Tbilisidə azərbaycanlı rəssamın
sərgisi açılıb
Gürcüstan paytaxtındakı Parlament Kitabxanasında istedadlı azərbaycanlı rəssam Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı sərgisi açılıb.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkil etdikləri sərginin açılışında Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin şeyxi Ramin İgidov, Türkiyənin bu ölkədəki səfiri Ləvənd Gümrükçü, AMM-in rəhbəri Fazil Həsənov, Fransadan gələn rəssam Levan Moisaşvili və başqaları çıxış edərək istedadlı rəssamın əsərlərində İslam mədəniyyətinin saflığının, ədalətin, müasirliyin, mənəvi dəyərlərimizin, insanın daxili gözəlliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər.
Gənc rəssamın əsərlərinin saflıqdan yarandığını bildirən Levan Moisaşvili deyib: "Mən hər an ona dəstək olmağa hazıram, bununla Gürcüstan-Azərbaycan dostluğuna töhfə vermiş olaram".
Rəssam Rizvan İsmayılov çıxışında Tbilisidə baş verən təbii fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
İki gün davam edəcək sərgidə rəssamın 73 əsəri nümayiş olunur.
Tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, Tbilisidəki diplomatik korpusun əməkdaşları, ziyalılar, din xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 19 iyun.- S.7.