Azərbaycan
multikulturalizmi fənni dünya universitetlərində
uğurla tədris olunur
Multikulturalizm həyat tərzimizdir
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı bir
il ərzində
ölkədə və xaricdə Azərbaycan
multikulturalizmini təbliğ edən çoxsaylı layihələr
həyata keçirməkdədir.
Hazırda
respublikamızın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan
multikulturalizmi fənninin tədrisi Mərkəzin tarixi nailiyyətlərindəndir.
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, BBMM Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və
təşəbbüsü ilə Azərbaycan multikulturalizmi fənni
hazırda 7 xarici ölkənin nüfuzlu ali təhsil
ocağında -Müqəddəs Kliment Oxridski adına Sofiya
(Bolqarıstan Respublikası), İvan Cavaxişvili adına
Tbilisi Dövlət (Gürcüstan Respublikası), Litva
Pedaqoji (Litva Respublikası), Praqa Karlov (Çex Respublikası),
Roma La Sapienza (İtaliya Respublikası), Belarus Dövlət
(Belarusiya Respublikası) universitetlərində və Ural
Federal Universitetinin Yekaterinburq filialında (Rusiya
Federasiyası) tədris olunur. Artıq builki tədris dövrü yekunlaşıb. Adıçəkilən universitetlərdə Azərbaycan
multikulturalizmi fənnini tədris edən mütəxəssislərlə
əlaqə saxlayıb tədrisin keyfiyyəti, əldə
olunan nəticələr, qarşıdakı vəzifələr
və perspektivlərlə bağlı
ünvanladığımız suallara ətraflı cavab
aldıq.
lll
İtaliyada sözügedən fənni La Sapienza
Universitetinin “Avrasiya tarixi” və “İncəsənət
tarixi” kursunun bakalavrlarına İrina Kunina tədris edib. “Müasir
tarix” və “Politologiya” fakültələrinin magistrlərinə
də Azərbaycan multikulturalizmi ilə bağlı mühazirələr
oxunub. Həmçinin semestr ərzində
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ilə birgə
mühazirə də təşkil edilib. “Bu müddət
ərzində “Avropa tarixi” kursunun doktorantları
üçün “Multikulturalizm və dövlət
quruculuğu: Azərbaycan modeli” adlı seminar keçirilib.
İ. Kunina deyib ki, hər qrupda tələbələrin
sayı fərqli idi: “Məsələn, birinci qrupda
İtaliya, Bolqarıstan, Albaniya, Serbiya və Türkiyədən
gələn 9 tələbə var idi. Magistrların
qrupunda isə İtaliya, Serbiya, İran və Rumıniyadan 12
tələbə iştirak edib. “Beynəlxalq
siyasət” kursunun magistrantlarının olduğu qrup
İtaliya, Sloveniya, Misir, Moldova, Gürcüstan və
Türkiyədən gələn 20 tələbədən ibarət
idi. Artıq ilk mühazirələrdən
sonra onların Azərbaycan haqqında düşüncələri
daha da dolğunlaşdı. Azərbaycanda
olan etnik müxtəliflik, adlarını ilk dəfə
eşitdikləri bəzi etnik qruplar onların xüsusi
marağına səbəb oldu. Həmçinin
respublikamızda olan dinlərarası dialoq modeli də
onları çox
maraqlandırırdı. Bu maraq bizi
çox sevindirir. Düşünürəm
ki, Azərbaycanı yaxından tanıtmaq üçün
daha çox əyani vəsaitə ehtiyac var”.
lll
Rusiyada Azərbaycan
multikulturalizmini tədris edən Aleksandr Nesterov
suallarımıza cavab olaraq bildirdi ki, fənnin mənimsənilməsi
uğurla başa çatıb: “Mühazirələrdə
“Xarici regional araşdırmalar” ixtisasının Rusiya, Ukrayna
və Tacikistandan olan 11 magistri iştirak edib. Semestr boyunca tələbələr
Azərbaycan multikulturalizminin mahiyyəti ilə daha yaxından
tanış olublar. Hesab edirəm
ki, proqramın məzmununa müəyyən əlavələr
olunmalı, Azərbaycan multikulturalizmi ilə yanaşı
ölkənin tarixi ilə bağlı daha çox bilgi verilməlidir.
Hələ imtahan olmadığından nəticələr
barəsində dəqiq məlumat verə bilməsəm də,
ümumən tələbələrin tədris
proqramını çox yaxşı mənimsədiklərini
qeyd edə bilərəm”.
lll
Çexiyada
tələbələr Azərbaycan multikulturalizmi ilə Roza
Şəfiyevanın vasitəsilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Onun fikrincə, bu fənnin Çexiyadakı tədrisi
çox uğurla aparılıb: “Semestr boyu tələbələr
bu fənnə böyük maraq və istək nümayiş
etdiriblər. Onlar tədris boyu qeyd edirdilər
ki, bu fənn vasitəsilə Azərbaycan haqqında daha
çox məlumat öyrəndilər. Və
bu bilgilər onlara gələcəkdə ölkəmizlə
bağlı daha geniş araşdırmalar aparmaqda
yardımçı olacaq. Çexiya və Rusiyadan dinləyici
kursu keçən tələbələr (9 nəfər)
etiraf edirlər ki, bu məşğələlərdə Azərbaycanda
mövcud olan
çoxsaylı etnik birgəliyə və müxtəlif
dini konfessiyalılığa heyran olublar. Bu fənndən sonra
onlar Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olduqlarını diqqətə
çatdırıblar. Qeyd etmək lazımdır
ki, fənnin tədrisi boyu tələbələr Azərbaycan
tarixi ilə çox maraqlanıblar. Mühazirələr
çex dilində oxunub, tədris kabinetləri yüksək səviyyədə
təşkil olunub. Mühazirələrdə
deyilənlərdən əlavə, tələbələr
özləri də mövzu ilə bağlı müxtəlif
mənbələrdən, internet resurslarından istifadə
ediblər. Fənnin imtahanına tələbələr
çox yaxşı hazırlaşıblar, onların Azərbaycan
multikulturalizmi ilə bağlı bilikləri mənimsəmə
səviyyəsi müəllim kimi məni tam qane edib”.
lll
Gürcüstanda
bu fənndən dərs deyən David Qotsiridze vurğulayıb
ki, İvan Cavaxişvili adına Tbilisi
Dövlət Universitetində Azərbaycan multikulturalizminin tədrisi
çox böyük maraq doğurub və uğurla başa
çatıb: “Əlbəttə, indiyədək tələbələrin
Azərbaycanla bağlı xeyli məlumatları vardı. Ancaq
bu fənn vasitəsilə onlar Azərbaycanın tarixi, mədəniyyəti
və multikultural dəyərləri haqqında sistemli olaraq tanış ola biliblər. Mühazirələrdə
30-dan artıq rəsmi dinləyici tələbədən əlavə,
müxtəlif fakültələrdən olan magistr və
doktorantlar da iştirak edib. “Azərbaycan
multikulturalizmi” kursu tələbələrdə böyük
maraq oyadıb, onların mühazirələrdə davamlı
iştirakı da bunu təsdiq edirdi. Ümumən
kursda 50-dən artıq dinləyici iştirak edib. Dinləyicilər arasında gürcülərdən
başqa, rus, ukraynalı, belorus və çexiyalı tələbələr
də olub. Qeyd etmək yerinə düşər ki,
Tbilisi Dövlət Universitetinin tələbələrindən
əlavə, mühazirələrə Gürcüstanın
müxtəlif özəl ali təhsil
ocaqlarından da dinləyicilər qatılıb. Bu fənni tədris edərkən Azərbaycanın
mənəvi, mədəni, siyasi durumunu tələbələr
daha yaxından anlatmağı qarşımıza əsas məqsəd
kimi qoymuşduq. Düşünürəm ki, buna nail ola bildik.
Xalqlar arasında qardaşlıq
ideyasının təbliği bu kursun
populyarlığını artıran amil idi. Tələbələr seminarlarda aktiv
çalışırdılar, təqdimatlar keçirirdilər,
əldə etdikləri bilikləri
bölüşürdülər. Tələbələr
məşğələlər zamanı Azərbaycanın
milli bayramları ilə yaxından maraqlanırdılar. Bu kursdan sonra tələbələr Azərbaycanı
daha yaxşı tanıdıqlarını bildiriblər.
Universitet rəhbərliyi də fənnə
xüsusi maraq nümayiş etdirib və gələcəkdə
bu istiqamətdə daha yaxın əməkdaşlıq niyyətindədir”.
lll
Litvada adıçəkilən fənnin tədrisi ilə məşğul olan Rəfail Həsənov bildirib ki, ümumilikdə dərs prosesi maraqlı keçib: “Belə bir kursun təşkili Azərbaycanın tanıdılması, mədəniyyətimizin təbliği və digər xalqlara çatdırılması üçün böyük əhəmiyyət kəsb edir. Mühazirələri müxtəlif ölkələrin təmsilçisi olan 12 tələbə dinləyib. Daimi dinləyicilərlə yanaşı mühazirələrə iştirakçı qismində də tələbələr qatılıb. Hətta universitetin bəzi müəllimləri də məşğələlərdə iştirak ediblər. Mühazirələr boyu hiss edirdim ki, ölkəmiz haqqında daha çox bilmək, Azərbaycan multikulturalizminin mahiyyətinə dərindən bələd olmaq tələbələrin çox xoşuna gəlir və Azərbaycana maraqları artır. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə Azərbaycanla bağlı məlumat resurslarının daha da artırılması vacibdir. Zənnimizcə, “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə yanaşı bu sahədə ayrı-ayrı istiqamətlərdə (məsələn, Azərbaycanda etnoslararası münasibətlər (eləcə də müxtəlif etnosların ərazimizdə məskunlaşması tarixi, Azərbaycan xalqının etnogenezisi və sair ), konfessiyalararası münasibətlər, müxtəlif ölkələrdə bu problemlə bağlı qanun və qərarların müqayisəli təhlili və s.) tədqiqat işlərinə də start verilməlidir. Tədqiqatın nəticələrinə əsaslanan tədris daha əsaslı ola bilər”.
lll
Bolqarıstanda Azərbaycan multikulturalizmi fənnini öyrədən Sofia Şiqayevanın bildirdiyinə görə, tədris prosesi yüksək səviyyədə keçib, tələbələr bu məşğələdə davamlı olaraq iştirak ediblər, Azərbaycanla, bu yeni fənnlə tanışlıq onların dərin marağına səbəb olub: “Fikrimcə, onlar bu fənn vasitəsilə kifayət qədər bilik əldə ediblər. Kursda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Filologiya” fakültəsindən 6 bakalavr və 3 magistr olmaqla, 9 nəfər iştirak edib. Bu tələbələrin indiyədək Azərbaycanla bağlı olan təəssüratları daha da zənginləşib. Bu fənn vasitəsilə onlar Azərbaycan ədəbiyyatı, fəlsəfəsi və mədəniyyəti, ölkədə yaşayan çoxsaylı etnik qruplar, müxtəlif dini konfessiyalar haqqında ətraflı bilgilərə sahib olublar. Tələbələr həmçinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olan multikulturalizm barəsində daha geniş təsəvvürlər əldə ediblər. Tələbələr bu fənnlə bağlı hər şeylə yaxından maraqlanırdılar, hər mühazirədən onlar özləri üçün yeni informasiyalar götürürdülər, materialı oxuyub bununla bağlı diskussiya təşkil edirdilər. Yeganə problem bu sahədə bolqar dilində kifayət qədər ədəbiyyatın olmaması idi. Ancaq buna baxmayaraq, tələbələr müxtəlif xarici dilləri bildiklərindən mövzunu öyrənmək üçün həm rus, həm ingilis, həm də azərbaycandilli mənbələrdən istifadə edirdilər. Semestrin sonunda tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edilib. Hesab edirəm ki, gələcəkdə bu fənnlə bağlı dərsliklərin yazılmasına ehtiyac var”.
lll
Belarusda Azərbaycan multikulturalizmi fənnini tədris edən Eleonora Hüseynovanın fikrincə, bu kurs gözləntiləri doğruldub: “Bu fənnin tədrisi tələbələrin Azərbaycana marağını daha da artırıb. Azərbaycan multikulturalizmi Belarus Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin 132 nəfər birinci kurs tələbəsinə tədris olunub. Həmin tələbələrin sırasında 14 ölkənin- Belarus, Rusiya, Çin, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya və Koreya Respublikasının vətəndaşları var. Bu kursun tədrisi tələbələrə Azərbaycan multikulturalizmi siyasətini, onun xüsusiyyətlərini və səbəblərini elmi əsaslarla öyrənməyə imkan yaradıb. Arzulayardıq ki, gələcəkdə bu məşğələlərə Azərbaycandan digər nümayəndələr də dəvət edək, daha çox məlumatlar-bukletlər, videoçarxlar, müxtəlif əyani vəsaitlər əldə edək. İmtahanlar hələ qarşıda olsa da, fənnin tədrisi boyunca apardığımız monitorinqlər əsasında bu kursun tələbələr arasında xüsusi maraq doğurduğunu qeyd edə bilərik. Tələbələrin Belarusdakı Azərbaycan səfirliyində cənab səfirlə görüşünün təşkili də bu marağın yaranmasında rol oynayıb”.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 20 iyun.- S.23