İllərin izi ilə - zirvələrə

 

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və sənətşünaslığının görkəmli nümayəndəsi, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev əlli ilə yaxındır ki, bir alim, təhsil və elm təşkilatçısı kimi xalqımıza xidmət etməkdədir.

 

Bu yaxınlarda Timuçin Əfəndiyevin “Elm” nəşriyyatı tərəfindən işıq üzü görən “İllərin izi ilə” Professor Timuçin Əfəndiyev mətbuatda” kitabına tədqiqatçı alimin müxtəlif ədəbi dərgilərdə dərc edilmiş məqalələri, çoxcəhətli fəaliyyətini əks etdirən yazılar və kitablarının annotasiyası haqqında məlumatlar toplanıb. Əsərin tərtibçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, elmi redaktoru Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadədir. Kitaba Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov və istedadlı teatrşünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ədalət Vəliyev rəy veriblər.

 

Kitab əsasən iki hissədən ibarətdir. Birinci hissəyə müəllifin dramaturgiyaya, teatrşünaslığa, kinoşünaslığa, musiqi sənətinə, xoreoqrafiyaya, muzeyşünaslığa, dekorativ-tətbiqi sənətə, kulturologiyaya, ədəbiyyat və mədəniyyətə aid məqalələri, ikinci hissədə isə onun elmi və ictimai fəaliyyətinə həsr olunmuş yazılar toplanıb. Kitabda müəllifin müxtəlif qəzetlərə verdiyi müsahibələr, mənalı həyat sürmüş görkəmli sənətkarlara həsr etdiyi oçerklər, həmçinin səfər təəssüratları da daxil edilib. Tədqiq obyektinə çağdaş mütərəqqi dünya ictimai fikri səviyyəsindən nəzər salan alimin yeni kitabı öncə aktuallığı, elmi siqləti, orijinallığı və dərin təhlillərlə seçilir. Əsərin diqqəti çəkən və təqdirəlayiq  cəhətlərindən biri azərbaycançılıq və  milli dövlətçilik ideyalarına ardıcıl, sistemli və elmi-metodoloji şəkildə yanaşılmasıdır. Müəllif qələmə aldığı hər bir mövzunu müstəqillik dövrünün istiqlal məfkurəsinə dayaqlanan metodla araşdırıb.

 

Tərtibçinin qeyd etdiyi kimi, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider “Heydər Əliyev ideyalarının mədəniyyət və təhsildə geniş tətbiqi müəllifin həm idarəçilik təcrübəsində, həm də mətbu yazılarında qırmızı xətlə keçir. Bütövlükdə ulu öndərin zəngin mənəvi irsi, elm və təhsilimizin inkişafına istiqamətlənmiş müdrik tövsiyələri professorun görüşlərinin, əməli və nəzəri fəaliyyətinin ana düsturuna çevrilmişdir”. T.Əfəndiyevin son illərdə yazıb dərc etdirdiyi “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” (silsilə məqalələr), “Heydər Əliyevin ədəbi siyasəti”, “Heydər Əliyev irsi milli sərvətimizdir”, “İlham Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti”, “Güclü dövlətə, sürətli inkişafa səs verdik” və s. məqalələri dərin ümumiləşdirmələri, nəzəri səviyyəsi ilə yanaşı səmimiliyi ilə diqqəti çəkir. Heydər Əliyev və Azərbaycan mədəniyyəti mövzusu professor Timuçin Əfəndiyevin ciddi məşğul olduğu əsas problemlərdəndir. Bu cəhətdən alimin “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” əsəri ümummilli liderin çoxşaxəli mədəniyyət nəzəriyyəsinin tədqiqinə həsr olunmuşdur. Kitabda ulu öndərin Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və zəngin mənəvi-mədəni irsinin dünyaya çatdırılmasında  böyük rolundan bəhs edilir. Müəllif qeyd edir ki, Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideallarla zənginləşməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, incəsənətinə qayğı ilə yanaşmış və milli ədəbiyyatımızın, mədəniyyətimizin böyük hamisi olmuşdur. Milli ədəbiyyatımıza tükənməz məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Sovet dönəmində S.Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi ədiblərə o zaman üçün ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin Azərbaycan yazıçısına ən böyük qayğısı idi. İstiqlal dövründə də o, Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İ.Əfəndiyev, B.Vahabzadə, X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, H.Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları- “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif etdi. Müəllif belə bir elmi qənaətə gəlir ki, Heydər Əliyevin ədəbiyyat konsepsiyası, mədəniyyət nəzəriyyəsi və ana dili haqqındakı fikirləri Azərbaycan bədii mədəniyyətinin tarixi rolunu müəyyənləşdirən nəzəri-metodoloji mənbədir. Ümummilli liderin teatr sənətinə, teatr xadimlərinə, ayrı-ayrı yazıçılara və sənət adamlarına göstərdiyi misilsiz qayğıya xüsusi diqqət yetirən Timuçin Əfəndiyev yazır: “Mən onun İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətinin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyev qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu günə qədər bizim xatirəmizdədir və biz həmişə ulu öndərimizi şükranlıqla xatırlayırıq”.

 

Professor Timuçin Əfəndiyevin müasir təhsilin problemlərinə həsr etdiyi məqalələri aktuallığı, əhatəli təhlil və obyektiv müəllif mövqeyi ilə seçimlənir. Onun mədəniyyət təhsilində abituriyent seçimi qaydalarına, Bolonya təhsil sisteminin tətbiqi xüsusiyyətlərinə, bütövlükdə təhsil sahəsindəki inkişaf prosesinə aid irəli sürdüyü fikir və mülahizələri elmi-pedaqoji baxımdan diqqəti cəlb edir.

 

“İllərin izi ilə” kitabında görkəmli alimin teatra və dramaturgiyaya həsr etdiyi məqalələri elmi-nəzəri səviyyəsi ilə yanaşı obyektivliyi və duyumlu təhlil tərzi ilə seçilir. Müəllif bu məqalələrdə özünəməxsus geniş, konseptual nəzəri-estetik fikirlərini dövrün sosial tələbləri ilə bağlayır, ədəbiyyatın qarşısında duran vəzifələri sənət mövqeyindən qiymətləndirir. “Teatr və müasirlik”, “İlham Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti”, “Çağdaş Azərbaycan teatrşünaslığı: dünənimizdən sabahımıza uzanan möhtəşəm yol”, “Teatr prosesləri: zaman müstəvisində baxış” və s. məqalələr nəzəri-metodoloji səviyyəsi, orijinallığı və analitik təhlil tərzi ilə nəzərə çarpır. Müəllif qeyd edir ki, Azərbaycan teatrı təşəkkül və inkişaf prosesində humanizm, bəşəri ideyalar uğrunda mübarizə etmişdir. Onun bir qolu klassik irslə, digər qolu isə dövrün nəbzini tutan əsərlərlə bağlı olmuşdur. Müasir dramaturgiyanın müsbət qəhrəmanı hər cür ədalətsizliyə, saxtakarlığa və riyakarlığa qarşı barışmaz mübarizədə fəal həyat mövqeyinə malik olan insan tərbiyə edir. “Yaradıcılıq etikası və teatr” məqaləsində mövzuya elmi idrakın işığında nəzər salan müəllif belə bir elmi nəticəyə gəlir: “müasir teatrda yaradıcılıq etikası istedadın potensial imkanlarını üzə çıxarmağa, onun təlqin gücünü artırmağa, sənətkarlığın inkişafına fəal təsir göstərir, istedadla zəhmətin qarşılıqlı əlaqəsini yaratmağa imkan verir”. “Etika sənətkarın bacarıq və istedadının imkanlarını artırır, həyata obrazlı münasibəti sahmanlayır, əmək intizamını yüksəldir” - tezisindən çıxış edən müəllif belə qənaətə gəlir ki, teatr etikasının tələblərini gözləmək aktyor və rejissorlar, inzibatçılar üçün son dərəcə faydalı nəticələr verə bilər.

 

Çağdaş teatr prosesinin prespektivlərini milli-nəzəri fikir işığında şərh edən professor “İlham Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti” məqaləsində qeyd edir ki, “Milli teatr sənətində baş verən bu canlanma ilk növbədə dövlətin, dövlət başçımız İlham Əliyev cənablarının mədəniyyətə, ələlxüsus teatr sənətinə qayğı və diqqəti sayəsində mümkün olmuşdur. Son illərdə milli teatr sənətinin inkişafı istiqamətində dövlət səviyyəsində çox mühüm addımlar atılmışdır. İlk növbədə, onu vurğulamaq lazımdır ki, keçmiş MDB ölkələri içərisində ilk dəfə məhz Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (29 dekabr 2006) qəbul edilmişdir. Daha sonra “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi” haqqında (19 fevral 2007) və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” (18 may 2009) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul edildi ki, bu sənədlər paketi milli teatrın fəaliyyətinin hüquqi-normativ bazasını təmin etmiş oldu”.

 

Professor Timuçin Əfəndiyev bir sıra xarici ölkələrdə, o cümlədən, Türkiyə, Fransa, Amerika, London, Misir və s. nüfuzlu elmi-nəzəri konfransların və simpoziumların iştirakçısı olmuş, Azərbaycan mədəniyyəti və incəsənəti mövzusunda məruzələr etmişdir. ABŞ-ın Çikaqo, Medison, Milvaki, Nyu-York Siti, Nortvesten universitetlərində “Azərbaycan mədəniyyətinin inkişaf mərhələləri” mövzusunda məruzə ilə çıxış edən görkəmli alim bu görüşlərdə Qarabağ problemindən, mədəni abidələrimizin erməni təcavüzkarları tərəfindən talan olunmasından da ətraflı məlumat vermişdir. Xarici ölkələrlə Azərbaycan arasında elmi-mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə Timuçin müəllim London şəhərində yerləşən Beynəlxalq Bioqrafiya Mərkəzinin “Dünyanın aparıcı pedaqoqları-2005-ci il” fəxri adına layiq görülüb. Professor həm də Beynəlxalq Bioqrafiya Mərkəzinin fəxri üzvü seçilmişdir. Sonralar o, səfər təəssüratlarını “ABŞ-da olduğum günlər”, “Səfərdə məqsəd təcrübə mübadiləsini genişləndirmək idi” və s. məqalələrində müxtəlif mətbuat orqanlarında çap etdirmişdir. Ümumiyyətlə, professor Timuçin Əfəndiyev elm aləminə qədəm qoyduğu ilk illərdən bu çağacan daima mətbuatla ünsiyyət saxlamış, müxtəlif qəzet və jurnallarla əməkdaşlıq etmişdir. Onun təhsilimizlə, mədəniyyətimizlə ilgili, çoxsaylı məqalələri və müsahibələri maraqla qarşılanmış və bir qismi xarici dillərə tərcümə olunaraq çap edilmişdir.

 

Professor Timuçin Əfəndiyevin görkəmli sənət fədailərinə həsr etdiyi məqalələr elmi -nəzəri dərinliyi və fəlsəfi fikir tutumu ilə seçimlənir. Burada görkəmli mədəniyyət və incəsənət xadimlərinin insani keyfiyyətləri, fərdi yaradıcılıq üslubları, böyük sənət ənənələri səriştəli sənətşünas qələmi ilə əhatəli təhlil edilir.

 

“İllərin izi ilə” kitabının ikinci fəslində görkəmli dövlət, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların və sənətkarların professor Timuçin Əfəndiyev haqqında mətbuatda dərc olunmuş məqalələrinə həsr olunub. Akademiklər Kamal Talıbzadə, Tofiq Köçərli, Siyavuş Qarayev, Kamal Abdulla, Xalq yazıçıları Hüseyn Abbaszadə, Anar, Xalq şairi Qabil, Xalq artistləri Eldar Quliyev, Oqtay Mir Qasım və digərlərinin Timuçin Əfəndiyev haqqındakı ürək sözləri, onun cəmiyyətimizin mədəni həyatındakı xidmətləri, bütöv şəxsiyyəti, vətən sevgisi, vətəndaş-alim və ziyalı rəhbər kimi ali keyfiyyətləri sərgilənir. Akademik Kamal Talıbzadə yazır: “Timuçin Əfəndiyev qədirbilən adamdır. Bu xüsusiyyət ona atasından keçib. O, təkcə atasının dostlarını yox, ümumən milli ziyalıları yüksək qiymətləndirən alim və təşkilatçıdır. Timuçin müəllim hərtərəfli yaradıcılığa malikdir. O təkcə filoloq alim yox, həm də teatrşünas və sənətşünas mütəxəssisdir. Onun teatra və incəsənətə dair kitabları belə qənaətə gəlməyə tamamilə imkan verir”. Timuçin müəllimin elmi yaradıcılığında milli mədəniyyətimizin ayrı-ayri sahələrinə həsr etdiyi kitabları yeni məfkurə baxımından ciddi maraq doğurur. Müəllifin tədqiqatları içərisində mədəniyyət məsələlərinə, teatrşünaslığa, təsviri sənətə, musiqiyə, kinoşünaslığa, xoreoqrafiya və kulturologiya sahələrinə aid araşdırmaları xüsusi yer tutur.  Sözügedən kitabda müəllifin əsərlərinə həsr edilmiş  bir sıra məqalələr toplanmışdır.

 

T.Əfəndiyevin ayrı-ayrı kitablarını həssas alim müşahidəsi ilə, konseptual tərzdə nəzərdən keçirən məqalə müəllifləri belə qənaətə gəlir ki, “professor Timuçin Əfəndiyevin” “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monoqrafik tədqiqatı bu milli sərvətin - ulu öndərin məzmunca tükənməz mədəniyyətşünaslıq düşüncələrinin, çoxşaxəli maarifçilik fəaliyyətinin tədqiqinə həsr olunmuş dəyərli əsər kimi diqqəti cəlb edir” “(akademik Kamal Abdulla)”; “professor Timuçin Əfəndiyevin, “Mədəniyyətdə tarixilik və müasirlik” kitabı xalqımıza, onun mədəniyyətinə, tarixinə əvəzsiz töhfədir, daha dəqiq desək, xidmətdir” (professor Aqşin Babayev); “Timuçin Əfəndiyevin,  “Mədəniyyətdə tarixilik və müasirlik” adlı ensiklopedik əsər Azərbaycanda bədii təhsilin görkəmli təşkilatçısı və uzun illər Azərbaycan mədəniyyəti və incəsənəti üçün kadr hazırlığı prosesinə rəhbərlik edən görkəmli alimin qələminin məhsuludur” (professor Məryəm Əlizadə); “Timuçin Əfəndiyevin “Azərbaycan dramaturgiyasında metodlar” adlı fundamental monoqrafiyası dram tariximiz, xx əsrin birinci dönəminin ədəbi prosesi və bir bədii metod kimi romantizm haqqında yazılmış sanballı tədqiqat əsəridir” (professor Nizaməddin Şəmsizadə) və s. Səciyyəvidir ki, kitabın sonunda görkəmli alimin nəşr olunmuş kitablarının Azərbaycan, ingilis və rus dillərində geniş annotasiyaları da verilmişdir.

 

Professor Timuçin Əfəndiyevin çağdaş mədəniyyətimiz qarşısında ən böyük xidmətlərindən biri odur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik edərkən onun beynəlxalq aləmdə nüfuzunun artmasına nail olmuşdur. Fədakar elm və təhsil təşkilatçısı yaradıcı fəaliyyətinin qırx ilini bu unikal sənət məbədinin inkişafına həsr etmişdir. Məhz onun rəhbərliyi və təşkilatçılığı sayəsində “xoreoqrafiya sənəti”, “mədəniyyət meneceri”, “ədəbi iş və ekran dramaturgiyası”, “kino operatoru”, “televiziya rejissoru”, “beynəlxalq mədəni əlaqələr”, “muzeyşünas” və s. kimi yeni ixtisaslar açıldı. “Bir an belə olmayıb ki, məsuliyyət hissimi zəiflədəm”- deyən İ.Əfəndiyev böyük əzmkarlıqla yeni yaradılmış sənət ocağına - Bakı Xoreoqrafiya Akademiyasına rəhbərlik edir. Tərtibçi düzgün qeyd edir ki, onun vaxtilə geridə qalmış, məhdud imkanlı Mədəniyyət və İncəsənət Universitetini öncüllər sırasına çıxara bilməsi bir şəxsiyyət kimi güclü təşkilatçılıq, rəhbərlik, quruculuq səriştəsindən, böyük enerjisindən, qurub-yaratmaq istəyindən xəbər verir. Məhz belə bir rəhbər kadrın yeni yaradılmış, olduqca çətin sahəyə göndərilməsi yüksək peşəkarlıq və təşkilatçılıq istedadının dövlətimiz tərəfindən görülüb-qiymətləndirilməsinin məntiqi təzahürüdür.

 

Professor Timuçin Əfəndiyevin yeni kitabı çağımızda gedən demokratikləşmə prosesinə cavab verən ədəbi-estetik görüşlərinin istiqlal mövqeyindən konkret ifadəsidir. Onun müxtəlif illərdə dərc edilmiş məqalələrində qarşıya qoyduğu konseptual elmi-nəzəri fikirlər bu günün özündə də öz aktuallığını saxlayır. Bir məqalədə əsərin bütün elmi məziyyətlərindən əhatəli söz açmaq imkan xaricindədir. Bu barədə ən müfəssəl sözü kitabın özü deyir. Nəzəriyyəçi alimin “İllərin izi ilə” əsəri fədakar ziyalı əməyinin bəhrəsi olan konseptual tədqiqat əsəridir.

 

İllərin izi ilə daha yüksək zirvələrə, Timuçin müəllim!

 

Vəfa XANOĞLAN

Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 20 iyun.- S.22;25