Kanadada "Azərbaycan günü" keçirilib
Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan İncəsənət və
Mədəniyyət Mərkəzi
Toronto şəhərində "Azərbaycan günü"
təşkil edib.
Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı
qonaqlar, o cümlədən,
Ontario əyaləti parlamentinin
üzvü Cek Maklaren iştirak ediblər.
Tədbirin açılışında çıxış edən
səfirliyin müvəqqəti
işlər vəkili
Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin
genişləndirilməsinin, ölkəmizin Kanadada düzgün təbliğ
olunmasının, respublikamızla
bağlı həqiqətlərin
Kanada və dünya ictimaiyyətinə
çatdırılmasının, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli
qurulmasının, diaspor
qurumlarımızın təşkilatlanmasının
və onlar arasında əlaqələrin
möhkəmləndirilməsinin səfirliyin fəaliyyətinin
prioritet istiqamətlərindən
olduğunu bildirib.
O, həmçinin düşmənlərimizin
təxribatlarına qarşı
mübarizədə cəmiyyətlərimizin
birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulayıb.
Ontario əyaləti parlamentinin üzvü Cek Maklaren Milli Qurtuluş Günü münasibətilə Azərbaycan
xalqını təbrik
edib:
"Sovet İttifaqı
dağıldıqdan sonra
Azərbaycanın müstəqilliyinin
ilk illəri çətin
və məşəqqətli
olub. O zaman vətəndaş
müharibəsi və
müstəqilliyinin itirilməsi
təhlükəsi ilə
üzləşən Azərbaycan
xalqı Heydər Əliyevi hakimiyyətə
dəvət edib.
1993-cü il oktyabrın 3-də keçirilən
səsvermə nəticəsində
Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçilib. Bundan sonra Azərbaycan sabitlik və davamlı inkişaf yoluna qədəm qoyub".
Sonra konsert proqramı başlayıb,
Azərbaycan xalq mahnıları səsləndirilib,
vətənpərvərlik mövzusunda şeirlər
oxunub, milli rəqslər nümayiş
etdirilib. Konsertdə Azərbaycan İncəsənət
və Mədəniyyət
Mərkəzinin şagirdləri
də çıxış
ediblər.
Tədbirdə, həmçinin qonaqlar Azərbaycan yeməklərini
və şirniyyatlarını
dadıblar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 18 iyun.- S.7.