Yolunuz açıq olsun,
Türkiyənin və Azərbaycanın dəyərli
övladı!
...Bütün başlanğıclar
ümid dolu, inama söykəli olur. “Çəkilən
zəhmətlərə dəyəcəkmi,
alınacaqmı?” tərəddüdləri
də öz yerində. Amma başlamalısan, həyat başlanğıcların
üzərində qurulub.
Elə ümidi, inamı, tərəddüdü və
bəzən də şübhəni tutalğac
edib başlamalısan.
Nə istədiyini, nələrə
varmaq istədiyini, nələr yaratmaq istədiyini bilərək
təpər tapıb irəliləməyi bacardıqca
şübhə, tərəddüd
yoxa çıxır,
ümid və inam güclənir və gücləndirir.
Bu, həyatın hər üzünə aid
başlanğıclara aiddir.
İstər şəxsi
həyat olsun, istər iş, məslək həyatı...
lll
Gördüyü çoxsaylı işlərlə,
həyata keçirdiyi
böyük layihələrlə
Azərbaycanın da elmi, siyasi və
ədəbi cameəsinin
yaddaşında özünəməxsus
yer tutmuş bir diplomatın, dəyərli söz adamının illər öncə ölkəmizdə
başlatdığı bir
başlanğıc bugünlərdə
başa çatır. Başlanğıcların başa çatması son
deyil, əlbəttə.
Uğurlu başlanğıcların
yekunlaşması da daha böyük zirvələrə aparan başlanğıcıdır həmişə...
Bu baxımdan Türkiyənin
Azərbaycandakı Səfirliyinin
mədəniyyət və
tanıtma müşaviri
Seyid Əhməd Arslanın başladığı
işi, tutduğu vəzifəni müvəffəqiyyətlə
sona çatdırıb
“bir vətənindən
digər vətəninə”
dönməsində qeyri-adi
heç nə yoxdur, əslində. Ancaq bir var, sadəcə
vəzifəni icra eləyəsən, bir də var, tapşırılan
vəzifəni can-başla,
gördüyün işə
ürəyini, ruhunu qoyaraq yerinə yetirəsən. Seyid
Əhməd Arslan sonunculardandır... Seyid Əhməd Arslan sadəcə sözləri,
vədləri ilə
deyil, işi, çalışqanlığı ilə yadda qalan əməli-saleh insandır, türk təbirincə desək, adam kimi adam...
Belə insanların başladığı
və bitirdiyi işlər, gəlişləri
və gedişləri
həmişə söhbətlərə,
yazılara mövzu olur.
Seyid Əhməd
Arslan 1967-ci ildə Türkiyənin Yozqat bölgəsinin Sorqun ilçəsində dünyaya
gəlib. İlk və orta təhsilini də orda tamamlayıb. 1986-cı ildə Ankara,
1990-cı ildə İstanbul
Universitetlərinin məzunu
olub. Elə həmin ildən Ankarada Mədəniyyət
Nazirliyində Mədəniyyət
Mərkəzləri Dairəsində
məmur kimi fəaliyyətə başlayıb.
Həmin
vaxtdan etibarən qardaş ölkədə
diplomat kimi bir çox mühüm vəzifələrdə çalışıb.
2012-ci ilinyanvar ayından etibarən Türkiyənin Azərbaycandakı
Səfirliyində Mədəniyyət
və tanıtma müşaviri kimi işini davam etdirib. Bu ilin
27 iyun tarixində müşavirin səlahiyyət
müddəti başa
çatır və
o, Türkiyəyə qayıdır.
lll
Rəsmi dosyelər, qısa tərcümeyi-hallar insanın
keçdiyi həyat yolunu, gördüyü hər işə nə qədər enerji sərf etdiyini, necə ürək yandırdığını
özündə ehtiva
eləmir. Bəzən rəqəm yığını
kimi görünən
uğurlu avtobioqrafiyalardakı
sevinc, fərəh və müvəffəq bir ömrün göstəricilərinin arxasında
əslində həm də nə qədər yorğunluq, sarsıntı, yuxusuz gecələr - bir sözlə, zəhmət
“gizlənməkdədir”. Amma bütün bu yaşantılar kompleks şəkildə bir dəyərə malik olur və yalnız
bu halda Vətənə, millətə
lazımlı bir həyat tarixçəsi meydana çıxır.
Seyid Əhməd
Arslan təkcə Türkiyənin ölkəmizdəki
tanıdıcısı deyildi,
həm də Azərbaycanın qardaş
ölkədə, eləcə
də dünyada tanınması üçün
əlindən gələni
əsirgəməyən peşəkar
bir diplomatdır. Fəaliyyət
göstərdiyi üç
il ərzində
Seyid Əhməd Arslanın elm, sənət,
ədəbiyyat, mədəniyyət
və turizm sahəsində təşəbbüs
və təşkil etdiyi, gördüyü işlərin statistikasını
sadəcə xatırlatmaq
üçün bəlkə
də bir neçə qəzet səhifəsi lazım olardı. Sadəcə onu deməklə
kifayətlənmək istərdim
ki, bu işlərin
hər biri adıçəkilən sahələrin
inkişafı üçün
həyata keçirilib
və nəticələr
də göz önündədir.
Müsahibələrinin birində Seyid Əhməd Arslan vurğulayıb ki, Azərbaycanın onun ürəyində çox fərqli və məxsusi yeri var: “Can Azərbaycanı özümə
vətən olaraq qəbul edirəm. Həyatımda ilk xarici səfər
də Azərbaycanla bağlıdır. 1990-cı il, Sovetlər
dönəminin yenicə
çökdüyü zamanlardı.
Bu illər Azərbaycanın
ən sıxıntılı
illəri idi. Ermənilərin əməllicə
azğınlaşdığı, Qarabağdan hər gün onlarla şəhid xəbərinin
gəldiyi günlərdi...
Belə bir dönəmdə, səhv eləmirəmsə,
Ankaradan, iki avtobusla, 75 nəfər Azərbaycana gəlmişdik.
Bakıda, Gəncədə qardaşlarımızla qucaqlaşıb
bərabər ağladıq.
O günləri həmişə
təsirlənərək xatırlayıram.
Bu, illərcə bir-birinə
həsrət qalan iki qardaşın görüşüydü... Onda İstanbul
Universitetindən yenicə
məzun olmuş və Mədəniyyət
Nazirliyində işə
başlamışdım. İlk fürsətdəcə
ən sıxıntılı
dönəmlərində qardaşlarımın
yanında olmağı,
niyyətimi bəlli etməyi özümə borc bilmişdim... Yəni, Azərbaycana olan məhəbbətim, sevgim
günlük, anlıq
hiss deyil, ya da təyin olunduğum
diplomatik vəzifənin
icrasından doğmayıb.
Ona görə də Azərbaycanın hər uğuru məni həm həyəcanlandırır,
həm də xoşbəxt edir. Güclü,
tərəqqi etmiş,
rifahlı Azərbaycanla
qürur duyuram. Mən özümü sadəcə
Türkiyənin deyil,
Azərbaycanın da mədəniyyət və
tanıtma müşaviri
kimi görürəm.
Bakıda çalışdığım
illər ərzində
xeyli iş görməyə müvəffəq
olmuşuq, mədəniyyət,
sənət və turizmlə bağlı onlarla tədbir həyata keçirmişik.
Bir yaxşı misal var: niyyətin
hara, mənzilin ora! Bütün hallarda niyyətimiz xoş məramlara xidmətdir”...
lll
Bugünlərdə saytların birində Seyid Əhməd Arslanın ölkəmizdən
gedişi münasibətilə
qələmə aldığı
“Salamat qalın” başlıqlı kövrək
bir yazısına rastladım. Diplomat xalqımıza,
dövlətimizə duyduğu
sevgi və sayğıyla yazısında
qeyd edib: “Əziz dostlar, Türkiyə Cümhuriyyətinin
Bakıdakı Səfirliyinin
mədəniyyət və
tanıtma müşavirliyi
vəzifəm başa
çatdığı üçün
iyunun 27-də Türkiyəyə
dönürəm. Can Azərbaycanda 2012-ci ilin yanvar ayından etibarən icra etdiyim bu şərəfli
vəzifəni yerinə
yetirərkən uca türk millətinin həssaslığı və
əziz xatirələri
böyük bir məsuliyyət anlayışı
ilə iş əxlaqımın əsas
təməllərini təşkil
edib. Bəzən Yunus İmrə
sevgisi və eşqi ilə, bəzən Mövlana müdrikliyi və təvazösü ilə qarşınıza çıxdıq.
Bəzən türk xalq rəqsləriylə birlikdə halay çəkdik, yeri gələndə “Zeybək”
oynadıq... Bəzən
Hacivatımızla, Qaragözümüzlə
uşaqların könüllərinə
yol tapdıq. Bəzən türkü olduq dillərinizdə, bəzən kitab olduq əllərinizdə...
Amma həmişə qiymətli
bir dəyəri Türkiyədən sizlərə
ikram etmək üçün çalışdıq.
Sizlər Türkiyədən gələn bu ikramları böyük məhəbbətlə qəbul etdiniz, bağrınıza basdınız. Sizlərdən ayrılmaqmı!? Bu kəlməni dilimə belə gətirmək istəmirəm. Türkiyə və Azərbaycan arasında tarixin dərinliklərinə uzanan və dünyada bənzəri tapılmayan dostluq və qardaşlıq münasibətlərinə az da olsa öz töhfəmi verməyi həmişə əziz qiymətləndirdim. Özümü Türkiyənin olduğu qədər Azərbaycanın da övladı bildim. Bu, çalışmalarımda səy göstərdiyim zaman mənə ayrı bir güc, həyəcan bəxş etdi. Bu müqəddəs vəzifəm əsnasında bizə könüllərini açan bütün bacı və qardaşlarıma böyük sayğıyla minnətdarlığımı bildirirəm. Həyat yoldaşım və övladlarımla birgə 3 ildən artıq bir müddətdə sizinlə birgə yaşadıq, sizdən biri olduq. Sizlərin o tərtəmiz könüllərinizin səmimiyyətini, şəfqətli əllərinizin istiliyini ömrümüz olduqca həmişə hiss edəcəyik. Bəli, dostlar, vicdanım qarşısında pak, huzur və dinclik içərisində bir vətənimdən digər bir vətənimə dönürəm. Könül istərdi ki, bütün dostlarla ayrı-ayrılıqda qucaqlaşaraq vidalaşım, halallaşım, amma buna zaman yetmir... Sizləri bağrımıza basırıq. Ey can Azərbaycan! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli şanlı bayrağın səmalarında həmişə dalğalansın! Ey uca Allahım! Bu üçrəngli bayrağın aid olduğu torpaqlarda- Qarabağda, Şuşada, Kəlbəcərdə, Füzulidə, Ağdamda, Cəbrayılda, Xankəndində, Xocavənddə, Laçında...nazlı-nazlı dalğalanmasını bizə tez göstər...
Salamat qalın!”
lll
...Bütün ayrılıqlar kədər dolu, hüznə söykəli olur. Amma ayrılıqların da mahiyyətində fərq var axı... Labüd ayrılıq zamanı əlini ürəyinin üstünə vicdan təmizliyi ilə, könül rahatlığıyla qoyaraq gözəl əməllərdən və işıqlı xatirələrdən ibarət bir abidə ucaldıb gedənlərin özləriylə “apardıqları” da ömrünün sonrakı dönəmlərində bağlı qapıları və yolları açmağa xidmət edər... Yolunuz açıq olsun, Türkiyənin və Azərbaycanın dəyərli övladı Seyid Əhməd Arslan!
Pərvin
525-ci qəzet.- 2015.- 20 iyun.- S.20