Dastan təfəkkürünün roman təzahürü
Azərbaycan
romanının hansı ideya-estetik, poetexnoloji mənbələr
əsasında formalaşdığı sualı ortaya
çıxanda verilən çox müxtəlif cavablar
içərisində biri (görünür, ən mükəmməli!)
də bundan ibarətdir ki, dastan və ya epos təfəkkürü!.. Doğrudur, bizim ən görkəmli
romançılarımız Qərbdən çox şeylər
əxz etmişlər, ancaq fakt faktlığında qalır
ki, bir neçə min illik tarixi olan dastan və ya epos təfəkkürümüz
olmasaydı, onlarla istedadlı romançılarımız,
yüzlərlə gözəl romanlarımız da olmazdı.
Və belə
romanlardan birini də özünün müdrik yaşında
Qənbər Şəmşiroğlu qələmə
aldı...
Qənbər
Şəmşiroğlu Ağdabanlı Şair Qurbanın nəvəsi,
Dədə Şəmşirin oğludur... Xalq
da deyib ki, ustad oğlu şəyird olmaz. Və Qənbər
Şəmşiroğlu yalnız mənsub olduğu
ocağın odunu himayə eləməklə, sönməyə
qoymamaqla qalmayıb, həm də öz enerjili istedadı,
ziyalılığı, vətəndaşlığı ilə
çalışıb ki, bu tarixi (və milli!) ocaq daha gur
yansın...
Həyatının
müdrik (ağsaqqal!) illərini yaşayan böyük
İnsanı az və ya çox tanıyan hər bir kəs
bilir ki, onun dövlət idarəçiliyində (və
quruculuğunda) xidmətləri, zəngin ictimai fəaliyyəti
ilə yanaşı kifayət qədər mükəmməl ədəbi-
bədii yaradıcılığı da var. Və Qənbər
Şəmşiroğlunun ədəbi- bədii
yaradıcılığının üç ən
mühüm məziyyəti, fikrimizcə,
aşağıdakılardan ibarətdir:
1) kökdən gələn təbii, səmimi,
dolğun (və eyni zamanda mütəvazö) istedad, etnoqrafik
həssaslıq və güclü ədəbi yaddaş;
2) geniş həyat təcrübəsi, bədii-
estetik yaradıcılığa həyatın dibindən gəlmək,
qəhrəmanlarını, daha doğrusu, onların prototiplərini
yaxından tanımaq, nədən yazdığını
yaxşı bilmək;
3) təbiətindəki yüksək (və dərk
edilmiş) humanizm, vətənpərvərlik və vətəndaşlıq.
Qənbər Şəmşiroğlu şair kimi
tanınsa da, xüsusilə son illərdə nəşr
olunmuş bir sıra nəsr əsərləri göstərir
ki, o həm də gözəl nasirdir. Və ona həyatın
şeirə sığmayan çoxlu mətləbləri məlumdur.
“Sarı
toyuq”, “Telefon məhəbbəti”, “Bir “Məmməd”
rüşvət”, “Bu, məhəbbət idimi”, “Şir
yuvası” hekayə-novellalarından həm mövzu, həm də
ideya- məzmunca bir- birinə yaxın olan, ancaq biri digərini
təkrar etməyən “Bir gözəlin taleyi”, “Adam kimi
ölməyib”, “Bütövləşmək istədim” və
“Qızlardan muğayat olan” povestlərindən sonra
yazıçı “Cinayətkarın etirafı”
romanını yazmaqla göstərdi ki, onun mükəmməl
(və miqyaslı!) epik təfəkkürü hekayədən
povestə, povestdən romana doğru təbii bir yolla hərəkət
etmişdir.
Romanın əsas qəhrəmanı, əsərdə nə
qədər çoxlu qəhrəmanlar olsa da, gənc
Gülcandır.
Gülcandan
sonra, ilk növbədə, mühüm ideya-estetik, bədii-semiotik
məzmun daşıyan iki obrazdan söhbət gedə bilər
ki, onlardan biri hər cür alçaqlıqları
özündə ehtiva edən müasirimiz (ancaq deyilənə
görə, o da gəncliyində istedadlı, qabiliyyətli
bir adam olmuşdu), rayonun baş həkimi
Nadir; digəri hər cür mənəvi yüksəkliklərin
daşıyıcısı, təcəssümü olan tikinti
mühəndisi Aqildir.
Romanda
Gülcanın həyatının, tərcümeyi-halının,
əgər o qədər də əhəmiyyətli olmayan (əslində,
onun taleyini müəyyən edən də elə bu illər
olmuşdu!) üç dövrü ədəbi-estetik təqdim
(və təhlil)ini tapır...
Tibb
Universitetinə daxil ola bilmədiyinə
görə özəl bir texnikumda iki il tibb bacısı təhsili
görən Gülcanı anası Həcər rayon mərkəzində
yeni tikilməkdə olan xəstəxanaya işə düzəltmək
istəyir. Bu məqsədlə baş həkim
Nadirin qəbuluna gedirlər. Gözəl
qızların “aşiq”i olan Nadir Gülcanı ovlamaq qərarına
gəlsə də, ana-balanı “otarmaq”la buna məcbur etsə
də, Gülcan sınmır. Və bununla
da onun tərcümeyi- halının birinci dövrü bitir.
Nadir həkim
bu sevdadan bir şey çıxmayacağını
görüb gənc “dost”u, onun poliklinikasının tikilməsinə
rəhbərlik edən mühəndis Aqili Gülcanla tanış edib onunla evlənməsini məsləhət
bilir. İlk sevdasından nakam olan Aqil Gülcan (və onun
anası) ilə tanışlıqdan sonra qəti qərara gəlir
ki, evlənsin... Ancaq tələsmir, hər
şeyi dərindən öyrənməyə, ehtiyyatlı hərəkət
etməyə, götür-qoy eləməyə
çalışır. Bir tərəfdən də
tikinti, elmi işi...
Gülcan da Aqilə ürəkdən vurulur.
Aqil
Gülcanı, onun kasıb ailəsini korluq çəkməyə
qoymur, ata-anası ilə tanış edir,
sevgilisinə həmişə arzusunda olduğu qiymətli hədiyyələr
bağışlayır, işə düzəldir... Ancaq ondan
xahiş edir ki, öz gələcək həyat
yoldaşına hələlik hər yerdə “dayı” desin ki,
dedi-qodu obyekti olmasınlar. Gülcan da razılaşır...
Çətin
vəziyyətə düşmüş Nadir həkim
sözarası Aqili Gülcanla bağlı şübhələndirir:
“Aqil, sənə o qəşənglikdə quş
düzəltdim, heç bir “Sağ ol, payın çox olsun!”
da demədin”.
Aqil əvvəl
bu sözlərin mənasına o qədər də fikir verməyib
deyir:
“Mənə
ailə qurmaq üçün dost tapırsan, yoxsa quş? Bu nə ləyaqətsiz sözdü mənə
deyirsən? Belə söz heç birimizə
layiq deyil”.
Hər tərəfdən
sıxışdırılan, işdə nüfuzunu itirən
Nadir daha da həyasızlaşır:
“Sən o sözdən incimə! Qətiyyən incimə, mən o
qızı tapanda qərara gəlmişdim ki, ona burada iş
verək. Sonra sən məşğul olasan və
günlərin birində deyəsən ki, qağa, bu ovun
ovlanmasında sənin çox zəhmətin olub, mən indi
kənara durum, gəl ömrünü yaşa”.
Bu
sözləri eşidən Aqil qışqırır:
“Əclaf,
alçaq, yaramaz, dəyyus, bişərəf”...
...Nadiri
iş yerində öldürürlər. İstintaq
başlayır. Və günahı olmayan hər
kəsin, o cümlədən də Gülcanın sorğu-
suala çəkiləcəyini görən Aqil qətli
öz üzərinə götürür. Və onu uzun müddətə həbs edirlər.
Bununla da Gülcanın tərcümeyi-halının
ikinci dövrü bitib üçüncü dövrü
başlanır.
“Gülcan Aqilə geniş məktub yazdı və ondan
da cavab məktubu Gülcana çatdırıldı. Beləliklə,
aylar bir-birini əvəz edirdi. Artıq bir il keçmişdi. Bu bir ildə
Gülcanın rəfiqələrindən üç nəfəri
ailə qurmuşdu və hər birinin də toyunda o iştirak
etmişdi”.
Günlərin bir günü Gülcan dözməyib
“Qart Səmədin küçüyü” Şərbətə-
uşaq vaxtı sevdiyi bir qohumuna ərə getmək
üçün evdən qaçmaq qərarına gəlir. Atası, anası etiraz edəndə
qızları utanıb çəkinmədən anasına:
“Sən ana deyilsən, əksinə, mənim evimi
dağıdırsan. Elə bilirsən hamı Aqildi, çəkib
gətirəcək, sən də sağa- sola
dağıdacaqsan? Onu Allah verdi də,
aldı da! Mən tay- tuş yanında biabıram”...
Gülcan Şərbətlə nişanlanır, toy
gününü gözləyir. Ancaq Qart Səmədin
oğlu toy eləmək imkanı olmadığından
Gülcanı qaçırır.
Həbsxanada
olan bir cani Aqilə məktub göndərib yazır ki, Nadir həkimi
xüsusi sifarişlə məhz o öldürüb... İşə yenidən baxılır. Və Aqil günahsız olduğuna görə azad
edilir.
Gülcanın ərə getdiyini biləndə
sarsılır, ancaq özünü ələ alır. Vəziyyəti bilib pul
göndərtdirir ki, toy eləmək imkanları olsun...
Hələ
ərə getməmiş, nişanlı vaxtında
günahsız yerə döyülən (və gələcək
ailə həyatının necə olacağı əvvəlcədən
məlum olan) Gülcana yazdığı məktubunu Aqil
“dayı”sı bu misralarla bitirir:
Bir məktubun
isə sarsıtdı məni,
Bu dünya gözümdə yox oldu tamam.
Qəlbimdən
çıxarıb atmaram səni,
Nə qədər
varamsa, heç unutmaram!
Demə
unudarsan, yox, unutmaram!
Demə
unudarsan, yox, unutmaram!
Roman zəmanəmizin
ictimai, mənəvi- əxlaqi münasibətləri barədə
bir sıra mülahizələr yürütmək
üçün zəngin məlumat verir...
Gülcanın
təhsil almaq, dolanışıq üçün
yaxşı iş tapıb işləmək və toy edib ailə
qurmaq kimi tamamilə təbii olan istək- instinktləri az-
çox ciddi bir maneə ilə qarşılaşanda o ya
göz yaşlarına dəm verib küskünləşir, ya
da həyatın problemlərini həll etmək əvəzinə
onun “üstündən adlayıb qaçmaq” qərarına gəlir
ki, yazıçının fikrincə, bunların heç
biri Allahın verdiyi taleyi insan kimi yaşamaq baxımından məqbul
deyil.
O qədər
də qabiliyyətli, bilikli olmaması ucbatından normal təhsil
ala bilməyən bu gənc, gözəl xanım çətinə
düşən kimi günahı özündən daha
çox anasında görür, böyük həyat təcrübəsi
olan anası isə qızının istəklərinin həyata
keçməsi, xoşbəxtliyi üçün
çalışarkən “bugün yaxşı olsun, sabah nə
olur olsun” düşüncəsiylə hərəkət etməklə
onu çox zaman taleyin ümidinə buraxır... Və elə bunun nəticəsidir ki, bugünün
xoşbəxtliyini hər şey hesab edib gələcəyini
(həyat isə həmişə gələcəkdir!)
düşünməyən qızı da ən yaxşı
halda anasının taleyinə yaxın bir tale gözləyir.
Aqilin məhəbbəti, ehtiramı, nəcibliyi
qarşısında Gülcanın mənəvi nankorluğu
ona yaxşı heç nə vəd etmir.
Romanda
biri digərinə bənzəməyən, ancaq bir- birilə
qarşılaşan, ünsiyyətə girən, xarakterləri
(və taleləri) biri digərilə münasibətdə
ortaya çıxan bir neçə ailədən bəhs
edilir: işi- peşəsi yeni “canan” - katibə (o katibələrini
“referent” adlandırır) axtarmaq olan baş həkim Nadirin
başıpozuq ailəsi... Aqilin qohum- əqrabalı, hörmət-
izzətli, mötəbər ailəsi... Gülcanın ehtiyac
içində olan, taleyin ümidinə buraxılmış
laübalı ailəsi... Yazıçı bu
ailələrdəki münasibətləri (və ümumən
ailələrin “anatomiya”sını) ustalıqla, müəyyən
təfərrüatlara varmaqla, xırdalıqlara getməklə
olduqca düzgün müəyyənləşdirir. Və
ümumiyyətlə, bir ziyalı- mütəfəkkir olaraq Qənbər
Şəmşiroğlunun, demək olar ki, bütün əsərlərində
Azərbaycan ailəsinin bugünkü etnoqrafik- sosioloji təbiətini
dərindən təhlil etməyə (və dəqiq fəlsəfi
nəticələr çıxarmağa) meyl
güclüdür. Povestlərindəki kimi
romanında da hər bir obrazın, xarakterin “ailə təyinatı”
mövcuddur ki, bu da yazıçının sözün
geniş mənasında üslubunu müəyyənləşdirən
əsas ideya- estetik göstəricilərdən sayıla bilər.
“Caninin
etirafı”nda müəllifin çox həssas olduğu məsələlərdən
biri də hadisələrin “vakuum” və ya “xaos” da yox,
günümüzün canlı, yaradıcı ictimai- siyasi,
ideoloji prosesləri kontekstində cərəyan etməsidir...
“Hamı
danışır ki, təzə bina tikilir, çox
yaxşı olacaq, orada çox adam işləyəcək.
Ay bala, Allah hökumətimizi saxlasın, Allah işlərini
avand eləsin! Qoy bu cavan qız- gəlin
hamısı işləsin. Nə qədər
evdə oturarlar?! Bizim vaxtımızda
kolxoz- sovxoz vardı, çoxlu pambıq əkilirdi. Gecə- gündüz pambıq kollarının diblərini
o qədər qurdalayırdıq ki, hamımızın beli əyri
qalmışdı. Hamının
norması vardı. Manqa
başçıları, briqadirlər üstümüzü
kəsib işlədirdilər, kimin həddi nəydi onun
pambığında alaq görüksün. Amma indi Allaha
şükür, hamı rahat yaşayır, heç kəsə
zorla norma verib işlətmirlər. Amma peşəsi, sənəti olanlar işləsə
yaxşıdır”.
Bu
sözlər Gülcanın dünyagörmüş Yasəmən
nənəsinə aiddir...
Müstəqil
Azərbaycan dövlətinin apardığı böyük
quruculuq işlərinin, dünyaya inteqrasiyasının doğurduğu
müsbət (insani, demokratik!) hərəkatın geniş
miqyasını göstərməklə yanaşı, bir
sıra mənfi təzahürlərdən də
danışan müəllif özünün zəngin təcrübəsinə
əsaslanaraq, böyük işlərə pəl vurmağa
çalışan “böyük” (əslində, kiçik!)
adamların “ünvan”larını göstərməkdən də
çəkinmir. Bu adamlar müxtəlif
hökumət strukturlarında müxtəlif yollarla özlərinə
yer eləyib öz çax-çuxları ilə məşğuldurlar.
Və harada bir böyük iş başlanırsa oradan öz
“pay”larını götürməyə
çalışırlar...
Romanda
müəllif yerli-yataqlı təfərrüt
ustasıdır:
“Yüz il əvvəl tikilmiş, üstü
bozarmış şiferlə örtülən
kürsülü, hündür otaqları olan, istismar
vaxtı çoxdan ötmüş birmərtəbəli
binanın geniş həyətində xeyli maşın
saxlamışdılar. Binadan tez- tez çıxan adamlar bu
avtomobillərdə əyləşib gedirdilər”.
Və həmin
təfərrüat obrazların, xarakterlərin təsvirində
də özünü qabarıq şəkildə göstərir:
“Uca boyu, şax qaməti, qapqara qalın saçları,
rəvan danışığı, gözəl əl qabiliyyəti
və xoş rəftarı ilə adamları özünə
cəlb edə bilən bu oğlan rayona təzə gəldiyinə
baxmayaraq, gənclərin, ziyalıların arasında
xüsusi hörmət qazanmışdı”.
Yaxud:
“Hələ ata- anası nə deyəcək bilmirəm, amma yenə də deyirəm: mənim gəlinim, maşallah, göz dəyməsin, doğrudan da, bəyənilməlidir. Boy uca, saçlar uzun, gözlər qara, burun fındıq kimi, dodaqları nəmşi, çənə dəyirmi, bel nazik. Yenə maşallah, yenə maşallah!”
Qənbər Şəmşiroğlu obrazın portretini dərhal (və kiçik ştrixlərlə) yarada bilir. Və bu zaman klassik üslubdan, hətta dastan texnologiyasından gəlir:
“Nadir görkəmcə təbabət işçisindən daha çox qəssaba oxşayır...
Sual versəniz ki, bu kişi həkim və ya mütəxəssis kimi hansı işi və ya peşəni, sənəti yaxşı bilir, hansısa bir xəstəliyi müayinə, yaxud müalicə edə bilir? Yox! Əməliyyat edə bilir? Yox! Xəstənin venasına iynə vura bilir? Yox!..”
Yazıçının əsərlərində çoxlu göz yaşı var, xüsusilə qadınlar göz yaşlarını saxlaya bilmirlər:
“Qız məktubu alanda çox sevinsə də, oxuyanda məyus oldu. Yenə də gözlərinə dəm verdi. Anasıynan dərdini bölüşmək üçün məktubu dönə- dönə ona oxudu. Həcər xanım da Aqilin iradlarına və hətta təkliflərinə laqeyd qala bilmədi”.
Qənbər Şəmşiroğlunun bütün əsərləri kimi romanında da Azərbaycanın canlı coğrafiyası mövcuddur. Və bu coğrafiya özünün etnoqrafik təravətilə onun əsərlərinə enerji verir. Romanın qəhrəmanları müxtəlif psixoloji vəziyyətlərdə ölkənin yaylaqlarını, güllü- çiçəkli düzlərini gəzir, qarlı dağlara, Göygölə tamaşa edir, bulaqların sərin suyundan içirlər.
Müəllif özünəməxsus
ustalıqla xalq ədəbiyyatından “sitat”lar gətirməklə
romanın bədii intonasiyasının xəlqiliyini təmin
edir, ona dastan harmoniyası verir... Bununla belə “Caninin
etirafı” poetexnologiyası etibarilə bədii təfəkkürümüzün
nə qədər dərin köklərindən,
qaynaqlarından gəlsə də məhz
günümüzün, zəmanəmizin romanıdır... Və
əgər belə demək mümkünsə, dastan təfəkkürümüzün
roman təzahürüdür.
Nizami Cəfərov
525-ci qəzet.-
2015.- 20 iyun.- S.18