xan Novoselka kəndinin yaxınlığında gedən qızğın döyüşlərdə yaralanır. 31 avqust 1915-ci ildə olan əmrdən (əmr ¹ 243) məlum olur ki, Cəmşid xan müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir. Alay komandiri polkovnik Polovtsev Cəmşid xanı "Müqəddəs Georgi" Silahı" mükafatını təqdim etsə , Cənub-Qərbi cəbhənin Duması bunun gənc zabitə hələ tez olduğunu bildirir. Cəmşid xana 19 sentyabr 1915-ci ildə kornet hərbi rütbəsi verilmişdir.

 

Tatar (azərbaycanlı) süvari alayı Kosova kəndində yerləşəndə, Cəmşid xan Naxçıvanskinin 3-cü dərəcəli (bant qılınclarla birlikdə) "Müqəddəs Stanislav" ordeni ilə təltif olunması elan edilir. Bu mükafat ona 12 may 1916-cı ildə təqdim olunur. Birinci Dünya müharibəsində Qafqazın yerli əhalisindən yaradılmış diviziyanın ("Dikaya Diviziya") tatar (azərbaycanlı) süvari alayının birinci yüzlüyünün birinci manqa komandiri təyin edilən Cəmşid xanın 20 yaşı var idi. Əmr 18 fevral 1916-cı ildə verilmişdir. 31 may 1916-cı ildə alayın apardığı döyüşlərdə gənc zabitin aslan kimi döyüşdüyünü görən Qafqaz yerli süvari diviziyasının  tatar süvari alayının komandiri Polovtsev yenidən 5 iyul 1916-cı ildə cəbhənin Georgi Dumasına məktub göndərir. O, bu məktubda bildirir ki, kornet Cəmşid xan "Georgi Silahı" almağa layiqdir. Bu, Cəmşid xanın komandirinin Georgi Dumasına 3-cü məktubu idi. 26 yanvar 1917-ci ildə onu "Müqəddəs Georgi Silahı" ilə təltif etdilər. Qeyd edək ki, mayın 31-də olan qızğın döyüşlərdə Cəmşid xan ikinci dəfə yaralanmışdı. 12 may 1916-cı ildə Rusiya imperatorunun əmri ilə tatar süvari polkunun korneti Cəmşid xan Naxçıvanski 3-cü dərəcəli (qılınclarla bantla birlikdə) "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.

 

1916-cı il may ayının ikinci yarısında cənub-qərb cəbhəsi Avstriya qoşunlarına ağır zərbələr endirdi. Həmin ilin 22-31 may tarixlərində Lutsk şəhəri istiqamətində general Brusilovun rəhbərliyi ilə rus qoşunları düşmən qoşunlarını ağır məğlubiyyətə uğratdı. Bu, hərbdə "Brusilov cəbhəsi"nin yarılması adlanır. Qeyd etmək yerinə düşər ki, Avstriya Macarıstan qoşunlarının darmadağın edilməsində Qafqazın yerli süvari diviziyasının da böyük xidmətləri olmuşdur. Bu xidmətinə görə gənc kornet Cəmşid xan "Georgi Silahı" mükafatına layiq görülmüşdür.

 

Əlahəzrət imperatorun bu haqda əmri 26 yanvar 1917-ci ildə Çarskoye Seloda imzalanıb. Bu qızğın döyüşdə yaralanan Cəmşid xana sağalandan sonra müvəqqəti məzuniyyət verirlər ki, doğma vətəni Naxçıvana getsin. Araşdırmalar göstərir ki, bu, onun Naxçıvana, doğma ata-anasının yanına axırıncı səfəri olur. Sözarası deyək ki, o, bir Naxçıvana banditlərlə döyüşə göndərilərək gəlmişdir. Amma bu vaxt burada evləri var idi, doğmaları qalmışdı.

 

Cəmşid xan 1916-cı ildə Naxçıvana gələrkən İrəvan seminariyasında oxuyan qardaşı Teymur xan vəfat edir.  Onu öldürüblər, yaxud özü intihar edib? Yəqin ki, tapılan sənədlər bunu da dəqiqləşdirməyə imkan verəcək.

 

Avstriya qoşunlarının mühasirəsinə düşən inquş-süvari polkunu xilas edən tatar süvari alayı xeyli itki verir. Bu döyüşdə onun döyüş bacarığı yenə yüksək qiymətləndirilir. 15 aprel 1917-ci ildə kornet Cəmşid xan 3-cü dərəcəli (qılınclarla bantla) "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir.

 

30 oktyabr 1917-ci ildə isə Cəmşid xanın rütbəsini artırırlar. O, süvari qoşunların stabs-rotmistr rütbəsini alır.

 

1917-ci il fevral-burjua inqilabı zamanı Cəmşid xanın komandirlik etdiyi manqa Avstriya cəbhəsində idi. Rusiya imperiyasında yaranan qeyri-sabitlik müharibə səngərlərində döyüşən alayı da çətin vəziyyətdə qoyur. Alayın daxil olduğu vəhşi dviziya general Kornilovun əmri ilə Petroqrada göndərilir. Amma qoşunlar aparılan təbliğat nəticəsində Petroqrada getmək istəmirlər. Qətiyyətlə diviziyanın Qafqaza qayıtmasını tələb edirlər. Bu səbəbdən   əmr olunur ki, diviziya Qafqaza qayıtsın. Cəmşid xan Naxçıvanski öz tatar (azərbaycanlı) alayı ilə Gəncəyə (o vaxtlar Yelizavetpol adlanırdı) qayıdır. Tatar alayı Azərbaycan qoşunlarının korpusuna daxil edilir, alay əvvəlcə Yelinendorfda (Sovet hakimiyyəti illərində Xanlar, indiki Göygöl şəhəri) yerləşirdi. Bir müddətdən sonra Tatar polkunu Qarayazıda yerləşdirirlər.

 

1918-ci ilin yazında Kürdəmirdə gedən döyüşlər nəticəsində Cəmşid xanın alayı türk əsgərləri ilə birlikdə Bakını erməni işğalından azad edir. Cəmşid xan öz tərcümeyi-halında yazır ki, Bakı Kommunasının əsgərləri gedəndən sonra, şəhərə ingilislər Çentrokaspinin qoşunları soxuldular. Mənim alayım ingilislərlə döyüşürdü, hətta o vaxt 2 şotland rotasını əsir tutdum.

 

Türk qoşunları Bakıdan gedəndən sonra ingilislər at oynadırdılar. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin başçıları respublikada ordunu möhkəmləndirmək işini ümdə məsələlərdən biri hesab edirdilər.

 

Cəmşid xan Naxçıvanski milli Azərbaycan ordusunun yaradılmasında möhkəmləndirilməsində yaxından iştirak edib. O, birinci tatar süvari alayının komandir köməkçisi vəzifəsində işləyir. Onun xidmət etdiyi alay 1919-cu ildə ingilislərin təhriki ilə Bakıdan çıxarılır Qusarda yerləşdirilir. İngilislər Bakını tərk edən kimi ordunun Dağıstan tərəfdən Azərbaycana hücum edəcəyi təhlükəsi yaranır. Belə bir şəraitdə Cəmşid xanı Dağıstan ilə sərhəddə mühafizə rəisi təyin edirlər. Onun qərargahı Yalamada yerləşirmiş.

 

24 mart 1920-ci ildə onu ikinci Qarabağ süvari polkunun komandiri təyin edirlər. Xankəndidə yerləşən alaya hərbi xidmətə gedən Cəmşid xan Ağdamda ləngiməli olur. Çünki erməni daşnakları Əskəran qalasını tutmuş Xankəndinə gedən yolu bağlamışdılar.

 

Məlumat üçün deyək ki, Əskəran qalasının daşnak quldurlarından xilas edilməsində Cəmşid xan əsgərləri qəhrəmanlıq göstərmişlər.

 

28 aprel 1920-ci ildə Bakı proletariatları XI qızıl ordunun köməyi ilə müsavat hökumətini devirib hakimiyyəti öz əllərinə keçirirlər. Cəmşid xan Naxçıvanski Nəriman Nərimanovun təklifi ilə Sovet hakimiyyətini qəbul edir. Onun komandanlıq etdiyi süvari polku Sovet ordusu tərəfinə keçdikdən sonra fəhlə-kəndli alayı adlandırılır.

 

Cəmşid Naxçıvanskinin yüksək hərbi biliyə və istedada malik olması XI qızıl ordunun komandanı Levandovskinin, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin və Azərbaycan Hərbi-Dəniz Xalq komissarı Əliheydər Qarayevin diqqətini cəlb edir.

 

Qeyd edək ki, 1971-ci ildən sonra yazılan qəzet və jurnal məqəlalərində, kitablarda Cəmşid xan Naxçıvanskinin fəaliyyətinin yalnız Sovet dövrü nisbətən geniş işıqlandırılıb. Ancaq onun həbs edilməsinin üstündən sükutla keçilib. Hətta onu kadet korpusunda oxuduğu illərdən inqilabi işlə məşğul olduğunu yazan və mətin bolşevik səviyyəsinə qaldıran müəlliflər də olublar. Ancaq bunlar yalandır! O, heç vaxt inqilabçı olmayıb. Sadəcə, N.Nərimanovun təklifini qəbul edib, xarici ölkələrə mühacirət etməyib. Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi Naxçıvanı çox sevdiyindən hərbi fəaliyyətini Azərbaycanda davam etdirib. Mətləbdən uzaqlaşmayaq. Birinci Dünya müharibəsində 3 dəfə yaralanan Cəmşid xanı ilk dəfə 31 may 1920-ci ildə Hərbi və Dəniz komissarı Çingiz İldırımın əmri ilə həbs etmişlər. İyun ayının 1-də ona həbs ordeni yazmış və Nargin adasına göndərmişlər. Həbs ediləndə onun 25 yaşı var idi. Onu 25-31 may Gəncə qiyamına görə "təqsirkar" bilib həbs etmişlər. Amma Gəncə üsyanı baş verəndə Cəmşid xan öz alayı ilə Suraxanıda idi. Çingiz İldırımın əmri ilə Bakıya çağrılan Cəmşid xan iyun ayının 1-də yenə də onun əmri ilə həbs edilmişdi. Məlumat üçün deyək ki, Çingiz İldırım laçınlı Sultan bəyin əmisi oğlu idi. Və o, Naxçıvanskiləri çox yaxşı tanıyırdı. Atasının əmisi Xosrov bəy də Bəhram xan Naxçıvanski ilə birlikdə İrana mühacirət etmiş, sonralar Türkiyəyə köçmüşdü.

 

(Ardı var)

 

Musa QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 17 iyun.- S.6.