Kültür müşavirinin
vidası
Bu günlərdə V Azərbaycan Şairlər
günündəki çıxışında
Türkiyə Səfirliyinin
Kültür və Tanıtım müşaviri
Seyid Əhməd Arslan qısa bir vida çıxışı
etdi. İyun ayının sonuna
doğru vəzifəsini
bitirib Ankaraya qayıdacağını söylədi.
Əslində bəlkə qısa vaxtda ədəbi-mədəni
mühitdə yetərincə
tanınan, nüfuza malik olan Seyid
Əhməd bəyin haqqında və onun burdakı vəzifə müddətinin
bitməsindən doğan
təəssüf barədə
çox danışmağa
ehtiyac da yoxdu. Çünki həqiqətən
də çoxlarının
sevimlisinə və bir çox ədəbi-mədəni, turizm
layihələrində, tədbirlərində
güvənc, dəstək
yerinə çevrilmiş
bu adam
haqda nələri seçib deməli olduğumu müəyyənləşdirmək
çətindi. Bu son üç
il ərzində
az saylı beynəlxalq tədbir adı çəkmək olar ki, (bəlkə
də heç olmaz!) orda Türkiyə
Kültür və Tanıtım müşavirliyinin
loqosu, imzası görünməsin. Seyid Əhməd
bəyin gerçək
bir ədəbiyyat, sənət sevdalısı
olması bir çox məsələlərdə
həssaslıq göstərməsi,
layihələrə ürəklə,
ruhla, coşquyla qoşulması hər kəsə məlumdur.
Bu günlərdə türkiye.az saytında yayımlanmış
“Salamat qalın” adlı vida yazısı bütün bu müddətdə görülən çoxsaylı,
daha doğrusu sayı-hesabı bilinməyən
işlərin bəzilərini
yada salmağa rəvac verdi.
İlk öncə onu qeyd edim
ki, Seyid Əhməd bəyin həm qardaş xalqların, Türkiyənin
və Azərbaycanın
mədəniyyət əlaqələrinin
möhkəmləndirilməsi, genişləndirilməsi üçün
gördüyü işlər,
həm də birbaşa Azərbaycan ədəbiyyatına, mədəniyyətinə
xidmətləri rəsmi
şəkildə də
dəfələrlə qiymətləndirilib.
İki il
öncə o, Mədəniyyət
və Turizm Nazirliyinin Şərəf
diplomu ilə, bu günlərdə isə Mətbuat Şurasının diplomu ilə təltif edilib. Amma bütün bu
rəsmi sənədləri
kənara qoysaq, ən müxtəlif adamların, ziyalıların
Seyid Əhməd Arslan haqda müsbət
rəylərinin, xoş
sözlərinin hər
zaman şahidi oluruq.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Seyid Əhməd
Arslanın vidasına
belə münasibət
bildirdi: “Seyid Əhməd bəyin bu illərdə tədbirlərdə iştirakını,
müxtəlif kitabların
çapına dəstək
olmasını, bir çox ədəbi gecələrin, simpoziumların
keçirilməsində yardımını
əsirgəməməsini müşahidə etmişəm.
Ədəbiyyatlarımızın yaxınlaşmasında bütün bu görülən işlərin
rolu danılmazdır.
Bilirik ki, Türkiyənin qanunlarına görə Seyid Əhməd bəyin vəzifə müddəti bitəndən
sonra yenidən Azərbaycana təyin edilməsi mümkünsüzdür.
Amma o bu üç ildə bizlərlə o qədər qaynayıb-qarışıb,
o qədər doğmalaşıb
ki, mən onun Bakıdan, Azərbaycandan ən azı mənən uzaqlaşmamasını diləyirəm.
Bundan sonrakı fəaliyyətində
uğur arzu edirəm”. Ümumiyyətlə, işlədiyi bu
qısa zamanda Seyid Əhməd bəy təkcə ədəbi mühitdə
deyil, media nümayəndələriylə
də qarşılıqlı
əlaqələr yaradıb.
Hər il
media qurumlarıyla birgə
müxtəlif tədbirlərin,
layihələrin həyata
keçirilməsi bunun
bariz nümunəsidir.
Qəzetimizin baş redaktoru Rəşad Məcid də bu illərdə
müşavirin gördüyü
işlərdən, faydalı
layihələrdən danışdı:
“Seyid Əhməd bəy bu vəzifəyə
təyin olunan kimi media nümayəndələri
ilə münasibət
yaratdı, onlarla işləməyə başladı.
Hesab edirəm ki, bu son dərəcə vacib məqamdı. Azərbaycanın tanınmış mətbuat rəhbərlərinin
Türkiyəyə səfərlərinin
təşkili, müxtəlif
yazı müsabiqələri
qaliblərinin Türkiyənin
çeşidli bölgələrinə
səyahətə göndərilməsi
bu qəbildən olan işlərdir. Mən özüm bu tipli iki səfərdə
iştirak etmişəm.
Birincisi
2013-cü ildə Əskişəhərin
Türk Dünyasının
Mədəniyyət paytaxtı
elan olunmasıyla bağlı bu şəhərə səfərimiz.
İkincisi isə bu ilin may ayında
Çanaqqala zəfərinin
yüz illiyi ilə bağlı səfər... Hər iki səfərin
təəssüratları çox
zəngindir və bunlardan danışdıqca
danışmaq olar.
Amma indilikdə yalnız bir məqamı, Seyid Əhməd bəyin yüksək təşkilatçılıq istedadını, həssas
münasibətini vurğulamaq
istəyirəm. Onun bu günlərdə yayımladığı
vida yazısından da çox təsirləndim.
Arzu edirəm ki, özünün yazdığı kimi - Qarabağda Azərbaycan bayrağının dalğalanmasına
Seyid Əhməd kimi dostlarımızla bərabər sevinək...”
Əsl sənət riyakarlıq, saxtakarlıq götürmür. Sənəti yalandan sevə, ona yalandan xidmət edə bilməzsən. Əgər o istək, o qayğı içdən gəlmirsə, səmimi deyilsənsə, mütləq hardasa, hansısa şəkildəsə özünü göstərəcək. Xaric çalınan musiqi kimi, yerində deyilməmiş söz kimi, xalçaya vurulmuş səhv ilmə kimi nəzərə çarpacaq. Bu mənada Seyid Əhməd bəy yerində olan adamdı. Onun içdən gələn sənət sevgisi, ədəbiyyat heyranlığı, əsl sözün dəyərini bilməsi hər zaman görünüb. Və ən əsası da bu üç ildə gözəl nəticələr verib. Kitabxanalara hədiyyə edilən saysız-hesabsız kitablar, müşavirliyin yardımı ilə dərc olunan, çapdan çıxan yeni əsərlər, “İpək yolu Beynəlxalq Musiqi Festivalı” kimi mədəni tədbirlərə dəstək verməklə yanaşı, Türkiyədən tanınmış sənət adamlarının bu cür festivallarda iştirakının təmin edilməsi, Rəşad Məcidin də vurğuladığı kimi media nümayəndələrinin, yazıçıların səfərlərinin təşkili və s.
Sonuncu Çanaqqala səfərimiz haqda qəzetimizdə geniş yazıyla çıxış etdiyimdən bu haqda geniş danışmaq istəmirəm. Amma ötən ilin sentyabrında Bakıda keçirilən Türkiyə Mədəniyyət həftəsini xüsusi vurğulamaq istərdim. Səfirliyin, Kültür müşavirliyinin və şəxsən Seyid Əhməd bəyin sayəsində bu mədəniyyət günləri sənətsevərlərdən ötrü bayrama çevrilmişdi. Bakı teatr salonlarında gedən türk tamaşaları, konsertlər, görüşlər hamısı son dərəcə maraqlı idi. Və mən həmin günlərdə Seyid Əhməd bəyin bütün bu tədbirlərə necə xüsusi həssaslıqla, diqqətlə yanaşmasının şahidi oldum. Hətta xatırlayıram ki, o, türk yazıçısı, şairi, tərcüməçisi Səid Faiq Abasıyanıqın hekayələri əsasında hazırlanmış və şairin həyatından bəhs edən “Meraklısı için öylə bir hekayə” tamaşası haqda yazıma kövrək reaksiya vermişdi. Əslində bu kövrəkliyin, həssaslığın kökündə millətinin teatrına, ədəbiyyatına, incəsənətinə verilən dəyərdən təsirlənmə durur... Elə təkcə bu faktın özü Seyid Əhməd Arslanın vəzifəsinə, (əslində elə missiyasına!) münasibətini, işinə məsuliyyətli yanaşmasını göstərir.
Artıq gələn aydan Seyid Əhməd bəy işlərinə, karyerasına Türkiyədə, Ankarada davam edəcək. İşgüzar, peşəkar, zəhmətkeş adam həmişə, hər yerdə arzuolunandı və heç şübhəsiz uğur da belələrinin yanındadı hər zaman. Amma nədənsə əminəm ki, Bakıda çalışdığı bu üç il nə onun, nə də ailəsinin yaddaşından silinməyəcək, bir az qəribə, bir az sirli, bir az sehrli zaman kimi xatirələrində qalacaq. Mən də öz növbəmdə əziz Seyid Əhməd bəyə uğur diləyirəm, bizlər üçün gördüyü işlərə görə təşəkkürlərimi çatdırıram və ... Bakını unutmayın - deyirəm! Salamat gedin - deyirəm!
PƏRVİN
525-ci qəzet.-
2015.- 20 iyun.- S.21.