Üzeyir Hacıbəylinin qəzetçiliyinin erkən dövrü Bakıda ictimai-siyasi durum

 

 

Qafqazın qədim və məşhur yaşayış məntəqəsi olan Bakı şəhəri XX əsrin əvvəllərində nəhəng çar imperiyasının sənaye mərkəzlərindən birinə çevrilməkdə idi. Buna əsas səbəb ilk növbədə neft hasilatının təşəkkül və inkişaf tapması idi.

 

Tarixdən məlumdur ki, sənaye üsulu ilə neft hasilatı ilk dəfə 1873-cü ildə Bakı ətrafında baş tutmuşdur.

 

Günü-gündən artıb genişlənən Bakı neft mədənlərində çalışmaq üçün külli miqdarda işçi qüvvəsi tələb olunurdu. Odur ki, ətraf qonşu ərazilərdən - İrandan, xüsusilə ağır iqtisadi böhran keçirən Rusiyadan gələn işçi kütləsinin Bakıya güclü axını müşahidə olunurdu. İqtisadi sıçrayış qısa müddət ərzində milli burjuaziyanın - Bakı neft maqnatları zümrəsinin meydana gəlməsinə imkan açmışdı. Bakıda neft kapitalı ilə Avropa üslublu yeni, möhtəşəm binalar ucaldılır, rahat yollar salınırdı. Bu inkişafın fonunda əhalinin mədəni tərəqqisi, təhsil, tədris, maariflənmə prosesi xeyli geri qalırdı. Üzeyir Hacıbəylinin I Rus inqilabından sonra, 1905-ci ildə Bakıda müəllim və qəzetçi kimi fəaliyyətə başladığı dövrdə yeni tədris üsulu ilə fəaliyyətə başlayan ana dilli milli məktəblər təzə-təzə təşəkkül tapır, əhali bu yeni məktəblərdəki tədris, təlim-tərbiyə proseslərinə etibar etmir, övladlarının bu məktəblərdə təhsil almaqlarına çətinliklə razılıq verirdilər. Dövrün qabaqcıl yaradıcı ziyalıları C.Məmmədquluzadə “Danabaş kəndinin məktəbi”, M.Ə.Sabir isə “Vay bu imiş dərsi-üsuli cədid?” misrasıyla başlayan parlaq ədəbi abidələrdə bu mövzuya toxunaraq bu aktual problemi satirik aspektdən təqdim etmişlər. Əhalinin böyük əksəriyyəti savadsız idi, ictimai şüurda dini-sxolastik təsəvvürlər dərin kök salmış, feodal-patriarxal adət-ənənələrinin bir çox təzahürləri məişətdə, ictimai həyatda hələ də nəzərə çarpmaqda idi.

 

Ən acınacaqlısı isə bundan ibarət idi ki, Azərbaycan, o cümlədən, Bakı əhalisinin etnik şüuru hələ formalaşmamışdı. Xalq öz etno-tarixi mənşəyindən, etno genezisindən, öz tarixi soykökündən bixəbər idi. Bu baxımdan Üzeyir Hacıbəylinin “İqbal” qəzetində “Ordan-burdan” ümumi başlığı altında ənənəvi “Filankəs” imzası ilə yazdığı bir felyetonunu xatırlatmaq yerinə düşər. “Rus alimlərindən bir nəfəri mənə bu hekayəti nəql elədi...” Elə buradaca Üzeyir bəyin felyetonçu kimi yaradıcılıq üslubunu səciyyələndirən bir məqamı qabartmaq istərdik. Onun qələmə aldığı felyetonlarda qeyri millətlərdən - rus, fransız, yəhudi və s. xalqlarının nümayəndələrindən ibarət olan personajlara tez-tez rast gəlmək olur. Bu ənənə felyetonçunun sənətkarlıq özəlliklərini əks etdirən üslub spesifikasının təzahürlərindən biridir. Hökm sürən ictimai-siyasi duruma, hətta məişət səhnələrinə, köhnədən qalma adət-ənənələrə kənardan, mahiyyət etibarı ilə fərqli bir rakursdan yönəldilən baxış, hamıya yaxşı məlum olan məsələləri özgə millətin təmsilçisinin dili ilə yeni, bəzən gözlənilməz mövqedən səciyyələndirilərək, dəyərləndirmək meyli müəllifin konkret bir felyetonda qarşısına qoyduğu ali məqsədin daha maraqlı təqdimatına nail olması üçün imkan yaradır, əsərin daşıdığı maarifçilik funksiyasını daha effektli təbliğinə xidmət edir. Sözügedən  felyetonun qəhrəmanı - rus alimi öz hekayətini belə davam etdirir:

 

- Getdim Qafqaza, qabağıma bir adam çıxdı ki, çox nazik bədən, qəddi-qamət yerində və çərkəzi paltarında, iti gözləri yırtıcı quş gözünə oxşayırdı. Soruşdum, hansı millətdənsən, dedi, ləzgiyəm. Birinə dəxi rast gəldim, bu da çərkəzi paltarda idi. Amma elə bil uşaq atasının çuxasını geymişdi. Papaq da başında üfürsə idik, yıxılardı. Hərif bir balaca da vurmuşdu. Soruşdum, sən hansı millətdənsən. Dedi, gürcüyəm. Ötdüm bir ayrısı qabağıma çıxdı. Bunun iki şeyi - yoğun bədəni, bir bığları, bir də qarnı. Soruşdum, sən hansı millətdənsən. Dedi, erməniyəm. Keçdim, bir ayrısı qabağıma çıxdı. Başında iki barmaq enində papaq, əynində bir paltar var idi ki, daldan baxanda büzməli çuxa idi, amma qabaqdan yevropeyski surtuk. Soruşdum, sən hansı millətdənsən, dedi, müsəlmanam...”

 

Müəllifin nümunə gətirilən bu felyetonunda müşahidə olunan daha bir bədii priyomu qeyd etmək yerinə düşər. Felyetonun qəhrəmanı, rus alimi kimi təqdim olunan şəxs qarşısına çıxan müxtəlif simalara eyni sualla müraciət etdikdən öncə, onların xarici görünüşünün, ilk növbədə geyiminin müqayisəli şəkildə təsvirini verir. Özünü müsəlman kimi qələmə verən şəxsin libasını arxadan büzməli çuxa, qabaqdan “yevropeyski surtuk” olduğunu müəllif tərəfindən əbəs yerə qabardılmır. Az sonra məlum olur ki, bu eklektik geyim üslubu ilə fərqlənən libasının tam şəkildə nə Asiya, nə də Avropa üslubuna cavab verməyən insanın etnik şüuru da hələ formalaşmayıb. “... Dedim, bilirəm müsəlmansan, bəs hansı millətdənsən? Dedi, müsəlman millətindənəm. Dedim, müsəlman sənin dinindir, bəs millətin nə millətidir. Dedi, müsəlman millətidir... Soruşdum hansı taifədənsən, dedi, müsəlman taifəsindən... Dedim, hansı dildə danışırsan, dedi, müsəlman dilində. Gördüm məni acı-ğımdan ağlamaq tutur. Özümü toxdadıb, bir neçə sual dəxi verdim. Gördüm xeyir a! Kişinin öz millətindən əsla və bəda xəbəri yoxdur. Boşladım, çıxdı getdi”.

 

Milli mənsubiyyətini islam dininə bağlayan insana rast gəlməmişdən öncə üzləşdiyi digər şəxslər, məsələn, gürcülərin nümayəndəsi “hansı millətdənsən” sualına “xristian millətindənəm” cavab verməsi mümkün ola bilərdimi? Qonşu xalqlar öz soykökündən yaxşı xəbərdardırlar, onların tarixi yaddaşını pozmaq, etnik şüurunu saxta məcraya yönəltmək mümkün deyil. Bəs bizlərə gələndə fərqli həsb-halın müşahidə olunması nə ilə əlaqədardır? Bu sual felyetonun qəhrəmanı rus alimini də düşündürür. “... Nədəndir sizin Qafqaz türkləri öz millətindən bixəbərdirlər?” Alimin sualına onun hömsöhbətinin, yəni felyetonun müəllifinin verdiyi cavabda çox acı həqiqətlər ifadə olunur. “...Dedim Qafqaz türkləri nə tövr baxəbər olsunlar ki, milli məktəblərdə dərs oxuyan uşaqların ataları məktəbə gəlib papaqlarını çırpırlar, diyorlar ki, mənim oğluma iki şeydən dərs ver. Birisi fars dili, birisi rus dili, yoxsa oğlumu məktəbdən çıxardacağam. Onlara deyirlər ki, canım, axı öz dilimiz var ki, hamısından vacib odur. İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir. Deyir, yox, oğluma türk dili lazım degildir”.

 

20 yaşlı gənc müəllim, artıq jurnalist kimi qələmini uğurla sınaqdan çıxarmış Üzeyir Hacıbəyli Bakıya gələrkən burada hökm sürən ictimai-siyasi durum olduqca mürəkkəb ziddiyyətli idi. Sürətlə Oktyabr sosialist inqilabına doğru yuvarlanan Rusiyadakı gərgin vəziyyət nəinki regionun, bütün Avropanın geosiyasi durumuna təsirsiz ötüşmürdü, bütün bunların əks-sədası İmperiyanın cənub ucqarlarına, Qafqaza, o cümlədən Azərbaycan mühitində də öz əksini tapırdı. Savadsızlıq, nadanlıq, cəhalətdən qurtuluş yolunun ilk mərhələsini Üzeyir Hacıbəyli də xalqın savadlanmasında, maariflənməsində görür bu işdə milli mətbuatın müstəsna rol oynaya biləcəyini dərk edərək, bu uca amala xidmət etmək üçün həm müəllim, həm yazıçı-publisist kimi gecə-gündüz demədən vicdanla çalışmağa hazır idi. Lakin Qarabağda cəzasız qaldıqlarından daha da azğınlaşmış ermənilərin törətdikləri kütləvi terror aktlarından uzaqlaşıb Bakıya üz tutan gənc Üzeyir bəy Qafqazın bu iri sənaye mərkəzində erməni terrorunun daha geniş miqyas aldığını, daha mütəşəkkil, daha amansız olduğunu görüb heyrətə gəlir. “Əziz anasının (Şirinxanım Əliverdibəyovun) şirin laylaları ilə yuxuya gedib, beşikbaşı nəğmələri ilə oyanan, cismani və mənəvi nəvazişi ilə pərvazlaşan Üzeyir qayğısız uşaqlıq çağlarında “Laçın yuvası” Şuşanın “nərmə-nazik bayatı” kimi ilıq havasını udmuşdu, Xan qızı Natəvanın şeir-musiqi məclislərindən bəylik eşiyinə pərdə-pərdə, kəlmə-kəlmə yetişən Füzuli kəlamlarından, xalq muğamlarından şirə çəkmişdi. Müqəddəs ana südü, doğma ana dili, xalq “konservatoriyasının” ilıq havası, nəğmə, musiqi, xoş kəlam - bunlar Üzeyir Hacıbəyovun dünyagörüşünü formalaşdıran ilkin qaynaqlardır”.

 

Şuşa mühiti, ata ocağında tərbiyə-öyüd, oradaca, Şuşa şəhərində Camal bəy Fətəlibəyovun ikisinifli məktəbində və Haşım bəy Vəzirovun müdir olduğu “rus-tatar” məktəbində aldığı təhsil gənc Üzeyirin təkcə dünya görüşünün deyil, bir şəxsiyyət kimi insanlıq təbiətinin də formalaşmasına xidmət etmişdir. Təbiət etibarı ilə humanist, rəhmdil, xeyirxah və qayğıkeş insan olan Üzeyir Hacıbəylini gənc yaşlarında öz gözləri ilə gördüyü erməni irticası onu əməlli başlı sarsıtmış, ermənilərin törətdiyi qırğınlar onun publisistik yaradıcılığında geniş yer almışdır. Bakı mühitinə düşəndən sonra Üzeyir bəy erməni irticasını, onun faciəvi nəticələrini öz gözləri ilə gördü, bu qanlı qarşıdurmanın İrəvandan, Zəngəzurdan, Naxçıvandan, Şamaxıdan, Qubadan gələn əks-sədasını bir qəzetçi kimi operativ surətdə öz publisistik yaradıcılığında əks etdirdi.

 

Üzeyir Hacıbəylinin ədəbi yaradıcılığını əhatə edən Sovet dövrü nəşrlərdə erməni irticasına həsr olunmuş yazılar demək olar ki, yoxdur. Buna da Sovet dövrü senzurasının səylərinin nəticəsi kimi dəyərləndirsək, yanılmarıq. Təəssüf doğuran daha bir cəhət budur ki, Ü.Hacıbəylinin 1965, 1968-ci illər nəşri əsasında 2005-ci ildə latın qrafikası ilə nəşr olunmuş II cildlik seçilmiş əsərləri müstəqil Azərbaycan vətəndaşlarına, xüsusilə, yeni nəslə Sovet senzurasının ciddi müdaxilələrinə məruz qalmış vəziyyətdə, heç bir yeni şərh verilmədən təqdim olunub. Bunun nəticəsidir felyetonlara verilmiş şərhlərdə marksizm-leninizm ideologiyasının təzahürü aşkar hiss olunur. Odur ki, Üzeyir Hacıbəylinin dünya görüşünün formalaşmasında, xüsusilə, müstəqillik, milli dövlətçilik, demokratik dövlət quruluşu ilə bağlı vətəndaş mövqeyinin müəyyənləşməsində önəmli xidmətləri olmuş Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzəbala Məmmədzadə və dövrün bir sıra digər qabaqcıl vətənpərvər ziyalıları xırda burjua millətçiləri, panislamistlər, pantürkistlər, “reaksion elementlər” adlandırılıb. Yalnız 2009-cu ildə “Elm” nəşriyyatı tərəfindən müasir oxucu auditoriyasına təqdim olunan “Üzeyir Hacıbəyli, Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adlanan sanballı kitabın birinci hissəsində Hacıbəylinin erməni irticasına həsr etdiyi və Sovet dövrü nəşrlərində ixtisara düşmüş felyetonları ilə tanış olmaq mümkündür. Bu dəyərli kitab Hacıbəyli irsinin tədqiqatçısı professor Şirməmməd Hüseynovun gərgin zəhmətinin nəticəsidir.

 

Felyetonları toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən və kitaba yazılmış ön sözün müəllifi Şirməmməd Hüseynov, kitabın redaktoru professor Şamil Vəliyevdir. Əgər Sovet dövründə Hacıbəylinin erməni irticasını əks etdirən felyetonlarına qadağa qoyulmuşdusa, onun Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində dərc etdirdiyi siyasi məqalələri və felyetonları haqqında nə demək olar? Şəksiz ki, onların dərc etdirib, oxuculara təqdim olunmasından söhbət belə gedə bilməzdi. Xoşbəxtlikdən müstəqillik dövründə Üzeyir Hacıbəylinin jurnalistik təcrübəsində mühüm bir mərhələ təşkil edən “Azərbaycan” qəzetindəki fəaliyyəti ilə bağlı boşluq da tədqiqatçı Aslan Kənanın “Üzeyir Hacıbəyli. Fitnələr qarşısında” (B., Dövlət Nəşriyyatı, 1995) adlanan kitabı ilə aradan götürüldü. Bu dəyərli əsər AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda XVII-4182 şifrə altında saxlanılır. Üzeyir Hacıbəylinin zəngin ədəbi irsinə müraciət edənlər bu iki tədqiqatçının Şirməmməd Hüseynovla Aslan Kənanın bu sahədəki məhsuldar fəaliyyətini həmişə minnətdarlıq hissi ilə xatırlayacaqlar.

 

 

Yusif GÜNAYDIN

 

525-ci qəzet.- 2015.- 20 iyun.- S.26.