Türk postmodernizmində roman

 

 

 

Postmodernist dünyagörüşü modelinin təməlində kinayəli parodiya durur.

 

Parodiya komik təqlid, predmet və hadisə üzərində gülmə kimi öz təbiətinə görə reallaşaraq müasir insanın  bəşəriyyətin minillər ərzində yaratdığı mədəniyyət simvollarını öz  mənafeyi naminə istifadə etməsini daha yaxşı əks etdirir.

 

Məhz postmodernizmin əsas anlayışlarından olan simulyakr mövcud olmayan reallığın surəti kimi bu gün ən müasir  texnologiyaların  köməyi vasitəsilə  kütlələri idarə etmək üçün onların  şüur  və emosiyalarını monipulyasiya edir. Yüksək keyfiyyətli  kütləvi kommunikasiya vasitələri gerçəkliyi ən  kiçik təfərrüatları  ilə əks etdirmək cəhdi səviyyəsində gerçəkliyin yeni keyfiyyəti kimi meydana çıxan illüziyaları doğurur. 

 

Kütləvi informasiya vasitələri  tərəfindən  yaradılan  hər bir reallıq nə qədər yüksək reallıq - əslində hiperreallıq - keyfiyyətində görünsə də əslində total cəmiyyətin illüziyalı və simulyativ ideologiyasından başqa bir şey deyildir. Kütləni cəmiyyət şəklində birləşdirən hər hansı bir  əlamətin dominantlığının avtoritarlığı, məsələn, istehlak cəmiyyətinin totolitarlığı bunun ən bariz nümunəsidir.

 

Postmodernist əsəri təşkil edən əlamətlər cəmiyyətin özünün psevdogerçək vəziyyətinin məhsulu olur. Hər şeyi əhatə edən xaosa postmodernist baxış müasir ədəbi əsərin təhkiyə və quruluş xaosunda öz əksini tapır. Postmodernist əsərin çoxvariantlı nəql edilməsini əvvəlcədən müəyyənləşdirən süjetinin açıqlığı, rizomalı quruluşu bir çox müasir anlayışın simulyativ səciyyəsindən doğur. Bu  anlayışların da əsasında köhnə, sabit semantik və özbaşına şəkildə yenidən qurulan əlaqələr durur. Öz prinsiplərinin əbədiliyinə, dayanıqlılığına inamını itirən ənənəyə gülmək cəhdi kinayəli parodiya, kollaj, montaj kimi üsullardan istifadə etməyə, allüziyalar, istinadlar, sitatlar və eyhamlara müraciət etməyə vadar edir. Karnavallaşmaya məqsədli cəhd, hadisələri teatrallaşdırılmış hərəkətlər, səhnələr, performans şəklində təqdim etmək cəhdi postmodernist ədəbiyyatın onun baxışlarına görə mühüm, həyati problemlərə ümumi diqqət cəlb etmək cəhdidir. Təbiətə deyil, daha çox mədəniyyətə, mədəniyyət dilinə, işarələrin dilinə müraciət həm əsərin özünün ilkin bədii, rəmzi təbiətini, həm də yenidən bərpa və təcəssüm etdirən bu əsərin  psevdogerçəkliyini təsbit edir. Totalitar, kütləvi ideyaların əzici təsiri altında öz mənindən məhrum olan postmodernist obrazların marginal durumları müqayisə və ya təqlid təcrübəsini mümkünsüz edir. Postmodernizmin əsas vasitələrindən olan müəllif maskası bu ədəbi cərəyana aid olan əsərlərdə təqdim olunan hər cür mövqenin çoxsəsliliyini özündə birləşdirmək vəzifəsi daşıyır. Müəllif  maskasının tətbiqi həm yaradıcı-müəllifin öz avtoritarlığını itirməsi, həm də müəllifin öz xüsusi mətnindən tamamilə kənarlaşmağın mümkünsüzlüyünü dərk etməsi deməkdir...

 

Əlbəttə, postmodernizmin bütün bu ümumi cəhətlərini özündə yaradıcı şəkildə əks etdirən Türkiyə postmodernizmi özünün spesifik xüsusiyyətlərinə malik olmaqla bu yeni ümumdünya cərəyanı kontekstinə üzvi şəkildə bağlanır. Türk postmodernist yazarları daim təkmilləşdirdikləri fərdi üslublarında, müəllif maneralarında, ədəbi texnikalarında çoxşəkilli və təkrarsız olduqlarına görə  tədqiqatçılar onların yaradıcılıqlarının təsnif edilməsində kifayət qədər nisbiliyə yol verirlər. Bu həm də postmodernizmin yaradıcı perspektivini, postmodernist yazıçının guya şəxsi özünüdərkinin və fərdi üslubunun sitatlar, pastişlər və mətn şəklində dünya haqqında təsəvvürlərlə silindiyi və məhdudlaşdırıldığı kimi geniş yayılmış baxışların da son dərəcə yanlış olduğunun göstəricisidir. Adətən, son dərəcə Qərb fenomeni kimi göstərilən  postmodernizm bir çox tədqiqatçılar tərəfindən  müasir türk ədəbiyyatı nümunəsində də totalitar və simulyativ qərbləşmə siyasətinə qarşı reaksiya kimi təqdim olunur. Müəyyən tədqiqatçılar da türk postmodernizmini "Qərb postfəlsəfi fikri ideyasının milli bədii dərk prizmasından  şərh edilən və dünya ümumsivilizasiya böhranı dövründə həyat şəraitinə orientasiya olunan yeni dünyagörüşün mənəvi əsaslarını formalaşdıran orijinal istiqamət keyfiyyətində" görürlər.

 

Türk postmodernizmi nümayəndələrinin təsnifi üsullarından biri kimi  tədqiqatçılar postmodernizmin postfəlsəfənin mühüm prinsiplərindən biri kimi əxz etdiyi həqiqətlər çoxluğu ideyasına münasibəti əsas götürürlər. Axıcı Həqiqət çoxluğunun və Mərkəzi Həqiqətin, Transendental işarəedilmənin yox olmasının təsdiqində ifadə olunan epistemoloji inamsızlıq postmodernizmdə sonsuz sayda "sayrışan" işarə simulyakrların oyununda ifadə olunur. Həmin əsərlərin  qəhrəmanlarının plüralist əsaslarda yaradılması zamanı müxtəlif heterogen elementlər - mədəniyyətlərin dilləri, müxtəlif estetik sistemlərin elementləri, hər cür mümkün janr və üslubların kodları hibridləşdirilir.

 

Bu da müxtəlif hibrid-mutant janrların yaradılmasında ifadə olunan əsərlərin quruluşunu mərkəzsizləşməyə gətirib çıxarır. Qərb postmodernizmində Həqiqətlər çoxluğunun və Mərkəzi Həqiqətin yoxluğunun ifadələrindən biri olan "boşluq" anlayışı türk  postmodernist yazarlarında  ənənəvi neqativ mənasında - "ölüm"  mənasında ifadə olunur. O.Pamukun "Qar", N.Erayın "Ölüm yuxusu" əsərlərində "boşluğa"- "ölümə" müraciət postmodernizmin ifadə vasitələrindən olan həqiqətlər çoxluğunun təcəssümü vasitəsi kimi meydana çıxır. Bu prinsipin bir ifadə vasitəsi kimi türk postmodernistləri diskursun və subyektin mərkəzləşdirilməsindən də geniş istifadə edirlər. "Diskurs üzvlərə ayrılır, yenidən kodlaşdırılır və parodiyalaşdırılır, bədii və bədii olmayan  eynihüquqlular kimi birləşdirilir. Bu da əsərə rizomalı, açıq səciyyə verir". N.Erayın "Ölüm yuxusu", "Aşiq tutuqusu barı", B.Qarasunun "Bələdçi" əsərlərində və s.də subyektin mərkəzsizləşdirilməsi təzahürü forması müəllif tərəfindən fiqurun yazılıb ayrılması yolu ilə həyata keçirilən fərdiyyətsizləşdirməyə çevrilir. O.Pamukun romanları, M.Munqanın "kiçik" nəsrində hibrid-sitatlı obrazların yaradılması yolu ilə müəllif "mən"inin "bölünməsi", "dağıdılıb yayılması" prosesi baş verir. Türk postmodernistləri  kütləvi mədəniyyət mətnlərini dekonstruksiya edərək yeni mass-media miflərinin necə ayrı-ayrı adamların saxta simulyakrlarına - "təmiz işarələri"nə çevrildiklərini göstərirlər.

 

Buna  T.Yucelin "Yalan" romanında yalançı alim Yusif Aksunu misal göstərmək olar.

 

Orhan Pamukun "Qar" romanında Qars kimi bütöv bir şəhərin, M.Munqanın "Alisa möcüzələr şəhərində" povestində isə bütöv bir planetin necə saxta simulyakra çevrildiyinin şahidi oluruq. Həqiqət çoxluğunun bədii təcəssümünü vermək üçün türk modernistləri mühüm bir vasitə kimi dil ilə oyundan məharətlə istifadə edirlər. Bu onlara öz əsərlərində hiperreallığın - çoxlu cari həqiqətlərin ekvivalentlərini sərgiləməyə imkan verir. Dil oyunlarının ən geniş yayılmış formaları pastiş, "şizofrenik dil"dən istifadə və qeyri-normativ leksikadır. Postmodernist ədəbiyyat dil oyunları vasitəsilə" təşəkküldə olan mətnin fəlsəfəsi"nin mahiyyətini təşkil edən oyun fəlsəfəsinə gedib çıxır. Türk postmodernistləri türk xalq teatrına, şəhər folkloruna xas olan mədəniyyətin oyun ənənəsini dirçəltməklə yanaşı, həm də onu əhəmiyyətli dərəcədə yeniləşdirirlər. Onların əsərlərində oyunun postfəlsəfi anlamının bədii ifadəsi olan "təmiz oyun", oyunun özünün naminə oyun, oyun fəaliyyətinin maksimal şəkildə  genişləndirilməsi ilə  qaydasız oyun  parlaq  şəkildə öz ifadəsini tapır. "Təmiz oyun"un köməyi ilə  türk yazıçılar çoxölçülü, plüralist, qeyri-səlis, Y.Delezin ifadəsi ilə "təsadüfün budaqlanması"na əsaslanan Həqiqətin məna çoxluğunun dərkinə yaxınlaşmağa imkan verən postmodernist universum modelini qururlar.

 

Türk postmodernizminin əsas səciyyəvi xüsusiyyətləri insan haqqında yeni nəzəriyyələrdə də özünü büruzə verir. Dünyada, dünya və insan haqqındakı təsəvvürlərdə, insan təfəkküründə baş verən sürətli və indiyə qədər görünməmiş, heç bir şeylə müqayisə olunmayacaq qədər böyük dəyişikliklər  elmi və bədii təfəkkürün plüralizminə istiqamətlənən yeni tipli fəlsəfi görüşlər, dünya və insan haqqındakı baxışlarda yeni modellər yaradır. Mədəniyyətlərin, sivilizasiyaların bir-birini əvəz etməsi dövründə insanmərkəzli və elmmərkəzli ideyalara istiqamətlənmə əyani şəkildə azalır və darlaşır. Türk postmodernist yazarlar modernizm dövrünün humanizmini qəbul etməyərək fərdi yaradılışın mərkəzindən, dünyanın əşrəfi olmaq statusundan endirir, onun davranışlarını rasionalizmə xas olan yalnız şüurlu təmayüllərlə deyil, həm də XX əsr fəlsəfi-psixoloji təlimlərin öyrətdiyi kimi şüursuz impulslarla şərtiləndiyini göstərirər. Öz sələfləri olan  sosial-realistlərdən və modernistlərdən fərqli olaraq postmodernistlər fərdi şüurdan daha çox kütləvi şüurla, şəxsi-hissi olandan  daha çox, kollektiv şüursuz olanla, onun tarixi prosesdəki rolu ilə maraqlanırlar. Onlar  daha çox  "tarixi-ictimai istehsalın şüursuz libidinal investisiyasının mövcudluğunu göstərən" şizoanalizdən fəal istifadə edirlər. Onlar obyektiv gerçəkliklə, "daxili aləmlərin" gerçəkliyi ilə deyil, dünya-mətn, dünya-işarələr, simulyakrlarla iş görürlər. Bu da onlara hər hansı bir mərkəzləşdirici dünya ideya və dortrinalarından azad olmağa imkan verir. Türk postmodernistləri fransız şizoanalitiklərinin ardınca "insan və təbiətin, dünya və insanın eyniliyi"ni bəyan edərək, insan şəxsiyyəti və cəmiyyətini hər şeyin "yanıb-söndüyü" və öz əksliyinə keçdiyi vahid mətnli-rizomalı məkana çevirirlər. Türk postmodernist ədəbiyyatının səciyyəvi xüsusiyyətini rus tədqiqatçısı Mariya Mixaylovna Repenkovanın aşağıdakı qeydləri çox anlamlışəkildə ifadə edir: "Türk postmodernistləri insan "mən"inin çoxluğunu tamamilə şəxsiyyətin tam annihilizasiyasına qədər üzə çıxararaq subyekti mərkəzsizləşdirirlər. Bu, onlara "dərin inanc"ı, həmişə mürgülü şəkildə "şər qüvvə"nin mövcud olduğu kollektiv şüursuzluq sferasını göstərməyə imkan verir. İnsanın əvvəlcədən özündə şər daşıması, "şər demonları" ("şüursuzluğun öz dəhşətləri var, lakin onlar antropomorf deyildir") - kollektiv şüursuzluğun "şər qüvvəsi"nin fəallaşması təhlükəsinə diqqəti yönəldən türk postmodernist yazıçıları tərəfindən mənimsənilmiş postmodernizmin humanist doktrinalara əsas düzəlişlərindən biridir. Şüursuzluq demonları"nın əsas fəallaşdırıcısı keyfiyyətində onlar müasir türk cəmiyyətinin rasionalizmini görürlər. Eybəcər nəhəngi "Zəkanın yuxusu deyil, daha çox yuxusuzluqdan əzab çəkən ayıq rasionallıq yaradır".

 

İnsan haqqında yeni postmodernist nəzəriyyələr insanın yalnız tarixi təkamülün deyil, həm də onun "heyvani" mahiyyətinin gizləndiyi bioloji  instinktlərində olduğunu insana aşılayan türk yazarlarının yaratdığı obrazlarda  təcəssümünü  tapır. Orhan Pamukun müasir Türkiyənin səciyyəvi fiquru olan intelligent insanı sosial fəallıqdan, sosial problemlərdən qaçır, cəmiyyətin, xalqın mənafeyi üçün deyil, daha çox öz mənafeyi üçün seçim etməyə çalışır, ona görə də əsərin sonunda ikiləşir, mərkəzləşir. N.Erayın və B.Qarasunun "yanıb-sönən" müəllif surətləri oxucu kütləsinin həyat müəllimi və yol göstərəni olan ənənəvi müəlliflərə qətiyyən bənzəmir. O, qeyri-sabit şəkildə çoxdur, seriyalı-klişeləşmiş və uşaqcasına qrammafonlaşmışdır.

 

Türk postmodernistlərinin əsərləri onların insan haqqındakı təsəvvürlərini bütövlükdə dəqiqləşdirir, bu zaman hər bir müəllif  ümumi  problemin müəyyən aspektini işləyir. M.Munqan və O.Pamuk kollektiv şüursuzluq fenomeninə daha çox fikir verirlər. Onlar, həmçinin P.Kur, P.Maqden və T.Yucelin üzərində durduqları insana təkrarolunmaz fərdiyyət olmağa imkan verməyən kütləvi şüur stereotipliliyini də tədqiq edirlər.

 

T.Yucelin "Yalan" romanı oxucunu subyektivləşmə probleminin mərkəzi problem olduğu müasir kulturoloji tədqiqatlar aləminə salır və insanın öz-özünü hiss etmək vəziyyətində olmadığı barəsindəki qeyri-klassik  fəlsəfənin təsəvvürlərini əks etdirir. Onun qəhrəmanı subyektin tələb etdiyi və hər vəziyyətlə yenidən doğulduğu vəziyyətdən doğulan təsbit olunmamış eyniyyətsiz subyektə çevrilən daim sürüşkən eyniyyət axtarışında, "fərdiyyətlər seriyasından keçən ani eyniyyətdə, hansısa bir eyniyyətdən digər eyniyyətə keçid"də yerləşir. Bu insan-simulyakrda şüurluluq və şüursuzluq bir-birlərindən keçilməz divarlarla ayrılmışdır. Bu insan daha çox özünün qeyri-kamil təbiətinin, şüursuz instinktlərinin proyeksiyasıdır.

 

"Ağ qala" romanı postmodernist texnikanın zərif şəkildə istifadə olunduğu bir əsərdir. Hekayə XVII əsərdə osmanlılara əsir düşmüş və bir türk üləmasına kölə kimi satılmış gənc bir italyanın dilindən nəql edilir. Ağa və qul bir-birlərinə çox bənzəyirlər. Türk alim azacıq yaşlıdır. Onlar bir yerdə elmlə məşğul olur, elmi bilikləri təsnifləndirir, ən müxtəlif mövzular, məsələlər, yuxular  ya Amerika qarışqaları haqqında kitab yazırlar, müasir tanklara bənzəyən hərbi texnika vasitəsi icad edirlər, vəba xəstəliyinə qarşı mübarizə üsulu düşünürlər və s. Birgə düşünüb işlədikcə onlar bir-biri ilə daha da yaxınlaşırlar. Əhali isə  bir məsələni anlamağa cəhd edir ki, bu elmi yenilikləri kim icad edir - müsəlman Xoca, yoxsa yadelli xristian. Yazıçı məharətlə oxucunu bütün roman boyu inandırır ki, bax elə indicə, növbəti səhifədə onun qəhrəmanları yerlərini dəyişəcəklər - türk italyan olacaq, italyan isə türk olacaq. Lakin bu baş vermir, roman boyu intizarda  qalan oxucunun gözləmləri özünü doğrultmur. Fəlsəfi və tarixi baxımdan dərin məzmun kəsb edən, sənətkarlıq səviyyəsinə görə Kafka və Kalvinonun əsərləri ilə haqlı olaraq  müqayisə edilan bu "Ağ qala" romanı Şərq və Qərb haqqında olduqca mühüm və incə düşüncələr ifadə edir.

 

Orhan Pamukun 1990-cı ildə qələmə aldığı "Qara kitab" romanında "Ağ qala" romanında istifadə etdiyi ideya və vasitələr inkişaf etdirilir.

 

İki səviyyəli quruluşa malik olan bu əsərin mətninin daxilində də bir ikilik mövcuddur. İkililik mövzusu romanın surətlərində də tamamilə reallaşdırılmışdır. Həm qəhrəmanlar Qalib və Cəlal, həm də ikinci dərəcəli surətlərdə bu prinsip özünü göstərir. "Qara kitab"ın süjeti qəhrəmanın itirdiyi sevgilisinin axtarışında özündə yeni mənəvi keyfiyyətlər açdığı və yeni mənəvi qüvvələr kəsb etdiyi orta əsrlər mistik traktatlarının süjet xəttini və quruluşunu təkrar edir. Romanın qəhrəmanının İstanbulda səyahəti və bununla bağlı  macəraları qəlbin mütləq axtarışında olması kimi sufi motivi ilə əlaqələndirilir. Əsərdə müasir qəhrəman üçün mütləq-bu özü olmaq imkanıdır. Qəhrəman özünü başqa bir insanda gördüyü üçün məqsəd postmodernist səciyyə kəsb edir.

 

"Səssiz ev" romanı bir ailə nümayəndələri arasındakı qarşılıqlı münasibətlər tarixçəsidir, müxtəlif ekstremist təşkilatların liderlərinin hakimiyyətə can atdığı bir zamanda ölkədəki son dərəcə qeyri-sabit ictimai-siyasi şərait fonunda əbədi "atalar və övladlar" konfliktinə yeni postmodernist baxışdır. Müəllifin öz ifadəsinə görə o, süjetin gedişatında və surətlərin açılışında Folkner yanaşmasından istifadə etmişdir. Hər bir fəsil romandakı beş qəhrəmandan birinin hekayəsidir, onun keçmiş haqqında xatirələri və ya gələcək haqqında düşüncələridir, bütövlükdə isə 1970-ci il sonları Türkiyə tarixinin heyrətamiz retrospektivi, xoşbəxt keçmiş və həyəcanlı bəlirsiz gələcək haqqında tarixdir. Roman qəhrəmanları hər biri öz tarixçəsini nəql edərkən oxucunun gözləri önündə bir oğlan və bir qız nəvənin İstanbuldan yanına gəlmələri və bunun pis bir sonluqla nəticələnməsi canlanır. Orhan Pamuk bu romanında mistik elementlərdən istifadə etmir, rənglərin, cansızların, heyvanların dili ilə danışmır. Kitab daha çox realist səciyyə daşıyır, həyatın müxtəlif dolanbaclarında qalmış insanlar qarşılıqlı münasibətlərini əhatə edən heyrətamiz psixoloji cəngəlliklərdə azıb qalan, anlaşılmazlıq zirvəsindəki əbədi qarın soyuğunda donan insanların həyatları, onların problemləri...

 

"Yeni həyat" romanı, epiqrafında göstərildiyi kimi, postmodernist səciyyə daşıyır. Roman orta əsrlər və orta əsrlər sonrası Avropa ədəbiyyat ənənələrinə parodiya kimi nəzərdə tutulmuşdur. Əsərdə başqa bir mədəniyyətə məxsus olan şəxs tərəfindən müəyyən xristian, qismən də müsəlman rəmzlərini kinayəli şəkildə yenidən dərk edilməyə çalışılır. Lakin tədqiqatçıların fikrinə görə romanın mətnində Osmanlı müsəlman mədəniyyətinə aid olan momentlər xristian rəmzlərinə eyhamlardan daha inandırıcı və peşəkar şəkildə işlənmişdir. Müəllif maskasının tətbiqi, dublikat fəndlərindən istifadə, başqa əsərlər və öz əsərləri ilə geniş intermətn əlaqələri postmodernist yazının zahiri səciyyələrini özündə göstərir. Yeni üslubi xüsusiyyət kimi isə romanda adın qəhrəmanın davranışını müəyyənləşdirdiyi obrazların ad-maskalarından geniş şəkildə istifadəni misal göstərmək olar.

 

 

Afaq ƏSƏDOVA

525-ci qəzet.- 2015.- 18 iyun.- S.7.