Yaşam fəlsəfəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Hacı
Zeynalabdin Tağıyevin müraciəti
“Nağı
Şeyxzamanlının xatirələri” kitabında (Bakı,
Qartal,1997, səh. 269) yazılır:
“Avropada təhsil alan bir qrup tələbə yay tətilində
Bakıya qayıdanda, öz himayədarları olan
H.Z.Tağıyevi ziyarət edir. Gənclərin biri Hacıya
müraciət edərək soruşur: “Hacı əfəndi,
siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə
dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə
təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir
qızla evlənməsi, bilmirəm, nə dərəcədə
düzgündür?”- sualını
verir.
Tələbənin bu sualı elə bil Hacını
yuxudan oyadır. O: “övladlarım, çox doğru söyləyirsiniz,
əmin olun ki, bu nöqsanımızı da aradan
qaldıracağam”- deyir.
Ertəsi
gün Qafqazda nəşr olan qəzetlərdə
Hacının aşağıdakı məzmunda müraciəti
çap olunur: “Qafqaz türklərinin 7-8 yaşları
arasındakı qız uşaqlarını
aşağıdakı şərtlərlə internat məktəblərinə
qəbul edirəm. Bu qız uşaqları on il
təhsil aldıqdan sonra öz qızlarım kimi onları evləndirib
gələcək həyatlarını təmin edəcəyəm”.
İmza:
Hacı Zeynalabdin”
Beləliklə, ilk “Qızlar seminariyası” keçən
əsrin əvvəllərində Bakıda fəaliyyətə
başlayır və ölkəmizdə qızların
kütləvi təhsil alması prosesinə Hacı tərəfindən
start verilir. Şükürlər olsun ki, bu ənənə indi
də davam edir. Bu gün fəaliyyət
göstərən Qızlar Seminariyası rəhmətlik H.Z.
Tağıyevin açdığı seminariyanın mənəvi
varisidir.
Bizim yuxarıdakı çağırışlara
münasibətimiz qənaətbəxşdirmi? -sualına
Əhməd Zevaylın “Gələcəyə addımlar”
kitabında cavab belədir: “Misirdə
görüşdüyüm insanların hamısı yeni təhsil
sisteminin zəruriliyindən danışır, lakin onun nə
üçün lazım olduğu və onu necə yaratmaq barədə
vahid təsəvvür yoxdur”. Başqa
sözlə, təhsil müsəlman dünyasında hələ
dərk edilməmiş həqiqətdir.
Bu deyilənlərdən belə nəticəyə gəlmək
olar ki, müsəlman dünyasında elm axıra kimi dərk
edilməmiş həqiqətdir. Əgər zəifliyimizi
etiraf etməsək və bu səhvləri, nöqsanları
aradan qaldırmasaq, xəcalət tərimizi silə bilməyəcəyik.
Əksinə, tərimizin üstə əlavə
tər gələcək. Problemin həllinin
yarısı onun qəbul edilməsidir. Hələ
ki, düşüncəmiz səhvimizi etiraf etməyə imkan
vermir. Dünya elm səhnəsində
yerimizi, koordinatlarızı düzgün müəyyənləşdirməliyik
ki, sonra dünya elm mərkəzinə tərəf irəliləyək.
Abd-üs Səlamın və Əhməd Zevaylın
fikirlərini cəmləşdirsək, belə nəticəyə
gəlmək olar ki, müsəlman Şərqində elmin
durumu arzuolunan səviyyədə deyil. Hər iki dahi
əsas səbəb kimi universitetlərin elm və texniki fakultələrdə
oxuyan tələbələrin sayının
azlığında və təhsilin keyfiyyətində
görürlər.
“Şair
xalq”
Güman edirəm ki, bizi zorən “şair xalq” ediblər. Axı adətən,
100 şair ilə bir çayın üstündən bir
korpü salmaq olmur. Ancaq 1 mühəndis və
10 fəhlə ilə olur. Cəmiyyətin
emosional ehtiyaclarını təmin etmək üçün
ona şair də, şeir də lazımdır, amma
ölçü daxilində. Bizim mətbuatın
yazdığına görə, o boyda ABŞ-da cəmi 15
şair var... Bizdə isə 100 dəfə ondan
çoxdur. Vaxtında şairlərimizin
sayı qədər tankçı və təyyarəçilərimiz
olsaydı, Qarabağ problemi daha tez həll olunardı. Şairliyi sənətə çevirmək-qüsurlu
düşüncədir, şairlik mədəniyyət (hobbi)
olmalıdır.
ELMDƏ
GERİLİYİN SƏBƏBLƏRİ
Hər qab, içinə bir şey yığdıqca
daralır.
Ancaq elm qabı istisnadır:o,elmlə
dolduqca genişlənir.
Hz.Əli
Elm və təhsildə geriliyin digər səbəbləri
də var. İslam coğrafiyasının bir parçası
kimi biz də bu qüsurlardan xali deyilik. Dövrün
səciyyəsini düzgün müəyyənləşdirə
bilmirik. Keçən əsrlərdə
dünya atom erasını, sənayeləşmə
erasını yaşadı. Biz bu proseslərin
böyründən keçdik. Dövrün
fəlsəfəsini vaxtında müəyyən edə
bilmirik. Dahi insanlar, həqiqi filosoflar
yaşam fəlsəfəsini, dövrün səciyyəsi
düzgün müəyyənləşdirirlər. Necə
ki, zamanında Atatürk demişdi: “İstiqbalımız səmalardadır”.
Əgər böyük öndərin
ardıcılları onun düz başa düşsəydilər,
indi Türkiyə “kosmos klubu”nun üzvü olardı. Çalışmaq lazımdır ki, elm-texnologiya
erasından bəhrələnək, böyründən
keçməyək. Bir daha qeyd edim ki,
dövrümüz elmlə və təhsillə səciyyələnir.
Yəni dövləti fəaliyyətin əsas
prinsipi- paradiqması kimi elm, təhsil və texnologiya önə
çıxır.
Müasir dövr üçün elmdə geriliyin
başlıca səbəblərini Əhməd Zevayl təhsil,
idarəetmə və hüquq sahələrində olan
boşluqlarda görür. Bu siyasi diaqnoz
bütün müsəlman dövlətləri
üçün demək olar ki, xarakterikdir.
Təhsil
Elmdən söhbət gedəndə təhsildən
danışmamaq mümkün deyil. Bəzən bu
anlayışları səhv salırlar. Elm və təhsilin
bəzi fərqli cəhətləri “Təhsilimiz Dünən,
Bu gün və Sabah” (Bakı,2003)
kitabımda yazılmışdı. Təhsil ta
qədimdən bu günə kimi əsasən məlum bilikləri
gənc nəsilə öyrədir. Elm
haqqın, gerçəkliyin, həqiqətin axtarılması
istiqamətində alimin məqsədyönlü fəaliyyəti
nəticəsində əldə edilən yeni biliklərdir.
Elmə dəqiq və aydın xarakteristikaları və
parametrləri olan proses kimi baxmaq lazımdır. Rus tarixçisi V.O. Klyuçevski də hesab edir ki,
“elmi çox vaxt biliklə qarışıq salırlar.
Bu, kobud səhvdir. Elm təkcə
bilik deyil, həm də şüurdur”.
Səlim
Fərruxun “Ayılın” məqaləsində göstərilir
ki, bütün İslam dünyasında təqribən 500
universitet olduğu halda, ABŞ-da 5750, Hindistanda isə 6000-dən
çox universitet var. Müsəlman ölkələrinin
universitetləri dünyanın 200 top universitetləri
(Türkiyənin Orta Doğu və Boğaziçi Universitetləri
istisna olmaqla) sırasında yoxdur. Dünyada
elmi işlərin böyük hissəsi universitetlərdə
yerinə yetirilir. Müsəlman dünyasında
həm universitetlərin sayı lazım olandan azdır, həm
də keyfiyyət göstəriciləri zəifdir. Bu səbəbdən də elmin səviyyəsi
aşağıdır.
Müsəlman-Şərq ölkəsi olaraq biz də bu
qüsurlardan xali deyilik. Üstəlik, spesifik qüsurlarımız da var.
Bütün inkişaf etmiş ölkələr tam ali savada keçdiyi indiki zamanda biz ali məktəbə
gəncləri TEST vasitəsi ilə qəbul edirik. Mənim TESTin uğuru və qüsuru ilə
bağlı fikirlərim mütəxəssislərə məlumdur.
Bu haqda yazdıqlarımı bir yerə
yığsan sanballı bir kitab alınar. Hesab
edirəm ki, təhsildən qəbul
yığışdırılmalıdır. Universitetlərin giriş qapıları gen,
çıxış qapıları dar olmalıdır.
Keyfiyyətsiz təhsil, hesab edirəm ki, milli birliyə
də zərbə vurur. Karyera yüksəlişi zamanı
çatmayan biliyi hansısa həmyerlinin verdiyi “təkan”
ödəyir. Keyfiyyətli təhsil isə
cəmiyyəti bütövləşdirir.
İxtisas
seçimi
İxtisas seçimində olan qüsurlar da elmin
inkişafına zərbə vurur. Həyatın mənası
və məqsədi fəlsəfədə müəyyənləşdirilib.
Həyatın mənası nəsili artırmaq,
məqsədi isə xoşbəxt yaşamaqdır. Xoşbəxt yaşamaq -sevdiyin işlə məşğul
olmaq deməkdir. Test çox gənclərin xoşbəxtliyini
əlindən alıb. Gənclər zorən səhv
ixtisaslara düşürlər.
Təhsildə vəziyyət çox mürəkkəbdir. Höteye
görə, təhsili düzəltməkdən ötrü nəvədən
yox, nənədən başlamaq lazımdır.
Hamının içməli olduğu “təhsil suyuna” bir
damcı rəng (əslində çirkab) qatılır, sonra
həmin rəngi o sudan təmizləmək
üçün bütün ölkə
çalışır. Damcı suya bir saniyə ərzində
salınıb, amma onu təmizləmək üçün on
illərlə vaxt, laboratoriya və bu işi bilən mütəxəssislərə
ehtiyac var...
Azərbaycan təhsilinin böyük dərdi xırda
bir məqaləyə sığmaz. Ancaq bir- iki məqama
toxunmadan keçmək də olmur. Toxunmaq
istədiyim birinci məsələ biliyin qiymətləndirilməsi
şkalası ilə bağlıdır. Biliyi
ölçmək üçün 5, 9, 10,100 və 700
ballı şkaladan istifadə edilir. Ölkəmizdə
şkalanın vahidliyi prinsipini bərpa etməyə ehtiyac
duyulur. Əhəmiyyətinə görə
çox vacib, ancaq görünməsi çətin ikinci məsələ
müəllimin mövqeyinin sürüşməsidir. Tarixən müəllim maraqlı olub ki, tələbəsi
çox bilsin. Bunun üçün
çox incə suallar verib şagirdin biliyini yoxlayardı.
Müəllimin bu mövqeyi cəmiyyətin və
dövlətin mövqeləri ilə üst-üstə
düşürdü. O ali məktəblərdə
ki, imtahanı fənn müəllimi yox, digər müəllimlər
götürür, bu halda müəllim maraqlıdırki, tələbəsi
az bilsin, ancaq müsbət qiymət alsın və qiymətləndirmə
prosesindən, söz-söhbətsiz ötüşsün. Başqa sözlə, müəllimin mövqeyi cəmiyyətin
mövqeyi ilə yox, tələbənin mövqeyi ilə
üst- üstə düşür. Bu isə ali məktəbin və biliyin səviyyəsini
endirən faktordur. Üçüncü toxumaq
istədiyim məsələ ölkədə pedaqoji elmlərin
(təhsilşünaslıq) səviyyəsinin
aşağı olmasıdır. Təhsil
prosesində qüsurlar baş verir, ancaq pedaqoji sahənin alimləri
reaksiya vermirlər, bu sahə ilə bağlı öz fikirlərini
ortaya qoymurlar. Bu baxımdan 9 ballı qiymətləndirmə
şkalasının tətbiqini də qeyd etmək olar. İndiki dövrdə pedaqoji elmləri gücləndirməyə
ehtiyac böyükdür.
Hesab etmək olar ki, bizim cəmiyyətdə “təhsil də
dərk edilməmiş həqiqətdir” və bu sahədə
məmurların şəxsi mənafeyi ictimai mənafeni
üstələyir. Bu tezisi isbat etmək üçün
(universitetlərin rəhbərlərinin təyinatından
tutmuş, tələbə biletinə kimi) sübutlar, dəlillər
çoxdur. Əgər ölkədə söz sahibi olan
50 nəfərdən təhsilə münasibətini
soruşsanız, hamı təqribən eyni sözü: “təhsil
millətin gələcəyidir” - deyəcək. Amma illik büdcə müzakirə ediləndə bu
fikir çoxlarının yadına düşmür. Elm təhsilin içindən göyərir. Təhsil
zəifdirsə, elm necə yaxşı ola
bilər ki?!
Mjavanadzenin rektor təyinatı
Elmin inkişafına məsul olan qurum ali məktəblərdir. Dövlət ali məktəbləri rəhbərlərinin təyinatının əsasən iki üsulu var: inzibati və demokratik. Bəzi hallarda qarışıq üsuldan da istifadə edirlər. Demokratik üsulda bu işin məsuliyyəti kollektivin üzərində, inzibati üsulda məsuliyyət dövlətin üzərində qalır. Üçüncü halda məsuliyyət bölüşdürülür.
İnzibati təyinat zamanı neqativ hadisələr daha çox baş verir. Gürcüstan Parlamentinin deputatından eşitdiyim maraqlı hadisə: Gürcüstanın E.Şevarnadzedən qabaqkı rəhbəri V.P. Mjavanadze ali məktəbə rektor təyinatı zamanı uyğun şöbəyə kadr seçməyi tapşırarmış. Zamanı çatanda onun qarşısına 2-3 namizədin qovluğu qoyulur. Birinci namizəd dəyərli alim və millətsevər vətəndaş kimi təqdim edilir. İkinci və üçüncü namizəd də bunun kimi. Əgər təqdimatçının könlündən üçüncü namizədin təsdiqi keçərsə, onu təqdim edəndən sonra əlavə bir cümlə də işlədərmiş: “qorxuram ki, siz onu çağırsanız, o razı olmaya, çünki yaman özünəbaxan adamdır”. Bu sözləri eşidən kimi Mjavanadze deyərmiş: elə onu çağırın! Bilmək istəyirəm, biz gecə-gündüz Gürcüstanın yolunda can qoyuruq, o isə niyə kef etsin? Biz Gürcüstanın ağır yükünü çəkirik, niyə o bir universitetin yüngül yükünü çəkməsin? Mjavanadze psixologiyasını yaxşı bilən aparat işçisi öz adamını belə ustalıqla rektor təyin etdirərdi. Geniş yayılmış bu cür qüsurlu təyinatların elmə mənfi təsiri şübhəsizdir.
(Ardı var)
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 20 iyun.- S.27