Müasir Azərbaycan ədəbiyyatında postmodernizm

 

KAMAL ABDULLA YARADICILIĞI

 

 

 

"Yarımçıq əlyazma"  postmodernizmin əksər  texnika və prinsiplərini özündə ifadə etdirən, postmodernist dekonstruksiyasının milli metafizik dünyagörüşümüzün əsaslarından olan klassik mətnlərə tətbiq edildiyi ilkin uğurlu romanlardan biridir.

 

Romanın yüksək bədii təfəkkür və yazı təcrübəsinə malik olan bir yazıçı tərəfindən yazılması ilə bərabər, həm də dərin intuisiyaya, geniş elmi-fəlsəfi biliklərə sahib olan, xüsusilə də son yarım əsrdən çox bir müddəti əhatə edən çağdaş, son  ədəbi  fəlsəfi cərəyanları izləyən, onlara dərindən bələd olan bir mütəfəkkir alim tərəfindən qurulması, analitik düşüncə süzgəcindən keçirilib yaradıcı şəkildə sintezləşdirilməsi bütün mətn boyu hiss olunur. Əslində müasir ədəbiyyatın tələbi də budur. Hələ keçən əsrdən başlayaraq ədəbiyyat özündə bir çox humanitar-fəlsəfi bilgilərin yükünü  daşımaq səlahiyyəti əldə etməyə başlamışdır. Dünyanın sırf elmi idrakının mümkünsüzlüyü bütün mədəniyyət tarixi ərzində bu və ya digər şəkildə ifadə edilmişdir. Təsəvvüf də daxil olmaqla insanlığın düşüncə tarixində mövcud olan bütün mistik-ezoterik istiqamətlərin varlığı əslində rasional məntiqi-nəzəri idrakın dünyanın, həqiqətin dərkində yetərsizliyinin etirafı, bəyanı şəklində, onun ziddi, alternativi və ya tamamlayıcısı kimi mövcud olmuşlar. Dünyanın parçalanmış, hissələrə, atomlara, zərrəciklərə ayrılmış analitik elmi mənzərəsi düşüncənin təbiətə, varlığa cərrahi mübadiləsi onun həqiqətinin dərkinin daha çox mikroaləmin, nanodünyanın sonsuzluğuna aparır. "Bizim bütün zəmanəmiz, istər məntiq və epistemologiya vasitəsilə, istər  Marksın və ya Nitsşenin köməyi ilə Hegeldən qaçmaga çalışır". Hegeldən qaçış əslində rasional təfəkkürün dünyanı hissələrə ayırıb yenidən sistemləşdirmə cəhdindən, dərk edənlə dərk edilən, subyektlə obyektin idrak prosesinin zidd qütblərini, binar münasibətlərinin təşkil etməsi iddiasından qaçışdır. Məhz insanı "təxmin etməyin mümkün olmayan tarixin dərinliklərindən günümüzə qədər qorunub saxlanan fasiləsiz intelliqibellik modeli kimi ona təklif edilən" (Fuko) Hegel zirvəsində tamamlanmış rasional təfəkkürün subyekt-idrak-dünya" sistemli sxemindən qaçışın, ona qarşıdurmanın, onun dəf edilməsinin ən mühüm istiqamətlərindən biri də təbii ki, kökləri dünyanın bütövlüyünə, mifik dərkinə uzanan və tarix boyu ən müxtəlif mistik-ezoterik təcrübələri özündə yaşadan bədii idrakdır. Dünyanın bədii dərki elmi dərklə dialektik vəhdət təşkil edir. Lakin onların arasındakı  mübarizə də tarix boyu özünü göstərmişdir. "Eşq imiş aləmdə hər nə var, elm ancaq bir qeyri-qal imiş" - deyən təsəvvüf düşüncəsi də, "Təbiətin tərzinin daşıyıcısı olan alim də əslində eyni prosesin iştirakçılarıdır. Tarixən ziddiyyətdə olan bu iki yolu birləşdirməyə çalışanlar çox olmuşdur. Nitsşe bu iki yolu Sokrat və Dionis başlanğıcı olaraq adlandırmış, ikinci istiqamətin daha canlı, insan tabiətinə müvafiq olduğunu iddia etmişdir. Nitsşe nihilizmi, təbii elmlərin inkişafının Hegeldə tamamlamış Qərb metafizikasının ideya və təsəvvürlərini çox geridə qoyması XX əsrdə hissi idrakın rolunun genişləndirilməsini şərtləndirdi. Modernizmin "Bibliya"sı sayılan C.Coysun "Ulis" əsəri ədəbiyyatdan bədii mətnin  fenomeninin özündə radikal dəyişikliklərə gətirib çıxaran nəhəng proseslərin, mədəni paradiqmanın əvəzlənməsinin başlanğıcı oldu.

 

Əlbəttə,  bunu  heç kim  iddia  edə bilməz ki, əvvəlki ədəbiyyat sadəcə maraqlı hadisələrin nəqli və s. olmuşdur. Bunu bütün mədəniyyət tarixi ərzində heç bir ədəbi istiqamət, məktəb və s. haqqında demək olmaz. Dünya ədəbiyyatının klassiklərinin əsərlərinin hamısı əslində müxtəlif dövrlərdə, tarixi şəraitlərdə elə məhz dünyanın hissi-bədii idrakı formaları, nümunələri olmuşdur. Ədəbiyyat bütün zamanlarda eyni vəzifəni icra etmiş və etməkdədir. XX əsrdə ədəbiyyat sahəsində radikal proseslərin getməsi əslində elmdə, cəmiyyətdə baş verən çox nəhəng və indiyə qədər misli görünməmiş proseslərin baş verməsi ilə əlaqədardır. Ədəbiyyat bədii inikas, bədii idrak vəzifəsini yerinə yetirmək üçün gerçəklikdə belə heç vaxt rast gəlinməmiş mürəkkəb və prosesləri mənimsəyib ifadə etmək üçün forma və keyfiyyət dəyişikliyinə uğramalı idi. İlk dəfə olaraq bədii idrakla elmi idrak arasındakı sərhədlər belə kəskin şəkildə aradan qaldırıldı. Bədii idrak elmi idrakı öz genişliyində əritməyə başladı. Bütün bunlar bədii mətnin strukturu, təhkiyəsi, forması və s. baş verən yeni mürəkkəb proseslərdə özünü göstərməyə başladı. Modernizm  dərin psixologizm və fərdiyyət fəlsəfələrinin inkişafı ilə özünün yeni inkarı və davamına - postmodernizmə gəlib çıxdı.

 

Postmodernizmlə modernizmin fərqli və bənzər cəhətləri barədə tədqiqat işində ətraflı bəhs edilmişdir. Əlbəttə, müxtəlif prinsip və taktiki elementlə bu iki istiqamət arasındakı fərqi  görünən səviyyəyə gətirib çıxarır. Lakin burada üzərində durmaq istədiyimiz məsələ postmodernizmin modernizmin birtərəfli psixologizm və fərdiyyətçilik prinsiplərinə, mahiyyətcə ateist mahiyyətinə qarşı bəşər mədəniyyəti tarixi ərzində mövcud olan bütün ədəbi düşüncə, istiqamət və məktəblərin bərabər hüquqda ifadəsinə haqq qazandırması yaradıcı plüralizm xüsusiyyətidir. Kamal Abdulladan postmodernizm, yoxsa modernizm ədəbi cərəyanlarının hansına aid olduğu barədə soruşulduqda özünü heç bir ədəbi cərəyana daxil etmədiyini, bununçün çoxsaylı tədqiqatçı və tənqidçi ordusunun olduğunu bildirir, eyni zamanda qeyd edir ki, "amma postmodernizm və modernizm barədə  maraqlı fikir mübadiləsi aparmaq olar. Hər ikisinin ən müxtəlif zərrələri bu və ya başqa əsərlərə səpələnmiş kimidir. Təmiz romantik, sırf modernist  ya  postmodernist tapmaq yekrəng  insan xarakteri tapmaq kimi bir şeydir". Qeyd etmək lazımdır ki, və çox maraqlıdır ki, müasir dünyanın bir çox görkəmli yazıçısı özünün hər hansı bir ədəbi cərəyana mənsub edilməsinə qarşı etirazlar etmişlər. Postmodernizmin ən görkəmli nümayəndələri kimi tanıdığımız Umberto Eko da, Nobel mükafatçısı Orxan Pamuk da özlərini postmodernist adlandırmırlar. Umberto Eko hətta, qeyd etdiyimiz kimi, postmodernizmi böhran dövrü ədəbiyyatı adlandıraraq hər bir dövrün özünün postmodernizmi olduğunu bildirmişdir. Lakin eyni zamanda onlar bu ədəbi cərəyanın prinsip və xüsusiyyətlərinin, taktiki elemetlərinin işlənib-hazırlanmasında, inkişaf etdirilməsində xüsusi rol və mövqeləri olan yazarlardır. Eləcə də Azərbaycan ədəbiyyatında postmodernizm dedikdə onun artıq  klassikləşməkdə olan dünya postmodernist ədəbi cərəyanının ən parlaq element və prinsiplərini elmi-yaradıcı şəkildə milli ədəbiyyatımıza tətbiq edən yazıçının məhz Kamal Abdulla olduğunu, onun özünün dediyi kimi, bir çox çoxsaylı tənqidçi və tədqiqatçı da bildirmiş və bu barədə maraqlı tədqiqat işləri aparmış, elmi-tənqidi fikirlərini bölüşmüşlər. Kamal Abdulla da bir çox poststrukturalist, postmodernist alim və yazar  kimi məhz dilçilikdən gəlmişdir. Keçən əsrin 60-70-ci illərindən başlayaraq dünya fəlsəfəsinin əsas istiqamətinin öz ağırlığını məhz dil problemləri üzərinə yönəltdiyi, elmi-fəlsəfi düşüncə işığının məhz müxtəlif dilçilik problemləri, semiotika, mifologiyaya istiqamətləndiyi bir vaxtda dünya fikir tarixində Lakan, Delez, Qvattari, Fuko, Derrida və s. kimi  filosoflar, Ekokimi dilçi alim, mediavist, semiotik, həm də bədii postmodernizmin ən dəyərli nümunələrini meydana çıxaran yazıçılarla təxminən eyni vaxtda hələ o zaman Sovet məkanı olan Azərbaycanda da  Kamal Abdulla  məhz dilçiliklə əlaqəli müxtəlif fəlsəfi problemlər, mifologiya ilə məhz həmin dövrdə Qərb postmodernist təfəkkürü istiqaməti  səviyyəsində məşğul olmağa başlamışdır. Bu barədə  akademik İsa Həbibbəylinin müşahidələri maraqlıdır. Onun fikrinə görə, Kamal Abdulla özünün linqvistika, dilçiliyə aid əsərlərində "bədii ədəbiyyat layı nəzəri düşüncəsini izah edən, yaxud təsdiqləyən əlamət kimi  çıxış etsə də əsərin tam mətnində özünəməxsus yeri olan vacib element səviyyəsində və qrammatik əsəri tamamlamaqla bərabər, həm də onu xeyli dərəcədə zənginləşdirir". Tədqiqatçı fikrini belə inkişaf etdirir:"Kamal Abdullanın... həm də yaradıcı şəkildə bədii ədəbiyyata müraciət etməsinin əsas səbəbi də onun təfəkküründəki bədiilik aktının özünəməxsus enerjisindən irəli gəlir".

 

Kamal Abdulla yaradıcılığı bütün yeniliyi, orijinallığı, özünəməxsusluğu ilə bərabər milli ədəbiyyatın köklərindən qaynaqlanan, onu davam və inkişaf etdirəcək ədəbi şüurun yeni qatlarını açan, bununla da onun gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün növbəti bir mərhələdir.

 

Əlbəttə, belə bir  missiyanın yerinə yetirilməsi üçün Kamal Abdullanın yaratdığı ədəbiyyat eyni zamanda ümumdünya bədii təfəkküründə gedən prosesləri, baş verən dəyişiklikləri, başlıca təmayülləri özündə əks etdirməli idi. Onun elmi və bədii yaradıcılıqda etdikləri keçən əsrin 50-60-cı illərindən başlayaraq Qərb fəlsəfi-ədəbi şüurunda yeni bir mərhələ kimi yaranan poststrukturalizmin, postmodernizmin tələbləri, metod və prinsipləri ilə səsləşirdi. Yenilikçi elmi-analitik təfəkkürü və bədii istedadı özündə birləşdirən alim-yazıçı zamanın nəbzinin döyündüyü elmi-fəlsəfi damarı tuta bilmiş, yeni düşüncə istiqamətlərini, metod və prinsiplərini milli ədəbi-fəlsəfi zəmindəözünəməxsus yaradıcışəkildə tətbiq edə bilmişdir. Kamal Abdullanın bir alim kimi elmi yaradıcılığı onun obrazlı bədii təfəkkürü, intuitiv yanaşmaları, sezgiləri ilə zənginləşmiş, dərinləşmiş, sırf rasional düşüncənin gedib çıxa bilmədiyi incə mətləblərin, yeni idrak qatlarının üzərinə işıq salmışdır. Yazıçı  Kamal Abdullanın bədii yaradıcılığı isə onun gərgin və məhsuldar elmi  axtarışlarının, ən son elmi nailiyyətlərin tətbiq olunaraq əldə edilən dəyərli elmi nəticələrin üzərində qurulan, düşünülən, oradan da  bədii təxəyyülün sonsuzluğuna açılan bir dünyadır. Tədqiqatçılar haqlı olaraq  Kamal Abdullanın "qələmindən çıxan romanların bir bütöv oluşdurması və bütövlüyü təmin edən strukturlar" fikrini irəli sürürlər. Bu fikri tam cəsarətlə genişləndirib deyə bilərik ki, Kamal Abdullanın bütün elmi yaradıcılığı və bədii yaradıcılığı  bir bütöv oluşdurur və bütövlüyü təmin edən strukturlardır.

 

Yazıçının ona ədəbiyyat aləmində özünəməxsus mövqe qazandıran "Yarımçıq əlyazma", "Sehirbazlar dərəsi" və "Unutmağa kimsə yox" adlı romanları onun "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" əsərinin "gizlinlər"indən doğulub.

 

Əlbəttə,  bu əsərlər ayrı-ayrılıqda çox müxtəlif və geniş sahəli tədqiqatların mövzusudur. Lakin bizi  tədqiqat işinin mövzusuna uyğun olaraq  maraqlandıran bu əsərlərdə postmodernizm prinsip və elementlərinin, taktiki  fəndlərinin tətbiqi, eləcə də yazıçı-alimin yaradıcılığının dərinliklərinə bu və ya digər şəkildə nüfuz etmiş təsəvvüf dünyagörüşünə müasir postmodernist baxışdır. Hər iki istiqamət maraqlı və eyni zamanda mübahisələr suallar doğuracaq xüsusiyyətdədir. Bu mübahisə və sualların əsas qaynağı isə ondadır ki, "Kitabi-Dədə Qorqud"un, Mifin, insan təfəkkürünün köklərindəki  "gizlin"ləri, sirri axtaran yazıçı-alimin özünün bədii yaradıcılığı da bu "gizlin"ləri, bu "sirr içində"ləri  də özündə barındırır. Sirr axtarışı - bədii ədəbiyyatın bəlkə də ən ümdə qayələrindən biri budur. Dədə Qorqud bu "gəlimli-gedimli dünya, son ucu ölümlü  dünya"da "qailən dürlü xəbər" verir. Nizami Gəncəvi "Sirlər xəzinəsi" adı altında həyatın, qəlbin  sirlərinə vaqif olmağa çalışır, "Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz; Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz"  və ya "xazini-gəncineyi əsrardır" sözü həm sirri aşkar edən, həm dəözü də bir sirr olan "sirlər xəzinəsi"nin xəzinədarı adlandırır. Cavid "Şübhədir həqiqətin babası... Şübhə etməkdə haqlıdır insan" - deyə insanın həqiqət axtarışındakı şübhələrin daim var olduğunu, sirrin tükənmədiyini, Səməd Vurğun isə "Şairim, belədir bizim bəxtimiz, bəşər tapmamışdır əzəldən bəri, sirri məchul olan bu mənaları" və "Sadə həyatdadır hər bəxtiyarlıq, məncə düşünməyə, duymağa dəyməz" - deyərək sirrin var olduğunu, amma açılmazlığını vurğulayır. Bu sirr axtarışları hər bir tarixi dövrdə mövcud olan fəlsəfi-ideoloji görüşləri özündə əks etdirir. "Kitabi-Dədə Qorqud"dakı sirr - "qailən dürlü xəbər - Mifin, mistik dünyanın, mifik dünyagörüşün sirridir,  Nizaminin, Füzulinin aradıqları, kəşf etdikləri "sirr", "sirlər xəzinəsi" bir sufinin, təsəvvüf sahibinin qəlb dünyasının dərinliklərindən Allaha gedən yolda kəşf etdikləri sirrdir, sirlərdir. Cavid rasional-pozitivist dünyagörüşün - mistik-ezoterik dünyagörüşlə çarpışdığı bir zamanın ağlı, qəlbi olaraq şübhələr içində sirr axtarışında idi. Səməd Vurğun isə ateist materializmin - (sosialist realizmin) qəddarlıqla hökm sürdüyü, diqtə etdiyi, ağılları, düşüncələri hamarlayıb yönəldən bir diqtənin altında öz həqiqət axtarıcılığını, xəyal gücünü fitri bir istedadın hesabına qoruyub saxlayan bir ruhun çırpıntılarını ifadə edirdi.

 

Kamal Abdullanın aradığı sirr isə məhz zamanın gedişində bu sirr axtarışında bir dayanacaq tapa bilməyən insanlıq tarixinin, elmi-fəlsəfi təfəkkürün ən böyük böhranlı çağlarından birinin yaratdığı bir dünyagörüşün - postmodernizmin ifadəçisidir. Postmodernizm indiyə qədər var olan hər bir düşüncə istiqamətinə, dünyagörüşünə bəraət verir, onlara günəşin altında eyni haqqı tanıyır. Dünyanın rasional izahını da, intuitiv, mistik, ezoterik dərkini də, irrealist, sürrealist və s. baxışları  da eyni məsafədə, plüralistcəsinə ciddiyyətlə qəbul edir. Onların ifadə olunduqları mətnlərin eyni bir Mətndə birləşdiyini, eyni bir Mətnin fraqmentləri olduqlarını bildirir. Eyni dərəcədə onları dekonstruksiyaya məruz qoya bilir, hansı ciddiyyətlə qəbul edirsə, o dərəcədə də kinayə edə bilir. Postmodernizm üçün bu mətnlər və onların təşkil etdikləri vahid Mətn dünyanın özüdür. Onlar özlərindən əvvəlkilər kimi sirri bütün mətnlərdə    eləcə də  dünyanın özü kimi qəbul etdikləri Mətndə axtarırlar. Kamal Abdullanın aradığı  sirr həm ədəbiyyat tarixində öz sələflərinin  dünyada aradıqları sirrdir, həm də Mətnin sirridir.

 

Kamal Abdulla yaradıcılığında postmodernist paradiqmanı təşkil edən əksər prinsip və elementlərə rast gəlinir. Bu, ayrıca bir tədqiqat işinin mövzusu olsa da, mövzumuz çərçivəsində bu prinsip və elementləri  nəzərdən keçirək: kanonların və bütün rəsmi  şərtiliklərin aradan qaldırılması, dəyərlərin kinayəli şəkildə yenidən qiymətləndirilməsi prinsipi Kamal Abdullanın əsərlərinin postmodernist  mətninin  təşkili qaydalarından biri, postmodernist  paradiqmanın tərkib hissələrindən  biri kimi özünü göstərir. "Kitabi -Dədə Qorqud" kimi xalqımızın ən ulu milli-mənəvi abidəsi sayılan möhtəşəm dastanın motivləri və Şah İsmayıl kimi böyük dövlət xadimi, sərkərdə, şairin həyatında  olan  müəyyən tarixi məqamlar əsasında yazılmış "Yarımçıq əlyazma" romanı məhz ictimai-tarixi şüurumuzda kök salmış kanonların qaldırılması və dəyərlərin kinayəli şəkildə yenidən qiymətləndirilməsi pirinsipi əsasında qələmə alınmışdır. Postmodernist kinayə tamamilə yeni bir ədəbi-estetik mahiyyət daşımaqla, mövcud, bərkiyib daşlaşmış, bununla da cəmiyyətin, fərdin inkişafına mane olan dəyərlərin yenidən qiymətləndirilməsi üçün vacib elementlərdən biridir.

 

"Bəşəriyyət öz keçmişi ilə gülə-gülə ayrılır" - fikri nə qədər marksizm baniləri tərəfindən deyilsə də, postmodernist kinayənin əsl mahiyyətini çox  gözəl ifadə edir. Gülüşün ictimai münasibətlərin inkişafı üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi postmodernizmin banilərindən olan məşhur italyan yazıçısı Umberto Ekonun"Gülün adı" romanında hadisələrin kökündə dayanan Aristotelin "Poetika" əsərinin komediyaya, gülüşə həsr edilmiş ikinci kitabının əldə edilib bəşəriyyətə çatdırılması uğrunda gedən mübarizə timsalında çox bariz görünür. Son yarım əsrlik dünya ədəbiyyatının ən aparıcı  istiqamətlərindən  birinin dominant elementlərindən  biri olan  postmodernist kinayə Kamal Abdulla tərəfindən  milli- ədəbi zəmində cəsarət və ustalıqla tətbiq edilmişdir. Bəzi tədqiqat əsərlərində Kamal Abdullanın milli-mənəvi abidələrimizin qəhrəmanlarının, eləcə də görkəmli tarixi şəxsiyyətimiz Şah İsmayıl Xətainin xüsusiyyətlərinin, həyat və fəaliyyətlərinin təhrifindən bəhs edilir. Hətta bəzi  təhlillərdə buna bir  təhrif kimi  yox, yazıçı tərəfindən son dərəcə ciddi şəkildə aparılan ifşa aktı kimi sadəlövh baxışlar da mövcuddur. Bizim fikrimizcə, Kamal Abdullanın yüksək  yazıçı məharəti ilə tətbiq etdiyi postmodernist kinayə və dəyərlərin yenidən qiymətləndirilməsi üçün tarixə postmodernist baxış prinsiplərindən  nə milli mənəvi dəyərlərimizin daşıyıcıları olan  mifik qəhrəmanlarımızın, nə də  tarixi qəhrəmanlarımızın təhrifi, ifşası ilə əlaqəli deyil. Tarix  postmodernist yazıçı üçün sonsuz transformasiyaların açıq məkanıdır.

 

Xüsusilə də tarixin utopik ideyalar və totalitar hakimiyyət naminə son dərəcə primitivcəsinə idealizə edildiyi bir ictimai-siyasi məkanda tarixə utopik pozitivist baxışların itirildiyi, gələcəyin bugündən və dünəndən daha yaxşı olacağı düşüncəsinə aşılayan tərəqqi ideyasının nəticə etibarilə doğurduğu xəyal qırıqlığı belə bir yanaşmanın əsas səbəblərindəndir. Tarixə  belə yeni, postmodernist baxış postmodernist ədəbiyyatda zamanların bir-birinə qarışmasını və fərqləndirilməsini əks etdirir. Postmodernist yazıçının təfəkküründə bəşəriyyətin əsas ideyalarını təşkil edən metatarixlər mövcuddur. Keçmişə müasir nöqteyi-nəzərdən baxan Kamal Abdulla da postmodernizmin prinsiplərinə sadiq olaraq bir tərəfdən hər cür ciddiliyə gülərək, hər hansı bir doğru, həqiqət bilinən hadisə, xüsusiyyət, dəyər və s. tərəfindən  yaradılan illüziyaları dağıdır, digər tərəfdən isə hər hansı bir mərhələsinin, - bu istər Mifin hakimiyyət dövrü olsun, istərsə də  orta əsrlər və s. -insanlığın bugünü ilə mübahisəsiz yaxınlığını, eyniliyini birmənalı şəkildə göstərən fəlsəfi baxımdan şərtlənmiş yanaşma üsulunu tətbiq edir.

 

(Ardı var)

Afaq ƏSƏDOVA

525-ci qəzet.- 2015.- 23 iyun.- S.7.