"Ömrün və elmin
romantikası"nın müəllifinə məktub
Əzizim
İmamverdi müəllim!
Zəngin və mənalı ömür yolunuza
işıq tutan "Ömrün və elmin romantikası"
kitabınızı aldım. Oğlunuz Azər Turanın
redaktorluğu və tərtibi ilə nəfis şəkildə
nəşr olunan bu möhtəşəm əsərinizə
filologiya üzrə fəlsəfə doktoru,
çağdaş ədəbi tənqidimizin
tanınmış nümayəndəsi Elnarə Akimova
yığcam, lakin mənalı, yaddaqalan ön söz
yazmışdır.
İmamverdi
müəllim!
İnanın ki, çoxdan belə istək və məhəbbətlə
kitab oxumamışdım. Bu möhtəşəm
və çox da böyük həcmli əsərinizi oxuyub
başa çıxana qədər rahatlıq tapmadım.
Axı kitabınızda adi adamlardan deyil, xalqa
başucalığı və şöhrət gətirən,
bizi dünyada tanıdan, qürur və iftixar mənbəyimiz
olan, çoxunun adı Azərbaycan tarixinə qızıl hərflərlə
yazılan böyük şəxsiyyətlərdən söz
açıbsınız. Mən sizi
dünyanın xoşbəxt adamlarından sayıram.
Gör kimlərlə təmasda olmusunuz, gör kimlər halal
süfrənizdən təam nuş edib...
Yusif Məmmədəliyev,
Səməd Vurğun, Mustafa bəy Topçubaşov, Rəsul
Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mir Cəlal,
Məmməd Rahim, Ziya Bünyadov, İsmayıl
Şıxlı, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev,
Əlövsət Quliyev, Xudu Məmmədov, Fərəməz
Maqsudov, Həsən Əliyev, Bəkir Nəbiyev, Anar,
Elçin, Qabil, M.C.Cəfərov, Mirzağa Quluzadə, Kamran
Hüseynov, Vəli Axundov, İslam Səfərli, Vladimir
Qafarov, Məsud Əlioğlu, Əliağa
Kürçaylı, Qılman İlkin, Aydın
Qaradağlı, Vaqif Səmədoğu, Zəlimxan Yaqub və
bir çox başqaları Neftçalada və ziyarətgaha
dönmüş evinizdə olub, Yusif Məmmədəliyev,
Mustafa bəy Topçubaşov, Rəsul Rza, Əli Kərim,
Əlövsət Quliyev, Bəxtiyar Vahabzadə, İsmayıl
Şıxlı və başqaları evinizdə gecələyiblər.
İndi çoxlarına təəccüblü gələ
bilər ki, nə səbəbə onlar rayon mərkəzində
mehmanxanada qalmırdılar. Məsələ burasındadır
ki, Sovet dönəmində, XX əsrin 50-70-ci illərində,
soyuq müharibənin qızğın çağında
Moskva milyardlarla vəsaiti havaya sovurur, xalqın rifahı,
rahatlığı qayğısına qalmırdı, bölgələrdə
mehmanxana və s. tikməyə pul ayırmırdı. Neftimizin bir faizini belə bizə vermirdilər.
Yaşlı nəsil bunu yaxşı
xatırlayır. Nə isə...
İmamverdi
müəllim!
Kitabınızda söz açdığınız qələm
sahibləri mənə necə də əziz və
doğmadırlar. Onların əsərləri ilə boy
atıb, boya-başa çatmışam. Kasıb
ailədən idim. Gəncə rayonumuzun
altmış kilometrliyindədir. Gəncə
Pedaqoji İnstitutunda oxumağa hazırlaşırdım.
Məni Bakıya Mehdi Hüseynin
"Abşeron" romanı gətirdi.
Ədəbiyyatımızın Dədə Qorqudu
adlandırdığınız Süleyman Rəhimovun 60 illik
yubileyində institutumuzda mən məruzə eləmişəm. Onda 4-cü
kurs tələbəsi idim. Cəmisi səkkiz il sonra, 1968-ci ildə gənclərə
xüsusi qayğı göstərən görkəmli
şair Rəsul Rza ilə "Kərkük
bayatıları" kitabım çıxıb. Bəxtiyar Vahabzadə ilə səmimi münasibətlərimiz
var idi. Mən onun haqqında, o, isə mənim
haqqımda məqalə yazıb. Akademik Bəkir
Nəbiyevə "Ədəbiyyatşünaslıq elmimizin
patriarxı" adlı kitab həsr etmişəm. Eləcə də Xalq yazıçısı
"Elçin haqqında düşüncələrim"
kitabım çap olunub. Qabilin "Nəsimi"
poeması haqqında 1973-cü ildə Bağdadda
çıxan "Qardaşlıq" dərgisində məqaləm
dərc olunub. Əlfi Qasımov, Vladimir
Qafarov, Zəlimxan Yaqub haqqında məqalələrim
çıxıb. Səməd Vurğun, Rəsul Rza,
Nigar Rəfibəyli başda olmaqla dünyasını dəyişmiş
qələm sahibləri və alimlərimizə "Borcumuzdur
bu ehtiram" kitabımı ithaf etmişəm.
İmamverdi
müəllim!
Böyük insanlar haqqında yazmaq məsuliyyət tələb
edən işdir. Siz bu işin öhdəsindən
üzağlığı ilə gəlibsiniz.
Kitabda hər şeyi olduğu kimi, açıqca
yazmağınız onu daha oxunaqlı edir.
Yazılarınıza verdiyiniz başlıqların necə
də cəlbedici olduğunu xüsusi vurğulamaq istəyirəm.
Kitabda ilk yazınız Azərbaycanın ilk Xalq şairi
Səməd Vurğuna həsr olunub.
"Şairin son sözü" adlı çox
maraqlı yazınızda sevimli şairimizlə bağlı
elə məqamlara toxunmusunuz ki, şairin istedadını,
ürəkləri fəth edən poeziyasını həzm edə
bilməyənlərə ən tutarlı cavabdır.
Maraqlıdır ki, Səməd Vurğuna olan xalq məhəbbətini
ayrı-ayrı şəxsiyyətlərə həsr etdiyiniz
yazıların əksəriyyətində görmək olur. Bu gözəl
əsərinizdən çıxış edərək
"Şairə sonsuz məhəbbətlə" adlı bir
kitab yazmaq olar.
Akademik
Mustafa bəy Topçubaşov və professor Əlövsət
Quliyevin iştirakı ilə Neftçalada keçirilən
sessiyada siz məruzənizdə deyəndə ki, Səməd
Vurğun da, Siz də hər ikiniz Akademiyanın
vitse-prezidentisiniz, hər ikiniz eyni ildə Akademiyaya
seçilmişsiniz, hər ikiniz SSRİ Ali Sovetinin
deputatısınız, Topçubaşov təvazökarlıqla
demişdir: "İntəhası, Səməd Vurğun
böyük şairdir, mən adi cərrah. Sağ olsun
böyük şairimiz, adımı dillər əzbəri
edib".
Səməd Vurğunun dünyaşöhrətli cərraha
həsr etdiyi şeirini oxuyanda salonun təlatümə gəldiyindən
və böyük alimin məmnun qaldığından söz
açırsınız. Kitabda xüsusi
vurğulayırsınız ki, M.C.Bağırov Səməd
Vurğunu kəskin tənqid etdiyi yığıncaqda şair
ilhamla çıxış edəndə gözlənilmədən
hamı, qeyri-iradi olaraq hətta Bağırov da əl
çaldı. Bu, şairə olan sonsuz məhəbbətdən
irəli gəlirdi.
Yazınızdan məlum olur ki, elə bir
yığıncaq olmazmış ki, M.C.Bağırov
S.Vurğunu dəlilsiz-sübutsuz ağır ittihamlarla
günahlandırmasın. Gəldiyiniz qənaət
böyük həqiqətdən xəbər verir:
"...Bütün qəddarlığına baxmayaraq şair
M.C.Bağırovun nəzərində həmişə
böyük sənətkar idi və bəlkə də Səməd
Vurğuna qəzəbi ona olan xalq məhəbbətinin
sonsuzluğuna həsəd hissindən irəli gəlirdi. Həsəd isə paxıllıq yolunun
başlanğıcıdır".
Qəribədir
ki, indinin özündə belə, şairə həsəd
aparanlar az deyildir. O da qəribədir ki,
onlar ədəbiyyata dəxli olmayan adamlardır. Onlar duymurlar, duya da bilməzlər ki, şairin
poeziyasındakı əlçatmaz, dahiyanə sadəlik ona əbədilik
qazandırıb. Onlar başa
düşmürlər ki, ədəbiyyat aləmində Səməd
Vurğunun nüfuzu o qədər böyükdür ki, onun
yaradıcılığından yan keçmək
mümkünsüzdür. Elə götürək
"Ədəbiyyat qəzetinin sonuncu - 13 iyun tarixli
sayını (Mənim sizə ünvanladığım həmin
saydakı yazımı bəzi ixtisar və əlavələrlə
"525-ci qəzet" və "Ədalət" qəzetlərinin
oxucularına təqdim etməyi münasib bildim).
Burada
professor Gülşən Əliyeva-Kəngərli Hüseyn
Cavidə həsr etdiyi "Tarixin hüzurunda: şair və
hökmdar" məqaləsinə Səməd Vurğunun
"Şair, hökmdarın hüzurundasan"
misrasını epiqraf seçmişdir. Ədəbiyyatşünas
Məti Osmanoğlu Mikayıl Müşfiqə həsr etdiyi məqaləsində
Səməd Vurğun, Hüseyn Cavid, Rəsul Rza kimi xalq
qarşısında böyük xidmətləri olan şairlərimizdən
söz açmış, müqayisələr
aparmışdır.
Məlumdur ki, Səməd Vurğun Əkrəm Cəfəri
"Addımlayan akademiya" adlandırmışdı. Tanınmış ədəbiyyatşünas
alim Vaqif Yusiflinin klassik ədəbiyyatımızın mötəbər
tədqiqatçısı Əkrəm Cəfərin 110
illiyinə həsr etdiyi məqaləsini "Addımlayan
akademiya" adlandırması və məqaləni
"Əkrəm Cəfərin nəsillərə
sözü" ilə bitirməsi çox mətləblərdən
söz açır. Əkrəm Cəfərin nəsillərə
vəsiyyəti bir örnəkdir: "İnsanın
ata-anası olmayanda ona yetim deyirlər. Daha
böyük fəlakətdir ki, millət yetim qalsın. Öz tarixini yarada bilməyən millət yetimdir.
Öz dahilərindən, böyük adamlarından xəbərsiz
yaşayanlar yetim hesab edilir".
İmamverdi
müəllim!
Sizin əvəzsiz xidmətiniz ondan ibarətdir ki, bu əsərinizlə
görkəmli və dahi şəxsiyyətləri gələcək
nəsillərə tanıtmaq yolunda, başqalarının dəyirmanına
su tökənlərə, "sapı özümüzdən
olan baltalar"a tutarlı cavab verə biləcək əsər
yazıbsınız.
Elə buradaca bir gileyimi də nəzərinizə
çatdırım. Nə gizlədim, böyük intizarla
gözləyirdim ki, növbə çatsın, Əliağa
Kürçaylıya həsr etdiyiniz
"Bütövlük" yazınızı oxuyum. Çünki "Yada düşdü" dərgisində
Əliağa Kürçaylının Səməd
Vurğunla bağlı çox maraqlı yazısını
oxumuşdum. Şair onu Səməd
Vurğunun Bakıya gətirməyindən, məktəbdə
və Universitetdə öz hesabına oxutmağından
söz açıb. Yəqin buna görədir
ki, bu yazınızdan gözlədiyimi ala bilmədim. Görünür, Əliağa
Kürçaylının xatirəsi əlinizə
çatmayıb.
Bununla belə, "Ömrün və elmin
romantikası"nda gedən hər bir yazınız bitkin əsərdir,
nümunə məktəbidir.
Süleyman Rüstəmin zarafatcıl olduğunu, onunla bağlı bəzi lətifələri eşitmişdim. "Süleyman Rüstəm məzahı" yazınızı dönə-dönə oxudum. Həzz aldım. Məmməd Səid Ordubadi, Əbülhəsən, Osman Sarıvəlli və başqaları ilə bağlı lətifələri sizin kitabda oxudum. Eşitməmişdim. S.Rüstəm çox ciddi olan Mehdi Hüseynlə zarafat etməkdən belə çəkinməzmiş. Hətta həmişə ciddi olan Mehdi Hüseyn də məqamında zarafatdan qalmazmış. "Mənəvi dünyamızın təəssübkeşi" yazınızda oxuyuruq: "Görüşün başlanmasına xeyli vaxt vardı. Mehdi müəllimin xahişi ilə bərbərxanaya getdik. Yaxşı tanıdığım dəllək Ruhulla Mehdi Hüseynin, Loğman isə Əli Vəliyevin boynuna ağ mələfə salıb işə başladılar. Yarım saat keçməmiş Mehdi müəllim stuldan qalxdı. Əli Vəliyev isə ustaya əlavə göstərişlər verirdi. "Boynumun ardına bir də bax". Mehdi Hüseyn gülə-gülə əlini cibinə saldı və qələm dostuna zarafatla: "Alı, haqq-hesabını vermişəm, ustanı yorma" - dedi.
Ədəbiyyat ongünlüyünə Qazaxa gedən rus yazarları yolun kənarında çiyni yapıncılı çoban heykəli görüb soruşurlar: "Kimin heykəlidir bu?"
Süleyman Rüstəm fürsəti əldən vermir, inandırıcı əda ilə deyir:
- Həmvətənləri Osman Sarıvəllinin şərəfinə qoyublar.
Qazaxda rus yazarları Osman Sarıvəllini təbrik edirlər. Lakin şair heç nə başa düşmür. Sədası sonra çıxır.
Eləcə də bir yığıncaqda Rəsul Rzanın yazıb başqalarına ötürdüyü bir bəndlik zərif yumorlu sətirləri maraq doğurur və kitabımızı bəzəyir:
İnsaf
paylanan zaman,
Yaxında olub Osman.
Nitq ilə
məşğul olub,
Gecikmişdi
Süleyman.
Mehdi Hüseyn Süleyman Rüstəmlə bağ
qonşusu imiş. Bir dəfə M.Hüseyn S. Rüstəmi səsləyir:
- Sübh
tezdən sənin bağından bizim bağa iki gürzə
ilan keçdi, dedim yəqin Süleymanın işidir, məni
çalmağa göndərib.
- Yox, ay
Mehdi, elə deyil. Doğrudur mən göndərmişəm,
amma çalmağa yox. Gəldilər ki, zəhərimiz
qurtarıb, dolana bilmirik, bəlkə bizə kömək edəsən.
Məndə zəhər hardandır. Dedim,
kimdə olmazsa,
Mehdinin
dilinin altında bir az qalmış olar.
Mehdi
Hüseyn bu cavabdan uğunub gedir....
Göründüyü kimi qələm sahibləri zehni
yorğunluğu zarafatla çıxarmağa
çalışırlar. Onlar müəyyən
məqamlarla bağlı yaranır, lətifəyə
çevrilir. Sizin dediyiniz kimi bu zarafatlar əylənmək
xatirinə edilər, qarşı tərəfi gözdən
salmaq məqsədi güdməzmiş.
Əzizim
İmamverdi müəllim!
Kitabınızda ən çox ədəbi məsələlərə,
elmi söhbətlərə münasibətiniz, hər kəsə
layiq olduğu qiyməti verməyiniz, söz
açdığınız görkəmli şəxsiyyətlərin
və özünüzün müdrik kəlamlarınız əsərin
dəyərini birə-beş artırır. Bu müdrik kəlamlar
müəyyən münasibətlə deyilmişdir. Güman edirəm ki, onlardan bəzi nümunələr
versəm, məktubuma ağırlıq gətirməz.
"Az-az
xatırlanan Məmməd Rahim" yazınızdan:
"Böyüklüyə qənim kəsilən təkəbbür
olmasaydı, yəqin dünyamız daha cazibədar
görünərdi və böyüklər də
böyüklüyündən enməzdilər".
İsmayıl
Şıxlıya həsr etdiyiniz yazınızdan: "Təmiz
səma şimşəkdən qorxmaz" - deyirlər. İsmayıl Şıxlının şəxsiyyəti
də, yazıçı aləmi də təmiz, sonsuz səmaya
bənzəyirdi. Ona görə də qəfıl
qopan tufanlar, çaxan şimşəklər bu səmavi aləmi
titrətmədi, sarsıtmadı".
"Mənəvi
dünyamızın təəssübkeşi"
yazınızdan: "Mehdi Hüseyn o vaxt özündən
razı qalırdı ki, kimsəyə gərək olsun, kimisə
yanlış yoldan qaytarsın, kimsəyə kömək əli
uzatsın. Şöhrətin zirvələrinə
ucaldıqca, onun təbiətindəki sadəlik daha bariz şəkildə
nəzərə çarpır, adamlara daha çox
qaynayıb-qarışırdı".
"Bütövlük"
yazınızdan: "Heç kimin qarşısında,
heç vaxt əyilməyən məğrur Əliağa
Kürçaylı, indi - ölümlə əlbəyaxa
olduğu məqamda yaşamaq üçün sanki insanlardan
imdad diləyirdi".
İmamverdi müəllim, müşahidəniz necə də
mükəmməldir. Mən bu halı dünyanın fani
olduğunu dərindən bilən, ədəbiyyatımıza
deyəcəyi sözü hələ tükənməyən,
lakin son günlərini yaşadığını dərk edən
ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar
Qarayevdə də görmüş, gözlərindən
oxumuşdum.
Məmməd
Cəfərdən bəhs edən "Ömrün və elmin
romantikası" yazınızdan: "Təfəkkür və
düşüncə tərzi, büllur xisləti, pak əxlaqı,
elm naminə fədakarlığı, həyat eşqi ilə
XX əsrə zinət olan bu nadir şəxsiyyətin, azman
mütəfəkkirin şəxsi həyatı da, zəngin
irsi də insanın yaşayıb-yaratmaq eşqini
qanadlandıran romantik dünyadır.."
...
Akademik Yusif Məmmədəliyevə həsr etdiyiniz "Zəkası
da qəlbi qədər geniş insan" yazınızdan:
"Ağıl ilə həya ekiz qardaş kimidir, birini
güdaza versən, o, birini saxlaya bilməzsən".
Məsud
Əlioğluna həsr etdiyiniz "Söndükdə zəka
əhli - vətən ağlayacaqdır" yazınızdan:
"Ürək yandığı, insan inandığı,
eşq alovlandığı anda gözəldir".
"Yaddaşın
dolaşıq yollarında" yazınızdan: "Yüksəlmək
hünər deyil, hünər yüksəklikdə mətanətlə
dayanmaqdır. Vəli Axundov mənəvi
yüksəkliyi birdəfəlik fəth elədi. Sonralar
isə... Səhhətin və
"dostların" dönüklüyünə baxmayaraq
heç zaman bu zirvədən enmədi".
İmamverdi müəllim, kitabınız ürəkaçan
məlumatlarla o qədər zəngindir ki, bəzi
yazılarınızı dönə- dönə oxumaq istəyi
adamı rahat buraxmır. Onlardan biri də Aşıq Pənahdan bəhs edən
"Mizrab teldən ayrılsa da" yazınızdır:
"Bir həftə sonra Aşıq Pənah, Qulu Əsgərov
və ilk dəfə gördüyüm çəlimsiz bir
qız bizə gəldilər. Aşıq Pənah Səməd
Vurğunun yenicə qəzetdə çıxmış
şeirini zümzümə edirdi: "İnsan ömrü
cavan qalar etibarı görəndə..." Çəlimsiz
qız sonralar uzun müddət dostluq etdiyim Mirzə Xəlilin
qızı - gələcəyin böyük müğənnisi
Rübabə Muradova idi".
"Süleyman
Rüstəm məzahı"məqalənizdən: "Nəvəsi
yaşda olan övladlarımla şairin doğma rəftarını
görəndə heyrətlə düşündüm:
"Sadəlik də səhhət kimi ilahi töhfədir. Sadəlik elə mənəvi zinətdir ki,
insanı yaddaşlardan-yaddaşlara xəyalı
müsafır edir".
İmamverdi müəllim, Sizə ünvanlanmış "Məktublar" bölümü uzun bir zaman kəsiyində baş verən ədəbi prosesə işıq tutur. Çox böyük şəxsiyyətlərin ədəbiyyatımız, ədəbiyyatşünaslıq elmimiz, tənqid və ədəbi prosesə dair fıkirlərini ehtiva edən bölümdə mənim "Gecikmiş məktub" adlı yazımın yer alması mənim üçün xoş oldu.
Bu bölmədə Rəsul Rza və Nigar Rəfibəylinin məktubları böyük mətləblərdən söz açır və ədəbi proses üçün əhəmiyyət kəsb edir.
Çox dəyərli əsərinizin "Tənqid və ədəbiyyatşünaslıq" bölümündə görkəmli qələm sahiblərinə, ictimai və elm xadimlərinə həsr etdiyiniz elmi və elmi-publisistik məqalələriniz diqqətimi dayanmadan məşğul etdi.
Ümumiyyətlə, kitabınızdan hasil etdiyim qənaətlər çoxdur. Qəlbə yatanlardan biri də odur ki, cəmi 50-60 il bundan əvvəl insanlar daha mehriban, daha vəfalı, daha təvazökar, daha səmimi, daha xeyirxah, daha insaflı olublar. Ən başlıcası isə cəmiyyətdə təbəqələşmə olmayıb. Bir sözlə, bu möhtəşəm əsərinizi oxuyub nəticə çıxarmalı məsələlər çoxdur.
Onu da deyim ki, bu ölməz kitabınızı oxuduqca gözlərim önündə Siz, xəyalımda Xalq şairi Nəriman Həsənzadənin misraları canlanırdı:
İllər pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri -
Tərs kimi ikisi bir vaxta düşür.
Əzizim İmamverdi müəllim,
Əminəm ki, "Ömrün və elmin
romantikası" memuar ədəbiyyatımızın nadir və
möhtəşəm abidəsi kimi tarixə düşəcək,
gələcək nəsillərə ən yaxşı ərmağan
olacaq. Bu münasibətlə Sizi ürəkdən təbrik
edir, gümrah günlər arzulayıram.
Qəzənfər Paşayev
professor
525-ci qəzet.- 2015.- 19 iyun.- S.8