“Kəndin payızı” silsiləsindən
I
Adamlar əlindən alar barını,
Özü azuqəsiz qalar
ağaclar;
Külək tərpətdikcə yarpaqlarını,
Ayrılıq havası çalar
ağaclar;
Elə ki, payızın qırovu düşər,
Tək qalmaq qorxusu bağrını deşər,
Özü-öz içində yeknəsəkləşər,
Saralmış saçını yolar ağaclar.
...Bozarmış yollara baxıb, yorular,
Çılpaq budaqları qəmə
yol olar,
Yaşıl libasını atıb
kol olar,
Payızdan heyfini alar ağaclar.
II
...Dərələr kədərli,
Zirvələr fikirli,
Yollar yorğun kimidi,..
Ağacların yarpağı
Payızın sarı simidi,
Külək oxuyur yenə
Ayrılıq şərqisini...
III
Bir çığır uzanıb
gedir,
Düz payızın içindən;
Bir cığır uzanıb gedir,
Durnaların köçündən;
Bu cığıra söykənib,
Düşünür qoca qarı;
Əlindəki əsası
Əldən salıb yolları;
Düşünür qoca qarı;
-Durnalar köç edirlər,
Bir “əlvida” şeirini
Göy üzünə köçürürlər...
Payızın içindən keçib,
Yol gedir qoca qarı;
Addımlayır yol üstündə
Dayanan ağaca sarı;
Ağacın budağından
Sonuncu yarpaq düşür,
Göy üzünə baxır qarı,
Könlünə torpaq düşür.
Söz
Bir gün məndən incisə,
İnciyib üz döndərsə,
Qələmim ağlayacaq,
Ürəyim ağrıyacaq,
Nəyim
var bu dünyada,
Sözdən özgə, ilahi!
Adamlardan
yorulsam,
Tənhalığa yol olsam,
Sözlərlə ovudaram,
Könlümü aram-aram,
Söz bilib yaratmısan
Məni
bəlkə, ilahi!
... Nə olsun ki,
yollar çox,
Düz yoldan kəsəsi yox,
Kim ki, düz yolu
seçdi,
Ölümü ötüb keçdi,
Sənə uzanan yoldu -
Sözə sevgi, ilahi!
Kölgəsindən boy alsam,
İnsanlığa ucalsam,
Üzünü ağ eyləsəm,
Üzümü ağ eyləyər,
Nə yaxşı ki, olmadım
Sözə kölgə, ilahi!
Ona arxa çevirmək,
Dönməkdi heçə dönmək,
Göz udan göy üzüdü,
Kainatın özüdü,
Hər şeyin sonu sözdü,
Sözdü ilki, ilahi!
Bir ürəyin iki üzü
Bir ürəyin iki üzü olurmuş,
Bir üzündə ölüm,
Bir üzündə sevgi...
Bir dəfə
Özü söylədi ki,
Hər gün ürəyinin
Bir üzündə
Ölümümü arzulayan qadın,
Ürəyinin o biri üzündə
Yolumu gözləyirmiş...
Vahid
Aslan
525-ci qəzet.- 2015.- 20 iyun.- S.29