Poeziyamızda silinməz imza - Məstan
Günər
DƏYƏRLİ ŞAİRİMİZİN YAXINLAŞMAQDA OLAN 80 İLLİYİNƏ
Məstan
Dəmirçioğlu. Məstan Əsrikli.
Məstan Məsum. Məstan Əliyev. Məstan. Məstan Günər... Bu imzalar əlli ildən artıq poeziya yolçusu
olan bir şairin tanıtmaları idi. Amma hansı imzaynan
çıxış etməyinə baxmayaraq bir şeirindən,
hətta bir
misrasından bilirdik ki, bu şeir Məstanındır.
Bəli, o, dəmirçi oğlu idi. Sonralar onun
misraları da elə bil dəmirçi kürəsindən
çıxmışdı.Möhkəm, özüllü.
İsti.
Bəli, o, Tovuzun Əsrik-Cırdaxan kəndində anadan
olmuşdu. Atası müharibədə həlak olmuşdu.
Anası böyütmüşdü onu. Sonralar ən gözəl şeirlərindən birini
anasına həsr etmişdi. O şeiri Azərbaycan
poeziyasında ən lirik, ən həzin, ən duyğulu ANA
şeirlərindən biri hesab edirik.
Səndən
ötrü qəribsədim,
a
saçları yovşan anam.
Yaş
ötdü, yaşın hökmünə,
öyrəşən, uyuşan anam.
Yeri
taxıllı, tənəkli,
zər
naxışlı, gül döşəkli
göyü göyərçin bəzəkli,
çöllərə yaraşan anam.
Sellər
ilə süpürləşən,
çətin günlərdə kürləşən,
göyçək əli kömürləşən,
birçəyi qarlaşan anam.
Fikirli
yatsa gecələr-
yuxusunu
qatsam əgər,
gördüyünü səhər-səhər,
sulara
danışan anam.
Şeir insan hisslərinin poetik ifadəsidir və bu
şeirdə poeziyanın bütün komponentləri öz əksini
tapıb. Birincisi; təsvir olunan Ana obrazına diqqət yetirək.
Son dərəcə milli və koloritlidir.
Ona yaraşdırılan təşbihlər çox dəqiq
seçilib: ana
saçlarından yovşan iyi gəlir. Yovşan
elə bir bitkidir ki, çöllərdə bitir. Qəribə, gözəl qoxusu var. O qoxunu ancaq
çöldə, kənddə-kəsəkdə yaşayanlar
duya bilər. Saçın yovşana bənzədilməsi
oğul həsrətinin bir ifadəsi deyilmi? Kənddən ayrılıb şəhərdə yaşayanlar
həmişə çölü, çəməni
xatırlamışlar. Çöl
genişlikdir və təbiətin gözəlliklərini
özündə əks etdirir. Ananın
çöllərə təşbih edilməsi də
maraqlı tapıntıdır. "Birçəyi
qarlaşaq ana"- orijinal səslənir. Şeirdə
Ana mənəvi planda da görümlüdür:
Nə
inciyən, nə kin bilən;
ürəyini tez-tez silən,
ağladığı dəmdə gülən,
küsüb, tez barışan anam.
Yola
çıxar köç görəndə,
uçmaq istər quş görəndə,
qollarını boş görəndə,
hərdən qubarlaşan anam.
Məstan şeirə elə çöllərdən, kənddən-kəsəkdən,
eldən-elatdan, anaların-ağbirçəklərin,
ataların-ağsaqqalların mehrindən, aşıqların
sazında dillənən havalardan, bulaqların zümzüməsindən,
bənövşələrin yaz qoxusundan gəlmişdi. Deyirdi ki: "Mən bənövşə
vurğunu idim. Bənövşələr
yanında ağlayardım. Niyə
ağlayardım, özüm də bilmirəm. Yayda yaylaqlara gedərək, çay
qırağında köç salardım, ocaq
çatardıq və mən o ocaq işığında
çaya baxardım. Görərdim ki,
dalğalar bir-birini qova-qova gedirlər, Ay da sularda üzür.
Bu mənzərə ürəyimi titrədərdi.
Məni şeirə bax, o yanında diz çöküb ağladığım
bənövşələr, bir də Ay işığı gətirib".Ancaq
o, yalnız ilk gənclik illərini kənddə
yaşamışdı, uzun illər şəhərdə-nəşriyyat
işində, Radio və Televiziya Şirkətində, mətbuatda
çalışdı, bir də ömrünün son illərində
Tovuza qayıtdı. Heç vaxt kənd, təbiət
onun yaddaşından silinmədi. Məstanın
şair ömrü xalq ruhu ilə və xalqın
yaratdığı poeziya ilə heç vaxt ayrılmadı.
Məstan Günər ədəbiyyata əllinci illərdə
gəlmişdi. Ürəyi dolu idi. Amma
bu dolu ürəyi boşaltmaq üçün təkcə təbii
ilham, istedad kifayət etmirdi, öyrənmək, müşahidə
etmək, şeirdə öz fərdi dəst-xəttini
yaratmaq, seçilmək, fərqlənmək lazım idi.
O, xalq şeirindən, folklordan öyrənə-öyrənə,
müasir şeirin də qarşıya qoyduğu tələblərə
cavab verməyə çalışdı. Onun
yetmişinci illərə qədər
yaradıcılığını məhz axtarış
dövrü kimi səciyyələndirmək olar. Məstan bu illərdə həm xalq şeiri ənənələrini
davam etdirirdi, qoşmalar, gəraylılar yazırdı, həm
də müasir heca şeirinin müxtəlif şəkillərinə
müraciət edirdi. Mövzuları da rəngarəng
idi, həyatın, gerçəkliyin hər yönünə
baş vururdu, kəndi, təbiəti, eli-obanı unutmurdu,
xalqın sevinci ilə yaşayır, qəmi ilə
üzülürdü. Yetmişinci-səksəninci
illərdə isə artıq o, yetkin bir şair kimi diqqəti
cəlb edirdi.
Məstan şeiri artıq formalaşmışdı. Xalq şeiri
ilə müasir şeirin vəhdətini əks etdirən bu
poeziya özünün məxsusi ahəngini, ifadə
özünəməxsusluğunu yaratmışdı. O,
hamının müraciət etdiyi mövzulara üz tuturdu,
amma deyilmiş, təkrar olunmuş fikirlərdən, ifadə
üsullarından qaçmağa
çalışırdı. Müharibənin
ağrı-acılarından o illərin uşaqları -gələcəyin
şairləri çox yazdılar. Atasızlıqdan,
boysuzluqdan, anaların intizarından Məstan da yazdı.
Budur, şair, əsgər məzarları
qarşısındadır:
Yüz
otuz məzar var
Yüz
otuz dəfə
yüz
otuz kürədə yanır əllərim.
Acı fəryadımı
necə eşitsin
qəbirlərdə oda bürünənlərim,-
beşiklərdə daşa bələnənlərim?!
Əsgər
məzarda yox, yatar beşikdə;
enirəm
sükutla daş pillələri,
yüz
otuz beşikdən
durub gəlirəm,
ümidəm yüz otuz evdə-eşikdə.
Yerləri,
göyləri, təbəssümləri
Qopardım yüz otuz dərdin əlindən.
Yüz
otuz ananı həsrət qoymuşam,
yüz
otuz gözəlin sevinclərinə,
yüz
otuz görüşə gecikmişəm mən.
Məstan şeiri kifayət qədər poetik sənətkarlıq
nümunələri ilə zəngindir. Təkcə orijinal təşbihlər,
metaforalar bir yana, bu şeirləri oxuyanda
qarşında insan hisslərinin, duyğularının
coşqun çaylarına, dənizlərinə baş
vurursan. Məsələn, sazın insan həyatına,
varlığına necə hakim kəsildiyini çox şairlər
ifadə edib. Amma Məstan Günərin ifadəsində
bənzərsiz bir mənzərə yaranır:
Gecələr
vadini kimdir ağladan,
orda sevənlərin
bağrımı qandır?
Bir saz
tüstülənib nə istər ondan,
sədəfli köksündə yoxsa tufandır?!
Ay
qalxır uzaqdan, gecədir yenə,
görəsən o kimdir, vadidə təkdir?
Sazını
döndərib Kərəm könlünə,
qəsdi
çöllərimi kül eləməkdir?
Orda
Usuboğlu tənha dolanır,
o el nəğməkarı,
el aşığıdır.
Sağa
göz gəzdirir, sola boylanır,
qolları sazının sarmaşığıdır.
Bura qədər Saz və Aşıq obrazları təsnif
edilir, "qolları sazının
sarmaşığı" olan Usuboğlunun "sədəfli
köksündə"ki tufanın naləsini,
hayqırtısını eşidirik. Ancaq sonra mənzərə dəyişir,
düşünürük: "Bülbüllər susanda,
güllər yatanda aşığı vadiyə gətirən
nədir?" Və birdən "Qızıl
qaya"nın daşına dəyən durnalar
xatırlanır, "Qayanın dibində durna qanından
aşığın sinəsi qırmızılandı".
Ona görə də: "Sazı sinəsində, özü
yerdəsə, aşığın xəyalı göy
üzündədir. Qalan durnalarla verib səs-səsə,
ölən durnaların əvəzindədir". Həmin o durnaların qanadları vaxtsız gedənlərin
baş daşlarına bənzər.
Məstan Günərin əksər şeirlərində
xalqın adət-ənənələri, mərifət
dünyası, əxlaqi görüşləri öz əksini
tapır və hətta heyrətlənirsən ki, bu qədər
bilgi və məlumatı necə əxz edib. O, təbiətdəki hər
gülün, çiçəyin, hər daşın, təpənin,
bağın, gülüstanın görünüşündə
incə mənalar axtarırdı. Ocaq
daşında nərgiz ətrini duyur, "aylı buluddan ot
tayasına mirvari töküldüyünü"
görürdü. Şairliklə rəssamlıq...bu
iki sənət sahəsi bir-birinə həmişə qoşa
qanad kimi yaxın olublar. Məstanın elə
şeirləri var ki, orda sözlərin yaratdığı məna
rəssam fırçasından yaranan tabloya çevrilir."Yaz
çağı gilanar çiçəklənəndə
zirvədən gədiyə ağ duman
enir. Təmiz dağ nəfəsi gətirir kəndə,
tayalar şehlənir, çör-çöp nəmlənir".
Bu, adi təbiət təsviridir. Amma
baxın: "Simləri ağlağan, sevgisi körpə, Kərəm
cürəsiydim o yerlərdə mən.Kərəmə
dönmüşdü yanıq bir təpə, qolları
cığırdan, mizrabı mehdən".Bu isə sözlərin,
duyğuların yaratdığı mənzərədir.
Məstan müasir şeirimizdə qoşma ustası kimi
özünü sevdirə bildi. Heca şeirimizin bu
forması Məstan şeirində özünün yeni ifadə
tərzi ilə yaşayır,-desək, yanılmarıq.
Onun qoşmaları XX əsr insanının,
daha doğrusu, sevən aşiqin könül
çırpıntılarını əks etdirir. Bu qoşmalarda Vaqif şeirinə məxsus nikbinlik
sanki yenidən üzə çıxır. Gözəllikdən zövq almaq, sevdiyi gözəlin
həm daxili, həm də zahiri portretini yaratmaq, məhəbbətin,
sevginin ötəri hiss olmadığını sübut eləmək
bu qoşmaların mahiyyətini təşkil edir.
Söylə,
yadındamı, yaz aylarıydı,
Tutmuşdun əlində dəstə gülləri.
Gördün
yaranışdan gül xəstəsiyəm,
Verdin ki, qoxlasın xəstə gülləri.
Canımda
qırx ilin intizarıdı,
Taxtı dönsün, nə deyəsən,
tanrıdı.
Güllər
ağ göyərçin
yadigarıdı,
Hara qoyum bu şikəstə gülləri?
Unutmaq
çətindir o boy-buxunu,
Görür hər gün el sinəmin oxunu.
Ötürübdü
Məstan ömrün çoxunu,
Kimə verim son nəfəsdə gülləri?
Məstan Günər həm də tanınmış bir
uşaq şairi idi. Bu sahədə də uğurları az
deyildi və Azərbaycan Dövlət Mükafatına layiq
görülmüşdü. Heyif ki,
bugünkü ibtidai sinif dərsliklərində onun şeirlərinə
rast gəlmirik.
Onun bir qoşmasının qəribə taleyi olub. Aşıqlar
onu böyük şairimiz Səməd Vurğununki hesab edirdilər.
Amma çap olunandan sonra əsl müəllifi məlum
oldu. Elə sözümüzü də o
qoşmayla bitirək. "Ruhu şad olsun",-Məstanın
deyək:
Gedirəm,
ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə qaldı.
Cüyürlü
yamaclar, ceyranlı çöllər,
Körpə çiçəklərə, güllərə
qaldı.
Gözümün
önündə durar həmişə,
Otlu biçənəklər, yamyaşıl meşə.
Mən
ki, aparmıram şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə
qaldı.
Elə
çalma, çoban qardaş, tütəyi,
Bir də
görüşərik dağlar küləyi!
Məstanın
bu yerə qonaq gəlməyi,
Deməyin aylara, illərə qaldı.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2015.- 23 iyun.- S.6.