Közərən xatirələrin poetik ünvanı

 

 

 

Kədərlə elə qolboyun olmuşam ki, sevinc də qapımdan içəri girib, bizi ayırmağa cəsarət etmir. Axır vaxtlar hamının qaçıb canını qurtarmağa çalışdığı bu yaş ovqatımdan qopmaq çox çətindir mənə. İnsanı xəfəliyə çəkib, özünə çökdürən bu civərək duyğu heç bilmirən nə vaxt gəlir, hardan gəlir, necə tapır məni.  Bir də görürəm ki, yağış kimi başımdan tökülür. Gah da səs kimi, səda təki qəlbimə dolur, kövrəldir, közərdir tənimi. Məndən o yanda narın-narın çisəklərdən bir peyzaj yaradır. Haralara çəkib aparmır bu kədər məni...

 

Bəlkə də kədərin içində həsrətindən göynədiyimiz, kövrəldiyimiz nostaljilər var ki o, ruha bu qədər yaxın, doğmadı. Vaxt-bivaxt sozalan ümidləri közərdən nostaljilər. Yaddaşın ağrılarıyla gələn, məndən çox-çox uzaqlarda qalan çağlarıma ürəyimi söykədiyim həzin kədər. O, taleyimin yazısı, sədaqətli yar-yoldaşımdı. Mən kədərə belə bağlıyam. 

 

Bu ovqatda həmişə kədərin içində göyərən xatirələrə dalıram. Duyğularıma elə kədərin özünün rahatlıq gətirdiyi mətnlər seçib oxuyuram. Günlərlə onların təsirilə yaşayıram. Elə nə zamandı adından da ayrılıq qoxusu gələn o kitabla bu səbəbdən yaxın olmuşam. Məni məndən alıb uzaqlara çəkir. Xatirələrə aparan o tanış cığırların, yolların içində gah yüyürür, gah da yolumu kəsən dumanın, çənin içində azıb qalıram. Hardansa anam “peyda olur”, isti əllərilə əlimdən tutur, bayaqdan məni keçilməzliyə salan duman-çən də hürkmüş təki ətəklərini yığışdırıb gedir. Heç bilmirəm gerçəkdimi, yuxudumu gördüklərim...

 

Neçə yol oxumuşam o kitabı, amma gözümdən, könlümdən qırağa qoya bilməmişəm. Ürəyimdə həyat hekayətlərini danışan o əsmər bənizli qızla dərdləşmişəm, doğmalaşmışam da. Onun səsini “eşidə-eşidə” yaşadığımız həyatın içindəki bənzərliyi də duymuşam. Hələ də cazibəsindən qopammadığım o poetik mətnlərin nişan verdiyi yerlərdə gəzirəm, o həyatın içindəki insanları “görürəm”. Ordan uşaqlığıma, gəncliyimə gedən yollar o qədər yaxın, aydın görünür ki! illərin o tayından nə qədər xatirələr boylanarmış! Bəs, o xatirələrdən süzülən kədərə nə deyirsən? Hansı duyğulu insan, kədərlə baş-başa olan bəndə o həzin səslərin içində öz səsini eşitməz, onunla həyat yaşamları arasındakı paralelləri görməz? Şeirin poetik gücü, qüdrəti də bundadı.

 

“Karvan”ın ecazkar sədaları altında illərin o üzündən bu üzünə əl eliyən göynəkli xatirələri, yaddaş ağrılarını ruhuma çiləyən “Arazbarı”dı. Bu əsərdə ictimai ağrıların yükünü mətnlər boyu çəkən şairin yaddaşından gələn sızıltısını varlığımda duydum. Bu poetik nümunələrdə vətəndaş şair - Sona xanım Vəliyevanın Azərbaycan sevgisilə dopdolu ürəyini “gördüm”. Şair yaşam boyu xatirələrin içiylə yol gedir. Bax, bu yol elə mənim də ürəyimdən keçib gedir...

 

Ağ dəvənin üstə gözəl,

Gözündən yaş xəzəl-xəzəl.

Ölüm doğulmadan əzəl,

Qəribliyi, dərdi dastan,

Yol başlayıb gedən karvan.

 

Yol alıb gedən karvanın zınqırov səsləri qulaqlarımda cingildəyir. “Karvan”ın sədaları altında o qızın səsindən süzülən xatirələr elə göynəklidi ki! Gah nizamsız, gah ardıcıl, dönə-dönə oxuduğum “Arazbarı”da şairin nişan verdiyi yerlər - kəndi, ata evi, adamları, ağacları yaddaşımda xatirələrə cığır açır. Hərəsi bir həyat hekayəti olan şeirlər başdan-başa kədərə bürünüb. Bu kədərin içində yurduna, ocağına, vətənin daşına, torpağına, tənha ağacına, sarı çiçəyinə şairin həzin bir sevgisi yaşayır. İtirilmiş yurdların, sökülmüş evlərin, boşalmış kəndlərin təsvirini yaradan ştrixlər o yerləri hamımıza sevdirə bilir.

 

Ruh adamı söz-söz toxuduğu xatirələrini illərin aşırımından keçirib bizə ərməğan edir. Oxuyuram, yaddaşıma köz basan sətirlər qarsır məni. Bir yannan da dərdli-dərdli axan Arazın göz yaşları yandırır, dara çəkir ruhumu. Lap uzaqlarda ot basmış cığırların gözündə göynəyən ayrılığın həsrətini duyuram. O həsrəti gözlərimə yığıb, qərinələrin ayrılıq acısını pıçıldayan bu əsmər bənizli qızın səsini dinləyirəm. 

 

Tarixlərin səsi, ünü,

Çay da haqsızlıq sürgünü.

Tanrı tikər körpüsünü,

Yarı dərd-qəm, yarı barı -

 

“Arazbarı”.

 

Burda çoxçeşidli mövzular, bitkin, süjetlər boyunca yaşamlar, xatirələr, mübarizlik, qəhrəmanlıq tariximiz, milli-mənəvi dəyərləri lirik-fəlsəfi düşüncələrin mahiyyətilə ehtiva edən o qədər mətləblərdən söhbət açılır ki. Mən bu söhbətlərin yaratdığı mənzərəyə karvan üstə olan o qızın gözlərilə baxıram. Və görürəm ki, bir qara gecənin yolçusu olan o qız nə “it hürən obası”, nə də “işığı gələn koması” olmadığından hara üz tutacağını, hansı səmtə üz tutacağını bilmir. Sanki kompasını itirir, yolda qalmaq qorxusu da bir yandan üzür onu. Amma ümid bir işıq kimi içindəki qaranlığı qovaraq qəlbinə dolur: Çox keçməz ki, tilsimləri qıran bir igid evindən, balasından nigaran olan o qızın dadına yetişər, zülmət gecələrin içindən alıb işığa sarı aparar onu... (“Bu nə yolçuluqdur belə, İlahi!”).

 

Yaddaşın içiylə yol gələn yurdsevərliyi, vətən təəssübkeşliyini, acılarımızı bir vətəndaş, ziyalı qeyrətilə həm də zəngin təsvir elementlərilə çəkən şairin obrazlı, rəngli deyimləri əsərlərindəki fikir və poetik qanadların eyni gücə malik olduğunu göstərir. Mən bu şeirlərdə müxtəlif biçimli obrazlar gördüm, xarakterlər tanıdım. İnsan obrazları -  ata obrazı, ana, oğul, şəhid obrazı - hamımızın obrazı. Təbiətin obrazı -dağın, daşın, çayın, bulağın, ağacın, bir sarı çiçəyin obrazı. Bunları göz önünə gətirmək yetər ki, səyyah təki vətəni başdan-başa gəzəsən. Bu vətən torpağına sevgisini ədəbi yaddaşında daşıyan şair özü də xatirələrin baş qəhrəmanı kimi aramızdadır. Lirik “mən”in yaşadığı bu duyğular - insana, təbiətə bunca bağlılıq əməlində, ürəyində yaşatdığı vətən sevgisidir. Bu sevginin əzəlində xatirələr içrə hifz etdiyi çəhrayı rəngdə dünyası da gözəldir.

 

Qapılar kilidsiz, darvaza açıq,

Dar gündə yanında min köməyin var.

Gözəllik, böyüklük, saflıq içində,

Gözüm çəhrayıya alışdı ancaq.                                            

 

(“Dünya gözlərimdə çəhrayı rəngdə”)

 

Yazda gəlin təki bəzənən, bağların sonasına dönən şaftalı ağacının çiçəklərini xatirələrin üstünə çəkilmiş çəhrayı rəngdə zərif tülə bənzətdim. O tülün arxasından görünən mənzərədə bu rəngin gözəlliyi bir özgə aləmdi. Məhsəti ruhlu şair Sona Vəliyevanın poeziyasında bu rəng bir saflıq, paklıq rəmzidir. Şairin belə bir ovqatda yazılmış şeirini oxuyanda gözlərimin qarşısında lirik qəhrəmanın obrazı canlanır. Beşikdən, ata ocağından rişə atan vətən sevgisi, vətənçilik əxlaqı, yurdsevərliklə cilalanmış obrazı...

 

Bu fikirdən ayrılmamış, şairənin bir tənha sarı yarpağın halına acıması da gün boyu mənə yoldaş olan kədərimə həsrət dolu həzinlik qatdı. Burda şair dərdin, həsrətin sarı yarpağına dönsə də, bu xiffətin içində hardansa  ürəyində ümid közərir. O, sarı yarpağı itirilmiş hesab etmir, baharda onun yenidən  göyərib, “əsir torpaqların azadlıq müjdəsini gətirəcəyi”arzusuna nikbin bir ovqatla hələlik deyir...

 

S.Vəliyevanın poetik ruhunun milli-mənəvi ənənələrimizlə bağlılığı şeirlərinin sarı simidir. O simdə közərən vətəndaşlıq ruhu cismində can təki odludur. Milli taleyimizin ağrıları da bu simdə sızıldayır. Mən burda şairənin mətnlərindən bir qədər aralanaraq, poetik dünyasının vətəndaşlıq yükünü daşıya bilməsinə həssaslıq ifadə edən bir fikrə diqqət yönəltmək istəyirəm: “Sona xanım şeiri ictimai hadisə sayır. Heç bir şeirində millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənarda deyildir. Bu baxımdan onun şeirlərinin ədəbiyyatımızda müstəqilliyimizə özül hazırlayan Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, qadınlardan Mədinə Gülgün, Hökumə Billuri və başqalarının vətəndaşlıq xəttinə bağlılığı göz qabağındadır...” (S.Rüstəmxanlı).

 

Sona xanımın insanı öz həyatıyla baş-başa qoyduğu isti xatirələri ata ocağından başlayır. Uzaqlaşan, qəribləşən bu xatirələr vaxt-bivaxt yuxularında da xatirələrini ipisti saxlayır. Hafizəsində oyandıqca keçmişinə - kəndinə, “ata evi”nə qayıdır. Nələr düşür yadına! Əlbəttə ki uşaqlığı, ata-ana sevgisilə yaşadığı çağlar, ağbirçək, ağsaqqal öyüdlərindən, nəsihətlərindən aldığı dərslər. “Bir ana köçünə çatmamışam”, deyib gizildəyən, hələ də əllərini “üzə bilmədiyi” anasının isti əlləriylə toxdayan qız balanın burnundan çəkilməyən kəndinin havası, bu kəndin yaddaşına naxış saldığı mənzərə düşüncəsində bir dastan yaratdı. Bu qız necə şair olmaya bilərdi!

 

Tanrının dərgahına üz tutub dualarında evsiz uşaqların ev arzusunu, əsirlikdə olan torpaqların azad olması yalvarışlarını pıçıldayan şairənin səsi adamın qəlbinə od salır. Bəzən də kövrək, isti yaşamları tumurcuqdan çırtlayıb açılan yarpaqlar kimi ürəyini təravətləndirir. Yurd-vətən sevgisi elə hey özünə sarı çəkir, dilləndirir, danışdırır onu. Xatirələr közərir, gözü əhatəsində yaşadığı insanları gəzir. Uzaqda qalan ata evi ilə bala böyütdüyü evinin arasında bir yaddaş ağrısı yaşayır o qız. Başını köksünə əyib pıçıl-pıçıl mahnısını oxuyur...

 

Kürüydüm, dəcəldim, ərköyün idim,

Analı, nənəli dünyam var idi.

Mənim oyuncağım böcəklər, quşlar,

Mənim oyuncağım göy qurşağıydı.  

 

Nə yaxşı ki, bu mahnıların, kədərli hekayətlərin hər birinin sonluğu bizə nikbinliklə tamamlanmış bir həyat marşını xatırladır.

 

Dərdə yaxa tanıtma gəl,

Fağırsansa tapar əcəl.

Ölümün özün öldür gəl,

Dözümlə, ərik ağacı!

 

(“Quruyan ərik ağacı”)

 

Şairin şeirləri insanı elinə, kəndinə-kəsəyinə, keçmişinə sədaqətli, etibarlı olmağa haraylayan vətəndaşın vətən səsi kimi eşidilir. Əslində bu, qəhrəmanın vətənçilik əxlaqından, etiqadından doğan ictimai maraqlara bağlı olmasıdır. Elə boşalmış kəndlərə: “kimsə yoxdur ağı desin bu kəndə”, deyib haray çəkməsi, “barısı, eyvanı” uçub-tökülən, yiyəsiz qalan evləri görüncə ürəyinin göynəməsi, köçənlərin qarşısında çəpər olub, qarşısını almaq istəyi də belə bir bağlılığın gerçək ifadəsidir.

 

Sona xanımın şeirləri insanın qəlbinə məxməri səs təki dolur. Hələ bir pəsdən zümzümə etməyin də gəlir. Mətnlər musiqini, torpağın suyu canına çəkdiyi təki özünə hopdurur. Elə mahnı mətnlərindəki lirizm şairin mənəvi gözəlliyi, saflığı  ilə həmahəngdir.

 

Xatirələrin içiylə “Vətən deyib yola varan” “yol adamı”nın yolçuluğu bitib-tükənmir. Dərd adamı da şeirlərin mayasından gələn bu lirik-fəlsəfi düşüncələri ruhuna çəkincə özünə qayıdır, çiynindən basan, ürəyini ağrıdan yükünü mənzil başına çatdırmağa təpəri yaranır. Bu mətnləri oxuyanda məndə belə bir güman yarandı ki, şair şeirlərini ən çox səfərlərdə, yol üstə, xəyalları gəzdiyi yerlərdə yazır. Bir də nə fərqi var, istər səfərlərdə yazsın, istər ocağının başında! Əsas odur ki, bu şeirlər həyatın içində, çox zaman da xəfif yel təki üzünə toxunan nostaljilərin qəlbini közərtdiyi çağlarda doğulur.

 

Şairin içində bir tənhalıq da var. Amma bu tənhalığın da təbiətlə bir sirdaşlığı, dərddaşlığı var. Şairə görə ağacın da, təkcə yarpağın, çiçəyin, ləçəyin də ürəyi var, yarası var, ağrısı var. Hələ desən yağışının da insana bənzərliyi var. Onlarla adam dilində, elə ağac dilində, yağış səsində də danışmaq mümkündü. Dərdini bölüşməyə qardaş tapmayan ağacla arasında bir tale oxşarlığı görür şair. “Məndən inciməsin bacım, qardaşım, Gəlmişəm, dərdimi sənə söyləyim” (Tənha ağac), deyərkən şair o tənhalığa tən olmaqdan, onu soyuqdan, istidən qorumaqdan ötrü ürəyini yalqızların, atılmışların, unudulmuşların köksünə söykəyib dərddaşı olmaqla kimsəsizlərə tənhalığını unutdurmaq istəyir. Yoxsa: “Mən ruhu tənhanı bitir yanında, Yol üstə yolların aşiqi çinar” deməzdi ki! Bu yollarda şair nakam eşqli “Qaragilə”ni də xatırlayır.  Şairin “Ay Qaragilə”si əslində kədərli mahnıdan süzülən ictimai ağrılarımızın sızıltısıdır. Elə onçun da xatirələrin ovqatda yaratdığı nisgilinə kədər deyirəm...

 

Sona Vəliyevanın ictimai mahiyyət kəsb edən elmi-publisistik əsərləri kimi poeziyası da yeni nəsli milli-bəşəri ruhda tərbiyəyə söykənir. Bu da milli əxlaqa, azərbaycançılıq məfkurəsinə malik olan şairin həyat amalından doğur.

 

Burda deyiblər, fikir fikri çəkər. “Arazbarı”yla bağlı ötən ildə yazdığım bir sözü xatırlayıram: “Sona Vəliyevanın “Arazbarı”sından qədim, çox qədim olan Azərbaycanın özü görünür... “Arazbarı”nın üstündə yeddi rəngin minbir çalarıyla “Azərbaycan xalısı” toxumaq olar. Nağıllar aləminin içi möcüzələrlə dolu qəsrlərini tikmək, adına saysız dastan bağlamaq olar. Bu dastanları elmin, mədəniyyətin, ədəbiyyatın ən yeni, həm də ənənəvi üslubunda, azərbaycançılıq ideyalarının qolları üstə tədqiq etmək olar...”

 

Bilirəm, bu qədər fikirlər “Arazbarı”ya olan bircə borcumu da ödəyə bilmədi. Sağlıq olsun, biz əsmər bənizli o qızla hələ çox dərdləşəcəyik. Yeni poetik ünvanlarda görüşənədək, şair!

 

Şəfəq Nasir

 525-ci qəzet.- 2015.- 20 iyun.- S.19.