YANMIŞ GAVALI AĞACINA AĞI
Xilas edə bilmədim onu,
ürəyimə axan göz yaşımla.
Zülümlə vidalaşdım
ağac qardaşımla.
Yazda çiçəkləriylə
nəğmə səpirdi,
işıq səpirdi
üstümüzə.
Yayda meyvələriylə
ləzzət verirdi ürəyimizə.
Yellədə-yellədə yarpaqlarını,
sərinlik çiləyirdi
istimizə.
İndi
yarpaq xəzəlləri
ölü kəpənək
kimi qonur
torpaqda izimizə.
Yaşıl ömrü qalıb
yadımızda
Səməd Vurğunun “Azərbaycan”
şeiri kimi.
Onu sevə-sevə
əli üzüldü
əlimizdən,
yaşıl nəğməsi
dilimizdə.
İnsan
ömrü kimi
pöhrələri təsəllidir
ürəkdən qopan ahlara.
Estafet kimi bir ömrü
aparırlar sabahlara...
BİGANƏLİK
Qar yağmışdı, şaxta
idi,
Dedim: - Arvad,
narıngini bağlamadıq,
şaxta vuracaq onu.
Bu qış olacaq
ömrünün sonu...
Dedi: - Sağ olsun canımız.
Soyuqdur,
yerində otur,
şaxta adam udur...
Yaz gəldi,
puçurlanmadı narıngi,
Yad etdim keçənləri
acı-acı.
Biganə
qaldıq,
bürümədik ağacı,
olmadı əlacı.
Biganəlikdən yandı ağac
olmadı yaşamağına
bir əlac.
Həyat
da belədir,
biganəlik yıxır
insanı,
axırına çıxır
insanın...
NAĞIL
KİMİ
Bu yoldu,
ömür yoludu.
Nə qədər arzularımızı,
nə qədər işıqlı fikirləri
sərt caynağıyla
yoldu.
Sevincləri az olsa da,
əzabları boldu.
Fikirlərin harayı,
xəyalların çoxu,
gözə getməyən
yuxu
zaman üçün
nataraz.
Hara aparacaq,
harda dayanacaq bu yol?
Bəzən sevinci az,
kədəri bol,
ömür yoludu bu yol.
Söyüdlərin kölgəsindən,
uca zirvələrdən,
babamın cırıldayan
arabasının
təkərləri altından
keçib,
gəlir bu yol,
aparacaq uzaqlara
Bu yol nağıl kimi görünəcək
nəvələrə, uşaqlara...
CAVABSIZ
SUALLAR
Cavabsız suallar çox olur bəzən,
Bütün suallar da ürəyi
əzən.
Suallar hardadır, kim
tapa bilər?
Çətindir, hazırca alasan cavab.
Özün tapmalısan bu cavabları,
Özün almalısan bu savabları.
heç kim də hazırca cavab söyləməz.
Çalış sualları cavabsız
qoyma,
hər yetən cavaba asanca uyma!
Cavabsız suallar çoxdur
həyatda,
Nə qədər gizlinlər qalıb qor altda!
LƏPİRLƏR
Ləpir- mən burdan keçdim,
Ləpir- bu bulaqdan əyilib
şirin-şirin su içdim.
Ləpir düşür həyata
ayağımızdan, sözümüzdən.
Bir fikri söyləməkçin
nur dolu gözümüzdən.
Ləpirimiz əl-ələ
verib, aparır bizi,
yolların sərtliyindən
bizi keçirə-keçirə.
Sevincləri, qəmləri
bizə içirə-içirə.
Ləpir-burdan keçmişəm,
burda yaşamışam
mən.
Allah verən bu ömrü
çiynimdə, ürəyimdə
belə daşımışam
mən.
İşıqlı əməllərlə
Ləpirlər qalır bizdən.
Gələcəyə aparır
tutaraq əlimizdən!
İltifat Saleh
525-ci qəzet.- 2015.- 20 iyun.- S.29