Canavar

(hekayə)

 

 

Hava küləkli və yağışlı olduğundan coğrafiya müəllimi axırıncı dərsdən uşaqları bir az tez buraxdı. Sinif yoldaşım Kamillə tələsik gəlirdik ki, yolda çox islanmayaq. Məscidin yanına çatanda dostum Oqtayla rastlaşdıq. O bizi görən kimi birnəfəsə dedi:

 

- Xəbəriniz var, Canəli kişinin oğlu İltimas axşam canavar vurub. Uzaq olsa da, leşini də gətirib atıb həyətlərinə! Odee, indi camaat canavara baxmaq üçün onların qapılarına gedir. Deyirlər ki, İltimas onu bircə gülləyə başından vurub. Canavar az qalırmış ki, onu basıb yesin. İltimas əgər azacıq geciksəymiş, yalquzaq onu parçalayarmış. Şükür, yaxşı qurtarıb, vəhşinin ağzı ona çatmayıb. Cəld atəş açıb canavarı yerə sərib.

 

Bu xəbəri eşidəndə canavarı görmək üçün İltimasgilə tələsdik. Biz tərəflərdə qış aylarında canavar camaata yaman ziyan vururdu. Gecələr kəndin məhəllələrində, bağ-bağatda gəzərək çöl-bayırda qalan mal-heyvanı parçalayırdı. Çox acıxanda isə bəzən tövlələrə soxulur, həyətlərdə bağlı olan itlərə hücum çəkirdi. Bir sözlə, yalquzaq, qarnını doyurmamış kənddən çıxmırdı. Səhər-səhər yuxudan oyananda eşidirdik ki, canavar axşam kiminsə ya mal-qarasını, ya da eşşəyini parçalayıb. Səhər tezdən canavarın heyvanları parçaladığı yerdə onların başı, ayaqları, dərisi, bir də qan ləkələri qalırdı.

 

Canavar hamı üçün çox təhlükəli idi. Hava bir az qaralan kimi yalquzağın vahiməsindən çölə çıxmağa qorxurduq. Deyirdilər ki, canavar oddan qorxur. Ona görə də qaranlıqda uzaq bir yola çıxanda həmişə cibimizdə kibrit gəzdirirdik. Əgər rastlaşsaydıq kibrit çöplərini yandırıb onun üstünə atıb özümüzü qoruyacağımızı düşünürdük. Xoşbəxtlikdən, qarşımıza canavar-zad çıxmırdı. Bəlkə də cibimizdə kibrit olduğunu hiss edib bizdən qorxub uzaq gəzirdi. Bu vəhşi haqqında çox eşitsəm də, hələ indiyə qədər onun nə ölüsünü, nə də dirisini görməmişdim. Yalnız zoologiya kitabındakı rəngli şəkillərinə baxmışdım. Orda gördüyüm canavarın da elə mehriban, elə xoş baxışları var idi, vallah heç o nə adam, nə də heyvan parçalayana oxşamırdı.

 

İltimasın canavar vurmağına çox sevindim. Çünki ömrümdə ilk dəfə canavarın, heç olmasa, ölüsünü görəcəkdim. Sağ olsun İltiması ki, onu öldürüb evlərinə gətirmişdi. Canəli dayıgilin həyətində iynə atsaydın yerə düşməzdi. Demək olar ki, kəndin məmə deyənindən pəpə deyəninə qədər hamı burda idi. İltimasın bu hünəri ildırım sürəti ilə həm bizim kəndə, həm də qonşu kəndlərə yayılmışdı. Elə həmin sürətlə də camaat bu vəhşinin leşinə baxmaq üçün onların qapılarına axışırdı. Sinif yoldaşım Kamillə darvazadan içəri güclə girdik. İltimas böyük igidlik göstərənlər kimi qollarını gen tutub həyətdə forslana-forslana ora-bura gəzişərək siqaret çəkirdi. Hamı ona qəhrəman kimi baxır, cəsarətinə "afərin" deyirdi. Belə götürəndə az iş deyildi ha! Üstünə hücum çəkib, onu dişlərinə keçirib parçalamaq istəyən bir vəhşini vurub öldürmüş, həyatını xilas eləmişdi. Buna qəhrəmanlıq, igidlik deməyəsən daha nə deyəsən? Tay-tuşları İltimasın başına yığışıb onu dövrəyə almışdılar. İltimas isə dilinə güc verib axşam canavarı necə vurduğundan həvəslə danışırdı:

 

- Çayın qırağından qayıdanda kolluqdan xışıltı eşitdim. Tez bir az geri çəkilib ağacın arxasında gizləndim, diqqətlə qıraq-bucağa göz gəzdirdim. Səs getdikcə yaxından eşidilirdi. Gördüm ki, bir sürü canavar it kimi hürüşə-hürüşə kəndə tərəf gedir. Qəflətən canavarlardan biri sürüdən ayrılıb üstümə cummaq istədi. Vaxt itirmədən tətiyi çəkib atəş açdım. Canavar yerə yıxılıb it kimi zingildəyə-zingildəyə öldü. Yaman qorxaq imiş bu canavarlar. Güllə səsini eşidən kimi o biriləri qaçıb uzaqlaşdılar. Bu vəhşini öldürsəm də, yaman qorxmuşdum. Bir az oturdum, özümə gələndən sonra canavarı çiynimə alıb yola düzəldim. Onu kövşəndən bura gətirənə qədər zülüm çəkdim, əldən-dildən düşdüm, tər dabanlarımdan axdı.

 

Danışdıqlarına qulaq asanların hamısı bir ağızdan İltimasa "əhsən" - dedilər. Onun söhbətinə qulaq verəndən sonra Kamillə canavarın ölüsünə baxmağa getdik. İltimas ovunun leşini çardağın altına tullamışdı, yaman zırpı şeyə oxşayırdı. Bu vəhşinin vahiməsindən ölüsünə də yaxın getməyə qorxurduq. Bir neçə addımlıqda dayanıb diqqətlə ona baxdıq. Sözlərimi qəribliyə salmayın, canavarın görkəmi mənə bir az tanış gəldi. Elə bil onu haradasa görmüşdüm. Kitabda gördüyüm canavara da o qədər oxşamırdı. Fikir məni götürdü, axı, mən onu harada görə bilərdim? Bəlkə də qorxudan gözlərim çaşmışdı, bəlkə məni qara basırdı. Amma yox e-ee, vallah, bu yalquzağı tanıyırdım. Bir az da diqqətlə fikir verəndə onu qonşumuz İdris dayıgilin Toplanına oxşatdım. Üç-dörd addım da yaxına gedib diqqətlə baxdım. Oxşatmaq yox e-ee, vallah, bu canavar-zad deyildi, qonşumuzun itiydi ki, durmuşdu. Onun ölüsünə maraqla baxanlara dedim ki, ay camaat, Allah haqqı, bu, canavar deyil, İdris dayıgilin iti Toplandır. Amma nə qədər özümü yeyib-töksəm də, heç kim mənə inanmadı. Hamı üzümə dirənib deyirdi ki, yox, bu canavardır, özü də lap xalisindən. İltimas elə belə ovçu deyil ki, gedib canavar əvəzinə camaatın itini vurub qapılarına gətirsin. Amma mən Toplanı yaxşı tanıdığımdan fikrimdən dönmədim. Dedim ki, bu, qonşumuzun itidir, vəssalam. İltimas da hamı kimi üzümə bozarıb deyirdi ki, yox, bu canavarların lap yırtıcısındandır. Görmürsən necə iri dişləri var. İt sürüsü gecənin bir aləmində nə gəzir, nə itirib, nə axtarır kövşəndə?

 

İltimasgildən evimizə qədər yüyürə-yüyürə gəldim. Çantamı evə atıb tez qonşuya qaçdım. İdris dayının oğlu İsanı çağırdım. Qapılarına getməyə bir az çəkinirdim. Qorxurdum ki, birdən səhv edərəm, Toplan ölmüş olmaz, üstümə cumub məni parçalayar. Amma xeyli gözləsəm də, daşdan səs çıxdı, itdən səs çıxmadı. Həmişə çəpərin yanında başımı görəndə hürə-hürə üstümə cuman Toplan indi gözə dəymirdi. Onda yüz faiz əmin oldum ki, İltimasın vurduğu İdris dayıgilin itidir. Bir azdan səsimə İsa həyətə çıxdı. Tələsik ondan Toplanı, onun harada olduğunu soruşdum. İsa itin axşamdan yoxa çıxdığını dedi. Toplanın həyətdə olmadığını biləndən sonra bir az da yaxına getdim. Qonşuma İltimasın onların itlərini axşam kövşəndə canavar bilib tüfənglə vurub öldürdüyünü dedim. İsa bu xəbəri eşidəndə gözləri yaşardı, "ola bilməz" - dedi. Birlikdə qaça-qaça Canəli dayıgilə gəldik. Onların həyəti yenə də adamla dolu idi.

 

Leşə baxan kimi İsa itlərini tanıdı. Qonşum, Toplanının ölüsünü görəndə özünü saxlaya bilməyib onun qana bulanmış başını əllərinin arasına alıb hönkür-hönkür ağladı. Sonra yerdən daş götürüb İltiması vurmağa və söyüş söyməyə başladı. İsanın atdığı daşlardan biri "ovçu"nun başına dəydi. İltiması qan götürdü. Tez camaat İsanın əl-qolunu tutdu ki, daha daş ata bilməsin. İltimasın canavar bilib vurduğunun İdris dayıgilin iti olduğuna heç kimdə şübhə yeri qalmadı. Bir müddət əvvəl kənd sakinləri onun igidliyindən, hünərindən, canavarı necə vurmağından danışıb, İltimasa "əhsən" deyirdilər. İndi hamı onun bu hərəkətinə gülüb, İsagilin itini öldürdüyünə görə ona lağ edirdi. İltimas isə utandığından çölə çıxmırdı. Artıq adamlar onların qapısından çəkilib getmişdi. Toplanın leşi isə elə atıldığı yerdə də qalmışdı. Dişləri ağaran it də sanki İltimasın ovçuluğuna gülürdü.

 

İsa ağlaya-ağlaya evlərinə qayıtdı. Eşşəyi arabaya qoşub İltimasgilin qapısına sürdük. Köməkləşib Toplanın leşini arabaya qoyduq. İsa yenə də İltiması söyə-söyə qapılarından çıxdı. Arabanı kəndin yuxarısındakı dərənin ətəyinə sürdük. Orada dərin bir çala qazıb Toplanı basdırdıq. Qonşumun göz yaşları qurumurdu, elə hey "Toplan" - deyib ağlayırdı. Mən ona təskinlik verib "Ay İsa, itə görə bu qədər ağlama, Allaha acıq gedər. Nə olub ee, başqa bir it tapıb saxlayarsan. Nə olmasa da, kəndimizdə it çoxdur" - dedim. Bu sözlərdən sonra qonşum bir az sakitləşdi. Dəsmalını çıxarıb göz yaşlarını sildi.

 

Bir neçə gündən sonra İltimas İdris dayıgilə balaca küçük gətirib verdi. Onun bir suyu Toplana oxşayırdı. Axşama qədər vaqqıldayıb baş aparırdı. İsa onun da adını Toplan qoymuşdu.

 

Balaca Toplan yavaş-yavaş böyüyürdü. Amma itlə bağlı olan bu hadisə unudulmurdu. Camaat hərdən İltimasın "ovçuluğunu" yada salıb gülüşürdü.

 

O gündən İltimas əlinə tüfəng götürüb ova getmədi... 

 

 

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet.- 2015.- 24 iyun.- S.7.