Xan nəslindən olan unudulmaz sərkərdə

 

(Əvvəli ötən sayımızda)

 

Cəmşid xan Naxçıvanski həbs ediləndən 68 gün sonra, yəni avqustun 8-də ona dindirilmə protokolu tərtib ediblər. Cəmşid xan ad gününü Nargin adasında öz yaddaşında qeyd edir, ömrünün 26-cı baharına qədəm qoyur.

 

Avqust ayının 13-də XI qızıl ordunun hərbi şurasının xüsusi şöbəsinin hərbi müstəntiqi Cəmşid xan Naxçıvanskinin günahsız olduğunu təsdiqləyir onu həbsdən azad edirlər.

 

Bu zaman tale onun üzünə gülür. Əgər Çingiz İldırım iyunun 4-də cəhbəyə getməsəydi, yəqin ki, onu güllələdəcəkdi.

 

Çingiz İldırımın yerinə Hərbi Dəniz Xalq komissarı Əliheydər Qarayev təyin edilmişdi. Naxçıvanskilər ailəsinin yetişdirdiyi hərbçilərə rəğbət bəsləyən Əliheydər Qarayev onu güllələnməyə qoymamışdı. Çünki Cəmşid xan Naxçıvanski kimi hərbçilər az-az yetişirdi o, təzə qurulmuş Sovet hökumətinə olduqca lazım idi. Cəmşid xan Naxçıvanskinin həbsdən azad edilməsi haqda order avqust ayının 26-da yazılıb. Bizim qəhrəmanımız 84 gün Nargin adasının qaranlıq zindanlarında yaşayıb. Həbsdən azad olunandan sonra Azərbaycan Sovet Hərbi Məktəbinə təsərrüfat rəisi təyin edilib. Qeyd edək ki, Cəmşid xana gizlicə nəzarət edirdilər. O, bunu bilsə büruzə vermirdi. Öz hərbi işinin vurğunu idi. Həyatın ona bəxş etdiyi əzab-əziyyətləri unutmaq üçün bütün həyatını qəlbən bağlatdığı hərb sənətinə həsr etmişdi. Cəmşid xan Sovet ordusunda da içdiyi anda sadiq idi. Ancaq həmin illərin fotoşəkillərinə baxanda Cəmşid xanın üzündə sevincdən bir əlamət olmadığını görürük. Tanıdığı insanların çoxundan namərdlik görən Cəmşid xanın üzündəki ifadələri, şübhəli baxışları duymaq çətin deyil. Yüksək hərbi biliyə malik olan Cəmşid Naxçıvanskinin hərb sənətinə sədaqəti, mərdliyi intizamlı olmağı komissar Əliheydər Qarayevin diqqətini cəlb edir. O, Cəmşid xanı 30 iyul 1920-ci ildə həmin hərbi məktəbin rəisinin birinci köməkçisi təyin edir. Cəmşid xan Naxçıvanski gənc olsa da, vaxtilə özünün qazandığı zəngin təcrübəsini yeniyetmə müdavimlərə həvəslə öyrədir. Buna görə ona təşəkkür elan edilir. 1921-ci il sentybarın 10-da Cəmşid xan Azərbaycan atıcı briqadasının komandiri təyin olunur. Azərbaycan atıcı briqadasının bazası əsasında diviziya yaratdığına görə Cəmşid xan Naxçıvanskiyə təşəkkür elan edilmiş mükafat olaraq ona gümüş dəstəkli qılınc verilmişdi. Qəhrəman sərkərdə Cəmşid xan Naxçıvanski təzə yaradılmış dağ-atıcı diviziyasına komandir təyin edilmişdi. 1923-cü ildə Cəmşid xan Naxçıvanski təhsilini artırmaq üçün Moskvadakı Hərbi Akademiyanın ali komanda kursuna göndərilir. Akademiyanı bitirdikdən sonra o, Bakıya qayıdır diviziyaya yenidən komandirlik edir.

 

Cəmşid xan diviziyada ciddi nizam-intizam yaradır. Artıq o, hərbi taktikanı hərb elmini dərindən bilən sərkərdə kimi püxtələşmişdi. Məqamındaca qeyd edək ki, Cəmşid xan Naxçıvanskinin bacarıqlı hərbi rəis kimi yetişməsində məşhur sərkərdələrdən Əliağa Şıxlınskinin Səmədağa Mehmandarovun böyük xidmətləri olmuşdu. Bu unudulmaz sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki təlim-məşqlərində birinci yeri tutmuşdu.

 

Cəmşid xan Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan dağ-atıcı diviziyasına komandirlik edir. Bu 10 il ərzində o, Azərbaycan ordusu üçün əvəzsiz işlər görür. 1927-ci ildə ikinci dəfə Moskvada hərbi akademiyaya, 1928-ci ildə isə Sevastopol şəhərinə hava hücumundan müdafiə kurslarına göndərilir. Nümunə üçün 1927-1928-ci illərdə hərbi akademiyanın ali komanda heyətindən ona verilmiş xasiyyətnaməni göstərə bilərik: "Taktiki təlim hazırlığı qənaətləndiricidir, öz hazırlığını dərinləşdirir, hərbi işə sonsuz məhəbbət göstərir, işdə fəaldır, metodika sahəsində hazırlığı kafidir, komanda xadimliyinə təmayülü böyükdür, diviziyaya rəhbərlik etməyə tam layiqdir".

 

Cəsur sərkərdə Azərbaycan dağ-atıcı diviziyasını keçmiş SSRİ-nin hər yerində tanıtmış, bacarıqlı hərbi siyasi kadrlar yetişdirmişdi. Məşhur sərkərdə M.F.Frunze 1923 1925-ci illərdə Bakıya gələrkən diviziyanın işi ilə tanış olmuş Cəmşid xanın fəaliyyətinə yüksək qiymət vermişdir. Cəmşid Naxçıvanski yorulmaq bilmədən çalışırdı. Hətta o, 1928-ci il oktyabrın 17-də diviziyada hava hücumundan kimyəvi üsullarla müdafiə olunmaq qaydalarını əsgərlərə öyrətmək üçün təlim təşkil etmişdi. İxtisaslı hərbi mütəxəssislərdən ibarət komissiya onun işinə yüksək qiymət vermişdi. Bu zaman ona pul mükafatı üstüyazılı qiymətli hədiyyə bağışlamışdılar.

 

29 oktyabr 1930-cu ildə Cəmşid xan Azərbaycan SSR-in "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdi. Azərbaycan SSR Zaqafqaziya Mərkəzi İcraiyyə komitələrinin üzvü idi. Xan əsilli olduğundan Kommunist Partiyası sıralarına qəbul edilməyən Cəmşid xan Mir Cəfər Bağırov onun dostu Lavrenti Beriya tərəfindən ciddi təqib edilirdi.

 

1931-ci ilin 22 fevralında onu teleqramla Tiflisə çağırdılar ki, gəlib qırmızı bayraqlı Qafqaz ordusunun qərargahında məruzə etməlisən. Ancaq Tiflisdə əvvəlcə onu Zaqafqaziya Siyasi İdarəsinə dəvət etdilər.  orada dərhal Cəmşid xanı həbs etdilər. Qəribədir ki, onu həbs edəndən 18 gün sonra, yəni martın 11-də həbs orderi yazılıb. O, L.Beriyanın əmrinə əsasən həbs edilmişdi.

 

Həmin ilin 24 sentyabrına kimi Tiflisdə həbsdə qalan Cəmşid xan ayın 25-də Bakıya göndərilib. Orada isə Mir Cəfər Bağırovun sifarişi əsasında 30 sentyabr 1931-ci ildə Azərbaycan Siyasi İdarəsi onu güllələməyi qərara alır. Ancaq S.Orconikidzenin işə qarışması onu güllələnməkdən xilas edir. Serqonun xahişi ilə SSRİ-nin Siyasi İdarəsinin başçısı V.R.Menjinski Cəmşid xanla bağlı məsələni İ.V.Stalinə bildirir. 5 noyabr 1931-ci ildə Mərkəzi Komitənin Siyasi Bürosunun iclasında Stalinin qərarı belə olur: Naxçıvanskini bu şərtlə azad edin ki, o, bir daha Zaqafqaziyada işləməsin. Bundan sonra Cəmşid xan Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya dinləyici kimi göndərilir. 14 noyabr 1931-ci il tarixdə hərbi akademiyanın dinləyicisi kimi qeydə alınmışdır. 1933-cü ildə kursu bitirir. Onu akademiyada müəllim saxlayırlar. Cəmşid xan əsas fakültənin ikinci kursunun rəisi təyin edilir. 1934-cü ildə isə Ümumi taktika kafedrasına müdir təyin edilən Cəmşid xan Naxçıvanskiyə 1935-ci ilin 5 dekabrında kombriq,  yəni general-mayor hərbi rütbəsi verilir.

 

General-mayor Cəmşid xan Naxçıvanski 20 may 1938-ci ildə yenidən həbs edilir. Həmin günə aid həbs anketində bir məlumat diqqətimizi çəkdi. Cəmşid xan yazır: "Anam, qardaşım bacım xarici ölkədə yaşayırlar, onlarla heç bir əlaqəm yoxdur. Anamın adı Fəxrəntac, qardaşımın adı Davud, bacımın adı isə Lalabəyimdir". Bu məlumatdan aydın olur ki, Cəmşid xan Moskvada yaşasa da, doğmaları haqqında məlumatı varmış. Onun bacısının adı sənəddə Nazlıbəyimdir. Evdə ona Lalabəyim deyirdilər. Deməli, 1938-ci ildə artıq Cəfərqulu xan sağ deyilmiş. Qeyd edim ki, Davud xanla bağlı axtarışlarımız davam edir.

 

Sənədlərdən məlum olur ki, general-mayor Cəmşid xanı 52 gün (gecə-gündüz) istintaqa çəkib, ona ağlagəlməz işgəncələr veriblər. Keçmiş SSRİ Siyasi İdarəsinin Lefortova həbsxanasında Cəmşid xan Naxçıvanski 97 gün işgəncələrə qəhrəmanlıqla sinə gərib. Sovet hökuməti onunla çox amansız davranır. Rusiya ordusunda əvəzsiz xidmətləri olan generalı 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələyirlər. Moskva şəhərinin yaxınlığında yerləşən "Kommunarka" adlı meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir. Çox dedikcə kədərlidir qəhrəmanımızın taleyi. Onun Lefortovada son dəfə çəkilən fotoşəklinə baxmaq olmur. Bu qədər  qəddarlıq olarmı?! İgid sərkərdə sınmadan, əyilmədən, hətta vida sözü demədən ölümün gözlərinə dik baxır.

 

Yazının əvvəlində deyildiyi kimi, ümummilli liderimiz Heydər Əliyev Cəmşid xan Naxçıvanskini mənəvi baxımdan həyata qaytardı. Adını əbədiləşdirdi. Görkəmli sərkərdənin adının hərb tariximizdə unudulmaması üçün Bakıdakı hərbi təmayüllü məktəbə Cəmşid Naxçıvanskinin adını verdi. Sovet dövründə böyük iradə və cəsarət lazım idi bunları etmək üçün. Dünyanın nadir, dahi şəxsiyyətlərindən olan ümummilli liderimiz uzaqgörənliklə bunu bacardı.

 

Müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə Heydər Əliyev "Cəmşid Naxçıvanski adına Hərbi Litseyin 30 illik yubileyi haqqında" 19 noyabr 2002-ci il tarixli sərəncam imzaladı. Hələ 1981-ci ildə Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxtda göstəriş vermişdi ki, Naxçıvan şəhərində sərkərdənin doğulduğu evdə onun ev-muzeyi yaradılsın. Qərarla əlaqədar olaraq, Azərbaycan SSR Nazirlər Soveti 15 dekabr 1981-ci il tarixdə sərəncam vermişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 31 avqust 1983-cü il tarixli Qərarı ilə Naxçıvan MSSR Nazirlər Soveti də 29 sentyabr 1982-ci il tarixli Qərar qəbul etdi.

 

22 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi açıldı. Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin 22 noyabr 1982-ci il tarixli əmri ilə Cəmşid xan Naxçıvanskinin ata evi muzey kimi təsdiq olundu. Muzey Cəfərqulu xanın malikanəsinin birinci mərtəbəsində yerləşdirildi. Sonra - 1985-ci ildə ikinci mərtəbəyə köçürüldü. Ancaq binanın bir hissəsi muzey kimi istifadəyə verildi. Naxçıvan şəhər XDS İK-in 15 mart 1983-cü il tarixli qərarı ilə binanın hamısı ev-muzeyi üçün təsdiqlənmişdir. O vaxtlar ümummilli liderimiz Moskvaya, Kremlə yüksək vəzifəyə getdiyindən həmin dövrdəki Naxçıvan Vilayət Partiya Komitəsi Cəmşid Naxçıvanskiyə "ögeyliyini" göstərdi. Binanın yarısında hansısa idarə yerləşdirildi. Cəmşid xan Naxçıvanskinin ev-muzeyi rəsmi olaraq 1987-ci ilin noyabrında açılıb.

 

Bütün milli hərb tariximizin fəxri olan Cəmşid Naxçıvanskinin həyatı, igidliyi gəncliyimiz üçün əsl nümunədir.

 

Musa QULİYEV

525-ci qəzet.- 2015.- 18 iyun.- S.6.