Qələbəyə çağıran
“Cəngi”
“Cəngi”
Azərbaycanın qədim
milli rəqsidi. Söz “cəngavər yerişi”,
“meydan oxumaq”, “döyüşə çağırış”
mənalarını ifadə
edir.
Ta qədimdən, pəhləvan
yarışlarından əvvəl,
ya sonra, bəzən də döyüşlər zamanı
“Cəngi” çalınarmış.
Dahi Üzeyir bəyin “Koroğlu” operasında “Cəngi”dən istifadə
etməsi bu rəqs haqqında çox şey deyir. Mərhum Rafiq Babayevin isə estrada-folklor ansamblını yaradarkən
qrupa bu adı verməsi maraqlıdı... Və məncə, məhz o gün, iyunun 17-də, Rəşid Behbudov adına Mahnı
Teatrındakı konsertdə
“Cəngi” qrupunun adı ilə gördüyü iş bu qədər harmoniya təşkil edirdi. Konsert birinci Avropa
oyunlarına, idmançılarımızın
uğurlarına həsr
olunmuşdu.
Musiqinin insana ruh, güc
verməsi, onu yeni-yeni işlərə, qələbələrə həvəsləndirməsi
sınaqdan çıxıb
artıq. Burda təsirli və
təəccüblü olan
məhz “Cəngi” qrupunun jestidi. Yazıya başlamazdan əvvəl qrup haqda bilgilərimi
təzələmək niyyətiylə
saytlarda kiçik bir araşdırma apardım. “Cəngi”nin az qala
fasiləsiz, çox qısa zamanda gördüyü işlərdən,
konsertlərdən, layihələrdən
adamın yaxşı
mənada başı gicəllənir. Xəbərlərin
qısa başlıqları
isə belədi: “Cəngi” qrupu İsveçrədə olub...
“Cəngi” Parisdə konsert verdi...
“Cəngi” Osloda konsert proqramıyla çıxış edir və s. Bütün bu səfərlərin, qastrolların, konsertlərin
arxasında duran zəhməti az
da olsa təsəvvür
etmək mümkündü.
Şəhərlər arasındakı zaman
fərqindən tutmuş
gərgin məşqlərə,
hazırlıqlara, xaricdə
musiqimizi təmsil etməyin məsuliyyətinə
qədər hamısı
çətindi. Amma hər
dəfə bu qrupu dinləyəndə, onların konsertlərdəki
ovqatını müşahidə
edəndə bu qənaətə gəlirəm
ki, böyük sevgi, sənət fədailiyi, öz işinə hədsiz bağlılıq onların
uğurlarının əsas
sirridi. Axı, həqiqətən də bunlar varsa, bütün çətinliklər unudulur,
qəlizlər asanlaşır.
Və məhz belə gərgin iş qrafikinə baxmayaraq “Cəngi”nin Avropa oyunları şərəfinə
konsert verməsi də millətinə, dövlətinə, şəhərinə
böyük sevginin, sayğının göstəricisidi.
Həyatda elə “rollar” var ki, onları
oynamaq olmur. Onları sadəcə
yaşamalısan. Bu sənin həyat tərzinə, gündəlik
işinə çevrilməlidi.
Məsələn, vətəni
sevmək, vətənpərvərlik...
Axı vətənpərvərlik
nə tribunadan qışqırmaqdı, nə
də pafoslu bəyanatlar vermək... Yarıqaranlıq zalda, həzin-həzin, sakit-sakit,
az qala
“pıçıldayaraq” musiqilər
ifa etmək vətənə daha böyük sevginin nümunəsidi. Qızıl medallarımızın sayı 10-u keçəndən
sonra lap arın-arxayın,
ürəklə qürurlana,
sevinə də bilərik. Amma “Cəngi” daha böyük qələbələrə
səsləyir...
Qrupun rəhbəri,
Əməkdar artist Mircavad
Cəfərov səhnəyə
çıxar-çıxmaz bir şad xəbər
verir, voleybolçularımızın
uğurunu vurğulayır
və tamaşaçıları
musiqi ilə baş-başa buraxır. Burda hər
növ musiqilər ifa olunur. Xalq mahnıları, aşıq
musiqisi, türk sənət musiqisi, bəstəkar mahnıları,
etno caz və s. Bunları ardıcıl dinlədikcə
sənətin zərifliyinə,
gözəlliyinə və
ən əsası peşəkarlığa heyrətlənməyə
bilmirsən. Əslində, bu musiqi hər
kəsin anlaya, qəbul edə biləcəyi tərzdə
deyil. Amma “Cəngi”nin əsas
qeyri-adiliyi hər zövqdə dinləyicini
nəzərə almasıdı.
Bu konsertdə melodiyalar təkcə peşəkarların yox, həm də sıravi dinləyicilərin
anlayacağı şəkildə
təqdim edilir. Və ən başlıca məqam qrup üzvlərinin özlərinin
bu musiqilərdən, ifalardan zövq almalarıdı.
Vokalist xanım
Arzu Həsənova da mahnılar arası qısa fasilələrdə I Avropa
oyunlarının ölkəmiz
üçün, hər
bir vətəndaş
üçün vacibliyini
vurğulayır və
aşıq mahnılarımızdan
nümunələr ifa
edir. Yenə də repertuar
rəngarəngliyi, görülən
işin hərtərəfli
mənimsənilməsi və
peşəkarlıq özünü
göstərir. Həm də
səslənən musiqilər
adamın fikrini, düşüncəsini uzaqlara
çəkir. Və caz
sənətinin böyüklüyünü,
bütün bu nizamsızlıqdakı harmoniyanı,
“xaos”dakı gözəlliyi
daha yaxşı hiss edirsən. Bu yerdə bir səmimi istəyimi də bildirmək istərdim. Məncə,
zamanla bu cür konsertlərin açıq havada, özü də Xəzərin lap uzaqdan olsa belə, göründüyü yerlərdə
keçirilməsi yerinə
düşər... Çünki bu musiqidə dənizin rahat, arxayın, sakit ləpələri hiss olunur.
Arada bir göstərilən rəqs nömrələri,
milli rəqslərimiz
isə xüsusi coşqu yaradır.
... Mircavad Cəfərov yenidən səhnəyə çıxıb - “daha bir şad xəbər istəyirsinizmi?” - soruşur, bir anlıq susur, sonra - “Bu anlarda Toğrul qızıl medal qazandı” - deyir. Beləliklə, konsertdə olan hər kəs güləşçimiz Toğrul Əsgərovun finalda qələbə çalmasını Mircavad Cəfərovdan eşidir. Belə məqamlarda o içdən gələn birlik, həmrəylik, sevinc son dərəcə təsirlidi. Hər adam bir cür ifadə edir sevincini. “Cəngi” öz üsulu ilə - ifasıyla göstərir. Elə qrupun rəhbəri də bunu deyir: icazə verin ürəyimi boşaldım... “Ömrün səhifələri” kinofilmindən melodiya ifa olunur. Sənətin bir qeyri-adiliyi, ecazkarlığı da həyatın; hətta əşyaların, hətta məkanların anlamını, mənasını dəyişməsidi, onlara təzə ruh verməsidi. İndi bu məqamda Mircavad Cəfərovun köksünə sıxdığı sadəcə musiqi aləti deyil, özü dediyi kimi - ürəyini boşaltmaq, ən mübhəm hisslərini ifadə etmək üçün vasitədi... Görünür dinləyicini də elə bu təsirləndirir, musiqiyə sirayət etmiş ovqat, hisslər, ruh, enerji... Və bu yerdə qrupun ən gənc üzvü, tar ifaçısı Mircavid Cəfərovdan söz açmaq məqamı gəlir. Həsən Rzayevin “Çahargah rapsodiyası”nı bu qrupun ifasında bir neçə dəfə dinləmişəm. Hər dəfə də Mircavidin ifasından heyrətlənmişəm, daha doğrusu gənc musiqiçinin peşəkarlığı, ifasından duyulan zənginlik, gözəllik məni təəccübləndirib. Axı Mircavidin həmyaşıdlarının maraqlarının da, həyata baxışlarının da bəlli olduğu, açıq göründüyü, müasirləşdikcə adiləşdiyi bir zəmanədə milli alətimiz olan tara, musiqiyə bu bağlılıqdan necə təəccüblənməyəsən... Əslində bir az dərinə gedəndə idmançılarımızı qələbəyə ruhlandıran, o zirvəyə aparan səbəblə gənc ifaçını sənətə bağlayan, öz üzərində çalışmağa sövq edən səbəb arasında gizli bağlar, eyniliklər var.
Milli köklərə bağlılıq, eyni zamanda da məhdud bir çərçivədə qalmamaq, ən müxtəlif janrları, tərzləri repertuarda birləşdirmə “Cəngi” qrupu üçün xarakterik məqamdı. Bu da müasir dünyanın əsas tələblərindən, sənət kriterilərindən biridi. Misalçün, Avropa Motsartın sonatasını yüzlərlə ən müxtəlif ifalarda, ən müxtəlif yozumlarda eşidib. Ona görə çox güman ki, bu Qərb yozumlarının, yanaşmalarının daha bir təkrarı onlardan ötrü maraqlı da deyil. Amma bir azərbaycanlı qrupun özünəməxsus yanaşması, eyni musiqini öz üslubunda, tərzində təqdim etməsi maraqla qarşılanır.
Əminəm ki, “Cəngi”nin budəfəki konserti də həm bizlərin, həm də qonaqların yaddaşında qalacaq. Ölkəmizdə keçirilən I Avropa Oyunlarının unudulmaz məqamlarından biri kimi xatirələrdən silinməyəcək. Axı, elə Avropa oyunlarının Azərbaycanda keçirilməsiylə “Cəngi”nin ölkəmizdən kənardakı uğurlarının arasında da bir ümumi cəhət var. Səbəb Azərbaycanın ölkə kimi nüfuzunda, özünü güclü dövlət kimi təsdiq etməsindədir. Əgər bir azərbaycanlı estrada-folklor ansamblı Parisdə, Osloda konsert verə bilirsə, yaxud ölkəmizdə bu cür vacib tədbir, özü də bu səviyyədə keçirilirsə, deməli idmançıların da, “Cəngi”nin də tutduğu yolda daha da artıq çalışması, daha da böyük uğurlara imza atması üçün stimul var, səbəb var.
...”Cəngi”nin qələbəyə səsləyən konserti nəticəsiz olmadı, idmançılarımız yeni uğurlar qazandılar, qızıl medallar alıb bayrağımızı bir daha ucaltdılar. Arzu edək ki, lap yaxın gələcəkdə “Cəngi” əsas qələbəmizin şərəfinə konsertlər versin...
PƏRVİN
525-ci qəzet.- 2015.- 20 iyun.- S.15