Naxçıvanda xalq
teatrlarının festivalı başlanıb
Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında xalq teatrlarının festivalına
start verilib.
Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı "Naxçıvan
Muxtar Respublikasında
Xalq yaradıcılığı
günlərinin keçirilməsi
haqqında" sərəncamına
uyğun olaraq təşkil edilib.
Festivalın ilk günündə Babək
rayon Xalq Teatrı görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun "Yağışdan
çıxdıq, yağmura
düşdük" komediyasının
tamaşasını göstərib.
Tamaşanın nümayişindən əvvəl
Naxçıvan Muxtar
Respublikasının mədəniyyət
və turizm naziri Sarvan İbrahimov
çıxış edərək
teatrsevərləri festival münasibətilə
təbrik edib. Azərbaycan teatr
sənətinin və
xalq teatrının inkişafı tarixindən
danışan nazir xalqımızın yaratdığı
qədim oyun və meydan tamaşalarından geniş
söhbət açıb.
Bildirib ki, bu tamaşalar
xalq yaradıcılığımızın,
folklorumuzun qədim və zəngin ənənələrini yaşadır.
Muxtar respublikada xalq yaradıcılığına göstərilən
qayğı və diqqət öz bəhrəsini verməkdədir.
Sonra "Yağışdan
çıxdıq, yağmura
düşdük" tamaşasının
təqdimatı olub. Komediyanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Səyyad
Məmmədovdur.
Peşəkar teatrlarımız tərəfindən
dəfələrlə səhnəyə
qoyulan bu komediyanın mövzusu XIX
əsrin 70-90-cı illərində
Azərbaycan tacirlərinin
həyatından götürülüb. Pula hərisliyi ifşa edən, caniliyin hökm sürdüyü mühiti tənqid edən komediya gülüş doğuran
tip və obrazlarla zəngindir. Tamaşaçı bu surətlərin komik situasiyalara düşməsinin şahidi
olur. Hacı Qənbər, Hacı
Salman, Molla Şəfi və başqa obrazlar daha çox gülüş hədəfinə
çevrilirlər.
Şərur Rayon Xalq Teatrı isə iyunun 25-də "Yuxu" tamaşasını
təqdim edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 23 iyun.- S.7.