Poetik düşüncələr səltənətində
Çağdaş Azərbaycan poeziyası qədim və
zəngin ənənəyə, çoxşaxəli
biçim qatlarına, geniş seçim rəngarəngliyinə,
fəlsəfi düşüncə çalarlarına, poetik
deyim və duyum bənzərsizliyinə malik milli mənəvi
sərvətlərimizin üst layında könül
dünyamızı oxşayan söz, fikir məbədimiz,
mücadilə yarağımızdır.
Hisslərin, duyğuların şahə qalxan
dalğalarını xalqımızın söz sərvətinə
çevirən XX yüzilliyin yetirdiyi müqtədir sənətkarlarımız
çoxdur. Tarixi dönəmlərin, ictimai formasiyaların təsirilə
sosial-mədəni mühitdə yeni çalar, yeni keyfiyyət
əxz edən Quzey Azərbaycan poeziyasını şərti
olaraq üç mərhələyə ayırmaq
mümkündür. Birinci mərhələyə Rusiya
İmperiyası dövründə dünyaya gələn, gəncliyi
Xalq Cümhuriyyəti dönəmindən keçən, Sovet
rejiminin məhdud çərçivələri hüdudunda təzyiq
və təpkilər altında əsl vətənpərvərlik
poeziyası yaradan nəsil - Səməd Vurğun, Mikayıl
Müşfiq, Rəsul Rza, Əhməd Cavad, Almas
İldırım və başqaları daxildir. İkinci mərhələ
İkinci Dünya müharibəsindən sonra ədəbiyyata
gələn nəslin adı ilə bağlıdır: - Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza,
Əli Kərim, Tofiq Bayram, Cabir Novruz, Nəriman Həsənzadə
və başqaları. Bu nəslin poeziyasında
milli düşüncəyə və istiqlal məfkurəsinə
sadiqlik, vətənpərvərlik duyğularının tərənnümü
aparıcı mövqeyə malikdir.
Üçüncü mərhələyə daxil olan ədəbi
nəsil Sovet rejiminin öləziyən dövründə ədəbiyyata
gəlsələr də, yaradıcılıqlarının
ağır və sanballı hissəsi Respublikamızın
dövlət müstəqilliyini bərpa etdikdən sonrakı
(1991-ci ildən bu günədək) epoxaya təsadüf edir:
- Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Önər,
Musa Yaqub və digərləri.
Üçüncü
mərhələnin ağırlığını kürəyində,
ağrılarını ürəyində daşıyan orta ədəbi
nəslin sırasında böyük səmimiyyət, ləyaqət
və cəsarətlə yer alan istedadlı qələm sahiblərindən
biri də Xalq şairi Rəsul Rzanın xeyir-duası ilə qədim
poeziya məbədinə, poetik söz səltənətinə
qədəm qoyan, bədii yaradıcılığının
bütün dönəmlərində obrazlı
düşüncələri ilə imzasını
yaddaşlara həkk edən Yusif Nəğməkardır.
Yusif Məhiş
oğlu Mədət 60 il əvvəl Məsud ibn Namdar Beyləqaninin
(XI), Mücirəddin Beyləqaninin (XII), Şəmsəddin Zəki
Beyləqaninin (XIII) vətənində dünyaya göz
açıb. Peşəkar pedaqoqları,
işıqlı ziyalıları ilə tanınan
Aşıqlı kənd məktəbində oxuduğu illərdə
sözün, sazın sirrinə, sehrinə ürcah olub. Qədim Mil düzündə dördnala səyritdiyi
köhləninin nalından qopan qığılcımla
qaranlığa nur çiləyib. Ustadının “Rənglər”indən
ağı seçərək sabaha uzanan ümid yoluna məqsədli
səfər təəssüratını Yusif Nəğməkar
belə qələmə almışdı:
Ağ - məqsədli
səfər,
təmiz
baxışlar.
“Rənglər”dəki
aydın duyumlar,
Şair təsəvvüründəki
təzə naxışlar.
Ağ -
bir dağ çayının
Üfüqlərə
uzanan qoludur,Sabahın ümid rəngli
yoludur.
Ötən əsrin 70-ci illərinin ortalarında
yazılan bu misralar əslində gənc şairin gələcəyə
ünvanladığı poetik məramı, bədii bəyannaməsi
idi. Ağ, işıqlı duyğular, düşüncələr
çox ciddi və dəqiqdir. Bu poetik
düşüncələr onu birbaşa sabaha açılan
poeziya yolunun ağına çıxarır.
Yusifin “Rənglər”lə eyni vaxtda yazdığı
“Oyuncaq mağazası” şeirini körpə üzünə
həsrət qalan ailənin, uşaq üçün
için-için qovrulan ərlə-arvadın nisgilli
düşüncələrinin rəngli, möhtəşəm
portreti də adlandırmaq olar. Cümlədəki “möhtəşəm” epitetini qəribçiliyə
salmaqda, ironik təbəssümlə qarşılamaqda tələsməyin.
Bu bənzətmə şairin hiss və duyğularının
zərifliyinə, ifadə tərzinin dəqiqliyinə
şamildir.
Aşıqlıdan poeziya yolunun ağına
çıxan Yusif Nəğməkar bədii ədəbiyyatda
silinməz, pozulmaz izlər qoydu. “Sazın işığında”
(1984), “Bilsəydim ayrılıqdır” (1986), “Mənə
azadlıq verin” (1996), “Alın yazım” (2003), “Zal
ağacı” (2007), “Vəslin edamı” (2008), “Bəsirət
gözəli” (2012), “Sevgim - mələklər yuxusu” (2013), “Qələm
səsi” (2014) və bu sıralanmanın gələcəkdə
də davamlı olacağına zərrə qədər
şübhəm yoxdur... Poetik deyimin bir dilimi,
qopuğu kimi bir-birini əvəzləyən adlar, sərlövhələr
sirli-sehirli düşüncələr səltənətinin
kodunu, açarını xatırladır. Hər kitab bir mücrüdür. İlk olaraq hansını seçim, açım?
Tanıdığım Yusifin
tanımadığım yönlərini, tərəflərini
onun hansı kitabı mənə daha yaxşı tanıda bilər?
Bir-birindən cazibədar, maraqlı
görünən mücrü - kitabların arasından
“Alın yazım”ı seçirəm. Yusifin
gur işıqlı gözlərinin müşayiəti
altında onun “alın yazım” adlandırdığı
poeziya səltənətinin fəlsəfi düşüncələrdən
süslənmiş irilaylı qapısını açanda
qulağıma böyük filosof-şair Bəxtiyar Vahabzadənin
səsi gəldi. O, “cavan şair Yusif Nəğməkara”
25 dekabr 1992-ci ildə həsr etdiyi “Dünən, bu gün və
sabah” şeirinin yaranma tarixinə aydınlıq gətirərək
deyirdi: “Belə oldu ki, mən, professor Nurəddin
Rzayev, tarixçi-alim, professor Süleyman Əliyarlı və
Yusif Nəğməkar gedəsi olduq Beyləqana. Yolda bir qəribə
söhbət oldu; bu gün, dünən və sabah
- söhbətimizin mövzusu beləydi. Hərə öz
fikrini dedi. Yusif də dedi ki, bu gün yoxdur, amma dünən
var, bizim üçün reallıqdır. Sabah da var - sabah ümiddir. Və bu mənim
çox xoşuma gəldi. Beyləqandan qayıdandan
sonra bu şeiri yazdım və Yusifə həsr elədim:
“Dünən, bu gün və sabah”.
On il əvvəl Bakı - Beyləqan yolunda təsadüfən
Yusif müəllimlə görüşdük (Mən onu Azərbaycan
Televiziyasında işlədiyi vaxtlardan tanıyırdım). Hal-əhvaldan sonra “Alın yazım” kitabını
avtoqrafla mənə bağışladı. Yusif Nəğməkar
avtoqrafda yazırdı: “Xalqımızın qənimət
ziyalılarından biri, böyük ürəkli alim-insan
qardaşım, söz-sənət xiridarı əziz Asif
müəllimə sonucsuz arzularla. Dərin hörmətlə:
Müəllif. 20.04.2005”.
Böyük
söz ustadı Bəxtiyar Vahabzadənin vaxtilə Azərbaycan
Radiosunda səsləndirdiyi yuxarıdakı fikirləri
“Alın yazım”da ön söz
yerində verilmiş “Sənətində şəxsiyyətini,
şəxsiyyətində sənətini yaşadan şair”
adlı birinci yazısında yer almışdır. Müdrik
şairin “Dünən, bu gün və sabah” şeirinin
yaranmasına səbəb olan Yusifin “bu gün”lə
bağlı düşüncələri qramatik zaman kateqoriyasından daha
çox fəlsəfi baxışdır. Bir
vaxtlar mən də bu fikirdəydim ki, indiki zaman
keçmişlə gələcəyin, varla yoxun
arasıdır. Keçmişin bitdiyi,
tükəndiyi yerdən gələcək başlayır.
Ən kiçik zaman ölçüsü -
saniyə keçmişlə gələcəyin sərhəddidir.
Saniyəni əgər min dəfə, milyon dəfə
böyütsək də keçmişlə gələcəyin
tən ortasındakı indiki zamanın şəffaf sərhəd
dirəkləri görünməyəcəkdir. Çünki indiki zaman keçmişin sabaha boylanan
dan üzüdür. Bu gün indi ilə
müqayisədə daha konkretdir. Yusif Nəğməkarın
poeziyasında fəlsəfi antisipasiya güclüdür.
Onun xüsusilə “Vəslin edamı” adlı fəlsəfi-psixoloji
üslubda yazdığı zamanın məcrasına
sığmayan məhəbbət elegiyası
ağrıların doğmalığı, qartımış
dərdlərin təzəliyi, əlacsızlığın əlaçıqlığı
yönümündən cazibədardır. Poemanın epiqrafı kimi təqdim olunan
“Qaranlığı görsək, qaranlıqda görünəcəyik”
aforizmi əsərin sirli məna qatlarına xəyali səyahət
üçün kod, açar missiyasını
daşıyır. Görkəmli şəxsiyyətlərin,
mütəfəkkirlərin bütün dövrlərdə ən
böyük arzuları “Qaranlıqda görünmək” olub.
İnsan yalnız nurlu əməlləri, təmənnasız
xeyirxahlığı, odlu-alovlu sevgisi, məhəbbəti və
işıqlı düşüncələri ilə
“qaranlığı görə və qaranlıqda
görünə” bilir. Əbədi və
bəşəri duyğuların intəhasızlığını
“Vəslin edamı”nda qabardan və vurğulayan Yusif Nəğməkar
doğulanların ölümündən yox,
ölümündən doğulanları əsərinin qəhrəmanına
çevirərək ölümsüzlük
ucalığına yüksəldir. Burada
zaman zamansızlığın xidmətindədir. Hiss və
duyğuların yaşı zamana sığmır. Tarix yaddaşsızlığından gileylidir.
Lakin şairin poetik yaddaşında hətta ən
“Ön ün” də bu gün dünyaya gələn körpə
səsi kimi bütün zərifliyi və
aydınlığı ilə yaşamaqdadır. Son
ündən ön ünə zaman məsafəsi sonsuz ün,
işıq sürətilə ölçülsə də, xəyal,
düşüncə bu uzaqlığı bir an içində
yaxın edə bilir. “Ön ün” şeirində
bir sözün sinonim çalarlarını mənalandıran
şair “yazımı yüz (yerə) yozmayın” desə də,
oxucunu düşündürmək imkanları tükənməzdir.
Yazımı
yüz yozmayın,
Könlüm yazıdır yazı.
Yaza
yazı yazmayın,
Bu ki,
yazıdır, yazı...
Çox
cəfa aza çıxmaz,
Az yaza,
üzə çıxmaz,
Hər
yazı yaza çıxmaz,
Bu ki,
yazıdır, yazı...
Elə bil sərlövhədən mətnə, mənaya
işıq düşür. Bu yeddi hecalı
dördlüklər ilk insanın “ön ün”ü kimi
birköklü söz və kəlmələrdən
yükünü tutub. Yaz - yazı ifadələrinin
çoxqatlı funksiyaları rəng çalarlarının
məcrasını üfüqi və şaquli yönlərdə
daha da genişləndirir. Ayazlı-şaxtalı
sərt qışın və bu fəslin rəmzləndirdiyi
qara qüvvələrin adı yuxarıdakı misralarda
vurğulanmasa da obraz kimi görünməkdə və boz sifəti
duyulmaqdadır. “Hər yazı yaza çıxmaz, Bu ki,
yazıdır, yazı...” Bu bir neçə kəlmə
söz dünya ağırlığında hikməti
içində, varlığında daşıyır. Misraların mükəmməl açımı nə
qədər müşkül olsa da vurğulamaq
lazımdır ki, hər yazı, əsər, əməl
qışın çovğunundan, boranından,
qasırğasından keçməsə yazın
işıqlı, hərarətli nəfəsini, ətrini,
rayihəsini, gözəlliklərini duya bilməz.
İlahiyə üz tutaraq: “Hər qışın içində
bir yaz vermisən” - deyən şair çətin və
ağır sınaqdan uğurla “yaza çıxma”ğın
özünü də bir alın yazısı, tale işi və
ulu tanrının qismət etdiyi qədər, pay sayır.
Şeirlərində şair qədərə inanır və
güvənir.
Fövqəladə qüvvət və qüdrət sahibinin
taleyindəki ali məramını və məqamını
nişan verməkdən də çəkinmir. “Mən
çətin üstlü tənliyəm, Üstümün
üstü Rəbbimdir!” - deyən
Yusif Nəğməkar poetik düşüncəsinin üst
qatındakı mübhəm, sehirli aləmə ciddi
marağı artırır. Üstün alt
qatında qat kəsmiş dərdləri sərgiləyir.
Onun yaradıcılığında xüsusi
ciddi-cəhdlə vurğuladığı dərdlər əsasən
ictimai motivlidir. Yusif ümumxalq kədərini az sözlə, bəzən bir beytdə
çox böyük ustalıqla verməyi, dərdin dərinliyinə
enməyi, müşahidələrini fərqli, obrazlı
şəkildə təqdim etməyi bacarır:
Biz
çəkə bilməsək də,
Dərdin
çəkdiyi bizik...
İlk baxışdan adi görünən fikir bu qədər
sadə, poetik və hikmətlidir. Başqa cür desək
- dərdi çəkə bilməyənləri dərd
öz içinə çəkir.
Dərdin içində, girdabında içimizin dərdi,
yanğısı tüstülənir. Bəzən Yusif Nəğməkar
dərdlə odun enerjisini, gücünü müqayisə
edir, üstünlüyü birinciyə verir:
Həyat
gah həlim, gah sərtdir,
Deməzdim ki, dadı çıxıb.
İnsanı
yandıran dərddir,
Odun elə adı çıxıb.
Məşhur
xalq deyimindən yaradıcılıqla bəhrələnən
şair dərdin törətdiyi yanğının, fəlakətin
miqyasını, təsir gücünü lakonik ifadələrlə
qabartmağa nail ola bilmişdir.
Yusif Nəğməkarın haqqında söz
açdığı “dərd” insanı əlacsızlığa,
ümidsizliyə, pessimizmə ürcah etmir. Əksinə, onu
düşünməyə vadar edir, mübarizəyə səsləyir,
İlahinin verdiyi, pay göndərdiyi dərdləri
şükranlıqla qarşılamağa
çağırır.
Nə qədər
dərd verdin bu millətə sən...
İlahi,
verdiyin dərdlərə şükür!
Saldın
min cəfaya, min zillətə sən...
İlahi,
verdiyin dərdlərə şükür!
Keçdi
sinəm üstdən bu dərd yol kimi,
Boynuma dolandı doğma qol kimi.
Dərdsiz
dərd çəkərdik dərdli qul kimi,
İlahi,
verdiyin dərdlərə şükür!
Hər dərd bir həyat dərsliyi, sınaq
meydanıdır. Hər sınaq bir təcrübə
laboratoriyası, kreativlik məktəbidir. Həyatda
elə bir insana rast gəlmək mümkündürmü ki,
onun tale yolunda, ömür xalısında dərdin, kədərin,
qəmin, qüssənin, əzabın al-əlvan
naxışları iz salmasın?
Səfərim
uzandı elə qış-bahar,
Taleyimə yolun yoxuşu düşdü.
Həyat
kirkitlədi məni o ki, var,
Xalıma min əzab naxışı düşdü.
Həyatın insan ömrünü kirkitləməsi,
tale xalısına “min əzab naxışı” salması
tamamilə yeni və poetik deyimdir. Şair ənənəvi şikayətlənmə,
ah-nalə üslubundan imtina edərək dərdin, əzabın
naxışlı portretini yaratmaqla çətinlikləri
nikbin əhval-ruhiyyə, əzmkarlıq hissi ilə dəf etməyin
asan yolunu nişan verir.
Yusif Nəğməkarın küll halında
poetik yaradıcılığını onun tarixə və taleyə
bağlı həyatının bədii salnaməsi də
adlandırmaq olar. Bədii-fəlsəfi nümunələr
şairin iç dünyasından qopan ünlərdir. Oğuz
türkünün zamana sığmayan həyat yolu, yaşam tərzi,
fəlsəfi düşüncə meyarları, öygü və
sevgi nəğmələri onun “ən ön ün”lərində
təcəlla tapmaqdadır. Keçmişlə gələcək,
dünənlə sabah arasındakı əbədi vəhdəti
bəlkə də bu “ün”lər yaradır. Yusif Nəğməkar
ününün söz şəkli, məna cazibəsi ruha
ruh verən poetik düşüncələr səltənətidir.
Bu səltənətin seyrindən və sehrindən
barınmaq heç bir zaman gec deyil
Asif Rüstəmli
525-ci
qəzet.- 2015.- 20 iyun.- S.28