“Azərbaycanca-Gürcücə lüğət”in təqdimatı keçirilib

 

 

İyunun 19-da Azərbaycanda Atatürk Mərkəzi “Azərbaycanca-Gürcücə lüğət” adlı kitabın təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, mərasimində Mərkəzin rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov belə bir kitabın nəşr edilməsini Azərbaycan-Gürcüstan xalqları arasında dostluq və mədəni münasibətlərə böyük töhfə kimi dəyərləndirib.

 

Xalqlarımız arasında tarixən qonşuluq münasibətlərinə toxunan natiq qeyd edib ki, bu sözlük Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini daha yaxşı mənimsəməsi baxımından əhəmiyyətli mənbədir.

 

Milli Məclisin deputatı, Gürcüstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Əli Xəlilli tərəfindən tərtib edilən bu lüğətin çap olunmasında əməyi olanlara minnətdarlığını bildirib.

 

Qənirə Paşayeva qeyd edib ki, lüğət Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdəki məktəblərə, kitabxanalara, digər elm və təhsil müəssisələrinə pulsuz hədiyyə ediləcək . Nəşr həmçinin iki ölkənin parlament və hökumət qurumlarının nümayəndələrinə də təqdim ediləcək. Kitabın daha geniş auditoriyaya çatdırılması üçün nəşrin elektron forması kitabxanalara göndəriləcək.

 

Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze belə bir nəşrin Azərbaycanda işıq üzü görməsini yüksək qiymətləndirib. Diplomat kitabın iki qonşu xalq arasında dil baryerinin ortadan qaldırılmasında önəmli rolunu qeyd edib.

 

Səfir nəşrin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.

 

Tədbirdə çıxış edənlər kitabın internet vasitəsilə daha da geniş şəkildə yayılmasının vacibliyini söyləyiblər.

 

Sözlüyün tərtibçisi Əli Xəlilli gərgin əməyinin bəhrəsi olan bu kitaba yüksək dəyər verdikləri üçün iştirakçılara öz təşəkkürünü bildirib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 23 iyun.- S.7.